Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1363/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(011)-3967/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 33000 manat əsas borc, əsas borca 1.155 manat gecikmə faizi, 500 hüquqi xidmət xərci, 30 manat dövlət rüsumu, cəmi 34685 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə 04.02.2016-cı ildə 33000 manat məbləğində borc pul verdiyi 28.02.2017-ci ildə Bakı şəhəri 38 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş Borcun Etirafı haqqında müqavilədən anlaşılır, həmin müqavilə ilə borc pulun geri qaytarılma vaxtı 28.02.2020-ci il təyin edilmişdir. Lakin bu tarixdən 6 ay keçməsinə baxmayaraq hələ də cavabdeh həmin pulu geri qaytarmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(011)- 3967/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.02.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqavilə üzrə əsas borca görə 33.000 manat, faiz borcuna 846,2 manat, cəmi 33.846,2 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə proseslərindən xəbərsiz olmuşdur. Borcun etirafı haqqında müqavilə tərəflər arasında həqiqi borc münasibətlərinin olduğuna dəlalət etmir, məqsəd paralel gedən cinayət işində təqsirləndirilən şəxs, yəni oğlu barəsində başlanılmış cinayət işinin icraatına xitam verilməsi olmuşdur. Əlavə edilmiş hökmə əsasən oğlu zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. O, oğlu barəsində cinayət işinə xitam verilməsi üçün zərərçəkmiş şəxslərə dəymiş bütün ziyanı ödəmişdir. Buna baxmayaraq, İddiaçı əlavə 33000 manat pul tələb etmiş, vermədiyi halda oğlu barəsində şikayətini geri götürməyəcəyini bildirmişdir. Eyni gündə, eyni notariat kontorunda həm borcun etirafı haqqında müqavilə bağlanması, həm də İddiaçı məhkəməyə təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmaması barədə ərizəni imzalaması hər iki sənədin bir-biri ilə bağlı olduğunu göstərir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh qeyd etdi ki, müqavilədə əks olunmuş 33000 manat borcu o, iki gündən sonra iddiaçıya qaytarmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, faiz borcuna aid hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. İş materiallarından görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 28.02.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən borc alan borc verənə 33.000 manat borcunun olduğunu etiraf etmiş, borc alan borc verənə olan borcunu 28.02.2020-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.09.2018-ci il tarixli 2(011)-6138/2018 nömrəli Qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 33.000 manat əsas borcun, ona hesablanmış 0,10 faiz, yəni 3.300 manat faiz borcunun, cəmi 36.000 manatın alınaraq ona verilməsi barədə iddiası təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh iddiaçıdan borcu 28.02.2020-ci il tarixədək qaytarmaq şərtilə almışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında müqaviləyə əsasən öhdəlik üçün 28.02.2020-ci il tarixədək müddət müəyyən edildiyinə görə, iddiaçı tərəfindən müqaviləyə əsasən müəyyən edilmiş öhdəlik üzrə icra müddəti gözlənilməlidir. Belə ki, iddiaçı tərəf cavabdehin ödəniş qabiliyyətinin itirməsi və ya borcu hissələrlə ödəməsi barədə öhdəlik götürməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X2 tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs X1 qarşı heç bir şikayət və tələbi yoxdur. İddiaçı hazırda həmin müqaviləyə əsaslanaraq həmin borc məbləğini və yaranmış faiz borcunu tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz, başqa sözlə tərəflər arasında mövcud borcun etirafı haqqında Mülki Məcəllənin 882-ci maddəsinə əsasən mücərrəd müqavilənin bağlanması onlar arasında yeni mülki hüquq münasibətlərinin yaranmasına səbəb olur və bu əqddən irəli gələn tələblərin qanuni əsasını da məhz istinad olunan maddə təşkil edir. Cavabdeh bildirir ki, oğlu barəsində cinayət işinə xitam verilməsi üçün zərərçəkmiş şəxslərə dəymiş bütün ziyanı ödəmək məqsədilə iddiaçıya müəyyən ödəniş etmiş, 33000 manata isə borcun etirafı haqqında müqavilə bağlamış, bunun müqabilində iddiaçı oğlundan şikayət və tələbinin olmaması barədə ərizə vermiş, cəmi iki gündən sonra isə 33000 manatı iddiaçıya ödəmişdir. Kollegiya cavabdehin bu barədə dəlillərini əsassız hesab edir. Göründüyü kimi tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin də cavabdehin oğlu barəsində başlanılmış cinayət işinin icraatına xitam verilməsi üçün iddiaçıya ödənilməli olan 61000 manatdan qalan 33000 manatın ödənilməsi niyyəti ilə bağlandığı müəyyən olunur. Cavabdehin istinad etdiyi vurulmuş ziyanın tam şəkildə ödənilməsi və təqsirləndirilən şəxs X1 qarşı heç bir şikayət və tələbinin olmaması barədə iddiaçı tərəfindən ərizə müqavilə ilə eyni vaxtda verilmişdir. Yəni buradan aşkar görünür ki, müqavilə bağlanmaqla cavabdeh həmin qalan borc məbləğinin olduğunu etiraf etmiş və iddiaçı da bu səbəblə hər hansı şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. İddiaçı haqlı olaraq yazılı müqaviləyə əsasən verdiyi pulu tələb edir. Cavabdeh də müqavilə ilə iddiaçıya borcu olduğunu etiraf etmiş, lakin həmin 33000 manatı iki gündən sonra ödədiyini iddia etmişdir. Cavabdeh bu halı sübuta yetirə bilmir, bununla bağlı hər hansı sübut təqdim etməmiş, iş materiallarından isə belə bir hal müəyyən edilməmişdir. Ona görə də bu hissədə Kollegiya hesab edir ki, məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Faiz borcuna aid hissədə isə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə faiz borcunu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinə uyğun olaraq tutmuşdur. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsindən bəhs edən MM-nin 443-cü maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və zərər bu MM-nin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Ancaq nəzərə almaq lazımdır ki, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Eləcə də borclunun icranı gecikdirməsindən bəhz edən MM-nin 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, «öhdəliyin icra edilməməsi» ilə «icranın gecikdirilməsi» mahiyyətcə eyni məna kəsb edir, onların arasında böyük fərq yoxdur və hər iki halda söhbət öhdəliyin pozulmasından gedir. Ancaq, qanunla öhdəliklərin icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulması ilə şərtləndirildyi halda (dispozitiv şərt), icranın gecikdirilməsi nəticəsində kreditora vurulmuş zərərin əvəzinin borcludan tutulması üçün hər hansı şərt nəzərdə tutulmamışdır. MM-nin 449-cu maddəsinin tələbinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında aşağıdakı məzmunda şərh verərək göstərilmişdir: «…Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir… Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər… Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.». X3 Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Göründüyü kimi, ilk baxışdan mahiyyət etibarı ilə eyni məqsəd daşıyan MM-nin 445 və 449-cu maddələri əslində öz təyinatlarına görə fərqli hallar üçün nəzərdə tutulmuşdur və bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe son dərəcə mühüm əhəmiyyət kəsb edir. Qərara görə hər iki norma pul öhdəliyinin gecikdirilməsi halında ondan faizin tutulmasını mümkün sayır, ancaq MM-nin 445.7-ci maddəsi yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, gecikdirilən məbləğə beş faiz tələb etmək hüququnu ehtiva etdiyi halda, MM-nin 449.1-ci maddəsi pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirmiş və bu əsasla borcluya maliyyə sanksiyasının tətbiqini mümkün saymışdır. MM-nin 445.7-ci maddəsi pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində kreditorun düşdüyü zərərin əvəzləşdirilməsini, MM-nin 449.1-ci maddəsi isə pul öhdəliyi icra edilmədikdə ondan faydalanmağa görə borcluya maliyyə sanksiyasının tətbiq edilməsini nəzərdə tutmuşdur. Hər iki halda borcludan müəyyən faizdə pul məbləği tutulur, ancaq birinci halda əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması, ikinci halda isə bu məbləğin bank uçot dərəcəsi əsas götürülərək müəyyənləşdirilməklə tutulması müəyyən olunmuşdur. Borc məhkəmə qaydasında tutulduqda isə məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir, lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən pul vəsaitindən faydalanması halı sübuta yetirilmir və iş materiallarından müəyyən edilmir, belə olan halda Kollegiya hesab edir ki, MM-nin 449-cu maddəsinin dispozisiya şərtləri daxilində cavabdehdən bank uçot dərəcəsinə uyğun olaraq pulun tutulması yolverilməzdir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda, o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kollegiya iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdeh borcunu ödəməli olduğu 28.02.2020-ci il tarixdən iddiaçının pulunu gecikdirdiyi 144 gün üçün illik 5% hesablanmaqla (33000x5%/360x144 gün) 660 manat məbləğində pul ödəməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə görə isə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3967/2020 saylı işi üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh faiz borcuna görə 846,2 manatın tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilsin. Cavabdeh illik 5% hesablanmaqla 660 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1363/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1363/2022
07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver