Məhkəmə qərarları › İş №2(103)-1398/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1398/2025

03.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1398/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ("xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifə və məsuliyyət yaratdığından qeyd olunan öhdəliklərlə əlaqədar icra sənədinin icrası zamanı birgə borclu olduqlarından tutmanın onların ümumi mülkiyyətinə yönəldilməsinin mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh3, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1003/2024 saylı, 27 noyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Lənkəran şəhəri, X1 küçəsi 12 D ünvanda, 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Nümayəndə1 adına xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir.

2. “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən tərtib edilmiş 26 oktyabr 2022-ci il tarixli Y-380/22 saylı hərracın nəticələri haqqında yekun protokoluna və eyni tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən Nümayəndə1 mülkiyyətində olan ünvan 2 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan qeyriyaşayış sahəsi Cavabdeh3 tərəfindən 20150(iyirmi min yüz əlli) manata alınmışdır.

3. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3713/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsinə əsasən iddiaşı İddiaçı cavabdeh Nümayəndə1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilərək, Lənkəran şəhəri, X1 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsi üzərində İddiaçı və Nümayəndə1 ½ hissədə pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-888/2023 nömrəli qərardadı ilə qətnamədən üçüncü şəxs Cavabdeh3 Təvəkkül oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat Nümayəndə1 “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1nə və Cavabdeh3 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6797/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh3 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1912/2023 saylı iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, Nümayəndə1 “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1nə və Cavabdeh3 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə eyni zamanda qeyd olunmuşdur ki, qanunvericilik paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün, onun kreditorunun həmin payın ayrılmasını tələb etməli olduğunu tələb etsə də (§ 36, 44), bu tələbin pozulmuş olmasına (yerinə yetirilməməsinə) istinad edə biləcək şəxs borclu deyil, digər mülkiyyətçi ola bilər. Hazırkı halda isə, məhkəmənin ümumi birgə əmlak kimi qiymətləndirdiyi əmlakın hərracdan satışı digər mülkiyyətçi olduğu ehtimal edilən İddiaçı tərəfindən mübahisələndirilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, X1 küçəsi 12 D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan , 1 otaqlı qeyriyaşayış binasına "xxxx" MMC tərəfindən onun mülkiyyət hüququnu pozan xx.xx.2022-ci tarixli Y-380/22 N9-1 i protokol əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiada göstərilib ki, 1967-ci ildə anadan olmuşdur, orta ixtisaslıdır. 1989-cu ildə həmyerlisi Nümayəndə1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, bu münasibətdən xx.xx.1997-ci il təvəllüdlü Elnur adlı bir övladı var. Sonralar şəkər və digər xəstəliklərə məruz qalaraq gözdən kor olmaqla, İ qrup əlildir. Həyat yoldaşı Nümayəndə1 ilə ailə həyatı qurandan sonra ünvan 4 ünvanında 0.0027 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 21.1 kv. m olan 1 mərtəbəli, 1 otaqlı qeyri-yaşayış sahəsini almışlar. Həyat yoldaşı həmin qeyri-yaşayış sahəsində xırda ticarət etməklə onu və övladını maddi cəhətdən təmin edirdi. 2022-ci ilin qış aylarında, ona məlum oldu ki, iddiaçı, işdə 3-cü şəxs Cavabdeh3 onun xəbəri və icazəsi olmadan həyat yoldaşı Nümayəndə1 adına olan, birgə nikah dövründə əldə etdikləri qeyri yaşayış sahəsinə həyat yoldaşının ona olan borcuna görə, Lənkəran Rayon Məhkəməsi vasitəsilə həbs qoyulmuşdur. Tələbkar Cavabdeh3 Lənkəran İcra və Probasiya şöbəsi 1 saylı Notariat kontorunun icra qeydi: №81-9281,xx.xx.2021-ci il, Lənkəran Rayon Məhkəməsinin qərardadı №8(049)-298/2021, xx.xx.2021-ci il əsas tutaraq "Bakı Hərrac Mərkəzinə” müraciət edərək həyat yoldaşı Nümayəndə1 adına olan, birgə nikah dövründə əldə olunmuş qeyri-yaşayış binasını hərraca qoyulmaqla, 50.000 dəyərində olan dükanına 20150 (iyirmi min yüz əlli manat) qiymət qoydurmaqla, (hesab edir ki, öncədən razılaşmaqla) həmin hərracda alıcı olmuşdur. Bu gün onun hüququ pozulmuş, ona isə bu barədə heç bir məlumat verilməmişdi. Adı çəkilən “Bakı Hərrac Mərkəzinin” hərracın nəticələri haqqında yekun №Y-380/2022 saylı protokolun etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində həyat yoldaşı Nümayəndə1 iddia qaldırmış və həmin işdə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)- 3713/2022 saylı qərardadına əsasən o, da 3-cü şəxs olaraq işə cəlb olunmağına dair ərizə vermişdi. xx.xx.2023-cü il tarixli, 2(004)-1912/2023 saylı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən həyat yoldaşı Nümayəndə1 iddiası təmin edildi və ünvan 4 ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr 1 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən 26 oktyabr 2022-ci il tarixində keçirilmiş hərrac protokolu etibarsız hesab edildi və bu barədə qətnamə qəbul olundu. Tələbkar bu qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət verdi, şikayəti əsassız olaraq təmin olundu. Aşağıdakı sadaladığı hallara görə həmin hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulduğundan həmin protokol etibarsız hesab edilməlidir. Hərracın keçirilməsində onun xəbəri və icazəsi olmamış, sözügedən əmlaka 2/1 hissəsi müəyyən olunduğu halda, qanunsuz olaraq hərrac keçirilmişdir. Bundan başqa, yuxarıda qeyd olunan əmlak 008M**********42 saylı xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən 120 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixindən iş üzrə 3cü şəxs olan "xxxx" QSC-yə ipoteka qoyulmuş və hazırda həmin əmlak ipoteka saxlayan kimi "xxxx" QSC-nin yüklülüyündədir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qanunsuz mövcuddur. (DƏDRX-in arayışını iddia ərizəsinə əlavə etmişdir) “İcra haqqında” Qanunun 61-ci maddəsində hərraca çıxarılma əmlaka dair əlavə edilməsi nəzərdə tutulan sənədlərin siyahısı qeyd edilmiş və həmin maddənin 3-cü bəndinin 3-cü və 4-cü yarımbəndlərinə sifariş verilərək daşınmaz əmlak satıldıqda həmin əmlaka dair sənədlər və ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən, istifadə hüquqlarını və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin sürətlərinin əlavə edilməsi qeyd edilməlidir. Lakin Lənkəran İcra və Probasiya şöbəsi 6 ay əvvəl ipoteka qoyulmuş və hazırda da ipoteka predmeti olan daşınmaz əmlakı hərrraca çıxararkən həmin daşınmaz əmlaka dair sənədləri hərrac təşkilatına təqdim etməmiş və tələbin ipoteka predmetində olan əmlaka yönəldilməsi zamanı üstünlük hüquqlarının ipoteka saxlayanda olması barədə qanunvericiliyin tələbini pozmuşdur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1003/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbinin təmin edilərək Lənkəran şəhəri, X1 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi; Lənkəran şəhəri, X1 küçəsi 12D ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 01 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan, 01 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Y-380/22 saylı “Hərracın nəticələri haqqında yekun protokol” və eyni tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi; ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının Cavabdeh3 Təvəkkül oğlu qarşısında pul öhdəliyi olmuş, bu barədə notarius tərəfindən icra qeydi verilmiş, icra məmuru qanunsuz olaraq iddiaçının arvadı ilə ümumi birgə əmlakında olan iddiaçının payına tutma yönəldilməli olduğu halda bütün əmlaka tutma yönəldərək həmin əmlakın hərracdan satılması barədə sifariş vermişdir. Hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən etibarsız hesab olunmalıdır. Bundan əlavə, hərrac etibarsız hesab edildiyindən onun yekunlarına dair tərtib edilmiş protokol və müqavilə də etibarsız hesab edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh3 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, qeyd olunan qeyri-yaşayış sahəsi götürülmüş kreditin təminatı olaraq "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, lakin həmin kredit müqaviləsi üzrə öhdəlik tam icra edildiyindən, iddiaçının bank qarşısında öhdəliyi qalmamışdır. Başqa sözlə, əmlak üzərində yüklülük formal xarakter daşıyır. Sözügedən qeyri-yaşayış sahəsi hərraca çıxarılarkən icra qurumu bu faktı dəqiqləşdirmiş, borclu şəxsin banka olan borcunun tam ödənildiyi barədə müvafiq arayış əldə etdikdən sonra əmlakı hərraca çıxarmışdır. Təsadüfi deyil ki, iş üzrə üçüncü şəxs olmasına baxmayaraq bankın bu işdə heç bir marağı olmadığı üçün məhkəmə iclaslarında təmsil olunmur. Bundan əvvəl, eyni əsaslarla iddiaçının əri Nümayəndə1 da məhkəmədə iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun bu dəlillərinə qiymət verilərək iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırki işə baxan məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsi birgə nikah dövründə əldə edilmiş, bu səbəbdən ərarvadın ümumi mülkiyyətindədir. Belə olan halda, tələb yalnız borclu ərin, hazırki halda iddiaçının həmin əmlakda olan payına yönəldilə bilərdi. Sual olunur qeyd olunan əmlakın ər-arvadın ümumi mülkiyyətində olmasını kim müəyyən etdi? Bununla bağlı nikah kontraktında nə nəzərdə tutulduğu, yaxud tərəflərin arasında başqa razılaşmanın olubolmaması araşdırma predmeti olmamışdır. İş materiallarından göründüyü və məhkəmənin də qeyd etdiyi kimi iddiaçı mübahisəli əmlakda payların müəyyən edilməsi üçün sonradan Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və onun mübahisəli qeyri-yaşayış sahəsində 1/2 hissədə payı müəyyən edilsə də, həmin qətnamə apellyasiya şikayəti verdiyi üçün qüvvəyə minməmiş və hazırda həmin iş üzrə icraat dayandırılmışdır. İddiaçının ərinin cavabdehdən aldığı borc pul məhz iddiaçının müalicəsi üçün sərf olunub. Bu faktı iddiaçı iddia ərizəsində özü də etiraf edir. Məhz o pulla bir neçə dəfə İran İslam Respublikasına müalicə üçün gedib və pullar da həmin məqsəd üçün xərclənmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ərarvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İddiaçının və onun ərinin cavabdehin qarşısında birgə öhdəliyi yarandığı üçün onlar birgə borclu hesab olunurlar və tələbin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yönəldilməsi əsaslı olmuşdur. Lakin məhkəmə bu hissədə istinad etdiyi hüquqi mənbəni qətnaməsinə köçürməklə işini bitmiş hesab etmiş və bu hissədə heç bir araşdırma aparmamışdır. Ən başlıcası isə, iddianı təmin edib hərracın nəticələrini etibarsız sayan məhkəmə niyə bu nəticəyə gəldiyini də əsaslandırmamışdır. Belə ki, hərracın keçirilmə və təşkili qaydası Mülki Məcəllənin 415.1-415.7-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə isə həmin qaydaların pozulmasına görə məhkəmə maraqlı şəxsin iddiası əsasında hərracı etibarsız saya bilər. Sual olunur hərrac keçirilərkən Mülki Məcəllənin istinad olunan maddələri ilə müəyyən edilmiş hansı qayda pozulub ki, onun nəticələri etibarsız sayılsın? Hərraca çıxarılan əmlakda kiminsə payının olması ehtimalı ilə, hərracın keçirilmə qaydası arasında hansı əlaqə var. Hakim bunu heç nə ilə əsaslandırmamış, yalnız Mülki Məcəllənin aidiyyəti normasını qətnaməyə köçürməklə işini bitmiş hesab etmişdir. Bundan əlavə, iddiaçı müddəti ötürdüyü üçün hazırki tələb üzrə mübahisə hüququnu itirmişdir. Belə ki, iddiaçının özünün də etiraf etdiyi kimi artıq 2022-ci ilin yanvarfevral aylarında hərraca çıxarılması üçün mübahisəli qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulması ona məlum olmuşdur. Hərrac xx.xx.2022-ci ildə baş tutmuşdur. İddiaçı hazırki iddianı 07 yanvar 2024-cü ildə qaldırmışdır. Beləliklə, iddiaçı bir illik müddəti ötürmüşdür. Hər bir halda iddiaçının əri ilə birgə borclu olaraq ona borcu vardır və bu işin mübahisəsiz halıdır. Bu borc da, qeyd olunan qeyri-yaşayış sahəsi hesabına tam olmasa da ödənilmişdir. İddiaçının hazırkı əsassız iddiası heç bir normal məntiqə sığmır, o, bununla vaxt uzadır, dolayısı ilə borcu ödəməkdən yayınmağa çalışır. Baxmayaraq ki, hərracın qalibi olaraq sözügedən qeyri-yaşayış sahəsi ona məxsusdur, lakin iddiaçı hazırda da oradan istifadə etməklə əsassız gəlir əldə edir. Gələcəkdə bu barədə, yəni əldən çıxmış faydanın ödənilməsi ilə bağlı tərəfindən iddia qaldırılacaqdır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, hərrac keçirilərkən hərracın təşkili və keçirilməsi qaydasını müəyyən edən Mülki Məcəllənin istinad olunan normalarının heç biri pozulmayıb və həmin konkret pozuntu ilə bağlı heç bir dəlil göstərilməmişdir. İddiaçı yalnız ona əsaslanır ki, hərraca çıxarılan əmlak ipotekada olmuşdur. Məhkəmə bir az da irəli gedib hesab edir ki, əmlak ümumi mülkiyyətdə olduğu üçün hərrac etibarsız hesab edilməlidir. Lakin məhkəmə hərrac keçirilərkən konkret olaraq istinad olunan maddələrdə sadalanan hansı qaydanın pozulduğunu bildirmir, yaxud bildirə bilmir. Bu hal ümumiyyətlə məhkəmə araşdırmasının predmeti belə olmamışdır. Baxmayaraq ki, iddianın predmetini hərracın nəticələrinin etibarsız hesab edilməsi təşkil edir. Qanunun tələbinə görə isə hərracın nəticələri o vaxt etibarsız sayıla bilər ki, hərrac Mülki Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə keçirilmiş olsun. Bununla bağlı heç bir sübut yoxdur. Sübut olunmayan tələbin təmin edilməsi isə qanuni və əsaslı ola bilməz.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh3, nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdilər.

11. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 və nümayəndəsi Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

12. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X2 bildirdi ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü olsa da borc uzun müddətdir ki, ödənilmişdir və yüklülük formal xarakter daşıyır. Bankın həmin əmlakla bağlı heç bir iddiası yoxdur.

13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 nümayəndələri məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Maddə 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

16. “İpoteka Haqqında” Qanun:

Maddə.7.3. İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər.

17. “İcra haqqında” Qanun:

Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

18. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır...

3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

19. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki:

6.40. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.41.O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi).

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021 nömrəli qərardadı:

İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

25. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

27. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

28. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

29. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

30. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

31. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmiş, həm də tətbiq etdiyi normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

33. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

34. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçının hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.

35. Belə ki, mülki işin hallarından göründüyü kimi, icra məmuru tərəfindən notariusun icra qeydinin icra edilməsi məqsədi ilə borclunun icra qaydasında üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahəsinin hərracda satılmasına dair hərrac təşkilatına sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatı qeyd edilən sifariş əsasında xx.xx.2022-ci ildə hərracı müəyyən edilmiş qaydada keçirmiş və mübahisə predmeti olan qeyri-yaşayış sahəsi alıcı Cavabdeh3 tərəfindən hərraca çıxarılmış qiymətə alınmışdır. Bundan əvvəl, icra qeydi üzrə borclu olan iddiaçının əri, hazırkı iş üzrə nümayəndəsi olan Nümayəndə1 tərəfindən eyni məzmunlu iddia ilə məhkəməyə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməmişdir.

36. Hazırkı iddia üzrə iddiaçı isə icra qeydi üzrə borclunun rəsmi nikahda olan arvadıdır və iddiasının faktiki hallarından biri ondan ibarət olub ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi birgə nikah dövründə əldə edildiyindən, əri ilə onun ümumi birgə mülkiyyətindədir və buna görə də icra qeydi əsasında tutma tam olaraq həmin əmlaka yönəldilə bilməzdi. Birinci instansiya məhkəməsi də iddianı təmin edərkən iddianın bu dəlilini əsas götürmüş, yəni məhkəmə də iddianı əsaslı hesab edərək icra məmurunu tutmanın borclunun payına yönəldilməli olduğu halda bütün əmlaka yönəltməkdə qınamışdır.

37. İddianın qanuni əsası kimi Ailə Məcəlləsinin 31.1, 32 və 41.1-ci maddələri, eləcə də Mülki Məcəllənin 224-cü maddəsinin dispozisiya şərtləri nəzərdən keçirilə bilər. Ancaq iddianın əsaslı və mübahisəsiz təmin edilməli olması üçün Ailə Məcəlləsinin 41.2-ci maddəsindəki şərtlər baş verməməli idi. Qeyd olunan maddənin tələbinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, icra qeydində nəzərdə tutulan pul öhdəliyi iddiaçının ərinin öhdəliyi kimi qiymətləndirilsə də alınmış vəsaitin məhz ailə ehtiyacları üçün istifadə olunduğu açıq-aşkar olmaqla işin mübahiəsiz halına çevrilib. Bu faktı, eləcə də icra qeydində nəzərdə tutulan pul öhdəliyini tərəflər heç vaxt mübahisələndirməmişdir. Əksinə qeyri-yaşayış sahəsindən əldə edilən qazancla ailənin ehtiyaclarının təmin olunduğunu bəyan edilir. Düzdü apellyasiya baxışı zamanı iddiaçı icra qeydində nəzərdə tutulan öhdəliyin pulla əlaqədar olmadığını, qeyri-yaşayış sahəsində(mağazada) satılması üçün cavabdehdən ərzaq alındığını qeyd etsə də, bu halın həqiqiliyi belə heç nəyi dəyişmir. Çünki alınmış ərzağın da pulla ifadə olunmuş bir dəyəri mövcuddur. Demək ki, icra qeydində nəzərdə tutulan öhdəlik həm də iddiaçıya aid olduğundan ödəmənin onların ümumi əmlakına yönəldilməsi tam əsaslı və qanuni olmuşdur. Hətta təfsir olunan maddənin ikinci cümləsinin tələbinə görə tutma yönəldilən əmlak kifayət etməsə iddiaçı öz əmlakı ilə əri ilə birgə məsuliyyət daşıyır.

38. Təsadüfü deyil ki, Konstitusiya Məhkəməsinin Plenumu 23 iyul 2021-ci qərarında göstərdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır... Qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir... Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir... O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

39. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqe ilə eyni olan və hazırkı mübahisənin mahiyyəti üzrə iddiaının əsassızlığını təsdiq edən hallardan biri də “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarının 6.40 və 6.41-ci bəndlərində göstərilənlər olmuşdur. Belə ki, qeyd olunan bəndlərdə göstərilib ki, ərarvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Deməli, iddiaçının borclu olan ərinin Cavabdeh3 qarşısında öhdəliyi icra qeydinin verilməsinə əsas olmuş əqddən, iddiaçının öhdəliyi isə qanundan, yəni Ailə Məcəlləsinin 41.2-ci maddəsindən irəli gəlmişdir. Burada, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Göründüyü kimi, qeyd olunan müddəalar da icra qeydi əsasında tutmanın ər-arvadın ümumi öhdəlikləri üzrə borclunun adına qeydə alınmış mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsində qanunvericiliyin tələblərinin pozulmadığına dəlalət edir.

40. Göstərilənlərdən əlavə, apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü olsa da banka olan borcun xeyli müddət əvvəl tam ödənildiyini və ipoteka ilə yüklülüyün formal xarakter daşıdığını təsdiqlədi. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin formal olaraq ipoteka yüklülüyünün qalmasında iddiaçı tərəf də maraqlı olmuş, hətta həm hazırkı, həm də bundan əvvəl Nümayəndə1 tərəfindən verilmiş eyni məzmunlu iddialarda bu haldan iddianın faktiki halı kimi xüsusi olaraq istifadə edilmişdir. Ancaq bəllidir ki, qeyri-yaşayış sahəsi hərraca ipoteka predmeti kimi deyil, borclunun ipoteka predmeti olmayan əmlakı kimi çıxarılmışdır. Bu cür dəlillərdən istifadə etməklə iddiaçı tərəfin istəyi anlaşılan olsa da, vicdanlılıq prinsipinə uyğun sayılmır.

41. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunub ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Hazırkı iddianın məzmunu məhkəmə qərarı ilə etibarsız sayılan əqdlərlə bağlı olsa da etibarsızlıq üçün hər hansı bir səbəb müəyyən edilmir. Çünki hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı məhz etibarsızlığa səbəb ola biləcək hər hansı bir qaydalar pozulmamışdır. Başqa sözlə, hərrac icra məmuru tərəfindən verilmiş sifariş əsasında keçirilmiş və Cavabdeh3 tərəfindən qeyri-yaşayış sahəsi elə hərraca çıxarılmış ilkin satış qiymətinə əldə edilmişdir. Hərracın yeri və vaxtı barədə iddiaçı və əri rəsmi qaydada xəbərdar olunmuş, bu barədə “Market” qəzetində elan da verilmişdir(bax.i.v.70-81) Ona görə də, bu cür təsdiq edilməyən dəlillərdən istifadə olunması iddianın əsaslı olmadığını bir daha təsdiq etmiş olur.

42. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən edilənlərlə bir daha təsdiq olundu ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ziddiyyətli olmaqla yanaşı qanunvericiliyin tələbinə də uyğun olmamışdır. Çünki icra qeydi verilmiş öhdəliyin həm də iddiaçının öhdəliyi olduğu işdən və tərəflərin qarşılıqlı münasibətlərindən açıq-aşkar bəlli olduğu halda icra məmurunun tutmanın bütün əmlaka yönəldilməsi barədə sifarişini qanunsuz hesab etmiş, nəticədə Cavabdeh3 də icra qeydi üzrə tələbkar kimi uzun illərdən bəri pozulmuş hüquqlarının bərpasını bir az da əngəlləmişdir. Belə ki, iddiaçının ərinin bağladığı müqavilə üzrə əldə etdiyi vəsaitin ailənin ehtiyacları üçün sərf olunduğu işin mübahisəsiz halı olsa da icra qeydi əsasında tutmanın onların ümumi əmlakına yönəldilməsini qanunsuz saymışdır. Bununla da, iddiaçı tərəfin hüquqdan sui-istifadə edərək hazırkı iddianı irəli sürməsini haqlı saymışdır. Qanuni qüvvəyə minməsə də işdə olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-3713/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsinin məzmunundan bəlli olur ki, İddiaçı cavabdeh Nümayəndə1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası icra qeydi verildikdən sonra düşünülmüş şəkildə irəli sürülmüşdür. Vurğulanmalıdır ki, hətta qeyri-yaşayış sahəsinin üzərində iddiaçı və ərinin bərabər payı tanınsa belə, bu hal da heç bir halda hazırkı iddianı əsasılı və uğurlu etməyəcəkdir. Çünki iddiaçının həmin əmlak üzərində payı olduğu kimi, icra qeydi üzrə tələbkar qarşısında əri ilə birgə öhdəliyi də vardır. Bütün bunlar isə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin səhv olduğunu bir daha təsdiq etmiş olur.

43. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə edərək başqalarına zərər vurmanın yolverilməz olduğuna dair institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

44. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1003/2024 saylı, 27 noyabr 2024cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməli; İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1003/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər “Bakı Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar