Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1375/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı Hüseynov X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-290/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 30 avqust 2023-cü il tarixli aktdan görünür ki, Nizami rayonu, Babək prospekti, 103 saylı evin 44 nömrəli mənzilinin sahibi İddiaçı şikayət ərizəsinə əsasən onun yaşadığı mənzilə baxış keçirilərək müəyyən edilmişdir ki, Cavabdeh məxsus 46 nömrəli mənzildən 44 nömrəli mənzilə uzun müddətdir su axıdılır. Suaxma əvvəlcə tualetdən və dəhlizdən başlamış, hal-hazırda hamam-mətbəx otaqlarında davam etməkdədir. Dəhlizin divar kağızları, mətbəx mebelləri, hamam və tualet otaqları yararsız vəziyyətə düşdüyündən mənzilə maddi ziyan dəymişdir. İddiaçı dediyinə görə suaxma faktı ilə bağlı 46 nömrəli mənzilə dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9433 nömrəli rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 44 saylı mənzilin mətbəx, tikilisinin konstruktiv elementlərində (tavan, döşəmə və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 103 saylı evin 44 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 46 saylı mənzildən su axıdıldığı, nəticədə 44 saylı mənzilin mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 46 saylı mənzilin sanitar qovşağı təmirli olduğundan, su kanalizasiya xətləri gizli şəkildə olduğundan, 44 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 44 saylı mənzilə su sızması 46 saylı mənzilin su-kanalizasiya xətlərinin gözlə görünməyən hissələrində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 saylı evin 44 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyər təqribən 637,0 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat dəymiş maddi ziyanın, 70 manat dövlət rüsumunun, ümumilikdə 5070 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşayır. Cavabdeh isə qonşu olmaqla Bakı şəhəri, Nizami rayonu, ünvan 1 saylı mənzilin sahibidir. Cavabdeh həmin mənzilə köçən gündən o, problemlərlə üzləşir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığına görə yaşadığı mənzil sahəsi artıq neçə illərdir ki, mütəmadi şəkildə suyla daşqın edilir. Cavabdehin özünə məxsus olan mənzildən yaşadığı mənzilə su ilə daşqın edilmiş və ona böyük məbləğdə maddi ziyan dəymişdir. Son iki ay ərzində su axıntısının ardı kəsilmir, mənzildə mətbəxdə hər yerə qablar qoymuşlar ki, su ora axsın. Mətbəxinə 2000 manatlıq mebel sifariş etmişdir, lakin su axıntısı nəticəsində həmin mebel bərbad hala düşmüşdür. Dəymiş ziyanla bağlı ustalar tərəfindən mənzilə ilkin baxış keçirilərək, mənzil sahəsinin yenidənqurma və bərpa işləri hazırki vaxta qədər 3000 manat müəyyən edilmişdir. Hadisədən sonra cavabdehə onun mənzilinə ciddi ziyan dəydiyini bildirsə də o, dəymiş ziyanın ödənilməsindən imtina edir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qeyri-qanunsuz və səhlənkar hərəkətlərinə görə ona dəymiş maddi ziyan ödənilməlidir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 5000 manat dəymiş maddi ziyanın, 70 manat dövlət rüsumunun, ümumilikdə 5070 (beş min yetmiş) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlıq nəticəsində ona məxsus mənzildən su daşqın etdiyini və nəticədə iddiaçıya ziyan dəydiyini bildirir. Aşağıda göstərilənlərə görə iddia tələbi əsassızdır və rədd edilməlidir. Təxminən sentyabr ayının əvvəlində iddiaçı cavabdehə xəbərdarlıq etmişdir ki, cavabdehin mənzilindən onun mənzilinin mətbəx hissəsinə su axır. Həmin vaxt cavabdeh Rusiya Federasiyasında olduğundan qayınatası Ağası Hüseynovdan axıntının qarşısının alınması üçün dərhal müvafiq tədbir görülməsini xahiş etmişdir. Ağasi Hüseynov cavabdehin mənzilindən su axıdılmadığına əmin olduqdan sonra 12 saylı Mənzil İstismar Sahəsinin əməkdaşlarından cavabdehin mənzilinə baxış keçirilməsini xahiş etmişdir və həmin əməkdaşlar da suyun iddiaçının mənzilinə haradan axmasını müəyyən edə bilməmişlər. X10 iddiaçının mənzilinə suyun haradan axdığını müəyyən etmək üçün mütəxəssis dəvət etmiş və həmin mütəxəssis sızma aparatı ilə mənzilin bütün sahələrini yoxlamış və cavabdehin mənzilindən su sızıntısı olmadığını bildirmişdir. Bundan X10 cavabdehin ailəsini bir həftəlik öz evinə aparmış və cavabdehin mənzilində yaşayış olmadığı bir həftəlik müddətdə də iddiaçı onun mənzilinə su axdığını təkrar bildirmişdir. Ağasi Hüseynov cavabdehin xahişi ilə məcbur olaraq suyun iddiaçının mənzilinə haradan axmasını müəyyən etmək üçün cavabdehin mənzilinin hamam, ayaqyolu və mətbəx hissəsinin döşəmə və divarlarını tamamilə sökmüşdür. Sonda müəyyən olunmuşdur ki, binanın əsas su xəttindən iddiaçının mənzilinin tavan arasına su damcıldayır, həmin damcılar isə özünə yol taparaq iddiaçının mənzilinə gedən qaz boru xətti vasitəsilə iddiaçının mətbəxinə axır. Göründüyü kimi iddiaçının mənzilinə cavabdehin mənzilindən su axıdılmamışdır, su axını şaxtada olmuşdur, borudan axan su həmin borunun cavabdehin mənzilinə daxil olmayan hissəsində baş vermişdir, suyun axmasına görə cavabdehin hər hansı bir təqsiri yoxdur və heç bir məsuliyyət daşımır. Su axınını müəyyən etmək üçün cavabdehin mənzilinin hamam, ayaqyolu və mətbəx hissəsinin döşəmə və divarları tamamilə sökülmüşdür və bununla da cavabdehə xeyli miqdarda maddi ziyan dəymişdir. Borudan axan su axıntısının həmin borunun cavabdehin mənzilinə daxil olmayan hissəsində baş verməsi ilə bağlı video görüntülər var. Həmin video görüntülər məhkəməyə tərəflərindən təqdim ediləcəkdir. İddiaçı cavabdehə dəymiş ziyanı öz üzərinə götürmək, cavabdehə maddi dəstək göstərmək əvəzinə, cavabdehdən pul tələb etməyi hesab edir ki, tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir, su onun mənzilindən axmırdı. Usta da gəlib baxıb, jekin işçiləri də baxıb müəyyən etmişdilər ki, problem şaxtada idi. Su şaxtadan sızırdı amma yenə də düzəltdiriblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmir. Bildirdi ki, həmin vaxt cavabdeh Rusiyada olub. Usta gəlib aparatla baxıb müəyyən etmişdir ki, problem şaxtadadır. Sızıntı ordan verib mənzildən yox. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, cavabdehin qayınatasıdır. Sözügedən mənzildə o, yox, qızı yaşayırdı. Bir gün qızı ona zəng vurub bildirdi ki, qonşu qapını döyürdü evlərinə su axır. O, da qızıgilə gələndən sonra qonşugilə getdi və evlərinə baxdı. Qonşunun mətbəxinə doğurdan da su axırdı. Qonşuya da bildirdi ki, Mənzil-Kommunal İstismar İdarəsinin əməkdaşı gəlsin evə baxış keçirsin, xərcini də özü ödəyəcəkdir. Əməkdaşlar gəlib baxdılar, lakin suyun haradan sızmasını müəyyən edə bilmədilər. Beləliklə, əməkdaşlar iki dəfə gəlib-getmələrinə baxmayaraq, heç nə müəyyən edə bilmədilər. Daha sonra ayrıca mütəxəssislə getdi, lakin qonşu bu dəfə onları evə buraxmadı. Bir müddət sonra məcbur qalaraq usta çağırdılar və sanitar qovşağını sökdürdülər. Söküntüdən sonra suyun şaxtadan sızdığı müəyyən olundu. Xarab olan yer onların mənzilinin divarının arxasında şaxtadan keçən boru idi onu da düzəltdilər. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, cavabdehi tanıyır. Evində işlədiyi şəxsin dostudur. O, cavabdehin də evində işləmişdir. Özü santexnik ustasıdır. Problem şaxtada idi, yəni kanalizasiyanın ana xəttində. Boru çuqun idi və boruda çat vardı. Həmin borunun betonun içində olması səbəbindən suyun haradan axması müəyyən olunmurdu. Həmin boru yerləşən sahə şaxtanın sahəsidir, ora isə tam panelin üstünə düşür. Bunu müəyyən etmək üçün sanitar qovşağının bir divarını sökmüşdür. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Mənzil- Kommunal İstismar İdarəsində sahə nəzarətçisi işləyir. Azər onun işlədiyi 12 saylı Mənzil- Kommunal İstismar İdarəsinin sakinidir. İdarəyə zəng olunmuşdur ki, evi su basıb. Gedib görüblər ki, evi su aparır. Lakin yuxarı mərtəbədə qapı bağlı idi. Azərin müraciətinə əsasən baxış keçirdilər. Mətbəxin mebelinin arxa hissəsini açıb baxdılar ki, su haradan axır. Hamamın aşağısından su boruları gedir. Suyun 46 nömrəli mənzildən axdığı müəyyən olundu. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Azərin ögəy qardaşıdır. Usta işləyirdi. 2 dəfə Azərin evini təmir etmişdir. Yuxarı mərtəbədə yerləşən mənzil təmir olunandan sonra su axadı. 4 gün qonşular evdə olmadılar su sızmadı. Su mətbəx, hamam tualet və dəhlizdən gəlirdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-290/2024 nömrəli qətnaməsinə əsasən, Cavabdeh dəymiş maddi ziyanın əvəzi 637 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 8.90 manatının tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 6.37 manatının Cavabdeh, 43.63 manatının İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh Mülki Məcəllənin 1096.1ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Həmçinin qanunverilikdən görünür ki, mülkiyyətçinin istifadəsində olan avadanlıqların texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək istehlakçıların vəzifəsidir. Yəni cavabdehə məxsus mənzilin şaxtasında olan kanalizasiya borusunun texniki cəhətdən saz vəziyyətdə saxlanılması onun vəzifəsidir və bu barədə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehə məxsus mənzilin şaxtasında yerləşən kanalizasiya borusunun çartlaması nəticəsində iddiaçıya məxsus mənzilə ziyan dəymişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmanın baş verməsi və bunun nəticəsində iddiaçının mənzilində qüsurlar yaranması və maddi zərər dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi zərərin yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Məhkəmə daha sonra qeyd etmişdir ki, İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 5000 manat kimi göstərmiş, lakin ekspertiza rəyi ilə iddiaçının mənzilinə dəymiş zərər 637 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddiaçının mənzilinə dəymiş maddi zərərə görə cavabdehdən 637 manat vəsait tutulmalıdır. İddiaçının tələbi qismən təmin edildiyi üçün, məhkəmə hesab etmişdir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 70 manat dövlət rüsumunun 8.90 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 6.37 manatı Cavabdeh, 43.63 manatı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 170.2, 1096.1,1097.1,1115-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 290/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 5000 manat dəymiş maddi ziyanın, 70 manat dövlət rüsumunun, ümumilikdə 5070 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində cavabdehin qanunsuz hərəkətləri və səhlənkarlığı nəticəsində ona məxsus mənzildən su daşqın etdiyini və nəticədə iddiaçıya ziyan dəydiyini bildirir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-290/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 637 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 8.90 manatı tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2(007)-290/2024 nömrəli qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin halları ətraflı araşdırılmamış, maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçının mənzilinə suyun haradan axdığını müəyyən etmək üçün cavabdeh X6 adlı ustanı öz mənzilinə dəvət etmiş və həmin usta sızma aparatı ilə mənzilin bütün sahələrini yoxlamış və cavabdehin mənzilindən su sızıntısı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 iddiaçının mənzilinə su sızıntısının cavabdehin mənzilindən axdılmadığını, həmin suyun binanın ümumi su xəttindən axdığını bildirmişdir. İddiaçının mənzilinə cavabdehin mənzilindən su axıdılmamışdır, su axını şaxtada olmuşdur, borudan axan su həmin borunun cavabdehin mənzilinə daxil olmayan hissəsində baş verdiyindən həmin suyun iddiaçının mənzilinə axmasında cavabdehin təqsiri və ya hüquqa zidd hərəkət və ya hərəkətsizliyindən baş verməmişdir. Məhkəmə səhv nəticəyə gələrək əsassız olaraq iddia tələbini qismən təmin etmişdir. Məhkəmə qətnaməni qəbul edərkən onu əsaslandıra bilməmiş, cavabdehin hüquqularını pozmuşdur. Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-290/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirsə də, qətnamənin əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh iddiaçının mənzilinə su axıdmadığını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə 44 saylı mənzilin mətbəx, tikilisinin konstruktiv elementlərində (tavan, döşəmə və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 103 saylı evin 44 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 46 saylı mənzildən su axıdıldığı, nəticədə 44 saylı mənzilin mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, 46 saylı mənzilin sanitar qovşağı təmirli olduğundan, su kanalizasiya xətləri gizli şəkildə olduğundan, 44 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 44 saylı mənzilə su sızması 46 saylı mənzilin su-kanalizasiya xətlərinin gözlə görünməyən hissələrində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 saylı evin 44 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri isə təqribən 637,0 manat məbləğində müəyyən olunmuşdur. Sözügedən ekspert rəyinə işin digər materialları ilə birgə qiymət verdikdə iddiaçının evinə su sızmasının mənbəyinin cavabdehə məxsus mənzildən olması təsdiq olunur. İddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən, lakin o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən kollegiya iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin nəticəsini əsaslı və qanuni hesab edir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-290/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1375/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1375/2025
12.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver