Məhkəmə qərarları › İş №2(103)-1368/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1368/2022

07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1368/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-1628/2021 saylı, 04 noyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı borc tələbinə dair iddia ərizəsi, idda tələbinin həcminin artılırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 16.05.2017-ci il tarixli 001HM/2017 saylı “borc müqaviləsi” üzrə ödənilməmiş, 120263.24(yüz iyirmi min, iki yüz altmış üç manat, iyirmi dörd qəpik) manat borcun və 3126,84(üç min yüz iyirmi altı manat, səksən dörd qəpik) manat cərimənin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2013-2015-ci illərdə tərəflər arasında hazır boyaların alqı-satqısı ilə əlaqədar əməkdaşlıq olmuşdur. Göstərilən müddət ərzində İddiaçı tərəfindən Cavabdeh 158262,26 manat dəyərində mal-material nisyə olaraq satmış, cavabdeh isə həmin məbləği ağlabatan müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 2013-cü il ərzində 5000 manat, 2014-cü il ərzində 18.000 manat, 2015-ci il ərzində yenə də 5000 manat və son olaraq 11.05.2016-cı il tarixdə 10.000 manat pul ödəmişdir. Ümumi olaraq ödənilmiş məbləğ 38000 manat təşkil etmişdir. 16.05.2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 001HM/2017 saylı müqavilə bağlanmış və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Cavabdeh xahişinə əsasən müqavilədə həmin müqavilənin icra müddəti 30.09.2017-ci il kimi qeyd edilmiş, lakin Cavabdeh müqaviləyə üzrə öhdəlikləri icra etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-1628/2021 saylı, 04 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 120.263,24 manat məbləğində əsas borc və 1.046,76 manat cərimə olmaqla, cəmi 121310 (yüz iyirmi bir min üç yüz on) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 29,49 (iyirmi doqquz manat qırx doqquz qəpik) hissəsinin İddiaçı iMəhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması; ödənilmiş dövlət rüsumunun 0,51 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, iddiaçının pul, mal-material verməsini təsdiq edən, hər hansı bir sənəd, sübut, hətta şahid belə yoxdur. Müqavilə üzrə qeyd olunub ki, mal-material verilib, bilindiyi kimi tikinti materiallarını cibdə gəzdirmək olmaz, bunları təhvil verən, alan, çatdıran şəxslər olmalıdır. Bunları təsdiq edən heç bir sübut yoxdur. İddiaçının aldadılıb müqaviləyə imza etdirilməsinə əsaslanmaq sübut hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin28 Noyabr 2018-ci il tarixli Plenium qərarında (C.Əzimov şikayəti üzrə) vurğulanır ki, "Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır". Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı MMC-nin direktoru X1 elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində səhhətində yaranan problemlə bağlı hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə üzrlü səbəbi təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, hazırkı işin materiallarından göründüyü kimi, iş üzrə əsas sübut - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16.05.2017-ci il tarixli, 001HM/17 saylı müqavilədir. Həmin müqavilə Cavabdeh tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatın müxtəlif hissələrində həmin müqavilənin Cavabdeh tərəfindən aldatmanın və vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasını qeyd etsə də, buna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, tərəflər arasında 16.05.2017-ci il tarixdə bağlanmış müqavilədə müqavilənin icra müddəti 30.09.2017-ci il olaraq göstərilmiş, iddiaçı tərəfindən isə məhkəməyə 13.11.2017-ci il tarixdə müraciət edilmişdir. Həmin iş 10.01.2018-ci il tarixədək məhkəmənin icraatında olmuş, həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən məhkəmə iclasında iştirak etmiş Cavabdeh ərizəsinə əsasən baxılmamış saxlanılmış, 09.02.2020-ci il tarixdə isə iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2018-ci il tarixli, 2(001)-478/2018 saylı qərardadının ləğv edilməsi barədə vəsatət məhkəməyə daxil olmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.01.2021-ci il tarixli, 2(001)- 478/2018 saylı qərardadı ilə işin icraatı təzələnmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya(ödənişə) əsasən və ya razılaşma yolu etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin təmin edilən hissədə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 467, 404.1 və 882-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında həqiqətən qeyd olunan borc (borcun etirafı)müqaviləsi mövcuddur. İşin mübahisəli halı isə cavabdehin qeyd olunan müqavilədə göstərilənlərin hər hansı bir sübutla təsdiq olunmadığını və aldadılaraq müqaviləni imzaladığını bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı haqqında yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcu olmadığını yaxud hazırki işdə olduğu kimi müqaviləni aldadılaraq imzaladığını bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən borc(borcun etirafı) müqaviləsi olsa da cavabdeh müqavilədə göstərilənlərin hər hansı bir sübutla təsdiq olunmadığını və aldadılaraq müqaviləni imzaladığını bildirir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh də, 16 may 2017-ci ildə notariat qaydasında təsdiqlənmiş borc müqaviləsində 02.10.2013-09.05.2015-ci il tarixlərdə 120234,24 manat məbləğində ona təhvil verilən mal-materialın pul vəsaitini müqavilənin şərtlərinə uyğun olaraq borc verənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Yəni, əgər cavabdeh həqiqətən də qeyd olunan müqavilədə etiraf etdiyi məbləğdə iddiaçıdan mal-material almamışdırsa bu müddət ərzində həmin müqaviləni hansısa formada mübahisələndirmədiyini yaxud mübahisələndirmək istəmədiyinin səbəblərini kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Yalnız müqavilədə göstərilənlərə dair sübutlar olmadığını yaxud aldadılaraq müqaviləni imzaladığını qeyd etsə də, bu dəlil inandırıcı və ağlabatan deyildir. Başqa sözlə şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bunu etmək istəməmişdir. Bu hal da ona dəlalət edir ki, cavabdeh şikayətində göstərdiyi dəlillər, yalnız şikayət xatirinə və öhdəliklərini yerinə yetirməkdən yayınmaq məqsədilə söylənilmişdir. Bundan əlavə, cavabdeh nümayəndəsi və vəkili vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə” müddəası, iddiaçının 13.11.2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, 10.01.2018-ci ildə iddia ərizəsi baxılmamış saxlansa da, iddiaçının 2020-ci ildə məhkəməyə daxil olmuş vəsatəti əsasında baxılmamış saxlanma haqqında qərardad ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Göründüyü kimi, qeyd olunan müddətdə, yəni iddia ərizəsi baxılmamış saxlanıldığı dövrdə iddia müddətinin axımı ümumi qaydada davam etsə də, baxılmamış saxlanılma qərardadı ləğv edildikdən sonra, iddia müddətinin axımı kəsilmiş, çünki, iddia ərizəsi məhkəmənin icraatında olmuşdur. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki,...iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi;əsas borc üzrə faizin köçürülməsi;kreditora borcun etirafını nəz ərdətutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdeh apellyasiya şikayətində göstərdikləri dəlillər mübahisələndirdiyi hissələrdə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrlə həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-1628/2021 saylı, 04 noyabr 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar