Məhkəmə qərarları › İş №2(103)-1389/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1389/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1389/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbi” barəsində iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ona dəymiş 10.000 min ABŞ dolları məbləğində maddi və 2.000 manat məbləğində mənəvi zərərin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 2500 ABŞ dolları məbləğində pulun, 147 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manatın Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Xətai Rayon Məhkəməsinin 2(011)-4895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10 000 (on min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və dövlət rüsumunun əvəzi olaraq 141 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qeyd etmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur, o, 2018-ci ilin sentyabr ayında həm ondan aldığı 10.000 ABŞ dollarını, həm də onun bir misli qədər əlavə pulu milli valyuta da ödəmişdir. Məhkəmələrin o zamankı qanuna istinadən müxtəlif cür qərarlar verməsi onun məsuliyyəti deyil. Onun məqsədi ziyanı ödəmək olub, onu da ödəyib. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, o, cəzasını çəkib, hazırda işləmir, xəstədir, 10.000 ABŞ dolları hazırkı kursla 17.000 manat edir ki, onun həmin məbləği ödəməyə imkanı yoxdur, müflis vəziyyətdədir.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(011)-310/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310,178.2.1,178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

8. Məhkəmənin hökmünə əsasən Cavabdeh 28 iyun 1993-cü ildən 21 fevral 2018-ci il tarixədək Bakı şəhər prokurorluğu Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi dəftərxana müdiri) vəzifəsində işləyərkən özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, bacısının əri X1 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin yanvar ayında tanışı İddiaçı özbaşına özünü vəzifəli şəxs, yəni Bakı şəhər prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə, məsul vəzifəli şəxslərlə əlaqələrindən istifadə edib sonuncunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X2 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzadan azad edilməsinin həmin müəssisənin məsul vəzifəli şəxslərinin xidməti səlahiyyətlərinin icrası ilə bağlı edəcəkləri hərəkətə görə birbaşa, şəxsən maddi nemət olan 10 000 ABŞ dolları məbləğində rüşvət veriləcəyi halda müsbət həll olunacağına Müsənnif Talıbovla birlikdə yalan vəd verib, 13 fevral 2014-cü ildə həmin dövrün məzənnəsi ilə 7.844 manat olan 10.000 ABŞ dollarını Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığında idarə etdiyi **-XT-*** dövlat qeydiyyat nişanlı «Mercedes E 240» markalı avtomobilində alaraq özlərinin şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə İddiaçı rüşvət verməyə təhrik etmiş və eyni zamanda özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi və İddiaçı buna inanması nəticəsində, sonuncunun əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur.

9. Hökmdən görünür ki, məhkəmə iclasında dindirilmiş Cavabdeh elan edilmiş ittihamda özünü təqsirli bilməməklə yanaşı verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı 2014cü ilin yanvar ayından tanımaqla ilk tanışlığı İstanbul şəhərində olmuşdur. Ürəyində olan problemlə bağlı yeznəsi Müsənniflə müayinə olunmaq üçün İstanbula getmiş və hava limanında onları o vaxta kimi tanımadığı İddiaçı qarşılamış, İstanbulda olduğu vaxt Amidlə söhbət zamanı sonuncu atasının yol-nəqliyyat hadisəsi törətdiyindən 07 il müddətə azadlıqdan məhrum edildiyini bildirmiş, Bakıya qayıtdıqda, Amid hüquqi yardım göstərilməsi üçün ərizə yazmasını xahiş etdiyindən, Müsənnifdən ərizə formasını götürüb Amid üçün ərizə yazıb əfv komissiyasına göndərməsi üçün Amidə vermiş, Amidin atasının azadlığa buraxılmasına vəd verməmiş, söhbət əsnasında ona prokurorluqda işlədiyini bildirmiş, lakin Amidə özünü Bakı şəhər prokurorluğunun polis orqanlarının istintaqa nəzarət şöbəsinin rəisi kimi təqdim etməmişdir. “Skype“’ proqramı ilə danışmaqlarına əsas səbəb evində gedən təmir işləri olmuş, Amid atasının ağır xəstə olduğunu, özünün Türkiyədə olduğundan getməyə imkanı olmadığını deyərək atasına baş çəkməyini xahiş etdiyindən, onun atası Qulu Hüseynovla 6 saylı cəzaçəkmə müəssisəsinin giriş hissəsində vəkil otağında bir dəfə görüşmüş, atasının işinin məhkəmədə yenidən baxılması üçün müddətin bərpa edilməsi üçün vəkildən hüquqi yardım almaq üçün Amidlə birlikdə təxminən 2014-cü ilin oktyabrnoyabr aylarında vəkil tanışı Əlimərdanla görüşmüş, lakin vəkil prosesin uzun və çox qəliz olmasını deyib yardım etməkdən imtina etmişdir. Bu işlə bağlı İddiaçı ona hər hansı məbləğdə pul verməmişdir. Ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, əvvəllər heç bir cinayət törətmədiyini, ailəli olmasını, ailəsinin tək dolandıran şəxs olmasını, 1993-cü ildən prokurorluq orqanında heç bir nizam-intizamı pozmadan işlədiyini və ona qarşı irəli sürülən ittihamın qərəzli olmasını nəzərə alaraq, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

10. Hökmdən görünür ki, məhkəmə iclasında dindirilmiş şahid İddiaçı ifadəsində bildirmişdir ki, 2012-ci ildə atası Qulu Hüseynov yol-nəqliyyat hadisəsi törətdiyindən barəsində cinayət işi başlanılmış, tanışı Müsənnif kömək edəcəyini desə de atası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ile 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu zaman Müsennifə iradını bildirdikdə sonuncu “gərək atan bir az cəzaçəkmə müəssisəsində qalsın ondan sonra çıxsın" demişdir. Bundan sonra İstanbul şəhərinə getmiş, İstanbulda olarkən atasının işi ilə maraqlanmaq üçün tez-tez Müsənniflə “skype" proqramı vasitəsilə görüntülü əlaqə saxlamış və sonuncu atasının məsələsini prokuror işləyən qaynı Elçin vasitəsilə həll edəcəyini demişdir. 2014-cü ildə Müsənnif qaynı Elçinlə birlikdə İstanbula gəlmiş və İstanbula gəlmələrinin səbəbi kimi ona sırf atasının işi ilə bağlı olmasını bildirmişlər. Söhbət zamanı Elçin özünü Bakı şəhər prokurorluğunun polisə nəzarət şöbəsinin rəisi kimi təqdim etmiş, Elçin qayıtdıqdan sonra tez-tez “skype” vasitəsilə əlaqə saxlamış, danışıqlar vaxtı Elçin məsələnin həlli uçun cəzaçəkmə müəssisəsinin rəisi ilə görüşəcəyini, ancaq onunla görüşməmişdən əvvəl pul verilməsinin vacib olduğunu demişdir. Təxminən 2014-cü ildə Bakıya qayıdıb Elçinlə görüşüb adını xatırlamadığı Elçinin tanışı olan vəkilin yanına gedib atasının işi ilə bağlı danışmışlar. Vəkillə aralarında pul danışığı ümumiyyətlə olmamış və sağollaşaraq Elçinlə birlikdə “Ukrayna dairəsi" adlanan yerin yaxınlığındakı restorana gemişlər. Yolda Elçin işin həlli üçün bəzi rüsumların ödənilməsinin vacib oduğunu və 10.000 ABŞ dollarına başa gələcəyini demiş, Elçinə inandığından İstanbuldan özünə gətirdiyi 10.000 ABŞ dollarını avtomobildə ona vermişdir. Restoranda olarkən, Elçin atasının işin həlli üçün ona etibarnamə verməli olduğunu dediyindən, həmin günün səhəri onunla əlaqə saxlayıb notariusa gedib etibarnamə vermiş, etibarnamə verəndən bir neçə gün sonra Elçin ona atası barədə hökmün surətini Hökümət evində əfv komisiyasında işləyən Adil adlı dostuna təqdim etməyi tapşırmış, deyilən yerdə Adil ilə görüşüb hökmün surətini vermiş və sonuncu ilə aralarında pul söhbəti olmamışdır. Adil hökmün surətini götürüb Elçinlə danışacağını demiş, Elçin atasının əfv olunan şəxslərin siyahısına düşəcəyini bildirmişdir. Bir müddət sonra İstanbula qayıtmış və Elçinlə “skype” vasitəsiilə əlaqə saxlayıb atasının işi ilə maraqlanmışdır. Danışıq zamanı Elçin işlə bağı cəzaçəkmə müəssisəsinə gedərək atası ilə görüşəcəyini demiş, telefonla danışarkən atası Elinin onun yanına gəldiyini bildirmişdir. Pulu Elçinə verməmişdən əvvəl sonuncu atasının cəzasının 1/3 hissəsini çəkdikdən sonra azad ediləcəyini desə də, bir müddət sonra isə atasının cəzasının yarısının çəkdikdən sonra azad ediləcəyini deyib. Ombudsmana ərizə ünvanlamaq lazım olduğunu bildirmiş və anası Gülüzənin adından Ombudsmana 5 dekabr 2016-cı il tarixli ərizə ünvanlamışdır. Həmin ərizədə olan imza anası tərəfindən deyil, Elçinin özü tərəfindən çəkilmiş və ərizədə Elçinin mobil telefon nömrəsi yazılmışdır. 2017-ciilin avqust ayından atasının azadlığa buraxılacağını Elçin ona əminliklə bildirdiyindən, Müsənnifin qızı Aydanla toy etmək məqsədiilə Bakıya qayıtmış, Bakıda olarkən Elçinlə söhbət zamanı məlum olmuşdur ki, Aydan başqa şəxslə evlənmış, Müsənnif isə başqa şəxslərə dələduzluq etdiyinə görə həbs olunmuş, həmin vaxt Elçinin ondan işin həlli üçün bəzi rüsumların ödənilməsinə görə ondan aldığı pulu tələb etdikdə sonuncu vaxt istəmiş, aralarında olan münasibətə görə həmin vaxt şikayət etməmidir. 2017-ci ilin oktyabrnoyabr aylarında Müsənnif həbsdən azad olsunsa da, heç nə dəyişməmiş, Elçin isə ümumiyyətlə onun telefon zənglərinə cavab verməmiş, sonradan sözlərinə əməl etmədiklərinə görə şiakyət etmiş, arasının işinin həlli üçün Elçinə verdiyi pullar qaytarılmamışdır.

11. Məhkum Cavabdeh qardaşı Ceyhun Qurbanov CM-nin 73-1.2-ci maddəsinə əsasən Cavabdeh cinayət məsuliyyətindən azad edilməsi üçün öz vəsait hesabına ibtidai istintaq tərəfindən hesab etdiyi ziyanı tamamilə ödəmək və cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etmək məqsədi ilə 13 sentyabr 2018ci il tarixli qəbzlə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi 7850 manat məbləğində pulu İcra Şöbəsinin depozit hesabına ödəmişdir.

12. Məhkəmənin hökmü ilə Cavabdeh qardaşı X4 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsi hökm edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1574/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə edilmiş əlavə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Cavabdeh barəsində xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(102)1079/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarından məhkum Cavabdeh müdafiəçisi X3 ilə birlikdə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)-106/2021 saylı qərarından görünür ki, kassasiya şikayəti və kassasiya şikayətin əlavə qismən təmin edilmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmiş, məhkum Cavabdeh qardaşı X4 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılması qərara alınmışdır. Qərar qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

16. Mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 147 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

21. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

22. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312- ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır.

23. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı).

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

30. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

31. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, onun iddiaçıya heç bir borcu yoxdur, o, 2018-ci ilin sentyabr ayında həm ondan aldığı 10.000 ABŞ dollarını, həm də onun bir misli qədər əlavə pulu milli valyuta da ödəmişdir. Məhkəmələrin o zamankı qanuna istinadən müxtəlif cür qərarlar verməsi onun məsuliyyəti deyil. Onun məqsədi ziyanı ödəmək olub, onu da ödəyib.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)-106/2021 saylı qərarından görünür ki, kassasiya şikayəti və kassasiya şikayətin əlavə qismən təmin edilmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmiş, məhkum Cavabdeh qardaşı X4 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılması qərara alınmışdır. Qərar qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

43. Göründüyü kimi, cavabdeh həmin məbləği ödəməli olduğunu qəbul edərək, həmin pulu ödədiyini, lakin məhkəmə qərarı ilə pulun qardaşına qaytarılmasının onun məsuliyyəti olmadığını qeyd edir.

44. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin borcu tam ödəməsi barədə dəlili üzrə qeyd edir ki, öhdəliyi icra etdiyini iddia edən borclu bunu özü sübut etməlidir. Hazırkı halda, iddiaçı pulu ödədiyini iddia etsə də, bunun təsdiqi kimi hər hansı sübut təqdim etmədiyindən, onun həmin dəlili əsassızdır.

45. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarına uyğun olmuşdur.

48. Belə ki, həmin qərarda qeyd edilir ki, ...Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. ...Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. ...Xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri);

49. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyə əsasən, hazırda cavabdehdən tələb olunan 10.000 ABŞ dolları pul iddiaçının mülkiyyəti hesab edilir, bu baxımdan da hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməməsi barədə (MM maddə 384) rayon məhkəməsinin mövqeyi mahiyyət etibarı ilə əsaslı olmuşdur.

50. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə:

51. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

52. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-4895/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar