Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1380/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili Vəkil, nümayəndəsi Faadin Abbasovun və cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi Anar Qarayevin iştirakı ilə, İddiaçı Əhmədəli qızının cavabdehlər Abşeron rayonu Saray Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması nəticəsində zərərin əvəzinin ödənilməsi və torpaq sahəsində yerləşən tikililərə mülkiyyət hüququ tanınmaqla həmin tikililərə görə zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Abşeron rayonu Saray Bələdiyyəsinin cavabdeh İddiaçı Əhmədəli qızına qarşı “torpaq sahəsindəki qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin eyni ölçüdə başqa torpaq sahəsi ilə dəyişdirilməsi və torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən İddiaçı Əhmədəli qızının apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə İddiaçı Əhmədəli qızının mülkiyyətində olan, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,30 ha torpaq sahəsi ilə bağlıdır (bundan sonra – torpaq sahəsi). Torpaq sahəsinin İddiaçı satılması barədə Saray Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 33 №-li qərarı var (cild 1, iş v. 19). Habelə torpaq sahəsinin İddiaçı satılması barədə xx.xx.2006-cı il tarixli 1112 №-li “Torpaqların alqı-satqısına dair” Akt tərtib olunub (cild 1, iş v. 13). Bundan sonra İddiaçı adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilib və həmin akt xx.xx.2006-cı il tarixdə 9570 № ilə qeydə alınıb (cild 1, iş v. 30). Torpaq sahəsinin planı (cild 1, iş v. 31) və qaiməsi (iş v. 32) tərtib olunub. Torpaq sahəsi hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsinin ətrafında yaradılmış qadağa zonasında yerləşir. İddia tələbləri: Mülki işdə iki iddia var: İddiaçı ilk iddiası və Saray Bələdiyyəsinin qarşılıqlı iddiası. İddiaçı ilk iddia ərizəsi xx.xx.2006-ci ildə verilib. Həmin iddia ərizəsində 2 cavabdeh göstərilib: 1) Abşeron rayonu Saray Bələdiyyəsi; 2) Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi. İlk iddia ərizəsində iki tələb irəli sürülüb: 1) torpaq sahəsində yerləşən tikililərə İddiaçı mülkiyyət hüququ tanınsın; 2) torpaq sahəsinin İddiaçı alınması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi kimi 178.000 manat ödənilsin. Bundan başqa, iddia ərizəsində qeyd olunub ki, torpağın dəyərini ödəmək əvəzinə eyni ölçülü və eyni keyfiyyətli başqa torpaq sahəsi ayrıldığı halda, torpağın bazar dəyəri olan 60.000 manat ümumi zərərin məbləğindən çıxılsın. Daha sonra ilk iddianın dəyişdirilməsi barədə ərizə verilib. Həmin ərizədə tələb olunub: 1) torpaq sahəsinin alınması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 90.825 manat ödənilsin; 2) torpaq sahəsindəki tikililərə mülkiyyət hüququ tanınmaqla maddi zərərin əvəzi kimi 118.000 manat ödənilsin. Saray Bələdiyyəsinin qarşılıqlı iddia ərizəsi xx.xx.2006-cı ildə verilib. Həmin iddia ərizəsində cavabdeh kimi İddiaçı göstərilib. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, torpaq sahəsində inşa edilmiş qanunsuz tikililər sökülsün, torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin, İddiaçı torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi eyni ölçüdə başqa torpaq sahəsi ilə dəyişdirilsin, İddiaçı adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı etibarsız hesab edilsin. İddia tələblərinin həlli: Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə qət olunub ki, İddiaçı ilk iddiası təmin edilməsin, Saray Bələdiyyəsinin qarşılıqlı iddiası təmin edilsin, torpaq sahəsində tikilmiş qanunsuz tikililər sökülsün, həmin ərazi əvvəlki vəziyyətə gətirilsin, İddiaçı torpaq sahəsindən çıxarılsın, İddiaçı verilmiş həmin torpaq sahəsi nəzərdə tutulmuş ərazidə eyni ölçüdə başqa torpaq sahəsi ilə dəyişdirilsin və İddiaçı adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı etibarsız hesab edilsin. Apellyasiya şikayəti: Qətnamədən İddiaçı apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, qarşılıqlı iddia rədd olunsun, ilk iddia təmin olunsun, torpaq sahəsinin alınması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 90.825 manat ödənilsin və torpaq sahəsindəki tikililərə mülkiyyət hüququ tanınmaqla maddi zərərin əvəzi kimi 118.000 manat ödənilsin. Apellyasiya icraatı zamanı İddiaçı “iddia ərizəsinə əlavə” adlı ərizə verərək tələb edib ki, torpaq sahəsinin bazar dəyəri kimi 114.750 manat, torpaq sahəsindəki tikililərin dəyəri kimi 118.000 manat pul tutulsun. Yuxarı instansiya məhkəmələrində əvvəlki icraat: Bundan əvvəl işə bir dəfə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə qət olunub ki, apellyasiya şikayəti qismən təmin edilsin, qətnamə dəyişdirilsin, torpaq sahəsinin geri alınması əvəzinə həmin torpaq sahəsinin yerləşdiyi rayonun “Haçalar” deyilən, Masazır kəndi ilə həmsərhəd örüş yeri kimi xəritədə uçota alınmış ərazidən İddiaçı eyni ölçülü 0,30 ha torpaq sahəsinin verilməsi Saray Bələdiyyəsinə həvalə edilsin, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə qərara alınıb ki, kassasiya şikayəti təmin edilməsin, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bundan sonra İddiaçı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Həmin Məhkəmənin “Quliyeva Azərbaycana qarşı” iş (ərizə № 51424/08) üzrə xx.xx.2021ci il tarixli qərarı ilə qərara alınıb ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına Avropa İnsan Hüquqları Məhkəməsinin həmin qərarına əsasən, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında yenidən baxıb. Plenumun xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınıb ki, iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2008-ci il tarixli qərarı torpaq sahəsinə aid olan hissə üzrə ilk iddianın rədd olunan, qarşılıqlı iddianın tam təmin olunan hissələrinin dəyişdirilmədən saxlanılması, onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi torpaq sahəsinə aid olan hissə üzrə ilk iddianın rədd olunan, qarşılıqlı iddianın tam təmin olunan hissəsində ləğv olunsun və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamənin yoxlanılan hissəsi: Hazırda Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi bir hissədə - ilk və qarşılıqlı iddia ərizələrindəki torpaq sahəsinə aid olan tələblərin həll edilməsinə aid olan hissədə apellyasiya qaydasında yoxlanılır. İzahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil bildirdi ki, apellyasiya şikayəti torpaq sahəsinə aid olan hissədə əsaslıdır, İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması artıq yuxarı instansiya məhkəmələrində təsdiq olunub, ona görə də həmin hissədə apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Faadin Abbasov bildirdi ki, vəkilin məhkəməyə bildirdikləri ilə razılaşır, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh Abşeron rayonu Saray Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi hüquq varisi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi Anar Qarayev bildirdi ki, İddiaçı iddiasının və apellyasiya şikayətinin Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı olan hissəsi əsassızdır. Dövlət Təhlükəsizliyi Xidməti apellyasiya şikayətinə dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə - ilk və qarşılıqlı iddia ərizələrindəki torpaq sahəsinə aid olan tələblərin həll edilməsinə aid olan hissədə ləğv edilməli, ilk iddia qismən təmin edilməli, torpaq sahəsinin bazar dəyəri olan 108.000 manat Dövlət Təhlükəsizliyi Xidmətindən alınaraq İddiaçı verilməli, ilk iddianın torpaq sahəsinə aid qalan hissəsi və qarşılıqlı iddianın torpaq sahəsinə aid hissəsi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İlk iddia barədə: İlk iddia torpaq sahəsinə aid hissədə əsaslıdır. Müəyyən olunur ki, torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ var, bu hüquq dövlət tərəfindən tanınıb. Lakin o, torpaq sahəsinə sahiblik edə və ondan istifadə edə bilmir. Buna səbəb torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsinin ətrafında yaradılmış qadağa zonasında yerləşməsidir. Həmin Xidməti bu faktı inkar etmir. Lakin torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacları üçün İddiaçı alınması barədə qərar qəbul edilməyib. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin “Quliyeva Azərbaycana qarşı” iş (ərizə № 51424/08) üzrə xx.xx.2021-ci il tarixli qərarında müəyyən olunub. Ona görə də həmin məhkəmə qərara alıb ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub. Həmin maddəyə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Apellyasiya icraatı zamanı Dövlət Təhlükəsizliyi Xidməti torpaq sahəsinə sahibliyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018ci il tarixli 256-5sm nömrəli sərəncamını məhkəməyə təqdim etsə də, bu sərəncam İddiaçı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə deyil. Beləliklə, İddiaçı mülkiyyətindən (torpaq sahəsindən) məhrum edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbi baxımından bu hal “zərər” anlayışı ilə əhatə olunur. Həmin maddədə qeyd olunub: “Zərər dedikdə, hüququ pozulmuş şəxsin ... əmlakından məhrum olması ... başa düşülür”. Odur ki, İddiaçı torpaq sahəsinin hazırkı bazar dəyərinin zərərin əvəzi kimi ona ödənilməsini tələb etmək hüququna malikdir. Onun bu hüququ Mülki Məcəllənin 21.1-ci maddəsində müəyyən edilib. Həmin maddəyə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzini cavabdeh Dövlət Təhlükəsizliyi Xidməti ödəməlidir, çünki torpaq sahəsinə həmin Xidmət sahiblik edir. Digər cavabdeh Saray Bələdiyyəsi həmin torpaq sahəsinə sahiblik etmir, ona görə də zərərin əvəzini ödəmək vəzifəsi bələdiyyənin üzərinə qoyula bilməz. İddiada başqa cavabdeh göstərilməyib, məhkəmə öz təşəbbüsü ilə başqa subyektləri cavabdeh kimi işə cəlb edə bilməz. Torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2108 nömrəli ekspert rəyinə görə, həmin torpaq sahəsinin - Saray qəsəbəsi ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təribən 108.000 manat məbləğində müəyyən edilir. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. “Bazar dəyəri” müstəqil anlayışdır, müxtəlif amillərə görə dəyişə bilir. 2006-cı ildə verilmiş iddia ərizəsində, daha sonra verilmiş “iddia ərizəsinə əlavə” adlı ərizələrdə müxtəlif məbləğlərin ödənilməsi tələb olunsa da, iddianın mahiyyəti ondan ibarətdir ki, torpaq sahəsinin məhz bazar dəyəri zərərin əvəzi kimi ödənilsin. “İddia ərizəsinə əlavə” adlı sonuncu ərizədə torpaq sahəsinin bazar dəyəri kimi 114.750 manat tələb olunub. Ekspert rəyi ilə torpaq sahəsinin bazar dəyərinin 108.000 manat olduğu müəyyən edildiyinə görə iddia qismən təmin olunmalı, İddiaçı xeyrinə 108.000 manat tutulmalı, iddianın qalan hissəsi rədd olunmalıdır. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddia torpaq sahəsinə aid hissədə əsassızdır. X1 Quliyevanın torpaq sahəsindən çıxarılmasını, torpaq sahəsinin eyni ölçüdə başqa torpaq sahəsi ilə dəyişdirilməsini və İddiaçı adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının etibarsız hesab edilməsini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1ci maddəsinə görə, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Bədələdiyyələrə belə məsələlərlə bağlı məhkəmələrdə torpaq mülkiyyətçilərinə qarşı tələb irəli sürmək hüququ verilməyib. Ekspertiza xərci olan 50 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Dövlət Təhlükəsizliyi Xidmətindən Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi torpaq sahəsinə münasibətdə ilk iddianın rədd edilən hissəsində və torpaq sahəsinə münasibətdə qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilsin. İlk iddianın torpaq sahəsinə aid hissəsi qismən təmin olunsun. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, İddiaçı Əhmədəli qızına məxsus 0,30 ha torpaq sahəsinin bazar dəyəri olan 108.000 (yüz səkkiz min) manat pul maddi zərərin əvəzi kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən alınaraq İddiaçı Əhmədli qızına verilsin. İlk iddianın torpaq sahəsinə aid qalan hissəsi rədd olunsun. Qarşılıqlı iddia torpaq sahəsinə aid olan hissədə rədd olunsun. Ekspertiza xərci olan 50 (əlli) manat Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1380/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1380/2023
25.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver