Məhkəmə qərarları › İş №2(103)-1385/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1385/2025

11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1385/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2, onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3226117Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(011)-1755/2024 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. 16 mart 2012-ci il tarixli əlyazma sənədindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 750 əyar 33 qramlıq ümumilikdə 2640 manat dəyərində olan 4 ədəd üzük, 750 əyar 22 qramlıq ümumilikdə 1760 manat dəyərində olan 2 ədəd klon, 585 əyar 16 qramlıq ümumilikdə 800 manat dəyərində olan 3 ədəd klon, 750 əyar 39 qramlıq ümumilikdə 3120 manat dəyərində olan 4 ədəd klon olmaqla cəmi 8320 manat məbləğində qızıl-zinət əşyalarını qoymaqla 4000 manat borc pul götürülmüşdür. Həmçinin əlyazma sənədindən görünür ki, götürdüyü məbləği vaxtında verməsə qızıl əşyalarının onun tərəfindən satılaraq borcun ödənilməsinə etiraz etmir və əlyazma yalnız Cavabdeh2 tərəfindən imzalanmışdır.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(011)- 32/2024 nömrəli qətnamədən görünür ki, İddiaçı Cavabdeh2 qarşı 34700 maant məbləğində əsas borc, borcun gecikdirilməsinə görə illik 5 faiz hesablanmış 6940 manat faiz borcu olmaqla, cəmi 41640 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi üzrə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 11000 manat məbləğində borc pul, borcun ödənilməsinin gecikdirildiyi vaxta görə illik 5 faiz olmaqla, 3500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı 2012-ci il tarixində 11000 manat məbləğində pul almışdır. 2015-ci ildə Mahirədən aldığı pulu ödəyə bilmədiyi üçün yaşadığı evi Mahirəyə və Ayselə vermişdir. Bu hal cinayət işinin başlanılmasının rədd edilməsi barədə Nizami Rayon Polis İdarəsinin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədovun qərarı, tərəflərin qarşılıqlı izahatları əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2023-cü il tarixli 4/1274 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsində müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 73-cü vərəqində olan qəbzdə “Mənim Mahirə müəlliməyə borcum 34000 m var və qızıl 8000 manat. 15 fevral 2020 il” yazıların sonundakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2023-cü il tarixli 5/1629 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatının nəticəsində müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzəridə olan əlyazılardakı “34000” rəqəmlərindən sonuncu “0” rəqəmi sonradan əlavə edilib. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “8000” rəqəmlərindən “8” rəqəmin yerində əvvəl “3” rəqəmi olub, sonradan üzərinə əlavə cizqi artıraraq indiki rəqəmə dəyişdirilmişdir. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “2020 il”yazısı sonradan əlavə edilib. Ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil etmişdir. Həmin qətnamə üzrə müəyyən edilmişdir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə 34700 manat məbləğində əsas borcun tutulması tələbi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehə 34700 manat məbləğində borc pul verdiyini sübuta yetirmək məqsədi ilə məhkəməyə, cavabdehin adından yazılmış 34000 və 8000 manat borcun etirafı ilə bağlı sənəd təqdim etmişdir. Həmin sənədin Cavabdeh2 tərəfindən imzalandığı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində öz təsdiqini tapsa da, ekspertiza nəticəsində sənəddə sonradan düzəlişlərin edildiyi və sənəddə olan rəqəmlərin əslində 3400 və 3000 olduğu müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş digər sübutları və cavabdeh X5 iştirak etdiyi məhkəmə iclaslarında 11000 manat məbləğində pulun İddiaçı aldığı, bunun müqabilində isə sonuncuya evini verdiyinə dair izahatlarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, İddiaçı tərəfindən Cavabdeh2 11000 manat məbləğində borcun verildiyi sübuta yetirilir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 11000 manat məbləğində borcun müqabilində İddiaçı 2 otaqlı evini verdiyini, bununla da öhdəliyini icra etdiyini iddia etsə də, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı ilə Əliyev Sevil arasında mənzilin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı müqavilə bağlanılmamış, sözügedən mənzil isə üçüncü şəxslərin istifadəsi və sahibliyindədir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 borc aldığı pul vəsaitinin geri ödənilməsi ilə bağlı vəzifəsini icra etməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(103)-5664/2024 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 6100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, İddiaçı Cavabdeh2 verdiyini iddia etdiyi borc məbləğindən ödənilməmiş qalan 34700 manat borcu və borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 6940 manatı cavabdehdən tələb etmişdir. Cavabdeh isə iddaçıdan 11000 manat borc aldığını və əvəzində evini verdiyini bildirmişdir. Kollegiya qeyd etmişdir ki, iş materiallarından görünür ki, tərəflər arasında hər hansı borc müqaviləsi bağlanmamışdır. İddiaçı 35000 manat borc verdiyini bildirsə də, iş materiallarında olan 15 fevral 2020-ci il tarixli əlyazma qəbzdə göstərilmişdir ki, “Mənim Mahirə müəlliməyə borcum 34.000 m var və qızıl 8000 manat. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, həmin əlyazma qəbzdəki imza cavabdeh tərəfindən icra olunmuşdur, digər ekspertiza nəticəsində isə müəyyən edilmişdir ki, “34000” rəqəmlərindən sonuncu “0” rəqəmi sonradan əlavə edilib. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “8000” rəqəmlərindən “8” rəqəmin yerində əvvəl “3” rəqəmi olub, sonradan üzərinə əlavə cizqi artıraraq indiki rəqəmə dəyişdirilmişdir. Tədqiqata təqdim edilmiş 15 fevral 2020-ci il tarixli qəbzin üzərində olan əlyazılarındakı “2020 il” yazısı sonradan əlavə edilib. 36.2020-ci il sentyabr ayında cavabdeh tərəfindən yazılmış digər əlyazmada iddiaçı cavabdehə olan borcundan 300 manat pul verdiyini göstərmişdir. Beləliklə cavabdeh tərəfindən yazılmış əlyazma qəbzə əsasən cavabdehin iddiaçıya 3400 manat və 3000 manat dəyərində qızıl borcu olduğu müəyyən edilir.“2020 il” yazısının sonradan əlavə edilməsi ilə bağlı Kollegiya qeyd etmişdir ki, həmin qəbzdə 3400 manat və 3000 manat dəyərində qızıl borcu olduğu öz əksini tapır, qəbzin verildiyi tarix də 15 fevral olması şübhə doğurmur, yalnız həmin qəbzin hansı ildə verilməsi mübahisəlidir. Cavabdeh də birinci instansiya məhkəməsində bununla bağlı qeyrimüəyyən izahat verərək, 2020-ci ildə iddiaçıya borcu olmadığını, həmin qəbzi yazmadığını bildirmiş, eyni zamanda qeyd etmişdir ki, iddiaçı tənginəfəs onlara gəlmiş və kiməsə pul borclu olduğunu bildirərək, iddiaçıya borcunun olması barədə qəbz yamağı təklif etmiş, o da yazıb qol çəkmiş, sonradan iddiaçının evinə getdikdə, sonuncu “sənlik heç nə yoxdur” demiş, sonra məhkəmədən zəng gəlmiş, o da iddiaçıya “gəl evi alaq” demiş, həmin vaxt borcundan 300 manat vermişdir. Göründüyü kimi, hər iki qəbzin cavabdeh tərəfindən yazıldığı müəyyən olunur, 300 manatın qaytarılması barədə qəbz də məhz 2020-ci ilin sentyabr ayında yazılıb. Nəhayət Kollegiya qeyd etmişdir ki, iddiaçı sübut qismində iki qəbz təqdim edib, birində cavabdehin iddiaçıya 3400 manat və 3000 manat dəyərində qızıl borcunun olması, digərində isə cavabdehin borcundan 300 manat qaytarması öz əksini tapır. Cavabdeh isə iddiaçıya olan borcunu qaytardığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim edə bilməyib. Cavabdehin qeyd etdiyi halı təsdiq edən, yəni borc məbləğinin ev ilə əvəzləşdirilməsi ilə bağlı rəsmi hər hansı sənəd, tərəflər arasında olan razılaşma mövcud deyildir. Göründüyü kimi cavabdeh əlyazma qəbzdə yazmaqla iddiaçıya 3400 manat və 3000 manat dəyərində qızıl borcunun olduğunu etiraf etmişdir. .....Cavabdehin hazırda iddiaçıya ümumilikdə 6400 manat borcunun (özünün etirafına əsasən) olması mübahisəsizdir. Lakin 2020-ci il sentyabr ayında cavabdeh borcundan 300 manat qaytarmışdır. Belə olan halda aydın olmuşdur ki, hazırda cavabdehin iddiaçıya ödənilməmiş qalan borcu 6100 (6400-300) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.” Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 8320 manat və 3000 manat pul məbləğlərinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Keşlə qəsəbəsində yaşayan müddətdə ev satmaq adı altında iddiaçıdan 8320 manat dəyərində qızıl-zinət əşyaları almışlar və girov qoyaraq pul götürmüşlər. Cavabdeh2 iddiaçının 3000 manat dəyərində qızıl əşyalarını və 34000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Cavabdeh2 evi iddiaçıya deyil, başqa şəxsə satmışdır. O, Cavabdeh1 qızıllarını ala bilmir. Cavabdehlər boynundan ataraq nə qızılını, nə evini, nə də pulunu qaytarmırlar.

6. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 qarşı tələbinin olmadığını bildirmiş, Cavabdeh1 ona verdiyi qızılların dəyəri olan 8320 manat məbləğinin və ya həmin qızılların (4 ədəd üzük, 7 ədəd klon) alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, Cavabdeh2 qarşı iddia tələbinə məhkəmənin digər hakimin icraatında olan mülki iş çərçivəsində baxılır. Sual-cavab zamanı o bildirmişdir ki, Cavabdeh2 verdiyi qızılları sonuncunun qızı Cavabdeh1 vasitəsilə göndərdiyinə görə Cavabdeh2 cavabdehlər siyahısından çıxarmır. Qızıllarını Cavabdeh2 versə də, tələb üzrə hər iki cavabdehi ərizədə saxlayıb.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmənin qərardadına əsasən verilmiş 16 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş üz tərəfində “16 mart 2014...” rəqəmləri ilə başlayıb “...Günel” yazısı ilə bitən dama-dama dəftər vərəqəsi parçasındakı “Yuxarıda göstərilən qızıl əşyalarını qoyub 000 manat götürdüm. Götürdüyüm məbləği vaxtında verməsəm qızıl əşyalarımın tərəfinizdən satılaraq borcun ödənilməsinə etiraz etmirəm. Cavabdeh2” yazıları – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş üz tərəfində “16 mart 2014...” rəqəmləri ilə başlayıb “...Günel” yazısı ilə bitən dama-dama dəftər vərəqəsi parçasındakı “Cavabdeh2” yazıları qarşısındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş üz tərəfində “16 mart 2014...” rəqəmləri ilə başlayıb “...Günel” yazısı ilə bitən dama-dama dəftər vərəqəsi parçasında “Bu mallar Mahirə müəllimin mallarıdır Günel, Günel” yazıları – Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş üz tərəfində “16 mart 2014...” rəqəmləri ilə başlayıb “...Günel” yazısı ilə bitən dama-dama dəftər vərəqəsi parçasındakı “4000” rəqəmlərindəki “4” rəqəmi tədqiqat üçün yararsız olduğundan, həmin rəqəmin Cavabdeh1 tərəfindən, Cavabdeh2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(011)- 1755/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

9. Qətnamənin əsaslarına görə, müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 və sonuncunun anası Cavabdeh2 aralarında müxtəlif vaxtlarda qızıl-zinət əşyalarının girov qoyularaq borcun alınması və bu qəbildən olan sair maliyyə əməliyyatları baş tutmuşdur. İddiaçı bildirir ki, o, 8.320 manat dəyərində 4 ədəd üzük və 7 ədəd klon olmaqla özünə məxsus qızıl-zinət əşyalarını xx.xx.2014-cü il tarixdə Cavabdeh1 vermişdir. Sonuncu isə bununla bağlı qəbz imzalayaraq, həmin qızılları 1-2 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür, qəbzə Cavabdeh1 özü və anası Cavabdeh2 imza çəkmişlər. O bildirir ki, cavabdehlər həmin qızılları başqa bir şəxsə girov qoyub faizlə pul götürmüşlər, bununla bağlı sübut olaraq müvafiq qəbzi məhkəməyə təqdim edir. Məhkəmə işin həqiqi hallarını müəyyən etmək üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Verilmiş rəylərlə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “xx.xx.2014-cü il” tarixli qəbzdəki “2014” rəqəmi əvvəlcə “2012” olmuş, sonradan dəyişdirilmişdir. Həmçinin ekspert rəyi müəyyən edilmişdir ki, həmin qəbzin mətnində öz əksini tapan “xx.xx.2014...” rəqəmləri ilə başlayıb “...Günel” yazısı ilə bitən dama-dama dəftər vərəqəsi parçasındakı “Yuxarıda göstərilən qızıl əşyalarını qoyub 000 manat (min) götürdüm. Götürdüyüm məbləği vaxtında verməsəm qızıl əşyalarımın tərəfinizdən satılaraq borcun ödənilməsinə etiraz etmirəm. Cavabdeh2” yazıları – Cavabdeh1 tərəfindən icra olunmuşdur, “xx.xx.2014...” rəqəmləri ilə başlayıb “...Günel” yazısı ilə bitən dama-dama dəftər vərəqəsi parçasındakı “Cavabdeh2” yazıları qarşısındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur, “xx.xx.2014...” rəqəmləri ilə başlayıb “...Günel” yazısı ilə bitən dama-dama dəftər vərəqəsi parçasında “Bu mallar Mahirə müəllimin mallarıdır Günel, Günel” yazıları – Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə verilmiş ekspert rəylərini qiymətləndirir və iş üzrə mötəbər sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələblərinin əsaslandırılması məqsədi ilə sözügedən əlyazma sənədi təqdim etməsinə baxmayaraq, üzərində 4 ədəd qızıl üzük və 7 ədəd qızıl klonun verilməsi əks olunmuş həmin əlyazma sənədi zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə və ya cavabdehlərə verilməsini təsdiq etmir. Belə ki, iddiaçının mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən əlyazmanın tərtib edilməsinədək həmin qızıllar onun tərəfindən cavabdehlərə verilmişdir, daha sonra isə bu qəbzin tərtibi yolu ilə həmin qızıllar üçüncü şəxsə girov qoyularaq cavabdehlər tərəfindən pul vəsaitləri əldə edilmişdir. İş materialları ilə iddiaçının bilavasitə cavabdehə və ya cavabdehlərə zinət əşyalarının verilməsi öz təsdiqini tapmadığından iddia tələbləri sübuta yetirilməmişdir və buna görə də təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, ekpert rəyinin məzmununa əsasən əşyaların “Mahirə adlı şəxsə məxsus olması” barədə qeydin cavabdehlər tərəfindən icra olunması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin iddia müddətinin ötürülməsi barədə cavabdehlərin ərizəsinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, cavabdehlər ona iddiada göstərdiyi qızılları və ya onların dəyərini 1-2 ay ərzində qaytarmalı olmasına baxmayaraq, iddiaçı onlara 2018-ci ilədək möhlət vermişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi borc münasibətləri üzrə borcun ödənilməsinin son icra müddəti 2018-ci il müəyyən edildiyindən, iddiaçı isə iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü ildə müraciət etdiyindən, iddia tələbləri üzrə iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddətinin tətbiqi barədə cavabdehlərin ərizəsi təmin edilərək iddia müddəti tətbiq edilməli və iddia tələbləri təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 372, 373, 375, 385, 427, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı qarşısında İddiaçı məxsus qızıl-zinət əşyaların və ya onların dəyərin qaytarılması ilə əlaqədar öhdəlik götürmüşlər və İddiaçı məxsus qızıl-zinət əşyaların və ya onların dəyərin geri qaytarmaq məsuliyyətini davam etdirmiş olurlar. İddiaçı məxsus qızılzinyət əşyaların və ya onların dəyərin qaytarılması ilə bağlı məsuliyyəti tərəflər arasındakı razılaşmaya əsasən istisna və ya məhdudlaşdırıla bilər. Hüquqi əsas olmadan borcun gecikdirilməsi o hallarda baş verir ki, bu cür gecikdirmə həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, İddiaçı ilə münasibətdə əsaslı və qanunu tələbi təmin etmək məhsuliyyəti daşısalar da, hüquqi əsas olmadan İddiaçı məxsus qızıl-zinyət əşyaların və ya onların dəyərin qaytarılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 asılı olmuş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bilərəkdən həmin İddiaçı məxsus qızıl-zinət əşyaların və ya onların dəyərinin qaytarılması üçün şərait yaratmamışlar. Birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərini pozmaqla səhvə yol vermişdir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunan sübutlara əsaslandırmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılımışdır ki, iddia tələbi ancaq formal mülahizələrə və sənədlərin saxtalaşdırılmasına əsaslanır. Bütün bunlar əvvəlki məhkəmə qətnaməsində və ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, iddiaçı X1 pul verməklə sonradan həmin şəxsləri şərləməklə və şantaj yolu ilə həmin şəxsləri hüquq mühafizə orqanlarına şikayət etməklə məşğuldur.O həmçinin pul verdiyi şəxslərin imzalarını saxtalaşdırır, həmin şəxslərin verdiyi qəbzlərdə verdiyi pul məbləğinin məbləğini saxta artırmaqla məşğuldur.İddiaç həm rəqəmlərin əvvəlinə və ya axırına məbləği və ya əşyaların sayını artırmaq üçün müəyyən rəqəmlər əlavə edir,sonradan məhkəmədə iddia qaldırır. Buna əyani sübut kimi Bakı Apelyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli qətnaməsini göstərmək olar. Həmin qətnamədə iddiaçının iddia tələbinin əsassız olduğunu, imza və rəqəmləri tam saxtalaşdırılması faktı mübahisəsiz sübuta yetirilmişdir. Bizim iddiaçıya borcumuz olduğu halda onun yenidən bizə sələmlə borc verməsinin işin faktiki halları ilə tam ziddiyyət təşkil edir və ağlabatan deyildir. Bundan əvvəl Apelyasiya Məhkəməsində işi araşdırarkən məlum olmuşdur ki, iddiaçının yetmişdən çox müxtəlif şəxslərə qarşı pul və qızıl-zinət əşyaları ilə əlaqədər iddia icraatı vardır. Birmənalı bildirirlər ki, onların iddiaçıya hec bir borcu yoxdur. Bu fakt hazırkı iş üzrə təyin edilmiş ekspertizanın rəyindən də acıq qörünür. Digər tərəfdən nəzərə almaq lazımdır ki, onların 16 mart 2012-ci ildə verdikləri qəbz iddiaçı tərəfindən saxtalaşdırılmış və 16 mart 2014-cü il kimi göstərilmişdir. Həmçinin iddiaçı tərəfindən iddia müddəti heç bir üzürlü səbəb olmadan buraxılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi

15. Cavabdeh2 və onun nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3226117Vəkil apelyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək təmin olunmamasını məhkəmədən xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh (nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Apellyasiya şikayəti iddianın əsaslandırılması ilə eyniyyət təşkil edir və iş üzrə bütün hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq düzgün qiymətləndirilmişdir. Buna görə də məhkəmə kollegiyası əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.

22. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sübut kimi istinad etdiyi qəbzdə cavabdehlərin onun qarşısında hər hansı bir öhdəlik götürməsi məzmununda heç bir ifadə yoxdur, həmçinin, qızılların iddiaçıya məxsus olması barədə qeydin də cavabdehlər tərəfindən yazılması təsdiqini tapmır və qəbzin tarixində də düzəliş aparılmışdır.

23. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinə əlavə edilmiş əlyazma sənədinin 2014-cü il tarixində tərtib olunduğuna istinad etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmənin qərardadına əsasən verilmiş 16 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş kağız vərəqinin üzərindəki “xx.xx.2014” əlyazma rəqəmlərindən “4” rəqəminin yerində əvvəlcə “2” rəqəmi olub sonradan əlavə cizgilər artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir. Bu da bir daha borcun verilmə tarixinin 16 mart 2012-ci il deyil 16 mart 2014-cü il olmasını təsdiq edir.

24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(011)- 1755/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(011)- 1755/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar