Məhkəmə qərarları › İş №2(103)-1375/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1375/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1375/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər: «maddi və mənəvi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil və cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri X2 və X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2094/2022 saylı, 21 noyabr 2022ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. “Kamaz 65115” markalı 99NP871 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək icbari qaydada sığorta olunmuşdur.

2. Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə Arayışa əsasən “Kamaz 65115” markalı 99NP871 dövlət qeydiyyat nişanlı avtomobillə “Kia Rio” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir, nəticədə “Kia Rio” markalı, **-NH-*** dövlət qedydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12014.34 manat maddi ziyanın, 2000 manat mənəvi zərərin, 133 manat dövlət rüsumunun, ümumilikdə 14147.34 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, 31 mart 2022-ci il tarixdə saat 18:30 radələrində Cavabdeh1 idarə etdiyi “Kamaz 65115” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ rayonu ərazisində idarə etdiyi “KİA RİO” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq zədələmişdir. Hadisənin baş verməsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmiş və İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. Baş vermiş hadisə nəticəsində avtomobilinə 11388 manat məbləğində ziyan dəymişdir. Qəzanın baş verməsində günahkar olan Cavabdeh1 idarə etmiş olduğu “Kamaz 65115” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərdən Cavabdeh2 mülkiyyətindədir. “Kamaz 65115” markalı,**-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi Cavabdeh2 da qeyd edilən hadisə zamanı ona dəymiş mülki ziyana görə birbaşa məsuliyyət daşıyır.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2094/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia tələbi qismən təmin edilərək İddiaçı məxsus əmlaka vurulmuş 10988 manat məbləğində ziyanın 5988 manat hissəsi Cavabdeh1, 5000 manatı isə Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi; ödənilmiş dövlət rüsumunun 43,08 manat hissəsi Dövlət Sığorta Kommersiya Şirkətindən, 79,88 manatı isə Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi; ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 99NP871 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 Mirzəğa oğluna məxsus olmaqla, həmin avtomobili Cavabdeh1 etibarnamə əsasında idarə edərkən, onun təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Həmçinin, məhkəmə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, iddiaçı ona məxsus əmlaka 12014 manat maddi ziyan vurulduğunu bildirsə də, qeyd edilən hala dair sübut qismində akt təqdim edilmişdir ki, həmin akt iddiaçının özü tərəfindən təqdim edildiyindən, onun mötəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir. Eyni zamanda məhkəmə araşdırması zamanı müvafiq ekspertiza keçirilmiş və ekspert rəyi əsasında müvafiq əmlaka dəymiş ziyanın məbləğinin 10988 manat olduğu qeyd edilmişdir. Bu halda, hazırki mülki iş üzrə iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləği məhz ekspert rəyi əsas götürülməklə, müəyyən edilməlidir. Həmçinin, müəyyən edilmişdir ki, 99NP 871 dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta olunmuşdur. Eyni zamanda qeyd edilən cavabdeh müvafiq sığorta ödənişinin (5000 manat) məbləğində sığorta ödənişinin icra edilməsindən imtina etmiş, buna əsas kimi həmin avtomobilin şassi və mühərrik nömrələri üst-üstə düşmədiyindən, yol nəqliyyat hadisəsində iştirak edən avtomobilin icbari qaydada onlarda sığorta olunmaması halına istinad edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdyi izahatından aydın olur ki, onlar yol nəqliyyat hadisəsində iştirak edən avtomobilin onlar tərəfindən icbari qaydada sığorta olunmadığını, həmin avtomobilin qeydiyyat nömrə nişanının dəyişildiyini, əslində 872 nömrəli avtomobil olduğunu, ona görə də 5000 manat məbləğində sığorta ödənişini etməkdən imtina olunduğunu bildirmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən halla bağlı heç bir mötəbər sübut (dövlət qeydiyyat nişanının dəyişilməsinə dair inzibati xəta haqqında protokol, qərar və ya digər mötəbər sübut) məhkəməyə təqdim edilməmiş, bununla da məhkəmə araşdırması zamanı cavabdehin etirazın əsası kimi istinad etdiyi halların müəyyən edilməsi mümkün olmamışdır. Bu halda, məhkəmə sığorta haqqında qanunvericiliyin tələbini əsas götürərək hesab edir ki, cavabdeh sığorta şirkətinin sığorta müqaviləsi üzrə 5000 manat məbləğində sığorta ödənişini həyata keçirmək vəzifəsi mövcud olduğundan və onun tərəfindən qeyd edilən öhdəlik icra edilmədiyindən, həmin sığorta şirkətinin qeyd edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka vurulmuş 10988 manat məbləğində ziyanın məbləğinin 5000 manat məbləğində olan hissəsi cavabdeh sığorta şirkətindən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, hazırki mülki iş üzrə Cavabdeh1 müvafiq avtomobili qanuni əsas ilə (etibarnamə əsasında) idarə etdiyindən, MM-nin 1108-ci maddəsinin və digər qanunvericiliyin tələbi baxımndan, iddia tələbi Cavabdeh2 Mirzəğa oğluna aid hissədə cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından, iddia tələbi qeyd edilən cavabdehə aid hissədə təmin edilməməldir. Həmçinin, məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayətində qətnamənin qismən, iddia tələbinin ona aid təmin edildiyi hissədə ləğv edilməsini və həmin hissədə iddianın, dövlət rüsumu və ekspertiza xərcinin rədd edilməsini, qətnamənin qalan hissədə dəyişdirilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun iddiaçıdan xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilir ki, hadisə zamanı çəkilmiş “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinin fotoşəkillərindən məlum olur ki, ** NP *** dövlət qeydiyyat nişanlı “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinin üzərinə yerləşdirilməsinə baxmayaraq həmin nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC65115N71136987, motor nömrəsi isə 72411640 olmuşdur. Həmçinin sürücü Cavabdeh1 tərəfindən səlahiyyətli orqanın əməkdaşına təqdim edilmiş həmin nəqliyyat vasitəsinin AB №474373 saylı qeydiyyat şəhadətnaməsindən və PDS********** nömrəli 2007-ci il buraxılışlı “Kamaz 65115 yük” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC6511N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 kimi qeyd edilmişdir. Bundan başqa, tərəflərindən DİN BDYPİ-yə “Kamaz 65115 yük” markalı, nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 Mirzəğa oğlunun mülkiyyətində və ya sahibliyində olan nəqliyyat vasitələri ilə bağlı BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında olan məlumatların Şirkətə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli, 08/01-504 saylı məktub göndərilmişdir. Qeyd edilən müraciətlərinə əsasən müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh2 Mirzəğa oğlunun mülkiyyətində (sahibliyində) Şassi nömrəsi XTC6511N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 olan “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsi ** NP *** dövlət qeydiyyat nişanlı və XTC 65115N71136987 Şassi nömrəli, 72411640 motor nömrəli, Ban nömrəsi ******* olan “Kamaz 65115 yük” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır. Həmçinin elektron qaydada çıxarılmış etibarnamədən göründüyü kimi, vətəndaş Cavabdeh2 Mirzəğa oğlu tərəfindən Şassi nömrəsi XTC6511N72305701, Ban nömrəsi Kabina 2036101,motor nömrəsi isə 72419628 olan “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsi ** NP *** dövlət qeydiyyat nişanlı və XTC65115N71136987 Şassi nömrəli, 72411640 motor nömrəli, Ban nömrəsi ******* olan “Kamaz 65115 yük” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini idarə etmək səlahiyyəti verilmişdir. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş sürücü Cavabdeh1 tərəfindən səlahiyyətli orqana təqdim edilmiş AB №474373S saylı qeydiyyat şəhadətnaməsində Şassi nömrəsi XTC6511N72305701, Ban nömrəsi Kabina 2036101, motor nömrəsi isə 72419628 kimi qeyd edilmiş ** NP *** dövlət qeydiyyat nişanlı, “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyəti üçüncü şəxslər qarşısında icbari qaydada sığortlanmamışdır. İş üzrə materiallara əlavə edilmiş PME********** saylı İcbari Sığorta Müqaviləsindən göründüyü kimi, hadisə zamanı yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş KAB ******* Şassi nömrəli, 72411640 motor nömrəli “Kamaz 65115 yük” markalı, nəqliyyat vasitəsi isə "xxxx" ASC tərəfindən icbari qaydada sığortlanmışdır. Lakin hadisə zamanı “Kamaz 65115 yük” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari qaydada sığortalanmamışdır. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, sözügedən hər iki nəqliyyat vasitəsini Cavabdeh1 idarə etmək üçün məhz həmin sürücü tərəfindən icbari sığorta müqaviləsinin bağlanmamasına görə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb edilməməkdən ötrü nəqliyyat vasitələrinin qeydiyyat nömrələrini dəyişdirərək idarə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri X4 və X3 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

10. Məhkəmə iclasında İddiaçı, eləcə də Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 sonuncu məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Maddə 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Maddə 8.1-1. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Maddə 8.1-2. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır. Maddə 9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. Maddə 15.1 İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 15.2. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Maddə 54. Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Maddə 56.1 və 56.1.2. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın şikayət verən sığorta şirkətinə münasibətdə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) sığorta şirkətinə münasibətdə təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları Mülki Məcəllənin və “İcbari sığortalar haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik şikayət verən cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

22. Belə ki, mübahisələndirilən hissədə sığorta şirkətinin yeganə mübahisələndirdiyi hal hadisə zamanı çəkildiyi iddia olunan “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinin fotoşəkillərində ** NP *** dövlət qeydiyyat nişanlı “Kamaz 65115 yük” markalı nəqliyyat vasitəsinin üzərinə yerləşdirilməsinə baxmayaraq həmin nəqliyyat vasitəsinin Şassi nömrəsi XTC65115N71136987, motor nömrəsi isə 72411640 olması ilə bağlıdır. Bu hal birinci instansiya məhkəməsində aparılan icraat zamanı da səsləndirilmiş, çünki, sığorta ödənişi verilməsindən imtina məhz bu əsasa görə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sığorta şirkəti tərəfindən iddiaya olan etiraza yuxarıda qeyd olunan formada hüquqi qiymət verilmişdir. Lakin cavabdeh sığorta şirkəti bununla razılaşmayıb apellyasiya şikayəti verib və şikayətində də bu halın həqiqi olmasını sübut etməyə çalışır. Şübhəsiz ki, iddiaya etirazının əsası kimi istinad etdiyi halı sübut etmək yükü birmənalı olaraq onun üzərinə düşür, ancaq qeyd etdiyi halı sübut edə bilmir. Qeyd olundğu kimi bəyan etdiyi hala dair sübut olaraq yalnız fotoşəkil təqdim edib(bax;i.v.52;116).Ancaq həmin şəkilin mənşəyi, hansı şəraitdə və yerdə çəkildiyi bəlli deyil. Çünki, mübahisə predmeti olan avtomobilin şassi və mühərrik nömrələrini əks etdirən şəkilin məhz yol nəqliyyat hadisəsi zamanı, sığorta şirkətinin əməkdaşı tərəfindən çəkildiyi təsdiq olunmur. Əks halda bəyan etdiyi halın doğruluğunu təsdiq etmək üçün ən azından digər rakusdan da şəkillər çəkilə bilərdi yaxud bəyan edilən halın təsdiqi üçün videoyazı da aparıla bilərdi. Ancaq bunların heç biri edilməmişdir. Bu cür vəziyyətdə yalnız mənşəyi və çəkildiyi vaxtı və yeri bilinməyən şəkilə görə sığorta şirkətinə qarşı iddia necə rədd oluna bilərdi. Əlbətdə ki, bu ritorik sual olsa da şikayətçi sığorta şirkəti bu cür suallara cavab verməyə hazır olmalı idi.

23. Bundan əlavə, iş materiallarından açıq-aşkar görünür ki, yol nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan yolunun 47.5 km.də Yol Patrul Xidmətinin stasionar postunun qarşısında baş vermişdir. Demək ki, həmin Xidmətin əməkdaşları tərəfindən bu hadisənin qanunla müəyyən edilmiş qaydada araşdırılması üçün daha da münbit və əlverişli şərait olmuşdur.İş materiallarına inzibati xəta haqqında iş üzrə icraat zamanı aparılan araşdırma ilə əlaqədar kifayət qədər yazılı sənədlər əlavə edilmişdir. Əgər sığorta şirkətinin əməkdaşı baş vermiş hadisədən dərhal sonra hadisə yerində iştirak etmişdirsə, iddia ərizəsinə etirazda və şikayətdə göstərdiklərini həmin araşdırma materiallarına əlavə edilməsini tələb edə bilərdi yaxud bu barədə bilavasitə və ya hadisədən sonrakı günlərdə inzibati xəta haqqında icraat üzrə araşdırma aparan orqana, iddiaçıya və digər cavabdehlərə məlumat verə bilərdi, həm də verməyə borclu idi. Ancaq bu edilməli hərəkətlərin heç birini sığorta şirkəti etməmiş, yalnız sığorta hadisəsi baş verdiyi vaxtdan 35 gün sonra(bax.i.v.26) iddiaçıya sığorta ödənişi verilməsindən imtina olunmasına dair Bildiriş yazmışdır. Apellyasiya baxışı zamanı iddiaçı qeyd olunan müddətədək sığorta şirkəti tərəfindən bu mövzuda ona hansı bir məlumat verilmədiyini, əksinə zədələnmiş avtomobilini almaq barədə əməkdaşları tərəfindən ona təkliflər olunduğunu bildirdi. Ağlabatan mühakimə və hüquqi məntiqə uyğun olaraq sığorta şirkəti etirazında və şikayətində göstərdiyi halı hadisə baş verən gün həqiqətən müəyyən etmişdirsə, qeyd olunan tarixədək, yəni 35 gün nə üçün gözləməli idi.Təbii ki, bu cür fakt mövcud idisə, sığorta şirkəti bunu dərhal bəyan etməli idi. 24.Bundan başqa, Cavabdeh2 nümayəndəsi və vəkili mübahisə predmeti olan avtomobilin şassi, mühərrik və ban(kabinə) nömrələrinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin alınmasına dair birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bu vəsatət 10 avqust 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında müzakirə edilmiş, cavabdeh sığorta şirkətinin nümayəndəsi məhkəmənin sualına cavab olaraq “əgər vəsatət təmin edilsə cavabdehlər əvvəlki avtomobil qeydiyyat nişanı nömrəsini maşına yerləşdirəcəklər,hadisələr baş verən zaman əməkdaşlarımız tərəfindən maşının şəkilləri çəkilmişdir, vəsatətin təmin edilməməsini xahiş edirəm” söyləmişdir(bax.i.v.73-76).Yəni, sığorta şirkəti bəyan etdiyi halın həqiqətən baş verdiyini mütəxəssis yaxud ekspertiza rəyi ilə müəyyən etməyin mümkün olduğu halda(ən azından ** NP *** dövlət qeydiyyat nişanı sığorta olunmayan avtomobilin üzərində olmuşdursa toqquşma izləri ilə yol nəqliyyat hadisəsində hansı avtomobilin iştirak etdiyini asanlıqla müəyyən etmək olardı)bu vəsatətin təmin edilməsinin əlehinə olmaqla faktiki olaraq iddiaya etirazının əsassız olduğunu təsdiq etmişdir.Yəni, bu faktın özü də iddiaya etirazın və şikayətin açıq-aşkar əsassız olduğuna dəlalət edirdi.

25. Apellyasiya baxışının birinci iclasında iştirak edən Cavabdeh1 sığorta şirkətinin iddiaya etirazın və şikayətin əsas və yeganə dəlili ilə bağlı dəfələrlə suallar verilsə də o, bu faktın həqiqiliyini, yəni ** NP *** dövlət qeydiyyat nişanının sığorta olunmayan avtomobilin üzərinə qanunsuz quraşdırdığını təsdiq etmədi. Ümumiyyətlə Cavabdeh1 məhkəmə iclasındakı davranışı sığorta şirkətinin göstərdiyi dəlilinin, yəni dövlət qeydiyyat nişanının dəyişdirilməsi ilə bağlı halın mahiyyətini anlamadığına dəlalət edirdi. Yəni, sığorta şirkətinin əməkdaşı hadisə baş verən zamanı bu faktı aşkar etmişdirsə elə bu əsasa görə də Cavabdeh1 məsuliyyətə cəlb edilməsi üçün və bununla da sığorta ödənişindən imtina üçün qanuni əsas yaradaraq araşdırma aparan yol patrul xidmətinin əməkdaşlarına məlumat verilə bilərdi. Göründüyü kimi, bütün qeyd olunan hallar onu təsdiq edir ki, sığorta şirkəti sadəcə müxtəlif bəhanələr düşünərək baş vermiş sığorta hadisəsi zamanı sığorta ödənişi etməkdən imtina üçün “əsaslar” axtarır. Bu hallar isə yolverilməzdir. Çünki,bu cür davranış sığrta münasibətlərinə ciddi zərər vurmaqla sığorta hadisəsindən zərər çəkən şəxslərin haqlı narazılığına səbəb olur.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh sığorta şirkəti üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın sığorta şirkətinə münasibətdə təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin, o cümlədən sığorta hüquq münasibətlərinin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda icbari sığortalar, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2094/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2094/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar