Məhkəmə qərarları › İş №2(103)-140/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-140/2022

09.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-140/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Hüseynxan oğluna qarşı “keyfiyyətsiz üzlüklərin sökülməsi və sair tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “pulun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 yanvar 2017-ci il tarixli qətnamədən ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İlk iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 83.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ələkbər Məcidov küçəsində yerləşən 18 saylı evin mülkiyyətçisidir. xx.xx.2014-cü il tarixdə mülkiyyətində olan evi təmir etdirmək qərarına gəlmiş və təmirtikinti işlərini həyata keçirən cavabdehlə bununla əlaqədar olaraq görüşmüşdür. Görüləsi işlər barədə cavabdeh ilə razılıq əldə etdikdən sonra evin fasadının aqlay üzlüklə üzlənməsi üçün iddiaçı 10.000 manat pulu cavabdehə ödəmişdir. Razılaşmaya əsasən aqlayların vurulması zamanı daşlar çərçivəyə salınmalı, daşların kənarlarında yapışdırıcı maddədən istifadə olunmamalı və standart daşlardan istifadə olunmalı idi. Razılaşmadan sonra cavabdeh işə başlamış və bir müddət işləmişdir. Lakin sonradan işlərin gecikməsini görüb iddiaçı cavabdehə iradlarını bildirmiş, cavabdeh isə müxtəlif bəhanələrlə işləməməsinə haqq qazandırmış, lakin sonradan ümumiyyətlə işləri görməkdən imtina etmişdir. Bundan sonra iddiaçı, evinə gələrək görülmüş işlərlə tanış olarkən daşların çərçivəyə salınmadığının, keyfiyyətsiz aqlaydan istifadə olunduğunun, yapışdırıcılardan razılaşmaya uyğun istifadə olunmadığının və bir çox işlərin səmərəsiz görüldüyünün şahidi olmuşdur. Halbuki bütün bunlar razılaşmaya tamamilə zidd olmaqla bərabər evin ümumi görünüşünə və keyfiyyətinə də xələl gətirir. Bununla da, cavabdeh iddiaçıya maddi və mənəvi zərər vurmuşdur.

3. İddiaçı hesab edir ki, ona vurulmuş maddi zərərin əvəzi olaraq 10.000 manat, mənəvi zərərin əvəzi olaraq isə 83.000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödəməlidir. b) Qarşılıqlı iddia barədə məlumat

4. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və MPM-nin 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla iddiaçı arasında “Podrat müqaviləsinin” bağlanmış hesab edilməsi və həmin müqavilə üzrə gördüyü işlərə görə iddiaçı tərəfindən ödənilməmiş xərclərin əvəzinin ödənilməsi məqsədi ilə 12.676 manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, iddiaçı ilə aralarında əldə olunmuş razılığa əsasən iddiaçıya məxsus evdə görülməli olan aqlay işlərini tam görmüşdür. Bu hal evin foto şəkillərindən də müəyyən edilir. Buna baxmayaraq iddiaçı tərəfindən ona hissə-hissə 24.700 manat məbləğində ödənişlər edilmiş, lakin 12.676 manat ödənilməmiş qalmışdır.

6. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, həmin məbləğ iddiaçıdan tutularaq ona ödənilməlidir.

c) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, iddiaçıdan 4.736 manat məbləğində pulun alınaraq cavabdehə verilməsini, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun iş üzrə tərəflərdən bərabər hissələr ilə, yəni hər birindən 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.

8. İlk iddia ilə bağlı Rayon məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddianın “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsi əsassızdır. Çünki iddiaçı bu tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmir. “Vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” tələb sübuta yetmədiyindən iddianın “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələb də sübuta yetməyən tələb kimi əsaslı hesab edilə bilməz.

9. Qarşılıqlı iddia ilə bağlı isə Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya qarşı qarşılıqlı iddianı irəli sürmüş cavabdeh, iddiaçıdan onun xeyrinə məhz 12.676 manat məbləğində pulun tutulması barədə tələbini qismən sübuta yetirə bilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ödənilməmiş məbləğ cəmi 4.736 manat təşkil edir. d) Apellyasiya şikayəti barədə məlumat

10. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın qismən, yəni maddi zərərin əvəzi kimi (24.700-21.906=) 2.794 manat, mənəvi zərərin əvəzi kimi 83.000 manat ümumilikdə 85.794 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması hissəsində təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş ustalar cavabdeh tərəfindən cəlb olunmuş şahidlər olmuş və cavabdehin xeyrinə yalan ifadə vermişlər. Lakin, həmin şahidlərin usta olaraq iddiaçıya məxsus evdə işləmələri sübuta yetmir. İddiaçı ilə cavabdeh arasında yaranmış mülki mübahisədən şahid Mehralı Mirzəyevin xəbəri olmuş və sonuncunun verdiyi ifadədə göstərilənlər ilə cavabdehin verdiyi izahatda kəskin şəkildə fərq var. Lakin Rayon Məhkəməsi bunu əhəmiyyət verməmişdir.

12. Qarşılıqlı iddia ərizəsində guya qarşılıqlı iddiaçı tərəfindən görülən işlərin dəyəri elə hesablanmışdır ki, sonda onun 12.000-dən çox borcun olması ortaya çıxmış halbuki, bu işlərin neçəyə görülməsi ilə bağlı Mehralı Mirzəyevə hakim bir-bir sual vermiş, bu zaman alınan cavablarla qarşılıqlı iddia ərizəsində qeyd olunmuş qiymətlər tamamilə birbirinə zidd olmuşdur, bütün bunlar məhkəmə iclas protokoluna da daxil edilmişdir. Bu zaman cavabdehin vəkili isə adam unuda bilər ifadəsi ilə bu yaranmış ziddiyyəti aradan qaldırmağa çalışmışdır. Eləcə də, məhkəmə iclasında izahat verən şahidlər də rəhbər kimi Mehralı Mirzəyevi tanıdıqlarını qeyd etmiş, lakin, ekspert rəyində olmayan guya qarşılıqlı iddiaçı tərəfindən görülmüş işlərlə bağlı sual verildikdə isə hər bir şahid həmin mərhələdə artıq evdə işləmədiklərini bildirmişdir. Bu da onların tələbləri ilə protokola qeyd edilmişdir. Buna baxmayaraq, hakim sonda yenə də həm protokola qeyd olunanlara, həm də ekspert rəyinə əhəmiyyət vermədən, sadəcə Mehralı Mirzəyev və cavabdehin yalan izahatlarına əsaslanaraq cavabdeh tərəfindən ekspert rəyinə daxil edilməyən işlərin görülməsi qənaətinə gəlmişdir. Ən vacib məqamlardan biri də odur ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, 18128 nömrəli ekspert rəyindən açıqca görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin fasadında görülmüş işlərin dəyəri (mal-material dəyəri və əmək haqqı daxil olmaqla) 21.906 manat təşkil edir. Ekspertin qərəzli ola biləcəyi və ekspert tərəfindən cavabdehin gördüyü bəzi işlərin rəyə daxil edilmədiyi qənaətindədir. Ekspert qarşısında qoyulmuş suala uyğun olaraq evə baxış keçirmiş, əsaslı tədqiqat aparmış və yekunda bütün bu işlərin dəyərinin 21.906 manat olması barədə rəy vermişdir. Məhkəmə iclası zamanı görülən işlərin keyfiyyətsiz olmaması ilə bağlı ekspert rəyinə dair isə belə bildirdi ki, məsələ keyfiyyətsiz üzlüklərdən deyil, razılaşmadan kənar görülmüş işlərdən gedir, ən başda Mehralı Mirzəyev ilə razılaşmalarına əsasən üzlüklərlə fasad üzlənməli idi, lakin, cavabdeh bu razılaşmanı pozmuşdur. Bu zaman vəkil isə özünün də ekspert ilə birlikdə orda olmasını, işlərin keyfiyyətli şəkildə görülməsini, ekspertin də bu rəydə olmasını bildirmişdir, bu zaman vəkilə sualı belə oldu ki, ekspert ilə bu qədər yaxşı bir-birinizə başa düşürdünüz isə o halda, nəyə görə qarşılıqlı iddia ərizəsindəki işlərin də ekspert rəyinə daxil edilməsini təmin etmədiniz, əgər ekspert həqiqətən evə baxış keçiribsə görülən bütün işləri də ekspert rəyində qeyd etmişdir. Qərəzli olaraq hər hansı işin görülməsini ekspert rəyinə daxil etməməsi ekspert üçün hər hansı maraq doğurmur, əgər ekspert onların tərəfindən çıxış edən biri olsa idi, o halda, görülmüş işlərin də keyfiyyətsiz olmasını da rəydə qeyd edərdi. Əlavə olaraq ekspertin rəy ilə bağlı məhkəmə prosesində dindirilməsini də təmin etmədən hakim ekspert rəyində bəzi məsələlərin qeyd olunmadığı qənaətinə gələ bilmişdir. Ekspertin gətirilməsi üçün də hakimə vəsatət vermişlər, hakim isə bunun əvəzində hər hansı bir ustanı gətirib ona sual vermişdir, usta da sadəcə qiymətləri sadalamışdır, qaldı ki ekspert rəyində qarşılıqlı iddia ərizəsində göstərilən işlərin qeyd olunmaması barədə heç bir sual öz cavabını tapmamışdır, həmin usta da prosesə fasilə verilən anda qarşılıqlı iddia tərəfi ilə çay içməkdə idi ki, bu da ustanın qabaqcadan planlı şəkildə gətirildiyini göstərir. Lakin, hakim ekspertin gətirilməsi üçün verilmiş vəsatətə də münasibət bildirməmiş, hətta, böyük ehtimal bu barədə protokola da qeyd etməmişdir. Bütün bunlara baxmayaraq maraqlı nəticəyə gələn hakim, ekspert rəyinin tam əsaslı olmadığını qeyd edərək, qarşılıqlı iddia ərizəsində göstərilən işlərin də qarşılıqlı iddiaçı tərəfindən görüldüyü qənaətinə gələrək qarşılıqlı iddianı qismən təmin etmişdir. Ən vacib halların öz təsdiqini tapması, yəni məhkəmə iclasında izahat vermiş şahidlərin əslində evdə işləməmələri barədə, qarşılıqlı iddia ərizəsində göstərilən işlərin qarşılıqlı iddiaçı tərəfindən görülməməsi, sonradan evdə öz hesabına yenidən işlərin görülməsinin sübut olunması üçün şahidlərin məhkəmə iclasına gəlməsinə də hakim tərəfindən vaxt verilməmiş, qərəzli münasibət göstərməklə lazımsız olaraq uzadılmış proses 6 yanvar tarixində türk mütəxəssisin gəlməsinə 10 gün qalmış yekunlaşdırılmışdır.

13. Bunlardan başqa işə baxmış Rayon Məhkəməsi iddiaçıya öz şahidlərinin təqdim edilməsi üçün şərait yaratmamışdır. e) Apellyasiya instansiyası məhkəməsinin iş üzrə birinci dəfə gəldiyi nəticə

14. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə (İş № 2(103)-57/2020) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini, ilk iddianın qismən təmin edilərək iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 2.794 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 300 manat ilk iddia üzrə Cavabdeh İddiaçı xeyrinə tutulmasını, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsini qət etmişdir. f) Kassasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə

15. Həmin qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar (İş № 2(102)-3729/2020) ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsini, Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır. g) Hazırki apellyasiya baxışı barədə məlumat

16. Göstərilən səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iddiaçı tərəfindən iş üzrə verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında yenidən baxılmışdır.

17. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş ilk iddia üzrə iddiaçı və onun vəkilləri (nümayəndələri) X2 və Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişlər.

18. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş cavabdeh və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişlər.

19. İş üzrə tərəflər və vəkillər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışının növbəti iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) Məhkəmənin mövqeyi

20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

21. Belə ki, Rayon Məhkəməsinin ilk iddia tələbi ilə bağlı mövqeyinə görə, İddiaçı ona məxsus evdə Cavabdeh tərəfindən görülmüş işlərin keyfiyyətsiz olduğunu bildirərək ona maddi ziyan dəydiyini iddia etsə də, həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı sonradan işlərin yenidən görülməsi nəticəsində Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə qüsurların aşkar olunmadığını bildirsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı ona 83.000 manat məbləğində mənəvi zərər dəyməsini bildirsə də, mənəvi zərərin dəyməsini, bunun nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı maddi və mənəvi ziyanın dəyməsi öz təsdiqini tapmadığından və ilk iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

22. Rayon Məhkəməsinin qarşılıqlı iddia tələbi ilə bağlı mövqeyinə görə, Cavabdeh tərəfindən üzlük işlərinin görülməsinin dəyəri (hər kvadrat metri 8 manatdan hesablanaraq) 21.906 manat, evə lak vurulmasının dəyəri 2.400 manat, beton tökülməsinin dəyəri 1.050 manat, materialların yüklənib-boşaldılmasının dəyəri 1.500 manat, ayaqaltı qurulmasının dəyəri 2.580 manat olmaqla, ümumilikdə 29.436 manat olmuş, həmin məbləğdən 24.700 manat cavabdehə ödənilmiş, qalan 4.736 manat ödənilməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, 4.736 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh verilməlidir.

23. İşin hallarından müəyyən edilir ki, işlərin görüldüyü ev İddiaçı xüsusi mülkiyyətindədir. 2014-cü ildə iş üzrə tərəflər arasında evin fasadının üzlənməsi barədə şifahi razılaşma olmuş və Cavabdeh digər şəxslərlə birlikdə həmin evdə üzlüklərin vurulması və digər işlər görmüşlər. İddiaçı tərəfindən Cavabdeh 24.700 manat məbləğində pul vəsaiti ödənilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 18128 saylı rəydən görünür ki, evin fasadına vurulmuş üzlüklərin yapışdırılmasında hər hansı bir nöqsan aşkar olunmadı. Evin fasadı üzərində görülmüş işlərə sərf olunan ustanın əmək haqqısı 21.906 manat təşkil edir.

25. Bakı Apellyasiya Məhkəməsi tərəfindən (birinci apellyasiya icraatı zamanı) təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi olaraq verilmiş xx.xx.2019-cu il tarixli, 29014 saylı rəydən görünür ki, evin fasadına aqlay daşından vurulmuş üzlük plitələrin müxtəlif yerlərdə çatlaması, üzlük plitələrin bərkidiliməsində qranit yapışqanından istifadə olunması, pəncərə ali üst karnizlərin içəri salınmadan aqlay daşlarının (plitələrin) üzərinə yapışdırılması, ön fasadın giriş qapısının sütunlarının ətrafına kant daşların qeyrisimmetrik vurulması qapısının haşiyəsi ilə pəncərə haşiyənin arasında ölçü fərqliliyi, eləcə də karnizlərin, kant daşların, sütun daraqlarının keyfiyyətsiz cilalanması müəyyən edilir. Tədqiq olunan evin fasadında mövcud qüsurların qismən aradan qaldırılması texniki cəhətdən mümkündür. Həmin qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli bərpa işlərinin dəyəri (xidmət haqqı və materiallar daxil olmaqla) 3.408 manat məbləğində müəyyən edilir. Evin fasad divarları üzərində aqlay daşından yerinə yetirilmiş işlərin dəyərinin (xidmət haqqı) iş üzrə tərəflər arasında razılaşdırılmış qiymətlərə uyğun olaraq 15.201 manat məbləğində müəyyən edilir. Tədqiq olunan fərdi yaşayış evinin fasad divarları üzrə aparılmış işlərin dəyərinə dair ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında azalmağa doğru yaranmış (15.201-21.906=) 6.705 manat həcmində qiymət fərqi, tədqiq olunan ev üzrə yerinə yetirilmiş iş həcmlərinin dəqiqləşdirilməsi ilə izah olunur. Mülki iş materiallarından göründüyü kimi, tədqiq olunan fərdi yaşayış evinin fasad divarları üzərində işlərin yerinə yetirilməsinə dair iş üzrə tərəflər arasında qiymət razılığı əldə olunmuş, həmin qiymətə üzlük daşının vurulması, cilalanması, laklanması, eləcədəbu işlərin görülməsi üçün ayaqaltının quraşdırılıb sökülməsi daxildir. Belə olan halda tədqiq olunan obyekt üzrə görülmüş işlərdən əlavə digər işlərin yerinə yetirilməsi müəyyən olunmur. Rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi, tədqiq olunan evin fasadları üzrə tərəflər arasında razılaşdırılmış layihədən kənar əlavə işlərin yerinə yetiriliməsi və bununla əlaqədar, layihədə nəzərdə tutulmayan işlərə artıq əmək (xidmət) haqqının və materiallarının sərf olunduğu müəyyən edilir. Tədqiq olunan evin fasad divarları üzrə artıq görülmüş işlərin ayrı-ayrılıqda həcmi, dəyəri, rəyin tədqiqat hissəsində tərtib edilmiş qiymətləndirmə cədvəlində (smeta) əks olunmuşdur.

26. Qeyd olunan rəylər arasında ziddiyyət mövcud olduğundan apellyasiya instansiya məhkəməsi tərəfindən təkrar mühəndis-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekpertizası Mərkəzinin 17248 saylı, xx.xx.2019-cu il tarixli rəyi alınmışdır. Həmin rəydə qeyd edilir ki, evin fasadına aqlay daşından vurulmuş üzlük plitələrin müxtəlif yerlərdə çatlaması üzlük plitələrin bərkidilməsində qranit yapışqanından istifadə olunması, pəncərə altı və üst karnizlərin içəri salınmadan aqlay daşlarının (plitələrin) üzərinə yapışdırılması, ön fasadın giriş qapısının sütunlarının ətrafına kant daşların qeyrisimmetrik vurulması, giriş qapısının haşiyəsi ilə pəncərə haşiyənin arasında ölçü fərqliyi, eləcə də karnizlərin, kant daşların, sütun daraqlarının keyfiyyətiz cilalanması müəyyən edilir.Tədqiq olunan evin fasadında mövcud qüsurların qismən aradan qaldırılması texniki cəhətdən mümkündür. Həmin qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli bərpa işlərinin dəyəri (xidmət haqqı və materiallar daxil olmaqla) 3.408,1 manat məbləğində müəyyən edilir. Evin fasad divarları üzərində aqlay daşından yerinə yetirilmiş işlərin dəyərinin (xidmət haqqı) iş üzrə tərəflər arasında razılaşdırılmış qiymətlərə uyğun olaraq 15.201 manat məbləğində olduğu müəyyən edilir. Mülki iş materiallarından göründüyü kimi, tədqiq olunan fərdi yaşayış evinin fasad divarları üzərində işlərin yerinə yetirilməsinə dair iş üzrə tərəflər arasında qiymət razılığı əldə olunmuş, həmin qiymətə üzlük daşının vurulması, cilalanması, laklanması, bu işlərin görülməsi üçün ayaqaltının quraşdırılıb sökülməsi daxildir. Belə olan halda tədqiq olunan obyekt üzrə görülmüş işlərdən əlavə digər işlərin yerinə yetirilməsi müəyyən olunmur. Rəyin tədqiqat hissəsində qeyd edildiyi kimi, tədqiq olunan evin fasadları üzrə tərəflər arasında razılaşdırılmış layihədən kənar əlavə işlərin yerinə yetirilməsi və bununla əlaqədar, layihədə nəzərdə tutulmayan işlərə artıq əmək (xidmət) haqqının və materiallarının sərf olunduğu müəyyən edilir. Tədqiq olunan evin fasad divarları üzrə artıq görülmüş işlərin ayrı-ayrılıqda həcmi dəyəri rəyin tədqiqat hissəsində tərtib edilmiş qiymətəndirmə cədvəlində (smeta) əks olunmuşdur. İş üzrə keçirilmiş ilkin və təkrar rəylər arasında olan ziddiyyətlərə izah verilməsi ilə bağlı qeyd olunur ki, ilkin ekspertiza tədqiqatı (xx.xx.2016-cı il tarixli, 18128 saylı rəy) zamanı, evin fasadlarına vurulmuş üzlüklərin yapışdırılmasında hər hansı bir nöqsan aşkar olunmadığı və evin fasadı üzərində görülmüş işlərə sərf olunan ustanın əmək haqqının dəyərinin 21.906 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin, təkrar ekspertiza (xx.xx.2018-ci il tarixli, 29014 saylı rəy) tədqiqatı ilə, fərdi yaşayış evinin fasadına aqlay daşından vurulmuş üzlük plitələrin müxtəlif yerlərdə qatlaması, üzlük plitələrin bərkidilməsində qranit yapışqanından istifadə olunması, pəncərə altı və üst karnizlərin içəri salınmadan aqlay daşlarının (plitələrin) üzərinə yapışdırılması, ön fasadın giriş qapısının sütunlarının ətrafına kant daşların qeyri-simmetrik vurulması, giriş qapısının haşiyəsi ilə pəncərə haşiyənin arasında ölçü fərqliyi, eləcə də karnizlərin, kant daşların, sütun daraqlarının keyfiyyətiz cilalanması müəyyən edilmiş və görülmüş işlərin ümumi dəyəri 15.201 manat məbləğində təşkil etmişdir. Göründüyü kimi, ilkin və təkrar ekspertiza rəyləri arasında yaranmış ziddiyyət, fərdi yaşayış evinin fasadları üzrə aqlay daşlarından aparılmış üzlük işlərinin qüsurlu yerinə yetirilməsi ilə müvafiq texnologiyaya əməl olunmaması və yerinə yetirilmiş iş həcmlərinin dəqiqləşdirilməsi ilə izah olunur.

27. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə bildirir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində təkrar ekspert rəyinə istinad etsə də, ekspert rəyindən görünür ki, ekspertlər keçirilmiş ilkin ekspert tədqiqatı zamanı işlərin qüsurlu yerinə yetirilməsinin, texnologiyaya əməl olunmamasının və iş həcmlərinin düzgün müəyyən edilməməsini, ilkin ekspertiza keçirildiyi tarixdən 2 il 4 ay sonra təkrar ekspertiza zamanı isə həmin halların aşkarlandığını əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi isə həmin məsələlərə hüquqi qiymət verməmişdir.

28. Apellyasiya baxışı zamanı İddiaçı təkrar məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.

29. Göstərilənləri nəzərə almış Məhkəmə iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

30. Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/6313 nömrəli, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, evin fasad divarlarının aqlay daşları ilə üzlənməsi işlərinə hər 1 kv.metr və paqon metr 8 manatdan hesablanmaqla, göstərilən xidmət haqqının ümumi dəyəri 15.201 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli, 18128 saylı rəy ilə xx.xx.2018-ci il tarixli, 29014 saylı və xx.xx.2019-cu il tarixli, 17248 saylı ekspert rəyləri arasındakı uyğunsuzluq xx.xx.2016-cı il tarixli rəydə tədqiq olunan yaşayış evi üzrə yerinə yetirilmiş işlərin və sərf olunmuş tikinti materiallarının həcmlərinin artıq göstərilməsi səbəbindən əmələ gəlmişdir. xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli rəylərdə yerinə yetirilmiş işlərə dair tərtib edilmiş smetada göstərilənlər araşdırılarkən, layihədə nəzərdə tutulmamış 7.425 manat dəyərində tikinti materialından istifadə etməklə artıq görülən işlərə görə hesablanmış 2.328 manat xidmət haqqının, tədqiq olunan yaşayış evi üzrə yerinə yetirilmiş işlərə görə hesablanmış 15.201 manat məbləğində xidmət haqqının daxilində nəzərdə tutulduğu müəyyən olunmuşdur. Evin divarlarına vurulmuş aqlay üzlük plitələrin, həmçinin elementlərin üzərində, müxtəlif yerlərdə şaquli və üfüqi istiqamətlərdə çatların əmələ gəldiyi, üzlük plitələrin bərkidilməsində qranit yapışqanından istifadə olunduğu, pəncərəaltı və pəncərəüstü karnizlərin içəri salınmadan aqlay daşlarının üzərinə yapışdırıldığı, ön fasadın giriş qapısının sütunlarının ətrafına kantların qeyri-simmetrik vurulduğu, giriş qapısının haşiyəsi ilə pəncərə haşiyəsinin arasında ölçü fərqliyi olduğu, eləcə də karnizlərin, kant daşların, sütun daraqlarının keyfiyyətsiz cilalandığı müşahidə edilmişdir. Tədqiq olunan evin divarlarına vurulmuş ağlay üzlük plitələri üzrə yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli bərpa işlərinin (xidmət haqqı və materiallar daxil olmaqla) ümumi dəyəri təqribən 3.408 manat məbləğində müəyyən olunmuşdur.

31. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (maddə 762.1.). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (maddə 763.1.). Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (maddə 765).

32. İş materiallarından göründüyü kimi, ekspert rəyi əsasında cavabdeh tərəfindən görülmüş işlər keyfiyyətsiz kimi qiymətləndirilmiş və razılaşdırılmış işlər vaxtında yerinə yetirilməmişdir.

33. Göründüyü kimi cavabdeh razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə lazımi qaydada icra etməmişdir.

34. Mülki Məcəllənin tələblərinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (maddə 6.2.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 4481.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2.).

35. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçı iddia tələbində 10.000 manat pul vəsaitinin tutulmasını tələb etsə də, apelyasiya şikayətində maddi zərər qismində 2.794 manat pulun tutulmasını xahiş etmişdir. Belə olan halda ilk iddia üzrə Cavabdeh maddi ziyana görə 2.794 manat, ilk iddia üzrə İddiaçı xeyrinə tutulmalıdır.

36. Məhkəmə ilk iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

37. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

39. Məhkəmə qeyd edir ki, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

40. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalarının” 13-cü bəndinə görə, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə Cavabdeh qanunsuz əməlləri nəticəsində ilk iddia üzrə İddiaçı qanunla qorunan hüquqları pozulmuş və o mənəvi iztirablar keçirmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, İddiaçı mənəvi ziyan vurulmuşdur.

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

43. Məhkəmə ilk iddia tələbinin mənəvi zərər məbləğinə münasibətdə qeyd edir ki, həmin məbləğ ağlabatan məbləğdə təyin edilməli olduğundan, dəymiş mənəvi zərərin əvəzi kimi ilk iddia üzrə iddiaçının xeyrinə 300 manat məbləğində pul tutulmalıdır.

44. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Məhkəmə Ekpertizası Mərkəzinin 17248 saylı, xx.xx.2019-cu il tarixli rəyi ilə evdə işlərin keyfiyyətsiz görülməsi müəyyən edildiyindən cavabdehin iddiaçıya qarşı tələblərinin hüquqi əsası yoxdur. Belə olan halda qarşılıqlı iddia təmin edilə bilməz. i) Məhkəmənin iş üzrə gəldiyi nəticə

45. Beləliklə, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh maddi ziyana görə 2.794 manat, mənəvi ziyana görə isə 300 manat İddiaçı xeyrinə tutulmalı, ilk iddia qalan hissədə təmin ediməməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməli, qarşılıqlı iddia rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 400 manat (100+100+100+100 manat) Cavabdeh tutularaq Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 yanvar 2017-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Hüseynxan oğluna qarşı “keyfiyyətsiz üzlüklərin sökülməsi və sair tələbi barədə” ilk iddiası qismən təmin edilsin. Cavabdeh Hüseynxan oğlu tərəfindən İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 2.794 (iki min yeddi yüz doxsan dörd) manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat Cavabdeh Hüseynxan oğlundan tutularaq İddiaçı ödənilsin. Qalan hissədə ilk iddia təmin edilməsin. Cavabdeh Hüseynxan oğlunun İddiaçı qarşı “pulun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 400 manat məbləğində pul Cavabdeh Hüseynxan oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar