Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1378/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehlər Cavabdeh6 və Cavabdeh3, Cavabdehlərin nümayəndə-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh10 qarşı “kommunal xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-4664/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdehlər "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, X23 massivi, D.Bünyadzadə küçəsi, 4 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının sakinləridir. İddiaçı iddia edir ki, cavabdehlər kommunal xərcləri ödəməkdən yayınmış və iddiaçı "xxxx" MTK yaranmış borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehler Cavabdeh1 1926 (min doqquz yüz iyirmi altı) manat, Cavabdeh7 756 (yeddi yüz əlli altı) manat , Cavabdeh5 756 (yeddi yüz əlli altı) manat, Cavabdeh3 756 (yeddi yüz əlli altı) manat , Cavabdeh10 756 (yeddi yüz əlli altı) manat və Cavabdeh6 1429 (min dörd yüz iyirmi doqquz) manat pul vəsaitinin və ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 fevral 2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X23 massivi, Bünyadzadə küçəsi 1 ünvanında 6 girişli, 11 mərtəbəli 4 nömrəli yaşayış binasının tikintisinə dair müqavilə üzrə sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativi ilə icraçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ilə podratçı "xxxx" MMC tərəfindən binanın tikintisi başa çatdırılmış və 16 aprel 2018-ci il tarixli 001806 saylı istismara hazırlıq aktı alınaraq "xxxx" MTK-ya təhvil verilmişdir. "xxxx" MTK-nın payçılarının Ümumi Yığıncağının 22 yanvar 2012-ci il tarixli iclas protokoluna əsasən mənzildə yaşayıbyaşamamağından asılı olmayaraq hər bir payçıdan 01 yanvar 2012-ci il tarixdən etibarən 1 otaqlı mənzillər üçün aylıq 15 manat, 2 otaqlı mənzillər üçün aylıq 18 manat, 3 otaqlı mənzillər üçün 21 manat, 4 otaqlı mənzillər üçün 24 manat, qeyri-yaşayış sahələri üçün isə hər kv.m görə 0.50 manat (50 qəpik) olmaqla kommunal xidmət haqqı müəyyən edilməsi qərara alınmışdır. Qeyd edilən qərar MTK tərəfindən binanın bloklarının girişində və binanın digər yerlərində sakinlərin binaya daxil olarkən asanlıqla görə biləcəyi yerdə asılmışdır. Binanın ümümi əmlakının lazimi qaydada saxlanılması və bina sakinlərinin normal yaşayış səviyyəsini təmin etmək məqsədilə binaya su nasosları vasitəsilə hər gün fasiləsiz içməli suyun verilməsi, liftlərin daim işlək vəziyyətdə saxlanılması, məişət tullantılarının gündəlik olaraq daşınması, su hövzələrinin vaxtaşırı təmizlənməsi, binanın daxili və xarici hissələrinin təmiz saxlanması və s. digər kommunal xidmətlər, həmçinin binanın xarici və daxili hissəsində bir sıra cari təmir və kosmetik işlər MTK tərəfindən davamlı olaraq göstərilməkdədir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, X23 massivi, Bünyadzadə küçəsi 1 ünvanında yerləşən 11 mərtəbəli 4 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 107 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2 aylıq 53.50 manatdan (0.50x107=53.50) hesablanmaqla 3 il müddətinə1926 manat (53.50x36ay=1926), binanın 1-ci mərtəbəsinə yerləşən 107 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X5 aylıq 53.50 (0.50x107=53.50) manatdan hesablanmaqla 3 il müddətinə1926 manat (53.50x36ay=1926), binanın 1-ci mərtəbəsinə yerləşən 107 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 aylıq 53.50 (0.50x107=53.50) manatdan hesablanmaqla 3 il müddətinə 1926 manat (53.50x36ay=1926), binanın 1-ci mərtəbəsinə yerləşən 6-cı blokun alt hissəsində 95 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh12 aylıq 47.50 manatdan (0.50x95=47.50) hesablanmaqla 3 il müddətinə 1710 manat (47.50x36ay=1710), həmçinin ümumi sahəsi 115.72 kv.m olan 3 otaqlı 3 saylı mənzilin mülkiyyətçisi Cavabdeh7 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 115.72 kv.m olan 3 otaqlı 13 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 105.85 kv.m olan 3 otaqlı 38 saylı mənzilin mülkiyyətçisi Cavabdeh11 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 104.3 kv.m olan 3 otaqlı 54 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 105.95 kv.m olan 3 otaqlı 80 saylı mənzilin mülkiyyətçisi Cavabdeh8 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 105.95 kv.m olan 3 otaqlı 84 saylı mənzilin mülkiyyətçisi Cavabdeh9 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 105.95 kv.m olan 3 otaqlı 59 saylı mənzilin mülkiyyətçisi Cavabdeh10 aylıq 21 manatdan hesbalanmaqla3 il müddətinə 756 manat (21x36ay=756) "xxxx" MTK-ya kommunal xidmətlərə görə borcu vardır. Həmçinin ümumi sahəsi 105.95 kv.m olan 3 otaqlı 61 saylı mənzilin mülkiyyətçisi Cavabdeh6 ilə "xxxx" MTK arasında 31 yanvar 2021-ci il tarixdə kommunal xidmətlər haqqında müqavilə bağlanılmış və həmin müqavilənin 3.3-cü bəndində tərəflərin üzərinə götürdükləri öhdəlikləri müəyyən edilmiş vaxtlarda yerinə yetirmədikdə qarşı tərəfə ümumi məbləğinin hər gecikdirilən təqvim günü üçün 1% məbləğində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında müqavilənin qeyd olunan bəndinə əsasən 61 saylı mənzilin mülkiyyətçisi Cavabdeh6 adı çəkilən müqavilənin 3.3-cü bəndinə əsasən 3 il müddətinə1429 manat "xxxx" MTK-ya kommunal xidmətlərə görə borcu vardır. Ümumilikdə cavabadehlərin "xxxx" MTK-ya kommunal xidmətlərə görə cəmi borcu 14209 manat təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Vəkil1 Kazım oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 1926 (min doqquz yüz iyirmi altı) manat, Cavabdeh7 756 (yeddi yüz əlli altı) manat, Cavabdeh5 756 (yeddi yüz əlli altı) manat, Cavabdeh3 756 (yeddi yüz əlli altı) manat , Cavabdeh10 756 (yeddi yüz əlli altı) manat və Cavabdeh6 1429 (min dörd yüz iyirmi doqquz) manat pul vəsaitinin və ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin e-2(004)-4664/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından da göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, X23 massivi, D.Bünyadzadə küçəsində yerləşən 4 saylı binanın mülkiyyətçiləri olan cavabdehlərlə kommunal xidmətin göstərilməsi ilə bağlı "xxxx" MTK arasında hər hansı müqavilə bağlanılmamışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, cavabdehlərin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Bu səbəbdən iddiaçı cavabdehlərdən göstərilən xidmətlərlə bağlı borc tələb etməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçının yaranmış borcla bağlı istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar da qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, istinad olunan normalara əsasən, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququnun olması mülki iş materiallarına əsasən müəyyən edilmir. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, hazırki iddia üzrə əvvəlki məhkəmə iclası iddiaçının nümayəndəsi (təsisçisi) X15 qeyd etmişdir ki, onun tərəfindən "xxxx" MMC yaradılmış və kommunal ödənişlər həmin hüquqi şəxs tərəfindən həyata keçirilməkdədir. Eyni zamanda mülki iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" MTK-nın nizamnaməsində kommunal ödənişlərin alınması fəaliyyətinin həyata keçirilməsi də nəzərdə tutulmamışdır. "xxxx" Mənzil Tikinti Kooperativi kommersiya hüquqi şəxs kimi yaradılmaqla məqsədi kommersiya fəaliyyəti olmuş və daha sonradan öz fəaliyyətini dayandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1; Mənzil Məcəlləsinin 109.2, 109.4, 109.5, 124, 125.2, 125.2.4, 127.1, 127.2, 137.9, 138.5, 139.1-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, «R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına və “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MTK hazırda məhz tikinti fəaliyyətini dayandırmış, lakin binanın mülkiyyətçiləri tərəfindən binanın idarəetmə üsulu indiyədək seçilmədiyindən MTK-nın nizamnaməsinə, həmçinin mənzil qanunverciliyinə əsasən sakinlərə kommunal xidmətlərin göstərilməsi fəaliyyətini davam etdirmişdir. Belə ki, iş materiallarında olan "xxxx" MTK Nizamnaməsinin 3.3-cü bəndində mənzil tikinti kooperativinin həyata keçirə biləcəyi fəaliyyət növləri kimi bina və yaşayış evlərinin, komplekslərin, qurğuların tikintisi, yolların salınması o cümlədən, digər tikinti xidmətinin göstərilməsi, reklam, kommersiya,biznes,marketinq və qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərini həyata keçirməsi öz əksini tapmışdır. Həmin Nizamnamənin 7.1.3-cü bəndinə əsasən isə pay haqqının, evin saxlanması, istismarı və əsaslı təmiri üçün haqqın miqdarını müəyyən etmək X7 müstəsna səlahiyyətlərinə aid edilmişdir. Həm MTK-nın Nizamnaməsindən, həm də mənzil qanunvericiliyinin normalarından bir daha aydın olur ki, mənzil tikinti kooperativləri tərəfindən mülkiyyətçilərə kommunal xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olması və həmin xidmətlərə görə haqqın miqdarının müəyyən edilməsi qanunla mənzil tikinti kooperativinə qadağan edilməmişdir. Zatən mənzil tikinti kooperativlərinin idarəetmə orqanı, yəni Ümumi Yığıncağı dedikdə, birbaşa olaraq mənzil tikinti kooperativinin payçıları olan elə sakinlərin özləri başa düşülür və nə qədər ki, binanın idarəetməsinin digər alternativ üsulu mülkiyyətçilərin özü tərəfindən seçilməyib, binanın idarəetməsini payçıları olduğu mənzil tikinti kooperativi tərəfindən, yəni dolayısı ilə sakinlərin elə özləri tərəfindən idarə edilməsi tam qanunauyğun və məntiqli hesab edilməlidir. Bunun təsdiqi kimi Mənzil Məcəlləsinin 109.2-ci maddəsini göstərmək olar, hansında ki, qeyd olunur ki, mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Hazirki iş üzrə cavabdehlərin bir qismi binanın liftindən mütəmadi olaraq istifadə etmələrini, yaşadıqları mənzilə fasiləsiz olaraq içməli su ilə təchiz olunmasını, məişət tullantılarının daşınmasını və digər kommunal xidmətlərin məhz MTK tərəfindən göstərildiyini məhkəmə iclasında bildirmişdirlər. Lakin onlar faktiki olaraq onlara göstərilən kommunal xidmətlərdən mütəmadi olaraq istifadə etdiyi halda məhz hansı səbəbdən kommunal haqqları ödəməkdən boyun qaçırmalarını əsaslandıra bilməmişdirlər. Bundan başqa məhkəməyə sübut qismində 80 nəfərə yaxın, yəni binada yaşayan mülkiyyətçilərinin yarıdan çoxunun izahatları təqdim edilmiş və həmin izahatlarda sakinlər "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlərə görə müəyyən edilmiş haqların miqdarı ilə razı olduqlarını və kommunal xidmətlərə görə mütəmadi olaraq ödənişlərini həyata keçirdiklərini qeyd etmişdirlər. Cavabdehlər öz əməlləri ilə qanunazidd hərəkətsizlik göstərərək mənzil qanunvericiliyi ilə onların borcu olduğu halda binanın idarəetməsi üsulunun seçilməsi ilə bağlı heç bir addım atmamış, bununla yanaşı vicdanlılıq prinsipinə zidd olaraq faktiki olaraq "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlərindən illərlə faydalanmalarına baxmayaraq istifadə etdiyi kommunal xidmətlərə görə heç bir ödəniş aparmamışdırlar. Belə ki, onların bu cür hərəkəti binanın saxlanmasına və "xxxx" MTK tərəfindən mülkiyyətçilərə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına əsaslı şəkildə mane olmaqla yanaşı, həmçinin kommunal haqları mütəmadi olaraq ödəyən, öz məsuliyyətini dərk edən böyük əksəriyyətə malik bina sakinlərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi ilə bağlı hüquqlarının kobudcasına pozulmasına və aşkar ədalətsizliyə səbəb olmaqdadır. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almayaraq işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olacağını müəyyən etmədən qərar qəbul etmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin istinad etdiyi «R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına nəzər yetirdikdə aydın olur ki, istinad edilən maddi hüquq normalarının hazirki iş üzrə tərəflər arasında mövcud olan hüquq münasibətləri ilə heç bir əlaqəsi yoxdur və məhkəmə tərəfindən tamamilə səhv tətbiq edilmişdir. Belə ki, «R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı bütünlükdə mənzil qanunvericiliyinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti barədə olan normalarının şərhindən bəhs edir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, X23 massivi, D.Bünyadzadə küçəsində yerləşən 4 saylı binanın idaetməsi ilə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılmadığından məhkəmə tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarına istinad edilməsi tamamilə əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun digər xx.xx.2015-ci il tarixli Qərarında isə Mənzil Məcəlləsinin 141 və 142-ci maddəsinin normalarından bəhs etməklə, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin edilməsini, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsinin nəzərdə tutulması, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsus olması və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilməsi (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi) haqqında normalar öz əksini tapmışdır. Belə ki, Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Yəni qısa formada desək, Konustitusiya Məhkəməsinin adı çəkilən qərarında Mənzil Məcəlləsinin 141 və 142-ci maddəsinin normaları şərh olunarkən binanın idarəetmə üsulunun seçilməsinin sahə mülkiyyətçilərinin birbaşa olaraq borcu olması və yalnız mülkiyyətçilərin ümumi yığıncağının qərarı ilə binanın idarəetməsinin məhz idarəedici təşkilata verildikdən sonra hər bir sahə mülkiyyətçisi ilə müqavilə bağlanmasının vacibliyini nəzərdə tutur. Lakin məhkəmə hazırki iş üzrə adı çəkilən binanın idaretməsinin idarəedici təşkilata verilməsi barədə sahə mülkiyyətçilərinin ümumi yığıncağının müvafiq qərarının olmamasını nəzərə almamış və kommunal xidmətin göstərilməsi ilə bağlı cavabdehlərlə "xxxx" MTK arasında hər hansı müqavilə bağlanılmadığını əsas gətirərək qeyd edilən maddi hüquq normalarını səhv tətbiq etmişdir. Yuxarıda sadalanan normalardan bir daha aydın olur ki, çoxmənzilli binanın binanın idarə edilməsi üsulunu seçmək sahə mülkiyyətçilərinin müstəsna hüququ olmaqla bərabər həm də vəzifəsidir. Lakin iş üzrə cavabdehlərlə bərabər sözügüdən binanın mülkiyyətçiləri bina "xxxx" MTK tərfindən tikilib başa çatdırldıqdan bu günə kimi binanın idarə edilməsi üsulunu seçməmiş və qanunvericiliklə onlara verilmiş müstəsna hüquqdan yararalanmamaqla yanaşı, qanunla onların üzərinə düşən vəzifəni icra etməmişdirlər. Məhz bu səbəbdən də binanın saxlanması bu günə kimi faktiki olaraq binanı inşa edən iddiaçı"xxxx" MTK tərəfindən həyata keçirilməkdədir və nə qədər ki binanın idaretməsinin idarəedici təşkilata verilməsi barədə sahə mülkiyyətçilərinin ümumi yığıncağının müvafiq qərarı yoxdur, kommunal haqların yığımına görə hər bir mülkiyyətçi ilə müqavilə bağlanılması iddiaçı"xxxx" MTK-dan tələb edilə bilməz. Məhkəmə həmçinin iddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, cavabdehlərin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmadığından cavabdehlərdən göstərilən xidmətlərlə bağlı borcu tələb etməyə iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir. Həm mənzil qanunverciliyinə əsasən həm də "xxxx" MTK tərəfindən tikinti fəaliyyətini dayandırmasına baxmayaraq faktiki olaraq binanın saxlanmasını və mülkiyyətçilərə kommunal xidmətlərin göstərilməsini həyata keçirdiyindən, hansı ki iş üzrə sübutlarla (bina sakinlərinin izahatları, binanın elektrik enerjisinə və məişət tullantılarının daşınmasına görə iddiaçı tərəfindən mütəmadi olaraq illər ərzində ödəniş etməsi ilə bağlı ödəniş qəbzləri) təsdiq olunur, bu hal özlüyündə "xxxx" MTK-ya göstərdiyi kommunal xidmətlərə görə kommunal haqların yığımını həyata keçirməyə faktiki baxımdan və qanunvericilik nöqteyi nəzərindən tam hüquqi ixtiyar verir. Bu səbəbdən də "xxxx" MTK hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün tam subyektiv hüquqa malikdir. Mübahisələndirilən qətnamədə həmçinin X15 tərəfindən "xxxx" MMC yaradıldığı və “kommunal ödənişlərin həmin hüquqi şəxs tərəfindən həyata keçirilməsi” kimi tam aydın olmayan fikirləri öz əksini tapmışdır. "xxxx" MMC adlı hüquqi şəxsinin yaradılmasına baxmayaraq, mülkiyyətçilər tərəfindən binanın idarəetməsinin idarəedici təşkilat tərəfindən idarə edilməsi üsulunun seçilməsi və "xxxx" MMC adlı hüquqi şəxsin binanın idarəetməsini həyata keçirilməsinə sahə mülkiyyətçilərinin razılığı barədə sahə mülkiyyətçilərinin Ümumi Yığıncağının müvafiq qərarı olmadığından “S.M-2012" MMC tərəfindən belə bir fəaliyyət həyata keçirilməmişdir. Göründüyü kimi məhkəmə iş üçün əhəmiyyət kəsb edən digər halları tam, hərtərəfli araşdırmadığından və nəticə etibarilə mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz. İş materiallarına həmçinin ümumi sahəsi 105.95 kv.m olan 3 otaqlı 61 saylı mənzilin mülkiyyətçisi Cavabdeh6Aydın oğlu ilə "xxxx" MTK arasında 31 yanvar 2012-ci il tarixdə kommunal xidmətlər haqqında müqavilə bağlanılmış və həmin müqavilənin 3.3-cü bəndində tərəflərin üzərinə götürdükləri öhdəlikləri müəyyən edilmiş vaxtlarda yerinə yetirmədikdə qarşı tərəfə ümüumi məbləğinin hər gecikdirilən təqvim günü üçün 1% məbləğində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında müqavilənin qeyd olunan bəndinə əsasən 61 saylı mənzilin mülkiyyətçisi Cavabdeh6 adı çəkilən müqavilənin 3.3cü bəndinə əsasən 3 il müddətinə1429 manat "xxxx" MTK-ya kommunal xidmətlərə görə borcu vardır. Adı çəkilən müqavilə digər sənədlərlə birgə iş materiallarına əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi ümumiyyətlə həmin müqaviləyə dair məsələlərə hüquqi qiymət verilməmiş, işi mahiyyəti üzrə tam araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh6 və Cavabdeh3, cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mənzil Məcəlləsi: 125.2-ci və 125.2.4 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir. 127.1 Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. 127.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. 137.9 Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). 138.5 Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 139.1 Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Mənzil Məcəlləsinin 124-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. 109.4. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan "xxxx" MTK-nın payçılarının ümumi yığıncağının xx.xx.2012-ci il tarixli, 1 nömrəli protokolundan görünür ki, mənzilində yaşayıbyaşamamağından asılı olmayaraq hər bir MTK üzvü xx.xx.2012-ci il tarixdən etibarən 1 otaqlı mənzillər üçün 15 manat, 2 otaqlı mənzillər üçün 18 manat, 3 otaqlı mənzillər üçün 21 manat, 4 otaqlı mənzillər üçün isə 24 manat, qeyri-yaşayış sahələri isə hər kv.m. görə 50 qəpik olmaqla kommunal xidmət haqqı ödəməlidir. Vaxtında kommunal xidmət haqqını ödəməyən MTK üzvünün mənzilinə, obyektlərinə elektrik enerjisinin verilməsi dayandırılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK-nın Nizamnaməsinin surətinə əsasən "xxxx" MTK Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 5/359 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış «204 saylı» mənzil-tikinti kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. Kooperativin fəaliyyətinin məqsədi müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli, 9/492 saylı qərarı ilə təsdiq edilmiş «204 saylı» mənzil-tikinti kooperativinin üzvlərinin və respublika vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının ödənilməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 01/Ç-2408 saylı X4 Reyestrindən Çıxarışının və Dövlət qeydiyyatı haqqında 0104-P63-40484 nömrəli Şəhadətnaməsinin surətlərinə əsasən, "xxxx" MTK xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir, təsisçilər və nizamnamə kapitalında payların miqdarı: X15 (1.000.000 manat), X12 (1.000.0000 manat), X8 (1.000.000 manat), X17 (1.000.000 manat), X10 (1.000.000 manat), pay fondunun miqdarı 5.000.000 manat təşkil etmiş, MTK-nın ümumi yığıncağının xx.xx.2002-ci il tarixli qərarına əsasən X1 təyin edilmişdir. MTK-nın fəaliyyət predmeti tikinti, təmir, istehsal və qanunvericiliklə qadağan olmayan digər fəaliyyət kimi müəyyən edilmişdir. İş materiallarında olan “ANT İnşaat Təmir Tikinti” (podratçı) ilə Cavabdeh1 (sifarişçi) arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən podratçı müqavilədə sadalanan tikinti-quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə yerinə yetirməyi və sifarişçi 1-ci mərtəbədə 107,0 m2, olan qeyriyaşayış sahəsinin hər m2 450 AZN ( dört yüz əlli manat) olmaqla cəmi 48 150 AZN (qırx səkkiz min yüz əlli manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, mənzil 3, giriş 1 Cavabdeh7 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, mənzil 13, giriş 1 X13 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, mənzil 54, giriş 3 Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AZEMİS vergi məlumatlarından görünür ki, "xxxx" MTK-nın (VÖEN **********) fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 4 saylı evin sakinləri tərəfindən ayrı-ayrılıqda yazılmış 06-08 oktyabr 2023-cü il tarixli ərizələrin surətlərindən görünür ki, onlar "xxxx" MTK-nın Ümumi yığıncağının xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmiş kommunal haqqların miqdarı ilə tam razıdırlar və mütəmadi olaraq hər ay "xxxx" MTK tərəfindən göstərilən Kommunal xidmətlərinə görə kommunal pulunu tam həcmdə ödəyirlər. İş materiallarında olan kassa məxaric orderlərinin surətlərindən görünür ki, ünvan 3 ünvanında yerləşən digər sakinlər tərəfindən mənzil-kommunal xidməti üçün ödənişlər "xxxx" MMC-nə ödənilmişdir. Beləliklə işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, X23 massivi, D.Bünyadzadə küçəsində yerləşən 4 saylı binanın mülkiyyətçiləri olan cavabdehlərlə (Cavabdeh6 istisna olmaqla) kommunal xidmətin göstərilməsi ilə bağlı "xxxx" MTK arasında hər hansı müqavilə bağlanılmamışdır. İddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, cavabdehlərin iddiaçı MTK qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Məhkəmə kollegiyası cavabdehlərdən Cavabdeh6 ilə bağlanmış müqavilənin surətinin birinci instansiya məhkəməsinə, əslinin isə apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi ilə bağlı qeyd edir ki, bu sənədin əsli birinci instansiya məhkəməsinə təqdim olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş gecikmiş sübutdur. Kollegiya hesab edir ki, qeyd edilən müqavilə sübut kimi nəzərə alınmasa belə, konkret olaraq bu şəxsin müqaviləsinin mövcudluğu iddiaçıya yenə də bina sakinlərindən kommunal xidmət haqlarının yığmaq səlahiyyəti olmasını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz və buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının cavabdehlərdən göstərilən xidmətlərlə bağlı borc tələb etməsi əsaslı hesab edilə bilməməsinə dair nəticəsi ilə razılaşır. Kollegiya qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş İddiaçı MTK-nın nizamnaməsində kommunal ödənişlərin alınması fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Həmçinin kollegiyanın iclasında iddiaçının nümayəndəsi (təsisçisi) X15 qeyd etmişdir ki, onun tərəfindən "xxxx" MMC yaradılmış və kommunal ödənişlər həmin hüquqi şəxs tərəfindən həyata keçirilməkdədir. Apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC-nə aid olan, təqdim edilmiş nizamnamənin surətindən də görünür ki, həmin MMC-nin bina sakinlərindən kommunal xidmət haqlarının yığılması ilə bağlı müddəa nəzərdə tutulmamışdır. İş materialları ilə və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının 2012-ci ildən fəaliyyəti dayandırılmış, nizamnaməsində kommunal ödənişlərin alınması fəaliyyətinin həyata keçirilməsi də nəzərdə tutulmamış, bina sakinlərindən "xxxx" MMC adından kommunal xidmətləri qəbul etdiyi halda, hazırki iddiasında MTK olaraq iddiaçı kimi çıxış edir. Məhkəmə kollegiyası apellyasiya şikayətində iddiaçı tərəfin "xxxx" MTK Nizamnaməsinin 3.3 və 7.1.3-cü maddələrinə istinad etməklə mənzil tikinti kooperativləri tərəfindən mülkiyyətçilərə kommunal xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olması və həmin xidmətlərə görə haqqın miqdarının müəyyən edilməsi qanunla mənzil tikinti kooperativinə qadağan edilməməsinə dair dəlili ilə bağlı qeyd etməyi zəruri sayır ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarları ilə formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq hazırki mübahisələrin həlli Mənzil Məcəlləsinin 125.1, 125, 125.4, 141-ci maddələrinin tələbləri çərçivəsində olmalıdır. Mənzil qanunvericiliyə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir. Eləcə də çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Beləliklə də, qanunvericilik çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməli olmalarını təsbit etmişdir. Hazırda isə iş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında belə bir müqavilə bağlanmamışdır, həmçinin "xxxx" Mənzil Tikinti Kooperativi kommersiya hüquqi şəxs kimi yaradılmaqla məqsədi kommersiya fəaliyyəti olmuş və daha sonradan öz fəaliyyətini dayandırmışdır. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində digər sakinlər tərəfindən kommunal ödənişlərin edildiyi barədə sübutlara birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməməsini qeyd etsə də, məhkəmə kollegiyası işin yuxarıda sadalanan halları və qanunvericilik normalırının tələbləri baxımından hesab edir ki, həmin sübutlar da qanunvericiliyin tələblərinə zidd olmaqla hazırki iddianın və apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasını təsdiq etmir. Belə ki, sakinlərdən kommunal ödənişləri qəbul etməsinə dair yuxarıda sadalanan və qeyd edilən qanunvericilik normalarının tələblərinə riayət edilməməklə həyata keçirilən bu fəaliyyət qanuni sayılmır. Məhkəmə kollegiyası hesab edir ki, binanın idarəetməsi üsulunun seçilməsi ilə bağlı cavabdehlər tərəfindən hər hansı addım atılmaması, hazırki iddia tələbinin əsaslı olması anlamına gəlmir, çünki qanunvericiliyin tələblərinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativi fəaliyyətini dayandıraraq, "xxxx" MMC yaradılmasına baxmayaraq qeyd edildiyi kimi cavabdehlərlə kommunal ödənişlər barədə hər hansı bir müqavilə bağlanmadığından iddiaçı MTK-nın hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olması da mülki iş materiallarına əsasən müəyyən edilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyatorun ödədiyi dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4664/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə