Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1381/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs “Azintrans” ATSC-nin hüquqi varisi Cavabdeh3 MMC-nin nümayəndəsi-vəkili Vəkil2 Akif oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “vəzifəli şəxsin hərəkətsizliyindən şikayətə dair” iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2004-cü il qətnaməsi və 22 iyul 2004-cü il tarixli əlavə qətnaməsindən “Azintrans” ATSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Ti və MHQİ-yə qarşı vəzifəli şəxsin hərəkətsizliyindən şikayətə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Tİ və MHQİ-nin rəisinin hərəkətsizliyinin qeyri-qanuni hesab edilməklə, müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən qeyri-yaşayış tikililərinə onun mülkiyyət hüququnun tanınması və bu barədə müvafiq qeydiyyat vəsiqəsinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2004-cü il 15 iyul tarixli 2-1214/2004 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin rəisinin hərəkətsizliyi qeyri-qanuni hesab edilmiş, İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə - 1 ünvanında 80,73 sot torpaq sahəsində yerləşən qeyriyaşayış tikililərinə mövcud vəziyyətdə onun adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Ti və MHQİ-yə həvalə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2004-cü il 19 iyul tarixli 2-1214/2004 nömrəli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2004-cü il 15 iyul tarixli 2- 1214/2004 nömrəli qətnaməsi dərhal icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2004-cü il 22 iyul tarixli 2-1214/2004 nömrəli əlavə qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə -1 ünvanında 80,73 sot torpaq sahəsi üzərində daimi istifadə hüququ haqqında dövlət aktının verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri Torpaq Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 2 sentyabr tarixli 1 mk-4898/2004 nömrəli Qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2004-cü il tarixli 2-1214/2004 nömrəli qətnaməsindən cavabdeh Bakı şəhəri Ti və MHQİ-nin rəisi tərəfindən verilmiş apelyasisiya şikayətinə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, qətnamədən verilmiş apelyasiya şikayəti qəbul edilməmiş hesab olunmuşdur (qərardaddan kassasiya şikayəti verilməmişdir). Bundan sonra, 02 iyun 2005-ci il tarixdə qətnamədən “Azintrans” ATSC apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 3 avqust tarixli 1 mk-4349/2005 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2004-cü il tarixli 15 iyul tarixli və 2004-cü il 22 iyul tarixli əlavə qətnamələri ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmiş, İddiaçı adına Bakı şəhəri Ti və MHQİ tərəfindən verilmiş 2004-cü il 23 sentyabr tarixli 002182 nömrəli qeydiyyat vəsiqəsi və torpaqdan daimi istifadəyə dair 2004-cü il 29 dekabr tarixli İN 1274, kod 00101027 nömrəli dövlət aktı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 14 noyabr tarixli 6k-2235/2005 nömrəli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 3 avqust tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmış, kassasiya şikayəti təmin edilmişdir. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqdan sonra müstəqil tələb irəli sürən üçüncü şəxs kimi “Azintrans” ATSC-nin cavabdehlər İddiaçı, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı dəyişdirmə müqaviləsinin, bələdiyyə aktının və icarə müqaviləsinin etibarsız hesab edilməsi, özbaşına tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi barədə təqdim etdiyi iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinin 2006-cı il 1 fevral tarixli iclasında icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 2006-cı il 7 mart tarixli 1 MK-765/2006 nömrəli qətnaməsi ilə “Azintrans” ATSC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2004-cü il tarixli qətnaməsi və 2004-cü il 22 iyul tarixli əlavə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Bakı şəhər Tİ və MHQ-yə qarşı vəzifəli şəxsin hərəkətsizliyindən şikayətə dair iddiası təmin edilməmiş, “Azintrans” ATSC ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş 2003-cü il 11 iyul tarixli dəyişmə müqaviləsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin 2003-cü il 9 sentyabrla rixlı' 357 nömrəli qərarı və bununla əlaqədar həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi ilə İddiaçı arasında torpağın icarəyə verilməsinə dair bağlanmış 56 nömrəli icarə müqaviləsi etibarsız hesab edilmiş və tərəflərin əvvəlki vəziyyətə qaytarılması, İddiaçı “Azintrans” ATSC-yə ödədiyi hər birinin nominal dəyəri köhnə Azərbaycan manatı ilə 10000 manat olan 3800 ədəd səhminin dəyərinin “Azintrans” ATSC tərəfindən ona pulla ödənilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə-1 ünvanında yerləşən 80,73 sot torpaq sahəsindən çıxarılması və orada onun inşa etdiyi özbaşına tikililərin sökülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 7 iyun tarixli 6 k-1177/2006 nömrəli qərarı ilə iddiaçının verdiyi kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək, onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsi və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə müəyyən olunmuş hüquqlarının pozulmasından şikayət etmişdir. Məhkəmə iş üzrə 2023-cü il 1 iyun tarixli qərarında qeyd etmişdir ki, daxili məhkəmələr ərizəçinin binalar, torpaq sahəsi və müvafiq şəhadətnamələr üzərində hüquqlarını, ilk növbədə, ərizəçi ilə “Azintrans” ATSC arasında imzalanmış dəyişdirmə müqaviləsini etibarsız saydıqlarına görə ləğv ediblər. Dəyişdirmə müqaviləsinin etibarsız sayılması üçün prosessual əsaslar apellyasiya instansiyası məhkəməsinin 2006-cı il 7 mart tarixli qərarında göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, “Azintrans” ATSC-nin dəyişdirmə müqaviləsinin etibarsız sayılması barədə vəsatətinə baxılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 55.1 və 372.5-ci maddələrinə əsasən, üçüncü şəxs məhkəmənin qətnaməsi çıxarılanadək istənilən vaxt bir və ya hər iki tərəfə qarşı yeni iddia qaldıra bilər və həmin Məcəllənin 372.1 və 372.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi belə bir iddianı araşdırmaq hüququna malikdir. Dəyişdirmə müqaviləsinin etibarsız sayılması və ərizəçinin hüquq və şəhadətnamələrinin ləğvi üçün məhkəmələr tərəfindən göstərilən əsaslar aşağıdakı kimi ümumiləşdirilə bilər:
1. Ərizəçi ilə “Azintrans” ATSC arasında bağlanmış dəyişdirmə müqaviləsi binalara aid hissədə etibarsız olmuşdur, çünki şirkət həmin binaları ərizəçinin payına dəyişdirməzdən əvvəl iqtisadi İnkişaf Nazirliyində aparılan daşınmaz əmlakın reyestrində qeydiyyata almalı və bunu təsdiq edən sertifikat almalı idi.
2. Dəyişdirmə müqaviləsi torpaq sahəsinə aid hissədə etibarsız olmuşdur, çünki torpaq sahəsini ərizəçinin istifadəsinə verməzdən əvvəl “Azintrans” ATSC Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyindən icazə almalı idi.
3. Torpaq sahəsi bələdiyyənin deyil, İqtisadi İnkişaf Nazirliyinin yurisdiksiyasında olduğundan, ərizəçi ilə torpaq icarəsi müqaviləsi bağlamaq və müvafiq şəhadətnamə vermək hüququ yalnız həmin Nazirliyə aid idi.
4. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 495 nömrəli Fərmanının qüvvəyə minməsindən etibarən sözügedən tikililəri daşınmaz əmlakın müvafiq dövlət reyestrində qeydiyyata almaq və onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə vermək hüququna yalnız İqtisadi İnkişaf Nazirliyi malik idi. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının qüvvəyə mindiyi gündən həmin səlahiyyət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Daşınmaz Əmlakın Reyestri Xidmətinə məxsus olmuşdur. Buna görə də, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi ərizəçinin sözügedən binalar üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə vermək hüququ yox idi. Məhkəmə qeyd etmişdir ki, dəyişdirmə müqaviləsi 2003-cü il 11 iyul tarixində imzalanmışdır. Müqavilə imzalandıqdan qısa müddət sonra icra edilmiş və nəticədə ərizəçi binaları və torpaq sahəsini “Azintrans” ATSC-dən almışdır. Bununla belə, 2006-cı ilin əvvəlində “Azintrans” ATSC ilk dəfə olaraq dəyişdirmə müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmışdır. Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan 2006-cı il 7 mart tarixli qərarı ilə iddia qəbul edilərək təmin edilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müqavilənin etibarsızlığı ilə bağlı iddialar üçün nəzərdə tutulmuş müddətin aydın şəkildə müəyyən edildiyi göstərilir: iddianın qaldırılması üçün qanuni müddət iddiaçının etibarsızlıq səbəblərini bildiyi və ya bilməsi lazım olan gündən etibarən bir il olmuşdur. Apellyasiya instansiyası məhkəməsi dəyişdirmə müqaviləsi imzalandıqdan və icra edildikdən təxminən üç il sonra "Azintrans" ATSC iddiasını qəbul edib baxmışdır. Məhkəmə, iddia müddətinin keçib-keçməməsini nəzərdən keçirmədən, yalnız “üçüncü tərəf’ tərəfindən “yeni iddia” qaldırıldığı əsas götürülərək, iddianı qəbul etməyə qərar vermişdir. Etibarsızlıq iddiası apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı ilk dəfə qaldırılmış “yeni iddia” olduğundan, onun Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən qəbuledilənliyinin araşdırılması vacib idi. Buna baxmayaraq, Apellyasiya Məhkəməsi bu məsələyə tamamilə məhəl qoymayıb. Ali Məhkəmə öz növbəsində apellyasiya instansiyası məhkəməsinin yalnız 2006-cı ildə “Azintrans” ATSC-nin qaldırdığı iddianın baxılmaq üçün yuxarıda qeyd olunan bir illik müddət tətbiq edilməsinin qəbul edilməsində qanuni hərəkət edib-etmədiyini araşdırmamışdır. Yerli məhkəmələrin qərarlarında və ya Hökumətin müşahidələrində yuxarıda qeyd edilən bir illik müddətin niyə tətbiq edilməməli olduğu izah edilməmişdir. Xüsusilə, daxili qərarların heç birində və ya digər iş materiallarında dəyişdirmə müqaviləsi imzalandıqda və ya icra edildikdə “Azintrans” ATSC-nin həmin müqavilənin etibarsızlığının iddia edilən səbəbləri kimi sonradan irəli sürdüyü hallar barədə məlumatlı olmadığını göstərən heç bir əlamət yoxdur. “Azintrans” ATSC yaradılmazdan əvvəl binalar və torpaq sahəsi “Azərxaricinəqliyyat” dövlət şirkətinin mülkiyyətində olub, bu inventar kimi xidmət edən 1998-ci il 13 aprel tarixli texniki pasportla - dövlət əmlakının hansı hissəsinin konkret dövlət firmasına ayrıldığını müəyyən edən texniki sənədlə təsdiqlənir. Daha sonra “Azərxaricinəqliyyat” dövlət şirkətinin özəlləşdirilməsi nəticəsində onlar “Azintrans” ATSC-yə verilib. Daxili qanunvericiliyə əsasən, 1998-ci il 13 aprel tarixli texniki pasport “Azintrans” ATSC-nin binalar üzərində mülkiyyət hüququnu və ya şirkətin torpaq sahəsindən istifadə hüququnu təsdiq edən sənəd olmasa da, bu (texniki pasport) həmin aktivlərin “Azərxaricinəqliyyat” dövlət şirkətinin hüquqi varisi kimi "Azintrans" ATSC-nin qanuni şəkildə mülkiyyətində olduğunu göstərirdi. Bu fakt "Azintrans" və ya milli məhkəmələr tərəfindən heç vaxt mübahisə edilməmişdir. Bundan başqa, müvafiq daxili qanunvericiliyə əsasən özəlləşdirilmiş müəssisənin mülkiyyətində olan aktivlərə münasibətdə verilmiş etibarlı texniki pasport mühüm hüquqi nəticələrə səbəb olmuşdur. Belə ki, məsələn, binaya münasibətdə belə texniki pasporta malik olan şəxs həmin binaya mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydə alınması üçün müraciət edə bilər, bir şərtlə ki, eyni zamanda təqdim edilmiş bütün digər sənədlər də qaydasında olsun. Belə texniki pasport özəlləşdirilmiş müəssisənin altında yerləşən torpaq sahəsinin sərhədlərini də rəsmi şəkildə müəyyən edə bilər. Bundan əlavə, etibarlı texniki pasportu olan şəxs həmin torpaq sahəsini icarəyə götürmək üçün müraciət edə bilər və həmin şəxs əcnəbi olmamaq şərti ilə həmin torpaq sahəsini almaq üçün öz üstünlük hüququndan da istifadə edə bilər. Bunun fonunda aydın olur ki, dəyişdirmə müqaviləsi imzalanarkən “Azintrans” ATSCnin binalar və torpaq sahəsi ilə bağlı yalnız 1998-ci il 13 aprel tarixli texniki pasportu olsa da, hazırkı işin halları dəyişdirmə müqaviləsi və ya digər əməliyyat formasının qanunsuz əldə edilmiş aktivlərə aid olduğu hallarla bağlı olanlardan fərqli idi. Sözügedən dəyişmə müqaviləsinin etibarsız sayılmasının əsas səbəbləri ondan ibarətdir ki, “Azintrans” şirkəti öz mülkiyyət hüququna malik olmaq üçün İqtisadi İnkişaf Nazirliyinə binaları dövlət qeydiyyatına almaq və həmin binaları ərizəçinin payına dəyişməzdən əvvəl müvafiq şəhadətnaməni almaq və onun (yəni “Azintrans”ın) torpaq sahəsindən istifadə hüququnu ərizəçiyə verməzdən əvvəl həmin Nazirlikdən icazə almaq üçün müraciət etməyib. Ərizəçinin aldığı şəhadətnamələr, ilk növbədə, mübadilə müqaviləsinin etibarsız sayıldığına və ikincisi, ərizəçinin həmin sertifikatları İqtisadi İnkişaf Nazirliyindən deyil, onları vermək səlahiyyəti olmayan orqanlardan aldığına görə ləğv edilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə qeyd edir ki, müvafiq daxili qanunvericilikdən belə nəticə çıxır ki, maddi vaxtda (hər ikisi mübadilənin imzalanması zamanı) sözügedən müqavilə və işə daxili məhkəmələr tərəfindən baxılan zaman Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi özəlləşdirmə prosesinin idarə edilməsi, dövlətin mülkiyyət hüquqlarının və maraqlarının müdafiəsi, daşınmaz əmlak üzərində müxtəlif hüquqların qeydiyyatı və müvafiq sertifikatların verilməsi səlahiyyətlərinə malik olub. Ona görə də belə görünür ki, indiki halda bütün müvafiq icazələr, qeydiyyatlar və sertifikatlar həqiqətən də Azərbaycan Respublikasının İqtisadi inkişaf Nazirliyindən alınmalı idi. Bununla belə, məhkəmə onu da qeyd etmişdir ki, daxili məhkəmə prosesləri zamanı İqtisadi İnkişaf Nazirliyi ərizəçinin xeyrinə izahatlar verib. Nazirlik birinci instansiya məhkəməsinin qərarlarını dəstəkləyib və “Azintrans” ATSC-nin apellyasiya şikayətinə qarşı çıxıb. O, həmçinin ərizəçinin binalara və torpaq sahəsinə sərmayə qoyması faktını vurğulamışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ya İqtisadi İnkişaf Nazirliyinin mövqeyini təhrif edərək, nazirliyin təqdimatlarının “Azintrans” ATSC-nin xeyrinə olduğunu bildirərək (birinci proses zamanı), ya da sadəcə olaraq, nazirliyin mövqeyini şərh etməyib, hətta qeyd etməyib (müdaxilə zamanı ikinci məhkəmə prosesi). Bundan başqa, məhkəmə prosesdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi müvafiq cavabdeh (yəni İqtisadi İnkişaf Nazirliyi) ilə əvəz edilməsi barədə Ali Məhkəmənin göstərişinə əməl etməyib. Apellyasiya instansiyası məhkəməsi “Azintrans” və ərizəçi tərəfindən törədilmiş yuxarıda qeyd olunan qanunsuzluqların nə üçün iqtisadi İnkişaf Nazirliyi tərəfindən geriyə qaytarıla bilmədiyini və vəziyyətin yeganə həllinin binaların və torpaq sahəsinin “Azintrans” ATSC-yə qaytarılmalı olduğunu, ərizəçinin bütün əlaqədar xərcləri çəkməsini tələb etməli olduğunu izah etməyib. Məhkəmə qeyd etmişdir ki, işə yenidən baxılarkən ikinci məhkəmə araşdırması zamanı qəbul etdiyi qərarda Apellyasiya Məhkəməsi birinci məhkəmə araşdırması zamanı qəbul etdiyi qərarda verdiyi maddi əsaslandırmanı böyük ölçüdə təkrar etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci prosesdə yol verdiyi Ali Məhkəmənin istinad etdiyi əsas çatışmazlıqların heç birini aradan qaldırmamışdır. Xüsusilə, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin şikayətçinin sözügedən tikililər üzərində mülkiyyət hüququnun ümumiyyətlə qeydə alınmamalı olduğu qənaətinə gəldiyi əsaslandırmanı qeyri-adekvat hesab etməsi faktına məhəl qoymamışdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iqtisadi İnkişaf Nazirliyinin icraatında Bakı Əmlakın Qeydiyyatı İdarəsinin cavabdeh qismində dəyişdirilməsi barədə Ali Məhkəmənin göstərişinə əməl etməyib və işdə Nazirliyin şikayətçinin mövqeyini müdafiə etməsi heç bir əhəmiyyət kəsb etməyib. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmamasına baxmayaraq, Ali Məhkəmə 2006-cı il 7 iyun tarixli yekun qərarında apellyasiya instansiyası məhkəməsinin 2006-cı il 7 mart tarixli qərarında verdiyi əsaslandırmanı demək olar ki, sözbəsöz təkrar etmişdir. Nəticə etibarilə, məhkəmə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarların, xüsusən də Ali Məhkəmənin 2006-cı il 7 iyun tarixli qərarının stereotip olması qənaətinə gəlməyə bilməz. Yuxarıdakı təhlili nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, daxili məhkəmələrin dəyişdirmə müqaviləsinin etibarsız sayılması tələbi ilə bağlı iddianı qəbul etməsi özbaşına olub (oxşar yanaşma üçün Tripcovici Monteneqroya qarşı, № 80104/ bax. 13, §§ 42-46, 2017-ci il 7 noyabr tarixli Qərar). Bundan əlavə, məhkəmə hesab etmişdir ki, daxili məhkəmələr mübadilə müqaviləsini etibarsız hesab etmək və ərizəçinin hüquqlarını və sertifikatlarını ləğv etmək barədə qərarları üçün adekvat əsaslar təqdim etməyiblər. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur. Məhkəmə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu ilə əlaqədar qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən əldə etdiyi nəticələrin mahiyyətini və əhatə dairəsini nəzərə alaraq və bu şikayətin 6-cı maddənin 1-ci bəndinə uyğun olaraq icraatın ədalətliliyinə aid olan eyni arqumentlərə əsaslandığını qeyd edərək, hesab etmişdir ki, hazırkı şikayətin məqbulluğu və mahiyyəti ilə bağlı ayrıca qərardad çıxarmağa ehtiyac yoxdur (bax, bir çox digər işlərlə yanaşı, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 57, 2020-ci il 2 aprel tarixli Qərar). Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət etmişdir ki, “Azintrans” ATSC 2005-ci ilin iyununda birinci instansiya məhkəməsinin 2004-cü il 15 iyul və 22 iyul tarixli qərarlarına qarşı apellyasiya şikayətini gec, prosessual qanunun müvafiq daxili məhkəmə qaydalarını pozaraq verib və yerli məhkəmələr həmin şikayəti araşdırmaya qəbul etdikdə qanunsuz hərəkət etmişlər. Ərizəçi həmçinin iddia etdi ki, Apellyasiya instansiyası məhkəməsində keçirilən 2006-cı il 7 mart tarixli məhkəmə iclasında onun məlumatlandırılmaq və səmərəli iştirak etmək hüququ pozulub. İşdə olan materialları və tərəflərin təqdimatlarını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, ərizəçi mövcud şikayətlərlə bağlı daxili müdafiə vasitələrinin tükətdiyini, xüsusən də həmin şikayətləri qaldırdığını 2006-cı il 7 mart tarixli qərardan kassasiya şikayətində nümayiş etdirə bilməyib. Buna görə də məhkəmə hesab etmişdir ki, bu şikayətlər daxili hüquqi müdafiə vasitələrinin tükənməməsinə görə qəbuledilməzdir və Konvensiyanın 35-ci maddəsinin 1 və 4- cü bəndlərinə uyğun olaraq rədd edilməlidir. Yekun olaraq, məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə yerli məhkəmələrin qərarları ərizəçinin arqumentlərini və onun irəli sürdüyü sübutları rədd etmək üçün hər hansı bir əsaslı səbəb təqdim etməmiş və bu, prosesin nəticəsi üçün böyük əhəmiyyət kəsb etmişdir. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-3/2024 nömrəli 9 oktyabr 2024-cü il tarixli qərarı ilə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 7 iyun tarixli 6k-1177/2006 nömrəli qəraraı və onunla əlaqədar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 7 mart tarixli 1MK-765/2006 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli prosessual qanunu tətbiq etməmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyini işə yalnız maraqlı şəxs qismində cəlb etməklə kifayətlənərək onu əsl olmayan tərəflə əvəz etməmişdir. Bundan əlavə torpaq sahəsinin İddiaçı icarəyə verilməsi barədə Biləcəri Bələdiyyəsinin qərarını və bunun əsasında İddiaçı verilmiş dövlət aktını qanunsuz hesab edərkən mübahisəli torpaq sahəsinin mənsubiyyətini təsdiq edən sübutlar əldə etməmiş və Biləcəri Bələdiyyəsinin nümayəndəsini işə cəlb edib bu məsələni aydınlaşdırmadan işə cəlb olunmayan şəxsin hüquq və vəzifələrinə təsir edən qərar qəbul etmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Azintrans” ATSC-yə mübahisələndirilən torpaq sahəsinin ayrılmaması barədə verilən sənədə istinad etdiyi halda “Azintrans” ATSC-nin hansı əsaslara görə apellyasiya şikayətində həmin torpaq sahəsini mübahisələndirmək hüququnun olmasına qiymət verməmişdir. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyində göstərildiyi kimi, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında şərh olunan əsas nöqsanları aradan qaldırmamışdır. Həmçinin “Azintrans” ATSC ilk dəfə olaraq dəyişdirmə müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə iddianı ikinci dəfə apellyasiya instansiyası məhkəməsində baxılarkən qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan 2006-cı il 7 mart tarixli qərar ilə həmin iddianı təmin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaya baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsini nəyə görə tətbiq etməməsini əsaslandırmamışdır. Dəyişdirmə müqaviləsi bağlanan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində göstərilirdi ki, mübahisə edilən əqdin etibarsız sayılması və onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili, eləcə də cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər şəxslər məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1214/2004 nömrəli mülki iş üzrə 15 iyul 2004-cü il tarixli qətnaməsi və 22 iyul 2004-cü tarixli əlavə qətnaməsi ləğv edilməli və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. İddiaçı “Azintrans” ATSC-nin hər birinin dəyəri 10.000 manat olan 3800 adda səhmlərinin sahibi olub. “Azintrans” ATSC-nin ümumi yığıncağının 2003-cü il 28 iyun tarixli protokoluna əsasən yığıncaqda İddiaçı Cəmiyyətin İdarə Heyətinə yazılı ərizə ilə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmiş və onun mülkiyyətində olan 3800 ədəd səhmin müqabilində Cəmiyyətin əmlakının bir hissəsinin ona verilməsi məsələsinin müzakirə edilməsini xahiş etmiş və iclasda həmin məsələ müzakirə edilərək “Azintrans” ATSC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin və əmlakının bir hissəsi - yarımçıq tikili 117,5 kv.m, sanitar qovşağı 22,4 kv.m, daş hasar 837,45 kv.m və eyni zamanda həmin tikilinin yerləşdiyi 80,73 sot torpaq sahəsinin İddiaçı məxsus 3800 ədəd səhm ilə dəyişdirilməsi qərara alınmışdır. Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən xx-xx/1436 nömrəli reyestr ilə təsdiq edilmiş “Azintrans” ATSC-nin İH-nin sədri X4 ilə həmin cəmiyyətin səhmdarı İddiaçı arasında bağlanmış 2003-cü il 11 iyul tarixli dəyişdirmə müqaviləsi ilə, İH-nin sədri Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının inventarlaşdırılması idarəsi tərəfindən verilmiş 1998-ci il 13 aprel tarixli texniki pasporta əsasən “Azintrans” ATSC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin əmlakının bir hissəsi - yarımçıq tikili 117,5 kv.m, sanitar qovşağı 22,4 kv.m, daş hasar 837,45 kv.m və eyni zamanda həmin tikilinin yerləşdiyi 80,73 sot torpaq sahəsi İddiaçı 3800 ədəd səhmi ilə dəyişdirilmişdir. Müqavilə imzalandığı andan 80,73 sot torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı Binəqədi rayon Biləcəri Bələdiyyəsinə müraciət edərək “Azintrans” ATSC İHnin sədri ilə onun arasında bağlanmış dəyişdirmə müqaviləsinə əsasən istifadəsinə verilən 0,8073 ha torpaq sahəsinə uzunmüddətli icarə müqaviləsinin bağlanmasını xahiş etmiş və onun müraciətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin 2003-cü il 9 sentyabr tarixli 357 nömrəli qərarına əsasən Binəqədi rayonu, Sulutəpə-1 ünvanında istifadə olunan 0,8073 ha torpaq sahəsinə uzunmüddət istifadə üçün icarə müqaviləsi bağlanması qərara alınmışdır. İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-1 ünvanında yerləşən qeyri yaşayış tikililərinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2003-cü il 20 oktyabr tarixli 276 nömrəli qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmiş və həmin tikililərin mövcudluğu təsdiq edilmişdir. 2003-cü il 9 sentyabr tarixli 56 nömrəli torpaq icarə müqaviləsinə əsasən, Biləcəri Bələdiyyəsinin sədri Piriyev Fəzahim iman oğlu İddiaçı Sulutəpə-1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 30 il müddətinə icarəyə verilməsi haqqında müqavilə imzalamışdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarda göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). İddia ərizəsindən də göründüyü kimi, iddia tələbi qeyri-yaşayış sahəsinə aid mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsindən və torpaq sahəsinə dair istifadə hüququ haqqında dövlət aktının verilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki halda Kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayətinə mülki məhkəmə icraatın qaydasında baxılması yolverilməzdir. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı inzibati icraat qaydasında inzibati məhkəmədə iddia irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya icraatı zamanı “Azintrans” ATSC-nin (hüquqi varisi Cavabdeh3 MMC) təqdim etdiyi iddia ərizəsinə münasibətdə kollegiya hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır, belə ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə təqdim edilir. Lakin ATSC iddia ərizəsini təkrar apellyasiya icraatı zamanı təqdim etmişdir, halbuki, ATSC birinci apellyasiya icraatında da iştirak etmişdir. Hər bir halda, apelyasiya məhkəməsində yeni tələblər qəbul olunmur və onlara baxılmır, ATSC-nin iddia ərizəsinin icraata qəbul edilməsi Avropa Məhkəməsi tərəfindən də kobud prosessual pozuntu kimi qiymətləndirilmişdir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1214/2004 nömrəli mülki iş üzrə 15 iyul 2004-cü il tarixli qətnaməsi və 22 iyul 2004-cü tarixli əlavə qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya izah olunsun ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.