Məhkəmə qərarları › İş №2(103)-1378/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1378/2022

15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1378/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)-1263/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən mənzilinə dəymiş maddi ziyanın əvəzi kimi 3000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödədiyi 30 manat, vəkil xidməti üçün ödədiyi 300 manat, cəmi 8330 manat pulun onun xeyrinə tutulması və əlavə olaraq ünvan 1 ünvanında yerləşən cavabdehin mənzilinin su borularının cavabdehin öz hesabına təmir edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsində yerləşən 11 saylı evin 38 saylı mənzilinə cavabdehə məxsus üst mərtəbədə yerləşən 42 saylı mənzildən su axmış, nəticədə iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Cavabdehin mənzilinin boruları nasaz olduğundan onun mənzilinə bir neçə dəfə su axmışdır. Nasaz boruların düzəltdirilməsini dəfələrlə cavabdehdən xahiş etsə də, nəticəsi olmamış, buna görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)- 1263/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi ziyanın əvəzi kimi 2158 manat, ödənilmiş 78 manat hüquqi xidmət xərci və 7,80 manat dövlət rüsumu, cəmi 2243,80 manat manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, yalnız iddiaçının mənzilinə baxış keçirən ekspert məhkəməyə qərəzli və əsaslandırılmamış rəy vermişdir. İddiaçının mülkiyyətində olan mənzilə su sızıntısı onun təqsiri üzündən baş verməmişdir. Məhkəmə işin faktiki hallarını tam və hərətərli araşdırmadan qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)-1263/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsində yerləşən 11 saylı evin 38 saylı mənzili iddiaçının mülkiyyətindədir, həmin ünvanda yerləşən 42 saylı mənzil isə su axıntısı baş verən dövrdə cavabdehin mülkiyyətində olmuşdur. İddiaçıya məxsus mənzil yuxarıda qeyd edilən ünvanda yerləşən beş mərtəbəli yaşayış binasının 4-cü, cavabdehə məxsus mənzil isə 5-ci mərtəbəsində yerləşir. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 avqust 2021-ci il tarixli 10/2697 saylı rəyindən görünür ki, iddiaçının mənzilinə baxış keçirilən zaman mənzilin yaşayış otağı, dəhliz mətbəx tikilisinin tavan və divarlarında su sızma izləri və sarımtıl ləkələrin olduğu müşahidə edilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai rayonu 151 saylı MKİS tərəfindən 30.10.2020-ci il tarixdə tərtib edilmiş aktda cavabdehin yaşadığı 42 saylı mənzildən iddiaçının yaşadığı 38 saylı mənzilə su axıdılması qeyd edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 26 avqust 2021-ci il tarixli 10/2697 saylı rəyinə əsasən, Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsində yerləşən 11 saylı evin 38 saylı mənzilinə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 2158 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su axıdılması nəticəsində iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi vurulmuş ziyanın əvəzi kimi cəmi 2243,80 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmiş, qalan hissədə iddia təmin edilməmiş, İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir: Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsində yerləşən 11 saylı evin 38 saylı mənzilinə həmin mənzilin üstündə yerləşən, cavabdehə məxsus 42 saylı mənzildən su axması nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qanuni məhkəmə qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(011)- 1263/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar