Məhkəmə qərarları › İş №2(103)-1407/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1407/2025

30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1407/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “torpaq sahəsi ilə bağlı cizginin verilməsi” tələbinə dair iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5965/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “torpaq sahəsi ilə bağlı cizginin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il tarixində Bakı Sabunçu Dəmir Yolu İdarəsi tərəfindən ona ayrılmış, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5965/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi və iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə iddiaçı fiziki şəxs cavabdeh hüquqi şəxsin varisi olduğu orqanın işçisi olmuş və həmin orqan tərəfindən iddiaçı fiziki şəxsə torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsi ilə bağlı cizgi iddiaçı fiziki şəxsə təqdim edilməmişdir və iddiaçı fiziki şəxs 40 ildən çoxdur ki, özünün istifadə və sahibliyində olan torpaq sahəsi ilə bağlı cizginin təqdim edilməsini istəməkdədir. Həmçinin qeyd edirlər ki, dəmir yolunun təhkim zolağı hüdudlarında yerləşən torpaq sahəsinin fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi ilə bağlı münasibətlər Azərbaycan SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 270 nömrəli Qərarına əsasən, eyni zamanda Azərbaycan Dəmir Yolu rəisinin xx.xx.1979-cu il tarixli 29 nöməli əmrinə əsasən tənzimlənmişdir və o sənədlərin surətləri iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli Qərarına əsasən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.2-ci bəndinə əsasən Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Yəni, İddiaçı işçisi olduğu cavabdeh QSC-dən cavabdehin balansında olmuş əmlakla (torpaq) bağlı torpaq sahəsinə dair cizginin verilməsi tələbi işçi və işəgötürən arasında olan münasibətlər çərçivəsində qiymətləndirilməlidir və bu səbəbdən də cavabdeh QSC-nin işçisi ilə bağlı səlahiyyəti ilə bağlı işçinin tələbindən yaranmış mübahisə xüsusi hüququn nizamasalma predmetinə aiddir. Bu səbəbdən də, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla yox, məhz xüsusi hüquqla tənzimlənir və mübahisənin məhkəmə aidiyyəti də məhz bu səbəbdən ümumi məhkəməyə aiddir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçının nümayəndə-vəkili məhkəməyə ərizə ünvanlayaraq mübahisləndirilən qərardadın məhkəmə aidiyyəti ilə bağlı olduğunu, bu təqdirdə şikayətin birbaşa kassasiya instansiya məhkəməsinə göndərilməli olduğu halda apellyasiya instansiyasına göndərilməsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5965/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının tələbini inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirərək Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması) istinadən iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, dəmir yolunun təhkim zolağı hüdudlarında yerləşən torpaq sahəsinin fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi Azərbaycan SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 270 nömrəli Qərarına və Azərbaycan Dəmir Yolu rəisinin xx.xx.1979-cu il 29 nömrəli əmrinə (sonradan Azəbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli Qərarına) əsasən həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Dəmir Yolları” QSC dəmir yolunun təhkim zolağı hüdudlarında fiziki və hüquqi şəxslərin istifadəsinə torpaq sahəsinin verilməsi ilə bağlı həmin şəxslərə münasibətdə publik səlahiyyətin daşıyıcısı kimi çıxış edir, bu səbəbdən də hazırki mübahisənin tərəflərinin bərabər olduğu və bir-birindən asılı olmadığı mülki hüquq münasibətlərindən yaranmasından bəhs etmək mümkün deyil. Sözügedən tələb inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı çərçivəsində baxılıb həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati İcraat” haqqında Qanunun 2.0.1-ci maddəsinə, habelə həmin Qanunun tədbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 nömrəli Fərmanına əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları), onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilir ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyətini və tərəflər arasındakı münasibətləri nəzərə alaraq, iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Şikayətin dəlilləri ilə kollegiya razılaşmır və onları qərardadın ləğvi üçün əsas hesab etmir. İddiaçının nümayəndə-vəkilinin apellyasiya icraatı zamanı ünvanladığı ərizəyə münasibətdə isə kollegiya bildirir ki, MPM-in 24-cü maddəsindən göründüyü kimi məhkəmə aidiyyəti dedikdə mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti nəzərdə tutulmuşdur. Bu səbəbdən hazırki tələbə inzibatı məhkəmədə baxılması əsası ilə birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu məhkəmə aktı məhkəmə aidiyyəti ilə bağlı qərardad hesab edilmədiyindən, həmin qərardaddan verilən şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsində mülki-prosessual normalar düzgün tətbiq edilmişdir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarda göstərilir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilmədən, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5965/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5965/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar