Məhkəmə qərarları › İş №2(103)-1372/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1372/2023

20.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1372/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə (Açar sözlər: “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın üzərindən həbsinn götürülməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1859/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X2 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar sahəsi, 706e saylı bağ sahəsini alıcının mülkiyyətinə vermişdir.

2. Həmin bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(001)- 05/2016 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar sahəsi, 706e saylı bağ sahəsinin üzərinə həbs qoyulması barədə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin vəsatəti təmin edilmişdir.

4. İddiaçı həmin daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı Azərbaycan Respublikası Baş prokuroruna yazılı ərizə ilə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın üzərindən həbsinn götürülməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706e saylı bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş prokuroru müavininin ********* saylı cinayət işi üzrə verdiyi təqdimata əsasən, təqsirləndirilən şəxs X3 ittiham olunduğu Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706e saylı bağ sahəsinin üzərinə Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(001)-05/2016 saylı qərarı ilə həbs qoyulmuşdur. Qeyd olunan bağ sahəsi xx.xx.2014-cü il tarixdə 12 saylı notariat kontorunda alqı-satqı müqaviləsinə əsasən X8 tərəfindən iddaçıya satılmışdır. xx.xx.2014-cü il tarixdə isə iddiaçı adına çıxarış almışdır. Qeyd olunan bağ sahəsi alınan vaxtdan mülkiyyətçi kimi iddiaçının sahiblik və istifadəsindədir. Bu yaxınlarda qeyd olunan torpaq sahəsinin üzərində həbsin olması ona məlum olmuşdur. Həbsin götürülməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroruna müraciət olunmuş, lakin 25 gündən artıq müddət keçməsinə baxmayaraq müraciətə cavab verilməmişdir. Hazırda sözügedən əmlak üzərində həbsin qalması onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)- 1859/2022 saylı qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706e saylı bağ sahəsinin həbsdən azad edilməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, əmlaklar üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Lakin həbsdən azad edilməsi xahiş olunan əmlakın məhz təqsirləndirilən şəxs Akif Mustafayevin törətdiyi hədə-qorxu ilə külli miqdarda rüşvət alma cinayəti yolu ilə əldə etmiş olduğu əmlak hesabına əldə edildiyi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, sözügedən əmlak iddiaçı tərəfindən əldə edilərkən Akif Mustafayev tərəfindən məlum hədə-qorxu ilə külli miqdarda rüşvət alma əməli hələ törədilməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən əmlak cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş əmlak hesab edilməməli və bu səbəbdən bu əmlak həbsdən azad edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1-ci maddəsinə, Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx.xx.2007-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən hakimiyyətdən suiistifadə, rüşvət alınması, özgə əmlakının hədə-qorxu ilə tələb edilib ələ keçirilməsi, vəzifə saxtakarlığı və digər çoxsaylı qanunsuz əməllərin törədilməsi faktlarına görə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 308.2 və 309.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış, həmin cinayət işindən keçmiş MTN-nin Energetika və Nəqliyyat sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi X9 və qeyrilərinin Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 311.3.1 və digər maddələri ilə ayrılmış ********* nömrəli cinayət işi xx.xx.2016-cı il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməklə ittiham hökmü çıxarılmış, barəsində axtarış elan edilmiş təqsirləndirilən şəxs X8, habelə barələrində cinayət təqibi davam etdirilən digərləri barəsində isə Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 193-1.3.1, 193-1.3.2, 294.3, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 318.2, 341.2.1, 341.2.3-cü maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, X8 əvvələr tanıdığı X4 vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə göstərişi əsasında idarənin əməkdaşları tərəfindən xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən “Sofiya” şadlıq sarayında keçirilən toy mərasimindən saat 22 radələrində ləğv olunmuş MTN-in inzibati binasına sahibkarlıq fəaliyyəti ilə məşğul olan X11 ilə birlikdə gətirilərək orada bir sutka qanunsuz saxlanılan X1 X5 azad olunması və Tofiq İbrahimova məxsus ağ rəngli, **-XE-*** dövlət qeydiyyat nişanlı “Mercedes G class” markalı avtomobilin qaytarılmasına görə xx.xx.2015-ci il tarixdə Akif Çovdarovun hədəqorxu tədbiq olunmaqla külli miqdarda rüşvət istəyib alınmasında vasitəçilik edərək sonuncunun 1.000.000 manat rüşvət istəməsini Tofiq İbrahimova bildirmiş, sonra əldə olunmuş razılığa görə Tofiq İbrahimovdan 300.000 manat məbləğində nağd pul vəsaitini alıb şəxsən Akif Çovdarova verdikdən sonra X10 azad olunmuş, avtomobil isə sahibi Tofiq Məhərrəmova geri qaytarılmaqla, külli miqdarda rüşvət alınmasında bilavasitə iştirak etmişdir. Eyni zamanda ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Akif Mustafayev 2015-ci ilədək olan müddət ərzində ləğv olunmuş MTN-in vəzifəli şəxsləri ilə olan yaxın əlaqələrindən sui-istifadə edərək mütəşəkkil dəstə tərkibində çox sayda vətəndaşlardan zərərçəkmiş şəxslərin və ya onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgələrin əmlakını və ya əmlaka olan hüququnu və əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmiş, həmçinin, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxslərin hər hansı hərəkətə (hərəkətsizliyə) görə, o cümlədən, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə külli miqdarda maddi və sair nemətin, imtiyaz və ya güzəştin hədə-qorxu tədbiq olunmaqla istənilməsi, eyni zamanda alınmasında köməkçi qismində iştirak etmişdir. Preyudisial əhəmiyyətə malik X9 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 311.3.1 və digər maddələri ilə məhkum olunmalarına dair Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə də Akif Mustafayevin qeyd olunan cinayət əməllərini törətməsi təsdiq olunur. X8 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və onun olduğu yer müəyyən edilmədiyinə görə barəsində axtarış elan olunmuşdur. Hazırki iş üzrə iddiaçı cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunulan, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsi barədə ərizə ilə müraciət etməli olduğu halda, mülki mühakimə icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və iddia əsassız olaraq təmin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Ona verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçının X8 ilə hər hansı qohumluq, tanışlıq əlaqəsi yoxdur.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin nümayəndəsinə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

15. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

20. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).

21. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

22. Maddə 248.1.1. Əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir.

23. Maddə 248.2. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur.

24. Maddə 248.3. Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur.

25. Maddə 253. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən X2 ilə alıcı (iddiaçı) İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar sahəsi, 706e saylı bağ sahəsini alıcının mülkiyyətinə vermiş, həmin daşınmaz əmlak Dövlət reyestrində xx.xx.2014-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmış, X8 xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və onun olduğu yer müəyyən edilmədiyinə görə barəsində axtarış elan olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin vəsatəti təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar sahəsi, 706e saylı bağ sahəsinin üzərinə həbs qoyulmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, sözügedən əmlak iddiaçı tərəfindən əldə edilərkən Akif Mustafayev tərəfindən məlum hədə-qorxu ilə külli miqdarda rüşvət alma əməli hələ törədilməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən əmlak cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş əmlak hesab edilməməli və bu səbəbdən bu əmlak həbsdən azad edilməlidir.

36. Belə ki, apellyasiya şikayətinin məzmunundan da görünür ki, X8 cinayət əməllərini 2015-ci ilin sentyabr ayında, yəni üzərinə həbs qoyulmuş daşınmaz əmlak iddiaçıya satıldıqdan bir ildən artıq müddət keçdikdən sonra törətmişdir.

37. Belə olan halda iddiaçıya satılmış daşınmaz əmlakın X8 tərəfindən cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsi qeyri-mümkündür.

38. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçı cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunulan, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilməsi barədə ərizə ilə müraciət etməli olduğu halda, mülki mühakimə icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş” dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh şikayətində X3 olduğu yer müəyyən edilmədiyinə görə barəsində axtarışın elan olunduğunu qeyd edir, yəni onun barəsində cinayət işi üzrə ibtidai istindaqın yekunlaşmadığı müəyyən edilir.

40. Belə olan halda X3 barəsində məhkəmə hökmünün mövcudluğu da qeyrimümkündür ki, iddiaçı həmin hökmü cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunulan, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində mübahisələndirsin.

41. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan hüquqi mövqeyinə görə əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir.

42. Hazırki iş üzrə iddiaçının vicdanlı alıcı olmadığı da iş materialları ilə təsdiq olunmur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)- 1859/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar