Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1362/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (bundan sonra – MMC) qarşı “mənzillərin təhvil verilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2019-cu il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil1, cavabdeh MMC-nin vəkili (nümayəndəsi) X4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 özünün və onun vəkili X23, digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X11, X17, X25, X13, X14, X18, X2, X15, X1 və X3 birgə vəkili (nümayəndəsi) X8 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçılar, iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onlar ilə cavabdeh MMC arasında bağlanmış 04.04.2007-ci il tarixli müqavilələrə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 21, 22, 23 və 24 saylı mənzillərin İddiaçı1, həmin yaşayış binasında 90, 210, 140.6, 94.2, 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 37, 38, 39, 40, 41, 42, 43 və 44 saylı mənzillərin İddiaçı2 10 gün ərzində təhvil verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması, hüquqi yardım almaq üçün ödədikləri 6.000 manat, iddianın verilməsi üçün ödədikləri dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 6.030 manat məbləğində pulun cavabdeh MMC-dən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdeh MMC ilə 04.04.2007-ci il tarixdə “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” bir neçə müqavilə bağlamışlar. MMC-nin İddiaçı1 ilə bağladığı müqavilələrə əsasən, iddia ərizəsində göstərilən 21, 22, 23 və 24 saylı mənzilləri; İddiaçı2 ilə bağladığı müqavilələrə əsasən 37, 38, 39, 41, 42, 43 və 44 saylı mənzilləri 18 ay ərzində təhvil verməyi, iddiaçılar isə həmin mənzillərin dəyərini qabaqcadan MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçılar 04.04.2007-ci il tarixli müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirmiş, müqavilələrdə nəzərdə tutulan mənzillərin dəyəri olaraq İddiaçı1 141.264 manat, 329.616 manat, 220.686 manat və 147.856 manat; İddiaçı2 isə 141.264 manat, 329.616 manat, 220.686 manat, 147.856 manat, 141.264 manat, 329.616 manat, 220.686 manat və 147.856 manat məbləğində pulu MMC-yə ödəmişlər. MMC-nin rəhbərliyi isə saysız vədlərinə baxmayaraq, qeyd edilən mənzillərin iddiaçılara təhvil verilməsini başa çatdırmamışdır. Bu səbəbdən iddiaçılar 16.01.2019-cu il tarixdə mənzillərin təhvil verilməsi üçün MMC-yə yazılı pretenziya ilə müraciət etmiş, lakin həmin müraciətlər bugünədək cavabsız qalmışdır. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İş üzrə iddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçıların birgə vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) M.Mustafayev apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verərək bildir ki, MMC iddiaçılar ilə mübahisəli mənzillərə dair müqavilələr bağlamamış, mənzillərin dəyəri iddiaçılar tərəfindən MMC-yə ödənilməmişdir. MMC-nin adından iddiaçılarla müqavilələri bağlamış İsa Məmmədovun həmin vaxt müqavilələrə imza etmək səlahiyyəti olmamışdır. Buna görə də, MMC qeyd edilən mənzilləri iş üzrə üçüncü şəxslərə satmış və onlara təhvil vermişdir. İş üzrə üçüncü şəxs olan N.Əliyev və onun vəkili H.Əliyev, digər üçüncü şəxslərin birgə vəkili (nümayəndəsi) R.Qurbanov, əvvəlki iclasda iştirak etmiş üçüncü şəxslər Şəxla Hüseynova, Allahyar Cəfərov, Azadə Cəfərova, Xanputa İbadullayev, Aybəniz Kəngərlinskaya və Rəna Şəmmədovanın nümayəndəsi X9 apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Onlar bildirdilər ki, iş üzrə üçüncü şəxslər vicdanla hərəkət edərək qeyd edilən mənzillərə dair MMC ilə müqavilələr bağlamış, mənzillərin dəyərini MMC-yə ödəmişlər. Bundan sonra mənzillər MMC tərəfindən üçüncü şəxslərə təhvil verilmiş və onlar mənzilləri qəbul edərək, mənzilləri təmir etmiş və mənzillərində yaşayırlar. Bu səbəbdən hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, 04.04.2007-ci il tarixli, 08 saylı "xxxx" görünür ki, MMC ilə (iş üzrə iddiaçı) İddiaçı2 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində 2 otaqlı, 41 saylı 90 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı2 təhvil verilməsi, İddiaçı2 isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 09 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı2 arasında həmin yaşayış binasının 12-ci mərtəbəsində 3 otaqlı, 39 saylı 140,6 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı2 təhvil verilməsi, İddiaçı2 isə öz növbəsində mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 10 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı2 arasında həmin binanın 13-cü mərtəbəsində 3 otaqlı, 43 saylı 140,6 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı2 təhvil verilməsi, İddiaçı2 mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 11 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı2 arasında binanın 12-ci mərtəbəsində 4 otaqlı, 38 saylı 210 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı2 təhvil verilməsi, İddiaçı2 isə həmin mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 12 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı2 arasında binanın 13-cü mərtəbəsində 4 otaqlı, 42 saylı 210 kv.m mənzilin MMC tərəfindən İddiaçı2 təhvil verilməsi, İddiaçı2 isə öz növbəsində mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 13 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı2 arasında binanın 12-ci mərtəbəsində 2 otaqlı, 37 saylı 90 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı2 təhvil verilməsi, İddiaçı2 həmin mənzili qəbul edib dəyərininin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 14 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı2 arasında binanın 12-ci mərtəbəsində 2 otaqlı, 40 saylı 94,2 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı2 təhvil verilməsi, İddiaçı2 mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 15 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı2 arasında binanın 13-cü mərtəbəsində 2 otaqlı, 44 saylı 94,2 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı2 təhvil verilməsi, İddiaçı2 mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 16 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə digər iddiaçı) İddiaçı1 arasında həmin yaşayış binasının 8-ci mərtəbəsində 2 otaqlı, 21 saylı 90 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı1 təhvil verilməsi, İddiaçı1 isə həmin mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 17 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı1 arasında binanın 8-ci mərtəbəsində 4 otaqlı, 22 saylı 210 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı1 təhvil verilməsi, İddiaçı1 isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 18 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı1 arasında binanın 8-ci mərtəbəsində 3 otaqlı, 23 saylı 140,6 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı1 təhvil verilməsi, İddiaçı1 isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, 19 saylı müqavilədən görünür ki, MMC ilə İddiaçı1 arasında binanın 8-ci mərtəbəsində 2 otaqlı, 24 saylı 94,2 kv.m mənzilin MMC tərəfindən tikilib İddiaçı1 təhvil verilməsi, İddiaçı1 isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 04.04.2007-ci il tarixli, AXU 05, AXU 06, AXU 07, AXU 08, AXU 09 saylı, AXU 10, AXU 11, AXU 12, AXU 13, AXU 14, AXU 15, AXU 16 saylı “Kassa mədaxil orderlərindən” görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 yuxarıda qeyd edilən müqavilələrdə nəzərdə tutulmuş məbləğləri MMC-yə tam həcmdə ödəmişlər. 03.05.2013-cü il tarixli, 81 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X16 arasında həmin yaşayış binasının 8-ci mərtəbəsində 4 otaqlı, 22 saylı 210 kv.m mənzilin MMC tərəfindən tikilib R.Şəmmədovaya təhvil verilməsi, R.Şəmmədovanın isə öz növbəsində həmin mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 18.06.2013-cü il tarixli, 84 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X11 arasında həmin binanın 8-ci mərtəbəsində 3 otaqlı, 23 saylı 140,6 kv.m mənzilin MMC tərəfindən tikilib Ş.Hüseynovaya təhvil verilməsi, Ş.Hüseynovanın isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, mübahisəli 23 saylı mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Ş.Hüseynovanın adına qeydiyyata alınmışdır. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, mübahisəli 41 saylı mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi (iş üzrə üçüncü şəxs) X6 adına qeydiyyata alınmışdır. İşdə olan sənədlərdən görünür ki, mübahisəli 39 saylı mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi (iş üzrə üçüncü şəxs) X3 adına qeydiyyata alınmışdır. 1.10.2012-ci il tarixli, 71 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X17 arasında binanın 12-ci mərtəbəsində 2 otaqlı, 37 saylı 90 kv.m mənzilin MMC tərəfindən tikilib İ.Cəfərova təhvil verilməsi, İ.Cəfərovun isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 31.10.2012-ci il tarixli, 70 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X25 arasında binanın 12-ci mərtəbəsində 4 otaqlı, 38 saylı 210 kv.m mənzilin MMC tərəfindən tikilib A.Cəfərovaya təhvil verilməsi, A.Cəfərovanın isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 08.11.2013-cü il tarixli, 101 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X19 arasında binanın 12-ci mərtəbəsində 2 otaqlı, 40 saylı 94,2 kv.m mənzilin MMC tərəfindən tikilib N.Əliyevə təhvil verilməsi, N.Əliyevin isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 02.04.2016-cı il tarixli, 140 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X14 arasında binanın 13-cü mərtəbəsində 4 otaqlı, 42 saylı 210 kv.m mənzilin MMC tərəfindən tikilib T.Pənahova təhvil verilməsi, T.Pənahovun isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 07.07.2012-ci il tarixli, 66 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X18 arasında binanın 13-cü mərtəbəsində 2 otaqlı, 44 saylı 94,2 kv.m mənzilin MMC tərəfindən tikilib R.Kərimova təhvil verilməsi, R.Kərimovun isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 21.01.2014-cü il tarixli, 112 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X2 arasında binanın 8-ci mərtəbəsində 2 otaqlı, 21 saylı 90 kv.m mənzilin MMC tərəfindən tikilib X.İbadullayevə təhvil verilməsi, X.İbadullayevin isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 14.11.2012-ci il tarixli, 73 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X15 arasında binanın 13-cü mərtəbəsində 3 otaqlı, 43 saylı 140,6 kv.m mənzilin MMC tərəfindən tikilib N.Mahmudova təhvil verilməsi, N.Mahmudovun isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 16.08.2013-cü il tarixli, 85 saylı müqavilədən görünür ki, MMC ilə (iş üzrə üçüncü şəxs) X1 arasında binanın 8-ci mərtəbəsində 2 otaqlı, 24 saylı 94,2 kv.m mənzilin MMC tərəfindən tikilib A.Kəngərlinskayaya təhvil verilməsi, A.Kəngərlinskayanın isə mənzili qəbul edib dəyərinin MMC-yə ödəməsini nəzərdə tutan öhdəlikləri öz üzərilərinə götürmüşlər. 03.05.2013-cü il tarixli AXU 85 saylı, 19.06.2013-cü il tarixli AXU 86 saylı, 18.06.2013-cü il tarixli AXU 85 saylı, 31.10.2012-ci il tarixli AXU 71 saylı, 05.12.2012-ci il tarixli AXU 72 saylı, 31.10.2012-ci il tarixli AXU 70 saylı, 09.11.2013-cü il tarixli AXU 107 saylı, 08.11.2013-cü il tarixli AXU 106 saylı, 11.11.2013-cü il tarixli AXU 108 saylı, 02.04.2016-cı il tarixli AXU 01 saylı, 07.07.2012-ci il tarixli AXU 66 saylı, 14.11.2012-ci il tarixli AXU 73 saylı, 16.08.2013-cü il tarixli AXU 88 saylı “Kassa mədaxil orderlərindən” görünür ki, iş üzrə üçüncü şəxslər olan R.Şəmmədova, Ş.Hüseynova, A.Cəfərov, A.Cəfərova, N.Əliyev, T.Pənahov, R.Kərimov, N.Mahmudov və A.Kəngərlinskaya tərəfindən MMC-yə müqavilələr üzrə nəzərdə tutulmuş məbləğlər ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, MMC-nin mübahisəli 21, 22, 23, 24, 37, 38, 39, 40, 41, 42, 43, 44 saylı mənzillərə dair onunla iddiaçılar arasında bağlanmış 04.04.2007-ci il tarixli müqavilələrə əsasən həmin mənzilləri inşa edilərək iddiaçılara təhvil verilməsi barədə iddiaçılar qarşısında üzərinə götürdüyü və icra edilməmiş öhdəlikləri mövcuddur. Müqavilələrlə nəzərdə tutulmuş məbləğlər iddiaçılar tərəfindən MMC-yə ödənilmişdir. Sonradan mülki işə üçüncü şəxslərin qoşulması ilə məlum olmuşdur ki, həmin mənzillər MMC tərəfindən tikilmiş, lakin 2012-ci ildən etibarən MMC-nin iş üzrə üçüncü şəxslər ilə bağladığı müqavilələr əsasında həmin şəxslərə təhvil verilmiş, mənzillərdən üçün isə (23, 39 və 41 saylı mənzillər) artıq üçüncü şəxslərin mülkiyyəti kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. Qeyd edilənləri nəzərə almış Rayon Məhkəməsi aşağıdakı maddi hüquq normalarına istinad edərək iddianın əsassız olması qənaətinə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19.11.2004-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MMC tərəfindən mənzilin iddiaçılara təhvil verilməsi Mülki Məcəllənin 762.1-ci maddəsinə müvafiq olaraq həyata keçirilməmiş, MMC eyni mənzilləri üçüncü şəxslərə təhvil vermişdir. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 23, 41 və 39 saylı mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar mövcuddur. Belə olan halda həmin mənzillərin mülkiyyətçisi statusunu daşıyan Ş.Hüseynova, A.Rzayev və İ.Məmmədovun hüquqları qorunmalıdır. Həmçinin mübahisəli mənzillərdə qanuni əsaslarla yaşayan üçüncü şəxslərin hüquqları qorunmalıdır. Belə ki, həmin şəxslər podratçı MMC ilə 2012-ci ildən etibarən müqavilələr bağlamış və bu müqavilələr üzrə bütün ödənişləri həyata keçirmişlər, hazırda isə həmin mənzillərdə yaşayırlar. Onlardan fərqli olaraq, iddiaçılar podratçı MMC ilə 2007-ci ildə müqavilə bağlamaqlarına baxmayaraq, bugünədək (12 il ərzində) mübahisəli mənzillərin tikintisinin başa çatıbçatmadığı və mənzillərin hansı vəziyyətdə olduğu ilə maraqlanmamışlar. Qeyd olunan nüanslar iddiaçıların həqiqətən podrat müqaviləsi bağlayarkən niyyətlərinin nə olduğunu və indiyədək hansı səbəbdən müqavilənin icra edilməsini tələb etmədiklərini şübhə altına alır və nə qədər ki, sözügedən mənzillərin mülkiyyətçisinin kimin olması mübahisə doğurduğundan, mübahisə öz aralarında və yaxud məhkəmənin qanuni qüvvəyə minmiş aktı ilə həll edildikdən sonra mülkiyyətçisi olmuş tərəfin belə bir hüququ yarana bilər. Mübahisəli mənzillərlə bağlı 2012-ci ildən sonra müqavilələrin bağlanması podratçı olaraq MMC-nin hərəkətlərindən irəli gəlir və bu hərəkətlər mənzilin hazırki qanuni sahiblərinin deyil, MMC-nin sifarişçilər olan iddiaçılar qarşısında podrat müqaviləsindən irəli gələn vəzifələrini yerinə yetirmədiyinə görə məsuliyyətini doğurur. Məhkəmə, Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bildirir ki, iş materiallarına əsasən İddiaçı1 ilə ayrı-ayrı dörd, İddiaçı2 ilə isə səkkiz müqavilə imzalanmışdır. İddiaçılar həmin müqavilələrin predmeti olan mənzillərin təhvil verilməsini və hüquqi xərclərin əvəzi olaraq 6.000 manat pul tələb edirlər. Həm iddiaçılarla, həm də üçüncü şəxslərlə bağlanmış müqavilələr formal tələblərə (imza, möhür və s.) cavab verir və mənzillərin dəyərinin ödənilməsi ödəniş qəbzləri ilə təsdiq edilir. MMC-nin vəkili (nümayəndəsi) iddiaya etirazında bildirir ki, MMC-nin adından iddiaçılarla müqavilələri bağlamış İsa Məmmədovun həmin vaxt müqavilələrə imza etmək səlahiyyəti olmamışdır. O, bunun təsdiqi kimi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 14.06.2018-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərarını Məhkəməyə təqdim etmişdir. Həmin Qərardan görünür ki, X31 ilə "xxxx" MTK-nın sahibi X20 üzləşməsi zamanı sonuncu bildirmişdir ki, X38 Əliyevdən (Elçin Əliyev İddiaçı2 əri, İddiaçı1 isə kürəkənidir) faiz qarşılığında 2005-ci ildə ilkin olaraq 300.000 ABŞ dolları borc pul, sonradan 800.000 ABŞ dolları qarşılığında əmlak, bundan əlavə isə 750.000 ABŞ dolları borc pul aldığını, 2 il ərzində Elçin Əliyevin verdiyi pullar faizlə birlikdə 2.000.000 ABŞ dollarına qalxdığı üçün 2007-ci ildə İsa Məmmədovla şərikli olaraq Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində bir bloklu hündürmərtəbəli yaşayış binasının tikintisinə başladığı ərəfədə Elçin Əliyevdən aldığı borcun qarşılığında həmin binadan ona 12 mənzilə dair müqavilə və mədaxil qəbzləri vermişdir. Halbuki MMC-nin kassasına həmin müqavilələr üzrə pul ödənilməmişdir (qərarın 34-cü vərəqi). Həmin Qərarla istintaq orqanı nəticəyə gəlmişdir ki, mənzillər Elçin Əliyevə (yəni iddiaçılar İddiaçı2 və İddiaçı1) satılmamışdır. İstintaq orqanı həmçinin müəyyən etmişdir ki, İsa Məmmədovun iddiaçıların sənədlərini imzalamağa səlahiyyəti olmamışdır (qərarın 35-ci vərəqi). İş materiallarından da görünür ki, iddiaçıların müqavilələri və ödəniş qəbzləri MMCnin adından MMC-nin prezidenti kimi İsa Məmmədov tərəfindən imzalanmışdır. İş üzrə üçüncü şəxslərin müqavilələrini və ödəniş qəbzlərini isə MMC-nin direktoru Çingiz Məmmədov imzalamışdır. Bundan başqa, MMC öz etirazını onunla əsaslandırır ki, iddiaçılar tərəfindən MMCyə pul ödənilməmişdir. MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı zamanı həmçinin “iddia müddətinin tətbiqi barədə” ərizə verərək iddianın iddia müddətinin ötürülməsi əsası ilə də əsassız hesab edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, iddiaçılarla bağlanmış müqavilələr və ödəniş qəbzlərinin MMCnin möhürü ilə təsdiq edildiyini nəzərə alaraq iş üzrə cavabdehin onların saxta olması dəlili ilə razılaşmır. Çünki Məhkəmənin qənaəti ilə bu halda həmin müqavilələri bağlamış şəxs (hazırki halda iddiaçıların) müqaviləni MMC-nin adından imzalayan şəxsin səlahiyyətli olub olmamasını bilməli deyil. MMC müqavilələri öz möhürü ilə təsdiq etdiyi üçün onun müqavilələr üzrə öhdəliyi yaranmışdır. Həmçinin Məhkəmə hesab edir ki, MMC-nin möhürü ilə ödəniş qəbzləri təsdiq edildiyindən bu pulların MMC-nin hesabına keçirilib-keçirilməməsi iddiaçılara aid məsələ deyil. İddiaçılar tərəfindən mənzillərin dəyərinin ödənilməsi öz təsdiqini tapır. Bundan başqa, iddiaçılarla bağlanan müqavilələrin və ödəniş qəbzlərinin etibarlılığı mübahisələndirilməmişdir. Belə olan halda, iddiaçılarla bağlanan müqavilələr nə qədər ki qüvvədədir, iddiaçıların razılığı olmadan MMC-nin həmin mənzillərlə bağlı üçüncü şəxslərlə müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Lakin Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçılarla müqavilələr 2007-ci ildə, üçüncü şəxslərin müqavilələri isə ondan ən tezi 5 il sonra, 07.07.2012-ci il tarixdə (R.Kərimovla müqavilə) bağlanmışdır. Lakin buna baxmayaraq, mübahisəli mənzillərin üçüncü şəxslər tərəfindən təmir olunmasını, onların sahibliyində olmasını, hətta üç mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və ən əsası da üçüncü şəxslərin həmin mənzillərlə müqavilələr bağlayan zaman iddiaçılarla müqavilələrin mövcudluğundan məlumatsız olduqlarına görə “vicdanlı əldə edən” olmasını nəzərə alaraq Məhkəmə hesab edir ki, həmin mənzillərə dair iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.10.2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.10.2004-cü il tarixli qərarından qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Həmin qərarda həmçinin göstərilir ki əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Odur ki, Məhkəmə hesab edir ki, iddia "xxxx" hissəsində qismən əsaslı hesab edilməli, hər bir halda, MMC-nin iddiaçılarla bağladığı müqavilələr üzrə mənzil təhvil vermə öhdəliyi yarandığı üçün mübahisəli mənzillər deyil, 04.04.2007-ci il tarixli müqavilələrdə qeyd edilən texniki göstəricilərə və hazırki dəyərlərinə uyğun olaraq başqa mənzillərin iddiaçılara təhvil verilməsi vəzifəsi MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi barədə” cavabdehin ərizəsini əsassız hesab edərək qeyd edir ki, həmin ərizə birinci instansiya məhkəməsində işə baxılan zaman verilməmiş, yalnız apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Digər tərəfdən, “iddia müddətinin tətbiqi barədə” ərizə vaxtında verilmiş olsaydı belə əsassız olduğu üçün təmin edilə bilməzdi. Belə ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə, iddianın qalan hissəsi ilə bağlı bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin sübutetmə yükü üzərinə düşən iddiaçılar hüquqi xidmətlə bağlı 6.000 manat xərc çəkməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyi üçün iddia həmin hissədə də əsaslı hesab edilə bilməz. Rayon Məhkəməsi bu hissədə iddianı həmin əsasla rədd etmədiyi üçün iddia qismən əsaslı hesab edilsə də qətnamə tam ləğv edilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsassızdır, iddia qismən əsaslı olduğu halda, irəli sürülən tələbi tam təmin etməməklə Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh MMC-nin üzərinə iddiaçılarla bağladığı 04.04.2007-ci il tarixli müqavilələrdə qeyd edilən texniki göstəricilərinə və hazırki dəyərlərinə uyğun olaraq başqa mənzillərin iddiaçılara təhvil verilməsi vəzifəsi qoyulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “mənzillərin təhvil verilməsi və sair tələbləri barədə” iddiası qismən təmin edilsin. Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasında 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 21, 22, 23 və 24 saylı mənzillər barədə İddiaçı1 ilə və həmin yaşayış binasında 90, 210, 140.6, 94.2, 90, 210, 140.6 və 94.2 kv.metrdən ibarət 37, 38, 39, 40, 41, 42, 43 və 44 saylı mənzillər barədə İddiaçı2 ilə bağladığı 04 aprel 2007-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrdə” qeyd edilən texniki göstəricilərinə və hazırki dəyərlərinə uyğun olaraq başqa mənzillərin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi vəzifəsi qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1362/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1362/2020
28.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver