Məhkəmə qərarları › İş №2(103)-1385/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1385/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1385/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3400/2021 saylı işi üzrə 04.11.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Cavabdeh X2 qətnamədən verdiyi apellyasiya şikayəti müəyyən edilmiş formada və məzmunda tərtib edilməmişdir. Cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti (iş səh.91) “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsədə müəyyən edilmiş formada tərtib (müəyyən edilmiş ardıcıllığa riayyət) edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Qeyd edilməlidir ki, apellyasiya şikayətində şikayəti verən şəxsin prosessual vəziyyəti öz əksini tapmamış, Nümayəndə İddiaçı ASC-nin nümayəndəsi olduğu halda öz adından natamam apellyasiya şikayəti vermişdır. Mülki Prosessual Məcəllənin 361(361.1.2, 361.1.4-361.1.6)-ci maddəsinin tələblərinə əsasən, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3400/2021 saylı işi üzrə 04.11.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilsə də, şikayət çap edilməmiş, işə əlavə edilməmiş və şikayətə birinci instansiya tərəfindən hüquqi qiymət verilməmişdir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ), X4 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3400/2021 saylı işi üzrə 04.11.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar