Məhkəmə qərarları › İş №2(103)-1408/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1408/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1408/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 1235/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin mübahisə edilməyən hallarına görə, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 100, 5 saylı mənzil İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətindədir. Həmin binada yerləşən Cavabdeh (bundan sonra – cavabdeh) məxsus 6 saylı mənzil üst mərtəbədə, iddiaçının mənzilinin üzərində yerləşir. İddiaçı mənzilinin dəfələrlə üst qonşusu olan cavabdehin kirayənişinləri tərəfindən axıdılan çirkab suyunun təsirinə məruz qaldığını, sonuncu dəfə 2019-cu ilin mart ayında təkrarlandığını, təzə təmir etdirdiyi mətbəx bərbad hala düşdüyündən təkrar təmir etmək zorunda qaldığını, dəfələrlə 42 saylı MKİS-nin rəhbərliyi tərəfindən usta göndərək təmir təklifi də edilsə də, cavabdehin birmənalı olaraq imtina etdiyini, bu barədə akt da tərtib edildiyini, məcbur olaraq mətbəxi və yataq otağı çirkab suyun təsirinə məruz qalmaması üçün ona məxsus qovşağı da təmir etdiyini, mətbəxin və cavabdehin sanitar qovşağının təmiri üçün 2500 manat xərclədiyini iddia edərək, eyni zamanda, təzə təmirli mətbəxinin yararsız hala düşdüyünü gördükdə sarsılaraq mənəvi iztirab çəkdiyinə görə cavabdehdən 2500 manat maddi, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı, 5 manat notariat xərcləri və sənədlərin tərtibi üçün ödənilmiş 50 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə Yasamal rayon 42 saylı Mənzil kommunal istismar sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt təqdim edilmişdir. Aktda qeyd olunmuşdur ki, 5-ci mənzildə yaşayan İddiaçı mətbəxinə üst mərtəbədən, mənzil 6-nın mülkiyyətçisi Cavabdeh kirayənişinlərinin sanitar qovşaqda suyu açıq qoymaları nəticəsində su tökülmüş, mətbəxin divarları suyun təsirinə məruz qalaraq ziyan vurulmuşdur. Cavabdeh sanitar qovşağında suyun axıdılmasının qarşısının alınması üçün tədbir görməsi dəfələrlə xahiş edilməsinə baxmayaraq, o sanitar qovşağını təmir etdirməmiş və MKİS tərəfindən göndərilən ustadan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki espertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 5610 saylı ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, B.Səfəroğlu küçəsi ev 100, 5 saylı mənzilin tavanı və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, 42 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, 5 saylı mənzilə yuxarı mərtəbədəki 6 saylı mənzilin sanitar qovşağından suyun sızması müəyyən olunur. Bakı şəhəri Yasamal rayonu, B.Səfəroğlu küçəsi ev 100, 5 saylı mənzilin (mətbəx) tikilisinin divarları və tavanında yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 506 manat məbləğində olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını və ekspert rəyini nəzərə alaraq, xx.xx.2020-ci il tarixli 2(004)-1235/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi və cavabdehdən 506 manat maddi ziyan, 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı və 5 manat notariat xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Hazırda qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən dəyişdirilməsini, iddia tələbinin qalan təmin edilməmiş hissəsinin dəyişdirilərək, dəymiş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eyni olan şikayətdə göstərilmişdir ki, məhkəmə deliktə əsaslanaraq, maddi ziyanın ödənilməsini qət edilmiş, mənəvi ziyanın ödənilməsini isə təmin etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən, yalnız iddiaçının mübahisələndirdiyi (iddia tələbinin təmin edilməmiş) hissədə yoxlanılması təşkil edir, çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən – iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının mənzilinə cavabdehə məxsus olan 6 saylı mənzildən su axması baş vermişdir. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt, ekspertiza rəyi ilə təsdiqini tapır. Görülməli təmir bərpa işlərinin dəyəri isə ekspert rəyi ilə mövcud bazar qiymətlərinə uyğun olaraq 506 manat məbləğində olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəydə göstərilən məbləğin yaranması zərurətini detallı şəkildə açıqlamış, öz rəyini kifayət qədər əsaslandırmışdır. Apellyasiya baxışı zamanı ekspert rəyini, dəymiş zərərlə bağlı ekspert rəyində göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 506 manat məbləğində maddi zərər tutulması nəticəsinə gələrək, həmin hissədə iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə iddia tələbinin kifayət qədər əsaslandırılmamasına görə mənəvi zərər hissəsində iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə də qənaəti qanuni və əsaslıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Həmin Qərarda həmçinin izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsinin yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, bunun nəticəsində onun sağlamlığının pozulmasını və fiziki əzab çəkməsinin nədən ibarət olduğu, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə bu hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apelyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1235/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar