Məhkəmə qərarları › İş №2(103)-1366/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1366/2023

18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1366/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı “qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ ilə əlaqədar mübahisələr) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması, kirayə haqqı və yeni mənzil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-3728/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Bakı şəhər Nərimanov rayon İcra Başçısının 55 saylı, xx.xx.2020-ci il tarixli sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında razılaşma olmuşdur. ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 6-cı mənzilin faktiki ümumi sahəsi 60 kv.m müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək Cavabdeh tərəfindən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 6-cı mənzil ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.m-dən ibarət olan mənzil boşaldılaraq "xxxx" MTK-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, “Ailə Park" MTK tərəfindən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 6-cı mənzil ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 86 kv.m ölçüdə təmirli mənzil 2 il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "xxxx" MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "Ailə Park” MTK tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri- yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda ünvan 1anov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 14 saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 6- cı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Qeyd edir ki, İddiaçı MTK tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 manat kirayə haqqı təklif olunur. İddiaçı MTK iddiaçının mənzilinin yerləşdiyi ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 190 sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə notarial müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Cavabdehin ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Hesab edir ki, cavabdehin tələbi əsassızdır və hüquqdan sui-istifadədir. Cavabdehin əsassız tələbləri nəticəsində qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keirilməsini qeyri-mümkün edir və təklif edilən bərabər şərtlərlə razılaşaraq mənzillərini təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini də pozur. Göründüyü kimi hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir. Lakin cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Sərəncamın icrası ilə əlaqədar olaraq həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladıqları əvəzləşmə müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya ödənilməsi MTK-nə külli miqdarda maddi zərər vurur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3728/2021 saylı 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən icra olunmalıdır.

6. Məhkəmə o halı da qeyd edir ki, istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından cavabdehin köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.

7. Həmçinin qeyd etmişdir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan suiistifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin mənzilə görə MTK-dan əsassız olaraq real olmayan qiymətlər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur.

Apelyasiya şikayətinin dəlilləri

8. Həmin qətnamədən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini çıxararkən belə yanaşmışdır ki, cavabdehin söküntü-tikinti işlərini aparmaq üçün hüquqları var. Yuxarıda qeyd edilmişdir ki, cavabdehə verilən Sərəncam onun hüquqlarını sual atlına qoyur. Əlavə olaraq qeyd edilməlidir ki, Məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş normaları da nəzərə almamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.11-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, qanunverici tikintiyə icazə verən “Xüsusi nişan”ın verilməsini şərtləndirmişdir ki, həmin nişan verilmədən tikinti işlərinə başlanıla bilməz. Məhkəmə isə cavabdehdən bu nişanın təqdim edilməsini tələb etməmiş və ümumiyyətlə bu halı araşdırmamışdır. Hətta, Qətnamədə də bu məsələyə qiymət verilməmişdir. Halbuki, əgər cavabdehin tikintinin başlanması üçün icazəsi yoxdursa, onun söküntü-tikinti işlərinin aparılması qanunsuz hesab edilməli və iddiaçının sürdüyü iddia tələbləri təmin olunmalı idi. Hazırkı işdə Nərimanov rayon Məhkəməsi qətnamə qəbul etməzdən qabaq mübahisənin düzgün həlli istiqamətində əhəmiyyətli hal olan iddiaçının iddia irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması faktı ilə əlaqədar aşağıdakı halları araşdırmamışdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.11-ci maddəsi tikinti işlərinin başlanması üçün “xüsusi nişan”ın verilməsini şərtləndirmişdir ki, həmin nişan verilmədən tikinti işlərinə başlanıla bilməz. Nərimanov rayon Məhkəməsi isə iddiaçıdan bu nişanın təqdim edilməsini tələb etməmiş və ümumiyyətlə, bu halı araşdırmamışdır. Hətta qətnamədə də bu məsələyə qiymət verməmişdir. Halbuki, əgər iddiaçının tikintiyə başlaması üçün icazəsi - subyektiv hüququn hüquqi ixtiyarla bağlı birinci elementi yoxdursa, avtomatik olaraq iddiaçının hər hansı tələbləri irəli sürmək üçün subyektiv hüququ da yoxdur. Nərimanov rayon Məhkəməsi öz qətnaməsində Sərəncama istinad edərək iddiaçının 14 saylı binanın söküntüsünü aparmaq və onun yerində yeni binanın tikintisini aparmaq hüququnun olduğu qənaətinə gəlmişdir. Sərəncamda iddiaçının istifadəsinə verilən torpaq sahəsinin ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. Rəydə isə konkret olaraq Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binalar göstərilmişdir. Göründüyü kimi Rəydə binaların konkret nömrələri göstərilsə də, Sərəncamda hər hansı binanın nömrəsi göstərilməmişdir. Bu səbəbdən cavabdehin yaşadığı 14 saylı binanın həmin Sərəncamla əhatə olunub-olunmaması aydın deyildir və məhkəmə qarşısında bu hal sübut edilməmişdir. Deməli, faktiki olaraq Nərimanov rayon Məhkəməsi iddiaçının ümumiyyətlə tikinti işləri aparmağa görə tələb olunan xüsusi nişana malik olub-olmadığını və 14 saylı binanın Sərəncam ilə əhatə olunub-olunmadığını araşdırmadan – yəni, iddiaçının əslində heç ümumiyyətlə bu cür iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmadığı faktını müəyyən etmədən - qətnamə qəbul etmişdir. Bu isə məhkəmənin Mülki Prosessual Məcəllənin 81,88, 77.1, 77.3, 97.1 və 217.4-cü maddələrinin tələblərini pozmaqla sübutları tam və hərtərəfli tədqiq etməməsinin birbaşa nəticəsidir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və R.Eyvazov) 2(103)-2588/2022 saylı 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Kollegiya belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün nəticəyə gəlməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, qanunverici tikintiyə icazə verən “Xüsusi nişan”ın verilməsini şərtləndirmişdir ki, həmin nişan verilmədən tikinti işlərinə başlanıla bilməz. Məhkəmə isə iddiaçıdan bu nişanın təqdim edilməsini tələb etməmiş və ümumiyyətlə bu halı araşdırmamışdır. Hətta, qətnamədə də bu məsələyə qiymət verilməmişdir. Halbuki, əgər iddiaçının tikintinin başlanması üçün icazəsi yoxdursa, onun söküntü-tikinti işlərinin aparılması qanunsuz hesab edilməli və İddiaçının sürdüyü iddia tələbləri təmin olunmalı idi. Belə olan halda iddiaçının ümumiyyətlə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud olmamışdır.

13. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibtdə qeyd etmişdir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, dəlillərini əsaslandıra bilməmiş və həmin dəlillər məhkəmə tərəfindən araşdırılaraq onlara hüquqi qiymət verilmişdir.

14. Bundan başqa apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından suiistifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

Kassasiya instasiyası məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər Z.Əliyev sədrlik edən və məruzəçi, Ə.Nurməmmədov və A.Hüseynov) 2(102)-4190/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2588/2022 saylı 06 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Kollegiya qeyd etmişdir ki, qəzalı vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyasını mümkün saymış, lakin mülki işə mahiyyəti üzrə baxmış məhkəmələrin qətnamələrindən cavabdehə dəyən zərərin ədalətli şəkildə kompensasiya edildiyini müəyyən etmək mümkün olmadığını qeyd etmişdir.

17. Belə ki, cavabdehə yeni tikiləcək binada mənzil verilməsi qeyd olunsa da, həmin binanın harada, xüsusilə də cavabdehə məxsus mənzilin olduğu (sökülən) binanın yerində inşa edilən binada yerləşib-yerləşmədiyi məhkəmə aktında göstərilməmişdir. İddiaçı ilkin ərizəsində cavabdehə verilməli olan mənzilin ünvan 1anov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında olduğunu göstərmişdi. Lakin sonradan iddiasının artırılması və dəqiqləşdirilməsi haqqında ərizəsində yeni tikiləcək binada mənzil verilməsi qeyd olunmuşdur.

18. Birinci instansiya məhkəməsi bu xüsuata diqqət yetirmədən, həmin dəyişikliyin səbəbini aydınlaşdırmadan və cavabdehin əmlakının ədalətli kompensasiyasına təsirini nəzərə almadan iddianı olduğu kimi təmin etmişdir. Apellyasiya kollegiyası da işə mahiyyəti üzrə baxan məhkəmə kimi cavabdehə verilən əvəzin aydın, müəyyən və ədalətli olduğunu lazımi qayadada araşdırmamış, iş üzrə əhəmiyyət kəsb edən həmin hala hüquqi qiymət verməmişdir.

19. Kollegiya bu qənaətə gəlir ki, mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın yerləşmə yeri (sökülən evin yerində tikiləcək, yoxsa başqa yeni binada olması), mərtəbəsi və digər fərdiləşdirici əlamətləri konkret şəkildə göstərilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20.Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsivəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin mənzilindən əlavə 30 kv.m əlavə tikili də var. Ümumilikdə onların istəyi 120 kv.m sahəsi olan yeni mənzil və kirayə haqqının artırılaraq 800 manat olmasıdır. Eyni zamanda ev sökülərkən dağıntı zamanı bir çox əşyalar da yararsız hala düşmüşdür. Onunla bağlı zərərin ödənilməsini də istəyirlər. Lakin 120 kv.m sahəsi olan yeni mənzil verilərsə və kirayə haqqı artırılaraq 800 manat təyin olunarsa həmin tələblərindən imtina edərlər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini və iddia tələbini müdafiə etdyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyşdirilmədən saxlanılmasnı xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf hazırki işə prinsipial yanaşır. Belə ki, binaların yerləşdiyi torpaq sahəsində tikinti işlərinin aparılması iki şirkətə həvalə olunmuşdur. Digər şirkətin sərəncamı ləğv olunmuş, sonradan İddiaçı MTK-ya həvalə olunmuşdur. Həmin digər şirkət də sökülən 2-3 binanı alıb, hər vəchlə çalışırlar ki, tikintini ləngitsinlər. Cavabdehə məxsus olmuş mənzilinin əvəzinə yeni tikiliən 2-ci binadan 2-ci mərtəbədən 4 nömrəli 84 kv.m - 30% artıq sahəsi olan mənzil təklif edirlər. Onu da qeyd edir ki, tərəflər arasında cinayət işi də gedir. Həmin işlə bağlı cavabdehə verilməsi məqsədilə depozitə pul qoyulmuş, bu günə kimi həmin məbləğ cavabdeh tərəfindən götürülməmişdir. Eyni zamanda bildirmişdir ki, cavabdehə təklif edəcəkləri mənzil sahəsi 70 kv.m olmalı idi, lakin binada həmin sahədə mənzil olmadığından cavabdehə 84 kv.m sahəsi olan mənzil təklif edilir. Binada özgəninkiləşdirilməmiş başqa mənzil qalmamışdır. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Konstitusiyasının

23. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

24. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

26. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

27. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. 152.5-ci maddəsinə əsasən ülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Şəhərsalma və Tikinti Məcəlləsinin

30. 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.

31. 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.

32. 17-ci maddəsinin tələblərinə görə ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.3 və 28.4-cü maddələrinin tələblərinə görə mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, hər hansı məhrumetmə qanuni olmalı və qanuni məqsəd daşımasından əlavə həmçinin mütənasiblik tələbinə uyğun olmalıdır. İctimaiyyətin ümumi maraq tələbləri və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı tələblər arasında ədalətli tarazlıq (balans) olmalıdır, bu cür ədalətli tarazlığın axtarışı bütün Konvensiyaya xasdır. Zəruri tarazlığın əldə olunması o halda mümkün deyil ki, şəxs fərdi və həddən artıq yük daşıyır (Sporrong və Lönnroth İsveçə qarşı, 23 Sentyabr 1982).

35. Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində 3 fərqli qayda müəyyən edilmişdir: birinci bəndin birinci cümləsində təsbit edilmiş birinci qayda ümumi təbiətlidir və mülkiyyətdən dinc istifadə prinsipini bəyan edir; birinci bəndin ikinci cümləsində təsbit olunmuş ikinci qayda əmlakdan məhrumetməni əhatə edir və bunun bəzi şərtlərini müəyyənləşdirir; ikinci bənddə əks olunmuş üçüncü qaydada təsbit edilmişdir ki, dövlətlər digər hüquqlarla yanaşı ümumi maraqlar naminə mülkiyyətdən istifadəyə nəzarət edə bilər. Lakin bu qaydalar əlaqəsiz deyil: ikinci və üçüncü qaydalar mülkiyyətdən dinc istifadə hüququna konkret müdaxilə halları ilə bağlıdır və buna görə də birinci qaydada təsbit edilmiş prinsip prizmasından təfsir olunmalıdır (“Kozacıoğlu Türkiyəyə qarşı” və “Vistinş və Perepjolkins Latviyaya qarşı”).

36. 1 saylı Protokolun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə istənilən müdaxiləsinin qanuni olmasını tələb edir: həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir. Bundan əlavə, demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrində ehtiva olunan bir məfhumdur (“İatridis” işi, 58-ci bənd; “Yunanıstanın keçmiş kralı və Digərləri Yunanıstana qarşı” və “Broniovski Polşaya qarşı”).

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

37. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya baxışının hədləri

42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 43.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 45.Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən məcburi göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırda apellyasiya baxışının predmetini qətnamənin “sökülmüş əmlaka görə veriləcək kompensasiyanın ədalətli olub-olmaması” hissəsində yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir.

47. İş materiallarından göründüyü kimi, cavabdehin mülkiyyətinə müdaxilənin qanuniliyi, əsaslılığı, yəni qanuni məqsəd daşıması halı işdə olan sənədlərə əsasən öz təsdiqini tapmışdır.

48. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 saylı sərəncamı çıxarılan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında 2019-cu il 17 dekabr tarixli 482 nömrəli qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi tapşırılmışdır.

49. Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri, şöbənin mühəndisi və Nərimanov rayin İcra Hakimiyyətinin Təssərüfat şöbəsinin baş məsləhətçisi iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ünvan 1anov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki rəyə əsasən həmin binaların texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilmişdir.

50. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 saylı sərəncamına əsasən ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl köhnə tipli tikililərin yerləşdiyi 2,7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

51. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı MTK-yə Təbriz və Həsənoğlu küçələrinin kəsişməsi ünvanında tikinti işlərinin aparılmasına icazə verilmişdir.

52. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi hazırda iddiaçının mülkiyyət hüququna müdaxilə üçün qanuni əsaslar mövcuddur. Bundan başqa müdaxilənin “ictimai maraqlara” cavab verməsi şərtinin mövcud olması da müəyyən edilmişdir. Bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Mənzil Məcəlləsinin müvafiq maddənin məzmunundan göründüyü kimi mənzilin mülkiyyətçisi tərəfindən mənzili qəza vəziyyətinə düşdükdə onu mümkün olan ən qısa müddət ərzində məhz özünün hesabına təmir və bərpa etmək vəzifəsini icra etmədiyi halda onun öz hesabına təmiri keçirilməsi halında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barədə iddianı qaldırmaq zərurəti yaranır.

53. Bu tədbirin ümumi məqsədi sosial istiqamətli olmaqla, sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Amma o da qeyd edilməlidir ki, hazırkı halda məsələ yaşayış binasının təkcə qəzalı vəziyyətdə olması deyil, şəhərin ümumi görünüşünə xələl gətirməsi, mövcud şəhərsalma normalarına cavab verməməsini də əhatə edir.

54. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin görülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə (Öneryıldız Türkiyəyə qarşı).

55. Odur ki, işin hallarına əsasən, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz.

56. Beləliklə yuxarıda qeyd edilənlərə və kassasiya instansiya məhkəməsinin gəldiyi qənaətdən göründüyü kimi qəzalı vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür. Lakin mülki işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin qarşısına cavabdehə dəyən zərərin ədalətli şəkildə kompensasiya edildiyini müəyyən etmək üzrə göstəriş qoyulmuşdur. Beləliklə mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunması ilə bağlı şərtin yoxlanılması üçün məhkəmə kollegiyası aşağıdakı halların nəzərə alınmalı olmasını qeyd edir.

57. Ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir. Bu şərtin yoxlanması zamanı mənzillərin qəzalı vəziyyətdə olmaları, məhz sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında sahənin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayədə qalmaq üçün kirayə haqlarının ödənilməsi və s. hallar nəzərə alınmalıdır.

58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin çoxsaylı qərarlarında formalaşmış hüquqi mövqeyə görə hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmə mülkiyyətçiyə məxsus əmlakın sökülməli olmasını və buna müvafiq kompensasiya müəyyən edilərkən onun “gözləntilərinin” olmasını (əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s.) nəzərə almalıdır. Məhz bu halların araşdırılmasının nəticəsi olaraq əldə edilən əmlak üçün təklif olunan kompensasiyanın həcminin eyni və fərqli meyarlara əsasən hesablanmalı olması, mülkiyyətçiynin hərəkətlərində sui-istifadə hallarının olub-olmaması, ədalət prinsipinin pozulub-pozulmaması qiymətləndirilə bilər.

59. Birinci instnasiya məhkəməsinin qətnaməsindən göründüyü kimi cavabdehə yeni tikiləcək binada mənzil verilməsi qeyd olunsa da, həmin binanın harada, xüsusilə də cavabdehə məxsus mənzilin olduğu (sökülmüş) binanın yerində inşa edilən binada yerləşib-yerləşmədiyi göstərilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə verilməli olan mənzilin ünvan 1anov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında olduğunu göstərmişdi. Lakin sonradan iddiasının artırılması və dəqiqləşdirilməsi haqqında ərizəsində yeni tikiləcək binada mənzil verilməsi qeyd olunmuşdur.

60. Halbuki mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın yerləşmə yeri (sökülən evin yerində tikiləcək, yoxsa başqa yeni binada olması), mərtəbəsi və digər fərdiləşdirici əlamətləri konkret şəkildə göstərilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olubolmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.

61. Müvafiq istiqamətdə araşdırma aparmaq üçün, yəni cavabdehə məxsus mənzilin olduğu (sökülmüş) binanın yerində inşa edilən bina(lar)da “gözləntiləri”nə uyğun və üçüncü şəxslərə özgəninkiləşdirilməmiş mənzillərin olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən sorğular verilmiş, İddiaçı QSC tərəfindən cavab olaraq ünvan 1anov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsi ünvanında inşa edilmiş 15 mərtəbəli 4 ədəd yaşayış binalarında hal-hazırda mövcud olan özgəninkiləşdirilməmiş mənzillərin siyahısında yalnız Bina 2, mərtəbə 2, ümumi sahəsi 84 kv.m olan 2 otaqlı 4 nömrəli mənzilin mövcud olduğunu bildirmişdir.

62. Məhkəmə araşdırmasının predmeti olan sökülmüş əmlaka görə kompensasiya olaraq iddiaçının etdiyi təklifin mütənasiblik prinsipi baxımından cavabdehin “gözləntilərinə” (əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s.) uyğun olub-olmaması barədə məsələ məhkəmənin gəldiyi qənaətə görə aşağıdakı kimi həll olunmalıdır. Bu baxımdan məhkəmə tərəfindən həmçinin “"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarında qeyd edilənlər nəzərə alınmalıdır.

63. Belə ki, həmin Qərarda göstərilir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

64. İşin araşdırılmış hallarına əsasən cavabdehə məxsus yaşayış sahəsinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olması müəyyən edilmişdir. İşin halları ilə həmçinin müəyyən edilir ki, cavabddehə məxsus yaşayış sahəsi iddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınmamış, Nazirlər Kabinetinin qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə əsasında sökülmüşdür. Hazırda iddiaçı tərəfindən təklif edilən əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, təmirli olması və s. cavabdehin-mülkiyyətçinin “gözləntilərinə” tam uyğundur və ümumi sahəsi 60 kv.m olan mənzilin sahəsindən 25%dən də artıqdır.

65. Məhkəmə kollegiyası apellyasiya baxışının predemetini sökülmüş əmlaka görə veriləcək kompensasiyanın ədalətli olub-olması təşkil etdiyini, həmçinin sökülməsi iddia edilən mənzilin (binanın) artıq söküldüyünü nəzərə alaraq hesab edir ki, iddanın digər hissələrə (mənzilin boşaldılaraq "xxxx" MTK-yə təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi və s.) münasibət bildirilməsinə zərurət yoxdur.

66. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3728/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissəsində qismən ləğv edilməli, iddia bu hissədə qismən təmin olunmalı, "Ailə Park” QSC tərəfindən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı ev ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş binanın yerində tikilmiş 2 saylı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən sahəsi 84 kv.m olan 4 saylı 2 otaqlı təmirli mənzil Cavabdeh təhvil verilməlidir.

67. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

68. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3728/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissəsində qismən ləğv edilsin. İddia bu hissədə qismən təmin olunsun. "Ailə Park” QSC tərəfindən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı ev ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş binanın yerində tikilmiş 2 saylı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən sahəsi 84 kv.m olan 4 saylı 2 otaqlı təmirli mənzil Cavabdeh təhvil verilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar