Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1406/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin etibarnamə əsasında nümayəndəsi və vəkili X4, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X5 və etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1, 1 saylı mənzilə bitişik torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil 28.09.2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh tərəfindən ünvan 1, 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək əvəzində İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında Cavabdeh mülkiyyətində olan (26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən) mənzilin sahəsindən 20 faiz artıq olmaqla yeni mənzilin İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehə verilməsi, ünvan 1, 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə ona yeni mənzil təqdim edilənədək, ona hər ay üçün 400 (dörd yüz) manat pulun iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən İddiaçı MTK-nın nümayəndəsi və vəkili X8 18.10.2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh tərəfindən ünvan 1, 1 saylı mənzilin (154 kv.m sahəli) boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək əvəzində İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında Cavabdeh mülkiyyətində olan (26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən) mənzilin sahəsi ilə eyni sahəli və əlavə 20 faiz artıq sahəsi olmaqla yeni mənzilin İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehə verilməsi, ünvan 1, 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə ona yeni mənzil təqdim edilənədək, ona hər ay üçün 500 (beş yüz) manat pulun kirayə haqqı kimi iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. ünvan 1, 1 saylı mənzil cavabdehə məxsusdur. Həmçinin cavabdeh Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 08 noyabr 2005-ci il tarixli 729 saylı sərəncamı əsasında mənzilin sahəsinin artırılmasını aparmışdır, mənzilə dair çıxarışda həmin sahə nəzərə alınmışdır. Mənzilə dair cavabdehin adına olan 26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən mənzilin sahəsi 154,0 kv.m göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019cu il tarixli qərarına əsasən: “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respüblikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 26 saylı evin sökülməsi qərara alınmışdır. Binanın sokülməsi və yerində yeni binanın tikintisi İddiaçı tərəfindən həyata keçirilir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzilinin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzilinin sökülməsi, həmin mənzilin əvəzinə Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında əvvəlki mənzilin sahəsindən 20% artıq sahəli təmirli mənzil verilməsi, Yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə, onun əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzilindən çıxarılması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili X3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. İddiaçı MTK mənzillərin təmirinə, şəraitinə, çəkilən xərcə heç bir fərq qoymadan, göstərdiyi faktorların heç birini nəzərə almadan bütün sakinlərin mənzillərinə ucdantutma hər bir kv. metr üçün ***-**** manat təklif edir. Bu isə tam qanunsuzluq və ədalətsizlikdir. Mənzilinin ümumi sahəsi çıxarışda 154 kv.metr göstərilsə də, faktiki isə 240 kv. metrdir. Təmiri də yüksək səviyyəli təmirdir. Mənzilinin hər bir kv.metrinə görə 3000-3500 manat arası olmaqla cəmi 750.000 manat məbləğində kompensasiya istəyir. Mənzil Tikinti Kooperativi etdiyi qanunsuz hərəkətləri ilə onu mülkiyyət hüququndan məhrum etməyə çalışır. Bu isə qanuna zidd olan bir haldır. Məhkəməsi mənzilin texniki pasportunda “mənzilin texniki göstəriciləri” bölməsində və Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 08.11.2005-ci il tarixli, 729 saylı Sərəncamda mənzillə, onun texniki göstəriciləri ilə bağlı yazılanların heç birini tam qanunsuz və əsassız olaraq nəzərə almamışdır. Bundan başqa məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməmiş və mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət etməmişdir. Mənzilinin texniki göstəriciləri, yəni faktiki sahəsi həyətyanı torpaq sahəsi ilə birgə, mənzilinin təmiri və bu işlərin görülməsinə çəkdiyi xərclər müstəqil qiyməıtləndirici tərəfindən qiymətləndirilməklə, məhkəmə tikinti-texniki ekspertizası təyin edilib müvafiq rəy alınmaqla obyektiv, ədalətli və qanuni şəkildə qiymətləndirilsin və onların dəyəri iddiaçı tərəfindən ona kompensasiya kimi ödənilsin. Məhkəmə maddi və prosessual hüquq normalarının tələb və göstərişlərini pozmuş və nəzərə almamış, ədalətsiz mövqe tutmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və apelyasiya məhkəməsində aparılacaq araşdırmanın nəticələrinə uyğun iddiaçı tərəfindən ona ədalətli kompensasiyanın ödənilməsinin təmin olunması barədə yeni qətnamə qəbul qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh nümayəndəsi X9 və nümayəndəsi və vəkili X3 apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və apelyasiya məhkəməsində aparılacaq araşdırmanın nəticələrinə uyğun iddiaçı tərəfindən ədalətli kompensasiyanın ödənilməsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili X8 Cavabdeh nümayəndəsi və vəkili Abuzər Səfərov tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi, iddia ərizəsində və ərizəyə əlavələdə göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh nümayəndəsi və vəkili Abuzər Səfərov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən, 70,8 kv.m yaşayış sahəsi və 83,2 kv.m yardımçı sahə olmaqla, ümumilikdə 154,0 kv.m ümumi sahədən ibarət 1 saylı mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1652 nömrəli reyestr kitabının 151538 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 26 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır.(İ.vər. 33) İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 08 aprel 2014-cü il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" Mənzil Tikinti Kooperativinə tapşırılmışdır.(İ.vər. 5) İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10/İ-1063 nömrəli iş üzrə istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 14/102 nömrəli, 2014-cü il tarixli ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yerləşən 1,9276 hektar torpaq sahəsi yaşayış binalarının tikintisi üçün "xxxx" Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir.(İ.vər. 8 - 9) İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 01 saylı müraciətini və "xxxx" Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 173 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı Mənzil Tikinti Kooperativinin adına rəsmiləşdirilmişdir.(İ.vər. 6) İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı MTK-ya ünvanladığı 10 iyun 2021-ci il tarixli, XO-02-2021-01671 saylı məktubdan və ona əlavə edilmiş 10 iyun 2021-ci il tarixli Tİ-53/21 nömrəli tikintiyə icazə sənədinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsi, 2400-cü məhəllədə inşası nəzərdə tutulan yaşayış (Baş plan üzrə 3 saylı) binasının tikintisinə dair verilmiş 10 iyun 2021-ci il tarixli Tİ-53/21 nömrəli tikintiyə icazə sənədinin surəti İddiaçı MTK-ya təqdim edilmişdir. Tikintiyə icazədə nəzərdə tutulmuş məlumatlar Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilmişdir, tikintiyə icazə sənədinin surəti nəzarət və məlumat üçün müvafiq qurumlara göndərilmişdir.(İ.vər. 53 - 56) Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 26 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan, tam təmirli mənzil vermək niyyətindədir. Bununlada müəyyən olunur ki, cavabdehin həmin mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 26 saylı evin 1 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X6 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Habelə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; Konstitusiyanın 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Konstitusiyanın 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; Konstitusiyanın 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X12 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 26 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh nümayəndəsi və vəkili Abuzər Səfərov apelyasiya şikayətində mənzilin real bazar dəyərinin İddiaçı MTK tərəfindən onlara təklif edilən kompensasiyadan yüksək olması barədə göstərdikləri dəlilləri əsassızdır və cavabdeh göstərilən halları sübuta yetirə bilməmişdir. Odur ki, Cavabdeh nümayəndəsi və vəkili Abuzər Səfərovun apelyasiya şikayətində göstərdikləri dəlillər məhkəmə kollegiyası tərəfindən sübut kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası həmçinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi və mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət edilməsi barədə Cavabdeh nümayəndəsi və vəkili Abuzər Səfərovun apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər iddia tələbinin rədd edilməsi üçün əsaslı hesab edilə bilməz. Odur ki, apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Abuzər Səfərovun apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Abuzər Səfərovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Vahid Sadıqov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1406/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1406/2022
08.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver