Məhkəmə qərarları › İş №2(103)-138/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-138/2022

08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-138/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndələri X2 və Vəkil2, Cavabdeh və onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sanitar qovşağın sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(004)-212/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz inşa etdiyi əlavə sanitar qovşağın sökülməsi, iddiaçıya vurduğu 10000 manat maddi və 3000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospektindəki 40 saylı evin 16 saylı mənzilinin mülkiyyətçisidir. Tərəflər qonşu olmaqla cavabdeh üst mərtəbədə yerləşən 18 saylı mənzildə yaşayır. İddiaçı Türkiyə Respublikasında yaşadığından onun mənzilində bacısı X3 yaşayır. Cavabdeh 2014-cü ildə onların qonşuluğuna köçmüş, həmin mənzilə köçdükdən sonra mənzildə heç bir icazəverici sənəd olmadan əlavə sanitar qovşaq inşa etmişdir. Həmin sanitar qovşağından su sızması baş verdiyindən 2018-ci ilin aprel ayında iddiaçıya məxsus mənzilin ağac konstruksiyadan olan (çilləkən) tavanı çürüyərək yararsız vəziyyətə düşmüşdür. Tavanın çürüyərək uçması nəticəsində mənzilin divarları və döşəməsi də yararsız hala düşmüş, nəticədə İddiaçı 10000 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı Azərbaycan Respublikasında olmadığından bacısı Afaq Rəhimova dəfələrlə qonşuya vurulmuş ziyanı bərpa etmələrini, qanunsuz tikilmiş sanitar qovşağını sökmələrini təklif etsə də, cavabdeh bu təklifləri qəbul etməmiş, iddiaçıya vurduğu maddi ziyanı bərpa etməkdən imtina etmişdir. İddiaçı 2018-ci ilin iyun ayının əvvəllərində Azərbaycan Respublikasına gəldikdən sonra mənzilini bu vəziyyətdə görüb cavabdehə bu ziyanı aradan qaldırmağı təklif etsə də, cavabdeh yenə də iddiaçıya vurduğu maddi ziyanı bərpa etməkdən imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının bacısı Afaq Rəhimova mənzillərində baş vermiş vəziyyətlə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə müraciət etmiş, Agentliyin mütəxəssisləri mənzilə baxış keçirmiş və A.Rəhimovanın müraciətinə verdikləri 25 aprel 2018-ci il tarixli 37/34-01753 saylı cavab məktublarında göstərmişlər ki, iddiaçının üst mərtəbəsində yaşayan qonşusu, yəni Cavabdeh yaşadığı mənzildə heç bir icazəverici sənədlər olmadan əlavə sanitar qovşağı inşa etmiş, inşa edilmiş sanitar qovşağından su sızması baş vermiş və nəticədə iddiaçıya məxsus mənzilin ağac konstruksiyadan olan tavanı çürüyərək yararsız vəziyyətə düşmüşdür. İddiaçının bacısı A.Rəhimova bu barədə həmçinin 5 saylı Mənzil İstismar Sahəsinə müraciət etmiş, onlar da iddiaçının mənzilinə baxaraq, 03.05.2018-ci il tarixli akt tərtib etmişlər. Həmin aktdan da görünür ki, cavabdehin mənzilindəki sanitar qovşağından suyun axması nəticəsində 16-cı mənzilin tavanı çürümüş və 10-15 sm çökmüşdür. 16-cı mənzilin tavanına şvellerdən dəmir dayaq qoyulmuş və mənzil təmirsiz vəziyyətdədir. Mənzilin fotoşəkillərindən görünür ki, 18 saylı mənzildə əlavə sanitar qovşağı inşa edilmiş və 16 saylı mənzil tam yararsız hala düşməklə həmin mənzildə yaşamaq mümkün olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmaqla yanaşı, həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, mənzil yararsız hala düşdüyündən iddiaçı evinə gəldikdən sonra mənzilində yaşaya bilməmiş, özgələrinin mənzilində qalmalı olmuşdur ki, bu da onun mənəvi sarsıntı keçirməyinə, əzab çəkməsinə səbəb olmuşdur. Hesab edir ki, iddiaçının mənzilini yaşayış üçün yararsız hala salmaqla cavabdehin iddiaçıya verdiyi mənəvi sarsıntını pulla ifadə etsələr, iddiaçıya 3000 manat ziyan vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(004)- 212/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən maddi ziyanın əvəzi kimi 9665 manat, mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul olmaqla, cəmi 10165 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospektində yerləşən 40 saylı evin 18 saylı mənzilində inşa edlmiş əlavə sanitar qovşağın Cavabdeh tərəfindən sökülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kimi məhkəmə prosesində iştirakı təmin edilməmiş, nəticədə lazımi sübutları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. O, 18 saylı yox, 17 saylı mənzilin mülkiyyətçisidir və mənzildə heç bir təmir işləri aparmadan tam təmirli mənzilə köçmüşdür. 17 saylı mənzili alana qədər olan dövrdə iddiaçının bacısı Afaq Rəhimova 18 saylı mənzildə kirayədə yaşayaraq 16 saylı mənzili təmir etdirmiş, təmir zamanı 16 saylı mənzilin istinad divarı (arakəsmə) götürülmüş, bu səbəbdən 17 saylı mənzilin döşəməsi, 16 saylı mənzilin isə tavanı mövcud yükə davam gətirməyərək çökmüşdür. Buna görə də iddiaçının mənzilinin tavanı domkratla qaldırılaraq şveller atılmışdır. İddiaçının mənzilində istinad divarının sökülməsi faktını ekspert və rəyi alınan digər mütəxəssislər görməyə bilməzdi. İddiaçı mənzilində aparılan təmir-tikinti işləri tikinti norma və qaydalarının pozulması səbəbindən baş vermişdir və bu, ekspert rəyində öz əksini tapmamışdır. Məhkəmə işin faktiki hallarını araşdırmadan əsassız və qanunsuz olaraq iddia tələblərinin qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, İddiaçı, habelə onun nümayəndələri Vəkil2 və Afaq Rəhimova isə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(004)- 212/2019 saylı qətnaməsi maddi ziyanın məbləği hissəsində dəyişdirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 yanvar 2019-cu il tarixli 20825 saylı rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilinin tavanı və divarlarındakı su sızma ləkələrinin olduğu, eləcə də mənzilin tavanının bir çox hissəsinin suvaq qatının töküldüyü, tavanda olan taxtaların (çilləkan) çürüdüyü və divarın bir hissəsinin çökdüyü və döşəmənin bir hissəsinin deformasiyaya uğradığı müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prosspekti 40 saylı evin 16 saylı mənzilinin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli məktubun məlumatlarını nəzərə alaraq, Yasamal rayonu İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilinə yuxarı mərtəbədəki 18 saylı mənzildə quraşdırılmış sanitar qovşağından suyun sızması müəyyən olunur. Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilinə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir. Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 29 noyabr 2021-ci il tarixli 10/5229 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İnşaatçılar prospekti 40 saylı ünvanda yerləşən yaşayış binasının 18 saylı mənzilinin ümumi sahədə yerləşən saxlanc otağı sökülərək yerində yeni sanitar qovşağı inşa edilmişdir. Yeni inşa edilmiş sanitar qovşağından 16 saylı mənzilə suyun sızması və nəticədə divarlarda rütubət izləri yaranması, ağac materialından olan mərtəbəarası örtüklərin isə çürüyərək deformasiyaya uğraması müşahidə edildi. İnşaatçılar prospekti 40 saylı ünvanda yerləşən yaşayış binasının 18 saylı mənzilinin qonaq otağında-əsas yükdaşıyan divarda eni 0,9 metr olmaqla qapı boşluğu açılmaqla 17 saylı mənzilə keçid yaradılmışdır. 17 saylı mənzildəki sanitar qovşağı hal-hazırda istismar edilmir. Mənzillər arasında əlaqə olduğundan (keçid) yalnız 18 saylı mənzildəki sanitar qovşağı istismar edilir. 18 saylı mənzildə sonradan inşa edilmiş (dəhliz hissədə) sanitar qovşağından 16 saylı mənzilə su sızıntısının (rütubət izləri) və onun nəticəsində ağac materialından olan mərtəbəarası örtüklərində deformasiyaların yaranması müşahidə edildi. İnşaatçılar prospekti 40 saylı ünvanda yerləşən yaşayış binasının 16 saylı mənzilinin 1 saylı otağı ilə 2 saylı otağın arakəsmə divarının sökülərək yenidən yerində alçıpan materialından inşa edilməsi müşahidə edildi. Baxış zamanı 16 saylı mənzilin 2 saylı otağının tavan hissəsində deformasiya müşahidə edilmədi. 18 saylı mənzilin yataq otağının döşəmə hissəsində (16 saylı mənzilin 2 saylı otağının tavanı) laminat materialından olan döşəməsinin təqribən 0,3 m2 sahəsində deformasiyalar müşahidə olunur. 18 saylı mənzilin döşəmə hissəsində yaranmış deformasiyanın 16 saylı mənzillə əlaqəsi yoxdur. Apellyasiya icraatı zamanı əldə edilmiş "xxxx" MMC tərəfindən verilən 12 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə dəymiş ziyanın bazar dəyəri 12 fevral 2021-ci il tarixə 8048 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 16 saylı mənzilin ağac konstruksiyadan olan tavanı çürüyərək yararsız vəziyyətə düşmüş, tavanın çürüyərək çökməsi nəticəsində mənzilin divarları və döşəməsi də yararsız vəziyyətə düşmüş, tavana şvellerdən dəmir dayaqlar qoyulmuşdur. İddiaçının mənzilində 1 saylı otağı ilə 2 saylı otağın arakəsmə divarının sökülərək yenidən yerində alçıpan materialından inşa edilməsi müşahidə edildi. Cavabdehin yaşadığı 17 və 18 saylı mənzillərin arası açılaraq vahid mənzil kimi istifadə olunur. İddiaçının mənzilində tavanın çökməsi müşahidə olunan hissədə üst mərtəbədə cavabdeh tərəfindən əlavə sanitar qovşaq inşa olunmuşdur. Cavabdeh həmin sanitar qovşağın sonradan inşa olunduğunu bildirdi. Beləliklə, iş materiallarında olan ilk və təkrar məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri, habelə 5 saylı mənzil-istismar sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 03 may 2018-ci il tarixli akt və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssis rəyinə əsasən, İnşaatçılar prospekti 40 saylı ünvanda yerləşən yaşayış binasının birləşmiş 17 və 18 saylı mənzilinin ümumi sahədə yerləşən saxlanc otağının sökülərək yerində yeni sanitar qovşağı inşa edilməsi nəticəsində 16 saylı mənzilə su sızıntısının ( rütubət izləri ) və onun nəticəsində ağac materialından olan mərtəbəarası örtüklərində deformasiyaların yaranması və nəticədə iddiaçıya maddi ziyan vurulması müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində və izahatında İnşaaatçılar prospektində yerləşən 18 saylı mənzildə yox, 17 saylı mənzildə yaşadığını bildirsə də, yerində müayinə zamanı 17 və 18 saylı mənzillərin arasının açılaraq vahid mənzil kimi istifadə olunması və həmin mənzildə cavabdehin yaşaması müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində iddiaçıya məxsus 16 saylı mənzilin təmiri zamanı 16 saylı mənzilin istinad divarının (arakəsmənin) götürülməsi nəticəsində 17 saylı mənzilin döşəməsinin, 16 saylı mənzilin isə tavanının mövcud yükə davam gətirməyərək çökdüyünü göstərmişdir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, 18 saylı mənzilin yataq otağının döşəmə hissəsində (16 saylı mənzilin 2 saylı otağının tavanı) laminat materialından olan döşəməsinin təqribən 0,3 m2 sahəsində deformasiyalar müşahidə olunur. 18 saylı mənzilin döşəmə hissəsində yaranmış deformasiyanın 16 saylı mənzillə əlaqəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1111-ci maddəsinə əsasən, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan mənzilə cavabdeh tərəfindən maddi ziyan vurulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş əlavə sanitar qovşaq sökülməli və vurulmuş maddi ziyanın əvəzi ödənilməlidir. Maddi ziyanın məbləğinə gəldikdə, kollegiya hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyi kifayət qədər əsaslandırıldığından, iddiaçının mənzilinə vurulmuş ziyanın məbləği 8048 manat müəyyən edilməlidir. Cavabdehin izahatından görünür ki, 18 saylı mənzilin döşəməsinin uçma təhlükəsi real olduğundan iddiaçının mənzilində tavanının əlavə şveller dayaqları ilə möhkəmləndirilməsi zərurəti yaranmış, bu məqsədlə mənzilin tavanı domkratla qaldırılmış və şveller atılmışdır. Həmin şvellərin alınmasına isə Cavabdeh 200 manat məbləğində xərc çəkmişdir. Məhkəmə kollegiyasının iclasında qeyd edilən halı İddiaçı da izahatında təsdiq etmişdir. İddiaçının mənzilində təmir işləri aparılması üçün cavabdeh tərəfindən digər tikinti materialları alınmasını iddiaçı etiraf etməmiş, həmin materialların özləri tərəfindən alındığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın 200 manat hissəsinin ödənilməsi təsdiq olunduğundan, həmin məbləğ 16 saylı mənzilə dəyən ziyanın ümumi məbləği müəyyənləşdirilən zaman nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 16 saylı mənzilinə İnşaatçılar prospekti 40 saylı ünvanda yerləşən yaşayış binasının 18 saylı mənzilindən su axması nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları və ekspertiza rəyləri ilə təsdiq olunduğundan, maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə tərəfindən vurulmuş zərərə görə təyin olunmuş ziyanın məbləği ilə razılaşmayan kollegiya hesab edir ki, maddi ziyanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 8048-200=7848 manat məbləğində müəyyən edilməlidir. Maddi ziyanın məbləği ilə bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli 02-137/21 saylı qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 16 saylı mənzilin dəhliz hissəsinə su sızması nəticəsində dəymiş ziyanın məbləği 935,86 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, həmin rəy kifayət qədər əsaslandırılmadığından və ziyanın məbləği ağlabatan olmadığından, sübut növü kimi qəbul edilməməlidir. İddiaçının mülkiyyətində olan mənzilə ziyan vurulması nəticəsində mənzilin yaşayış üçün qismən yararsız vəziyyətə düşməsi, habelə iddiaçının həmin mənzildən bir neçə il ərzində normal istifadə etmək imkanından məhrum olması onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmaqla iddiaçıya mənəvi zərər vurulması aşkardır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pul tutulmasını qət etmişdir. Məhkəmə iclaslarında cavabdehin iştirakının təmin olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehin ünvanına sifarişli poçt vasitəsilə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehin yaşadığı mənzilin qapısı bağlı olduğundan, məhkəmə bildirişlərini cavabdehə çatdırmaq mümkün olmamışdır. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. (1-ci cild i.v.31, 38, 63, 69, 104, 120) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli 873791 saylı kassa mədaxl orderinin qəbzindən görünür ki, mənzilə dəymişzərərin müəyyən olunması üçün iddiaçının nümayəndəsi X4 tərəfindən "xxxx" MMC-yə 300 manat xidmət haqqı ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışda isə qiymətləndirmə xidmətinin haqqı 150 manat göstərilmişdir. Buna görə də kollegiya hesab edir ki, apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə xidmətinin xərci kimi 150 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iş üzrə məhkəmə təkrar tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(004)- 212/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 7848 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə xidmətinin xərci kimi 150 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilsin. İş üzrə məhkəmə təkrar tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar