Məhkəmə qərarları › İş №2(103)-14025/2019

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-14025/2019

18.12.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-14025/2019 18.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Maraqlı şəxs X2 və vəkili X4 iştirakı ilə, Ərizəçi Rəhim-X9 “ölüm faktının müəyyən edilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun itirilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2001ci il tarixli, 2-1433/2001 saylı qətnaməsindən maraqlı şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2001-ci il tarixli, 2-1433/2001 saylı qətnaməsi ilə ərizəçi Rəhim-X9 ərizəsi təmin edilərək, Səltənət Əli qızının 17 may 1985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsində yerləşən 31 saylı daşınmaz əmlaka Səltənət Əli qızının mülkiyyət hüququnun itirilməsi və onun adına dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai (keçmiş Oktyabr) küçəsi 31 saylı evə Rəhimzadə Dadaş oğlunun mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 31 saylı evə dair İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsinin Bakı şəhəri Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. Maraqlı şəxs X2 apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan məhkəmə qətnaməsi birbaşa onun maraqlarına toxunur. Belə ki, Əzizbəyov rayon VVAQ bürosu tərəfindən verilmiş 19 avqust 1960-cı il tarixli nikah haqqında şəhadətnamədə qeyd edilmişdir ki, 1874-cü il təvəllüdlü Səltənət Əli qızı 1905-ci ildən Qasımov X11 ilə yaşamış, onların nikahları Əzizbəyov Rayon Xalq Məhkəməsinin qərarı ilə 12 avqust 1960-cı ildə rəsmiləşmişdir. Qasımov X11 isə onun babası olmuşdur. O atası X1 atası olmuşdur. X15 onun nənəsidir. Məhkəmə qətnaməsi ilə razı deyil, ciddi prossesual və maddi hüquq normalarının pozuntusu ilə qəbul olunmuşdur. X5 ölməsi faktının tanınmasını tələb edir və bildirir ki, guya sonuncu 1985-ci ildə ölüb. İşə baxan məhkəmə tərəfindən isə, Səltənət Əli qızının nə ölümü haqqında qeydin aparılıb-aparılmaması, nə onun adına vərəsəlik işinin açılıb-açılmaması, nə də onun digər qohum, yəni vərəsələrinin olub-olmaması heç bir şəkildə araşdırılmamışdır. Məhkəmə Səltənət Əli qızının 17 may 1985-ci ildə ölməsi faktını tanımışdır. Halbuki, Səltənət Əli qızı 29.03.1969-cu ildə ölmüş, bu barədə isə ölüm haqqında akt qeydləri kitabında 1969-cu ilin 4-cü ayın 21-ci günündə 38 nömrəli qeyd ilə qeyd aparılmışdır. Burada sual yaranır ki, ölümündən 16 il sonra ərizəçi onu necə görmüşdü?! Bu artıq sübut edir ki, ərizəçi digər bildirdiklərində də səmimi olmamış, həqiqəti təhrif etmişdir. Məhkəmə işə baxarkən Sabunçu Rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməməklə və ya Səltənət Əli qızına aid ölüm haqqında şəhadətnamənin verilib-verilməməsini araşdırmamaqla qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bununla da məhkəmə hüquqi faktlar əsasında deyil formal mülahizələr əsasında qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi işin faktiki halları ilə də uyğun deyil. Qətnamədə qeyd olunur ki, Səltənət Əli qızı ərizəçi İddiaçı əmisi X3 arvadıdır. Lakin bu həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı ilə Səltənət Əli qızı arasında isə heç vaxt heç bir qohumluq əlaqəsi olmamışdır. Daha sonra iddiaçı X7 cavabdehlər-İddiaçı, X6 və Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinə qarşı “alqı-satqı əqdinin bağlanılmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun iddiasının təmin olunmasına dair qətnamə çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X2 və vəkili X8 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya apelyasiya şikayətinə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsinin tələblərinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 391-ci maddəsində isə təsbit olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Sadalanan prosessual hüquq normalarından göründüyü kimi xüsusi icraat növündə baxılan işlər üzrə tərəflər ərizəçilər və maraqlı şəxslərdir. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən etmək imkanını nəzərdə tutsa da, xüsusi icraat qaydasında baxılması mümkün olan işlər hüquq haqqında mübahisənin olmadığı işlərdir və mübahisənin mövcudluğu işlərə həmin icraat qaydasında baxılmasını istisna edir, qəbul olunmuş ərizələr isə baxılmamış saxlanılır. Məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktlar o zaman müəyyən edilə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu zaman sənədləri başqa qaydada ala bilmədiyini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığına dair sübutları təqdim etmək vəzifəsi ərizəçinin üzərinə düşür. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində hazırkı ərizəyə baxıldıqda hüquq haqqında mübahisə olmasının müəyyən edildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Mülki Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü maddələrinin tələblərinə görə ərizə baxılmamış saxlanılmalı və həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Eyni zamanda ərizəçiyə izah olunmalıdır ki, o, ümumi əsaslarla iddia vermək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 259.0.10, 391 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2001-ci il tarixli, 2-1433/2001 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Rəhim-X9 “ölüm faktının müəyyən edilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun itirilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək faktının müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar