Məhkəmə qərarları › İş №2(103)-1380/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1380/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1380/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(004)- 2994/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Binəqədi rayon Prokurorluğunun 28 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən müəyyən olunur ki, İddiaçı 03 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsinin şimal – şərq hissəsində yerləşən Taxıl məhsullarının boşaldılıb yüklənməsi kombinatında əmək müqaviləsi bağlanılmadan işləyərkən ayağının “şnek” deyilən qurğuya ilişərək ayağının 4 barmağının yerində, baş barmağının isə Travmatologiya İnstitutunun cərrah həkimi Qurban Babayev tərəfindən amputasiya olunmasına dair müraciəti üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-in 192.1 və 198.3-cü maddələrinin tərkib əlamətləri olsa da, hər iki inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MəhkəməTibbi Ekspertiza və X5" publik hüquqi şəxsin 1730 nömrəli rəyinə əsasən müəyyən olunur ki, İddiaçı sol ayaq pəncəsinin 1-2- 3-4-5-ci barmaqlarının daraq-əsasfalanqa oynaqları səviyyəsində güdüllə nəticələnmiş tam travmatik amputasiyası aşra olunmuş və ..... aldığı travma ümumi əmək qabiliyyətinin 25%-i olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələndiyindən ümumilikdə sağlamlığa az ağır zərərvurmaya aid edilir.

3. 21 oktyabr 2022-ci il tarixli 10/6652 nömrəli ekspertiza rəyinə əsasən müəyyən olunur ki, baş vermiş hadisə ilə əlaqədar "Müəssisədə işçilərin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə"nin 5,6 bəndlərinin və "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.3.003-91 DST"- nin 1.2, 1.4, 2.1.5 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Ümumi təhlükəsizlik tələbləri. İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.3.003-91 DST"-nin 1.2, 1.4, 2.1.5 bəndlərinin tələbləri taxıl anbarında işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur.

4. TQS 027 nömrəli ambulator kitabçadan çıxarışdan görünür ki, X1 pəncəsinin 2,3,4 və 5-ci barmaqlarının tam, 1-ci barmağının natamam amputasiyası həyata keçirilmiş, dioqnozun müəyyən edilmə tarixi 04 yanvar 2022-ci ildir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı F.İddiaçı yazılı izahatına əsasən müəyyən olunur ki, sonuncunun aldığı xəsarətlər nəticəsində vurulmuş maddi zərərə görə Cavabdeh tərəfindən 6 ay ərzində hər ay 750 manat və birdəfəlik 5000 manat pul ödənilmiş, F.İddiaçı gələcəkdə hər hansı iddiası və tələbi olmayacaqdır.

6. 27 aprel 2022-ci il tarixdə iddiaçı cavabdehə qarşı heç bir şikayət və tələbinin olmaması barədə notariat kontorunda ərizə vermişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş zərərin maddi və mənəvi zərərin əvəzi olaraq 50000 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh işlətdiyi taxıl anbarında fəhlə kimi işləyən zaman 03 yanvar 2022-ci il tarixdə iş yerində bədən xəsarətləri almış, nəticədə sol ayağının barmaqları cərrahi əməliyyat olunmuş, baş barmağı isə amputasiya olunmuşdur. Cavabdeh tərəfindən ona əlillik pensiyasının alınmasına, 10000 manat dəyərində protezin sifariş verilməsinə və ailəsinə maddi köməklik göstərilməsinə söz verilmiş, buna görə də o, 27 aprel 2022-ci il tarixdə notariat kontorunda heç bir şikayəti və tələbi olmaması, ona vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ərizə vermişdir. Lakin, hazırda ayağında qaralmaları müşahidə olunur və ayağı topuqdan amputasiya olunmalıdır. Lakin cavabdeh tərəfindən verilən vədlərə əməl olunmamışdır. 1 ildən artıqdır ki, işsizdir, ailəyə qazanc gətirən yeganə şəxs olsa da, buna görə maddi çətinliklər yaşayır. Cavabdehin təqsiri üzündən ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(004)- 2994/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının hazırki psixoloji-mənəvi durumunu, iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi zərərlə bağlı əvvəllər pul vəsaitinin ödənilməsi xüsusatına görə Cavabdeh mənəvi baxımdan vicdanlı davranışını, cavabdehin məsuliyyət hədlərinin ağlabatan, qanuni və əsaslı müəyyən edilməsi şərtlərini nəzərə almaqla, mənəvi zərərin əvəzinin ödənilməsi üçün 5000 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında həddən artıq yüksək məbləğdə zərərin ödənilməsi öhdəliyi qoyulması mövcud iqtisadi şərtlər, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla qismən olaraq faktiki icrasız qalmasına səbəb olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118, 1096.1, 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, tam təmin edilməsini xahiş etmişdir.

13. İddiaçının şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddiaçının məhz bu vəziyyətə yəni sağlamlığının ilkin olaraq 25 faiz itirilməsini, ayaqda çürümə prosesinin getməsini cavabdehin günahı ücbatından, yəni onun yaratdığı “iş şəraitinin” nəticəsi olmasını nədənsə görməməzlikdən gəlmişdir. Sadəcə hadisə baş vermiş zamanda ödənilmiş müəyyən bir məbləği əsas götürərək iddia tələbini qismən yəni 5000 manat məbləğində təmin etmişdir. Halbuki iddiaçı məhz hal-hazırda səhhətində olan problemlər üzündən işsizdir. O, normal iş tapa bilmir, çünki barmaqları itirildiyindən ayaq üstə dayanmaqda çətinlik çəkir, fiziki əməklə məşğul olmaq imkanları məhduddur. Buna görə də normal tam müalicə ala bilmir, ona lazım olan protezi maddi imkansızlıq ücbatından əldə edə bilmir. Bir övladı əsgəri xidmətdədir, digər övladı isə maddi sıxıntı ücbatından repetitorla məşğul ola bilmir.Bir ailə başçısı nəinki ailəsini, heç öz səhhəti ilə bağlı heç bir müalicə ala bilmir. Çox maraqlıdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində cavabdehin günahı ücbatından iddiaçıya zərər vurulmasını dedikdə maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşüldüyünü qeyd etsə də, nədənsə yalnız iddianın mənəvi zərər hissəsini 5000 manat civarında təmin etmiş, lakin maddi hissəsində İddiaçının bununla bağlı sübut təqdim etməməsini əsas gətirmişdir. Lakin iddiaçı məhz maddi sıxıntı üzündən, imkansızlıqdan müalicəyə gedə bilmir, getdiyi müalicə müəssisəsidir orda edilən hər hansı bir ödəniş qeydə alınmır. İş üzrə çıxarılan qətnamənin iddiaçıya ödənilmiş 5000 manat və iddiaçının müalicəsi zamanı qaldığı evin 6 ay kirayə pulunun ödənilməsi üçün cavabdeh tərəfindən çəkilmiş xərci nəzərə alaraq iddia tələbinin 5000 yəni qismən təmin edilməsi ağlabatan deyildir.

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

15. Cavabdehin şikayətinin dəlillərinə görə, məhkəmə qətnaməsində mübahisəyə hansı maddi hüquq normasının tətbiq edilməli olduğuna dair konkret mövqeyini göstərməsə də MM-in 1118.1, 1096.1, 1096.2-ci maddələrinin məzmununu sadalamış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarını əsas gətirmişdir. Məhkəmənin bu sadalamasını göstərilən maddi hüquq normalarına istinadı kimi qəbul etsə, hesab edir ki, məhkəmə bu normaları yanlış təfsir etmiş və tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Belə ki, məhkəmə tərəflər arasında əmək münasibətlərinin olmasına dair nəticəyə gəlmişdirsə, o zaman işəgötürən tərəfindən işçiyə vurulmuş zərərin ödənilməsinə dair qanunvericilik müddəaları tətbiq olunmalıdır. Ümumiyyətlə, iddiaçı tələbini “sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” kimi irəli sürməsinə baxmayaraq, məhkəmənin həmin tələbi mənəvi zərər kimi qiymətləndirməsi işin müəyyən edilmiş halına düzgün maddi hüququn seçilməməsilə nəticələnmişdir. Bunun ardınca, məhkəmə iddiaçıya maddi və ya mənəvi zərərin vurulduğuna dair aydın, birmənalı, təkzibedilməz sübutlar müəyyən etmədiyi kimi, maddi hüququn tətbiqində də birmənalı və aydın mövqe göstərməmişdir. İddiaçının xəsarət alması ilə nəticələnən hadisənin məhz iddiaçının özünün təqsirli hərəkəti, səhlənkarlığından irəli gəldiyinə dair qənaəti olan Məhkəmənin mövqeyində Cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması müəyyən edilmədiyi halda Məhkəmə cavabdehin onun qarşısında mənəvi zərərə görə məsuliyyət daşımalı olması qənaətinə yanlış gəlmişdir. Qeyd olunduğu kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri (işçi və işəgötürən) olduğu halda işəgötürən kimi Cavabdeh təqsirli olmadığı müəyyən edildiyi halda, MM-in 21-ci maddəsinə istinad edərək tələbin qismən də olsa təmin edilməsi maddi hüququn yanlış təfsiri və tətbiqinin nəticəsidir. Bununla yanaşı, məhkəmə Mülki Məcəllənin 1118.1-ci maddəsinin məzmununu sadalasa da Cavabdeh güman olunan “təqsirli hərəkətində” həmin maddənin dispozisiya şərtlərinə uyğun gələn əlamətlərin olduğu və ya hansının olduğunu hər hansı formada əsaslandırmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsind şərh edilir ki: Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumun şərh və tövsiyələrini hazırki iş üzrə tətbiq etdikdə və nəzərə aldıqda belə nəticəyə gəlinməlidir ki, iddiaçının mənəvi zərərlə bağlı kompensasiya tələbinin təmin olunmasına heç bir faktiki və qanuni əsas olmamışdır. İddiaçının “uğursuz” hesab etdiyi cərrahiyyə əməliyyatının onun sağlamlığına, psixikasına təsir etməsi, şüurunda mənfi izlər buraxması, iztirab və sarsıntı keçirməsini təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Məhkəmənin mənəvi zərərin əvəzi kimi təmin etdiyi 5000 manatın hansı əsasla formalaşması, nə üçün məhz bu rəqəmin tutulması qətnamədə əsaslandırılmamışdır. Əlbəttə, mənəvi zərərin müəyyənləşdirilməsi üçün konkret bir düstur yoxdur, bu məsələni tənzimləyən konkret maddi hüquq norması da yoxdur. Məhz buna görədir ki, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin Plenumu ən azı 2 dəfə mənəvi zərərin müəyyənləşdirilməsi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərarlar qəbul etmişlər. Bu qərarlarda göstəriş və tövsiyələr hüquq tətbiqində məhkəmələr üçün bələdçi və yönləndirici rolunu oynayır. İş üzrə məhkəmə tərəfindən gəlinən nəticə belədir ki, tərəflər işəgötürən-işçi münasibətində olmuşlar. İddiaçı cavabdehin işçisi olaraq əmək funksiyalarını icra etmişdir. Məhkəmənin istinad etdiyi Binəqədi rayon Prokurorluğunun “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarında da buna istinad olunmuşdur. Hesab edir ki, tərəflərin arasında əmək hüquq münasibətləri olduğu halda, Məhkəmə işciyə “mənəvi zərərin vurulduğunu” hesab edirdisə, o halda Əmək Məcəlləsinin 290-cı edirdisə, o halda Əmək Məcəlləsinin 290-cı maddəsinin tələbinə diqqət yetirilməlidir: İşçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə iddiaçı və cavabdehin işçi-işəgötürən münasibətlərində olmasına dair nəticəyə gəldiyinə görə, tələbin maddi hüquqi əsaslandırmasında da Əmək Məcəlləsinə istinad etməli və iddiaçının tələbinin faktiki əsasının 290.3-cü maddəsinin dispozisiya şərtlərinə cavab vermədiyindən idida tələbini bu əsasla rədd etməliydi. Belə ki, hazırki işdə iddiaçıya münasibətdə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 290.3-cü maddəsinin “Qeyd” hissəsində göstərilən hər hansı hal müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli Qərarında işçinin işəgötürənə ziyan vurması ilə bağlı məsələlərin Mülki Məcəllənin müvafiq müddəaları ilə deyil, Əmək Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənməli olduğu qeyd edilmişdir. Hesab edirik ki, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini anoloji olaraq hazırki mübahisəyə tətbiq etdikdə, işçinin işəgötürən tərəfindən zərərə məruz qaldığını iddia etdiyi hazırki iş üzrə mübahisəyə də Əmək Məcəlləsinin konkret müddəasının tələbləri baxımından qiymət verilməlidir. Bu halda isə cavabdeh tərəfindən iddiaçını mənəvi zərərə məruz qoya biləcək hər hansı hərəkətə yol verilmədiyi aşkar müəyyən olunacaqdır. Məhkəmə iddiaçının tələbinə münasibətdə sübut etmə yükünün iddiaçının üzərində olmasına əhəmiyyət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Apellyasiya icraatında təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddia tələbində tələb ümumi şəkildə qoyulduğundan məhkəmənin hansı hissədə tələbi təmin etməsi qeyri-müəyyənlik yaratmışdır. Ona görə də iddiaçı apellyasiya instansiyasında tələbə dəqiqləşmə verərək qeyd edir ki, cavabdehdən sağlamlığa vurulan maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə isə 40000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə apellyasiya şikayətinin tam təmin olunmasını xahiş etmişdir.

18. İddiaçı və onun nümayəndəsi Vəkil1 məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını məhkəmədən xahiş etdilər.

19. Cavabdehin nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

22. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

25. İddiaçının apellyasiya şikayəti ilə iddianın təmin olunmayan hissəsində, cavabdehin apellyasiya şikayəti ilə isə iddianın təmin olunan hissəsində qətnamənin ləğv edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməlidir.

27. Apellyasiya icraatında təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddia tələbində tələb ümumi şəkildə qoyulduğundan məhkəmənin hansı hissədə tələbi təmin etməsi qeyri-müəyyənlik yaratmışdır. Ona görə də iddiaçı apellyasiya instansiyasında tələbə dəqiqləşmə verərək qeyd edir ki, cavabdehdən sağlamlığa vurulan maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə isə 40000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə apellyasiya şikayətinin tam təmin olunmasını xahiş etmişdir.

28. Bununla da iddia tələbinin qeyri-müəyyənliyi aradan qalxaraq aydın olur ki, iddiaçı maddi zərərə görə 10000 manat, mənəvi ziyana görə isə 40000 manat tələb edir.

29. İddiaçının apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi iddiaçının məhz bu vəziyyətə yəni sağlamlığının ilkin olaraq 25 faiz itirilməsini, ayaqda çürümə prosesinin getməsini cavabdehin günahı ücbatından, yəni onun yaratdığı “iş şəraitinin” nəticəsi olmasını nədənsə görməməzlikdən gəlməsi” barədə dəlililənə münasibətdə məhkəmə kollegiyası onu bildirir ki, iddia tələbinin vurulmuş maddi ziyana görə ödənilməli olan 10000 manat hissəsində iddianın təmin edilməməsində düzgün nəticəyə gəlmişdir.

30. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Normanın məzmununa əsasən məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçı zərəri real zərər kimi qiymətləndirirdisə bu zaman pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri əsaslandırmalı və bu barədə sübut təqdim etməli idi. Əgər zərər əldən çıxmış fayda kimi qiymətləndirilirdisə, iddiaçı tərəfindən məhkəməyə hadisədən əvvəlki dövrdə, yəni, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər və məhz cavabdehin təqsiri üzündən bu gəlirləri əldə edə bilməməsi barədə sübutlar təqdim olunmalı idi. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd olunan xüsusatlarla bağlı heç bir sübut təqdim olunmamışdır.

31. Cavadehin apellyasiya şikayətinin dəlillərindən birini o təşkil edir ki, “məhkəmə tərəflər arasında əmək münasibətlərinin olmasına dair nəticəyə gəlmişdirsə, o zaman işəgötürən tərəfindən işçiyə vurulmuş zərərin ödənilməsinə dair qanunvericilik müddəaları tətbiq olunmalıdır.”

32. Kollegiya bu dəlilə münasibətdə onu qeyd edir ki, tərəflər arasında yazılı əmək müqaviləsi mövcud olmadığından birinci instansiya məhkəməsi əmək qanunvericiliyinə istinad edə bilməzdi. Belə ki, iddiaçı 30 avqust 2021-ci ildə yazılıəmək müqaviləsi bağlmadan fəhlə kimi işə başlamışdır. Aydın olur ki, tərəflər arasında əmək münasibətləri deyil, mülkü hüquq münasibələri yaranmışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. “Mənəvi zərər” anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

34. Cavabdehin apellyasiya şikayətinin bir dəlilini iddiaçının “uğursuz” hesab etdiyi cərrahiyyə əməliyyatının onun sağlamlığına, psixikasına təsir etməsi, şüurunda mənfi izlər buraxması, iztirab və sarsıntı keçirməsini təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Məhkəmənin mənəvi zərərin əvəzi kimi təmin etdiyi 5000 manatın hansı əsasla formalaşması, nə üçün məhz bu rəqəmin tutulması qətnamədə əsaslandırılmamışdır. Məhkəmə iddiaçının tələbinə münasibətdə sübut etmə yükünün iddiaçının üzərində olmasına əhəmiyyət verməməsi təşkil edir.

35. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunan plenumun tələblərini nəzərə alaraq iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan aydın olur ki, iddiaçı sağlamlığını aldığı travma ümumi əmək qabiliyyətinin 25%-i olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələndiyindən ümumilikdə sağlamlığa az ağır zərər vurulmuşdur. İddiaçının sol ayaq pəncəsinin 1-2-3-4-5-ci barmaqlarının daraq-əsa sfalanqa oynaqları səviyyəsində güdüllə nəticələnmiş tam travmatik amputasiyası olması onun nə qədər fiziki əzab çəkməsinin sübutu olmuşdur. Bu halda onun ailədə və cəmiyyətdə keçirdiyi mənəvi sarsıntı keçirməsi iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını istisna etmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mənəvi zərərin əvəzinin tutulmalı olması ilə bağlı gəldiyi nəticə əsaslıdır.

36. Lakin kollegiya iddia tələbinin mənəvi zərərin əvəzi olaraq 40000 manat tutulmasını məqsədə müvafiq hesab etmir və maddi zərərin əvəzi olaraq 5000 manat ödənilərkən iddiaçının ona dəymiş zərərin tam ödənilməsi, heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 5000 manat müəyyən olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslı deyildir.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı maddi zərərin əvəzi olaraq 5000 manat ödənilərkən iddiaçının ona dəymiş zərərin tam ödənilməsi, heç bir şikayəti və tələbi olmadığı ilə razılaşdığı halda, mənəvi zərərin məbləği 5000 manat müəyyən oluna bilməz. Cavabdehin əvvəlki aylar üçün 750 manat, sonradan isə qeyd olunan məbləği ödəməsi və iddiaçının yuxarıda qeyd olunan məzmunda ərizə verməsi sonuncunun hadisə nəticəsində keçirdiyi sarsıntı, iztirabın azalmasına yönələn hərəkətlər olmuşdur və buna görə də tutulmalı olan mənəvi zərərin məbləği 3000 manat müəyyən olunmaılıdır.

38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə dəymiş zərərin məbləği hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehlərin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(004)- 2994/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin, İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(004)- 2994/2023 nömrəli qətnaməsi ilə mənəvi zərərin əvəzi olaraq tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin və məbləğ 3000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdiyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar