Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1408/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1, Mütəxəssis X6nın iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2024 saylı 06 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 08 sentyabr 2021-ci il tarixli EBankçılıq Xidməti Müqaviləsinin surətindən görünür ki, E-Bankçılıq vasitəsi ilə Bank Müştəriyə Müştərinin tapşırığı əsasında real vaxt rejimində Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş siyahıda nəzərdə tutulmuş xidmətləri təqdim etməyi, Müştəri isə bunun müqabilində Banka bu Müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etməyi öhdəsinə götürür (bənd 2.1).
2. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən hesabdan çıxarışdan görünür ki, 05 may 2024-cü il tarixdə ayrı-ayrılıqda 1000 TRY, 1000 TRY, 1000 TRY və 1500 TRY olmaqla ümumilikdə 4500 TRY məbləğində pul vəsaiti iddiaçıya məxsus kart hesabından “Hotel Kolagası”na köçürülmüşdür.
3. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 ünvanlanan 28 iyun 2024-cü il tarixli, RB-02/2752 nömrəli cavab məktubundan görünür ki, müştəri X1 ilə Bank arasında xx.xx.2021-ci il tarixində imzalanmış müqaviləyə əsasən Kartmane MC World Debet kartı təqdim olunmuşdur. Onun plastik kart hesabından xx.xx.2024-cü il tarixində sonu ****9485 ilə bitən plastik kart hesabından “Hotel Kolagasi” təyinatı ilə 4500 TRY məbləğində vəsait silinmişdir. Sözügedən əməliyyatlar 3D təhlükəsizlik kodu təsdiq edilmədən həyata keçirilmişdir. Sözügedən ödənişin onun tərəfindən icra edilmədiyi halda, Beynəlxalq Ödəniş Sistemlərinin tətbiq etdiyi qaydaya əsasən əməliyyatın icra tarixindən 120 gün ərzində Chargeback ərizəsi yazılmalıdır. Lakin bu müddət ərzində tərəfindən Chargeback iddia ərizəsi təqdim olunmadığı təqdirdə müraciətin araşdırılması təəssüflər olsun ki, mümkün olmayacaqdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı bir neçə il bundan əvvəl "xxxx" Açıq Səhmdar Cəmiyyətində 4189 8000 8097 9485 saylı Bank Kartı açdırmış və həmin kartın müddəti 07/2026-cı ilə kimi qüvvədədir. xx.xx.2024- cü il tarixində saat 17:52 və 17:58 radələrində ona məlum olmayan şəxs tərəfindən onun Kartına dörd dəfə müdaxilə olunmuş və 1500 tele, 1000 tele, 1000 tele, 1000 tele olmaqla ümumilikdə , 4500 (dörd min beş yüz) tele pul yəni 240 (iki yüz qırx) AZN manat çıxarılmışdır. onun kartından qanunsuz olaraq çıxarılmış pul vəsaiti Hotel Kolagası-nın (Türkiyə Respublikası Corum şəhəri) hesabına köçürülmüşdür. Bildirilir ki, iddiaçı heç vaxt Hotel Kolagası ilə heç bir əlaqəsi olmamış və onun hesab kartının nömrəsini Bankdan başqa heç kim bilmir. Bank haqqnda qaydalara əsasən Bank tərəfindən onun kartına müdaxilənin qarşısını almalı olduğu halda bu edilməmişdir. Bununla əlaqədar iddiaçı Banka zəng edərək ona qarşı cinayət etmiş şəxslərin tapılması, onun Kartından çıxarılmış pulun qaytarılması və onlar barədə qanuni tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına məlumat verilməsini xahiş etmişdir. Lakin Bank əməkdaşları cinayət yolu ilə onun Bank Kartından çıxarılmış pul vəsaitinin kim tərəfindən çıxarılması barədə araşdırma aparılması xahiş etdikdə, iddiaçıdan xidmət haqqı adı ilə əlavə 30 manat pul tələb olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Bankın səhvi nəticəsində onun kartına edilmiş müdaxilə nəticəsində ona vurulmuş 4500 Tele pul yəni 240 (iki yüz qırx) AZN manat vəsaitinin ona qaytarılmasını tələb etmişdir. Bank tərəfindən edilmiş səhlənkarlıq nəticəsində iddiaçı dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Polis və Banka gedərək pulunun geri qaytarılmasını tələb etməyinə baxmayaraq, lakin Bank pulunun qaytarılması üçün heç bir tədbir görməmişdir. Sonradan dəfələrlə müraciətilə əlaqədar Bank əsasız olaraq iddiaçıya bildirmişdir ki, iş üzrə araşdırma aparılması üçün iddiaçı əlavə vəsait ödəməli və əks təqdirdə ona vurulmuş zərəri qaytarmayacaqlar. İddiaçı onlara etiraz etmişdir. Bank əməkdaşlarının və rəhbərliyinin səhlankarlığı nəticəsində sarsıntılar keçirmişdir. Bu hal onun pulunun elektron qaydada oğurlanmasına dəlalət edir. Onun kartından pulunun oğurlanmasını və müxtəlif orqanlar müraciəti onun mənəvi zərər çəkməsinə dəlalət edir. Bank tərəfindən edilən səhlənkarlıq nəticəsində ona mənəvi zərər dəymişdir. Ona vurulan mənəvi zərəri iddiaçı 1000 (min) manat dəyərləndirir. Hesab edir ki, məhkəmə tərəfindən mənəvi zərərə görə cavabdehdən 1000 (min) pul tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən iddiaçıya vurulmuş maddi ziyana görə 4500 (dörd min beş yüz) Türk Respublikası telesi, yəni 240 (iki yüz qırx) AZN manat və mənəvi zərərə görə 1000 (min) manat pulun tutularaq və ödədiyi 33 (otuz üç) manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Cavabdeh ASC-nin müştərisi olan İddiaçı Vladimirovich adına olan **********0944-475063 hesablı və 418980******9485 nömrəli kartı vasitəsi ilə həqiqətən də xx.xx.2024-cü il saat 17:52:10- xx.xx.2024-cü il saat 17:58:47 tarix aralığında 7111 MCC kod altında fəaliyyət göstərən “HOTEL KOLAGASİ” adlı ticari mənətəqədən 4 ədəd avtorizasiya sorğusu (1 dəfə 1500 TRY və 3 dəfə 1000 TRY məbləğində) daxil olmuşdur və əməliyyatlar uğurla tamamlanmışdır. Həmin əməliyyatlar otel/turizm şəbəkəsində məşhur və uyğun olan “Mail/Phone Order Single vv CVV2” (Telefon/ E-mail vasitəsi ilə daxil olmuş kart əməliyyatları əsasında əməliyyatların icrası) üsulu ilə həyata keçirilmişdir. Həmin əməliyyatlar üzrə MasterCard Visa Beynəlxalq Ödəniş Sistemləri (sonra-BÖS) səviyyəsində və vəsaitin əsassız şəkildə müştəridən silinməsini iddia edərək əməliyyatın icra olunma müddətindən başlayaraq 120 gün ərzində dələduzluq növü altında etiraz sorğusunun qaldırılması və beləliklə vəsaitin müştəriyə geri qaytarılması mümkündür. Bunun Mobile Арр vasitəsi ilə və yaxud filiala yaxınlaşaraq ərizə ilə müraciət Həmin əməliyyat zamanı da kartın üstündə olan əsas məlumatların hamısı omuşdur (PAN, Expiry Date, CVV2). Ehtimal olunur ki, müştərinin kart məlumatları daha əvvəlki əməliyyatlar zamanı hər hansısa xarici saytda ödəniş fiziki olaraq və yaxud digər istənilən vasitə ilə 3- cü şəxs tərəfindən ələ keçirilib, daha sonra həmin məlumatların doğru olubolmadığı məhz bu yol ilə yoxlanılıb, daha sonra eyni məlumatlar həmin otelin POS terminalında əl ilə daxil edilərək, müştərinin hesabından vəsaitlər silinib. Müştəri bu dələduzluq əməliyyatlarını vaxtında aşkar etmiş olduğu halda, vaxtında tədbir görməli idi, ən azından: kart əməliyyatlar aşkar olunan kimi dərhal Mobile Арр / Bank / Azericard vasitəsi ilə bloklanmalı idi. Müştəri Chargeback (Etiraz) sorğusu ilə bağlı Banka müraciət etməli idi. İddiaçı (Müştəri) bu 2 addımdan heç birini etməyib. Bildirilir ki, 418980******9485 nömrəli kart hələ də aktivdir. Müştəriyə 30 AZN komissiya qarşılığında sözügedən əməliyyatların geri qaytarılma cəhdi üçün Banka hansı şəkildə müraciət edilməli olduğu bildirilməsinə baxmayaraq, lakin müştəri buna baxmayaraq, kartını (müvəqqəti / itirilmiş / blokbağlanma) blok etməmiş və Chargeback sorğusu ilə banka müraciət etməmişdir. Qeyd olunan tərzdə əməliyyat gün ərzində bank kartları vasitəsi ilə çoxlu sayda əməliyyat icra olunur və bu müştəridə keçirilmiş əməliyyatlar da heç bir parametrinə görə əvvəlcədən onlar tərəfdən dələzuluq halı kimi qiymətləndirilməyib. Əlavə olaraq, müştərinin kart məlumatlarının fiziki olaraq və yaxud hər hansısa elektron şəbəkədə sızması ilə bağlı məsuliyyəti özü daşıyır və vaxtında müraciət edilsəydi, böyük ehtimalla həmin məbləğdə vəsait BÖS və beləliklə Bank tərəfindən ona vaxtında geri qaytarıla bilərdi. Hal-hazırda isə həmin əməliyyatların icra olunma müddətindən 120 gündən artıq vaxt keçdiyi üçün, Kartlar Departamenti tərəfindən geri qaytarılma üzrə heç bir tədbir görülə bilməz. İddiaçı ilə Cavabdeh ASC (“Nəsimi” filialı) arasında bağlanmış “EBankçılıq Xidməti Müqaviləsi”-nin 2.1-ci rəndinə görə e-Bankçılıq vasitəsi ilə Bank Müştəriyə Müştərinin tapşırığı əsasında real vaxt rejimində Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş siyahıda xəzərdə tutulmuş xidmətləri təqdim etməyi, Müştəri isə bunun müqabilində Banka bu Müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etməyi öhdəsinə götürür. Müqavilənin 3.11-ci bəndinə görə, Bank Müştəriyə İnternet/Mobil Bankçılığa yerləşdirilmiş Bankın rəsmi internet səhifəsi vasitəsi ilə və 133 əlaqə telefonu üzrə İş saatları çərçivəsində dəstək xidməti təqdim edir. Müqavilənin 5.4.5.-ci bəndinə görə Müştəri E-Bankçılıqdan istifadə qaydalarına riayət etməlidir. Belə ki, bankın rabitabank.com rəsmi internet səhifəsində “kartlar”, sonra “kartmane debit”, sonra “plastik kartlardan istifadə haqqinda təhlükəsizlik qaydaları” bölməsi yerləşdirilmişdir, Həmin bölmədə müştəriyə “Kartı təhvil alarkən”, “Alışveriş edərkən və ya yararlanarkən”, “Online ödənişlər apararkən”, “Bankomatdan və ya POS-terminaldan istifadə etdikdə”, habelə “Əlavə təhlükəsizlik təbirləri” barədə ətraflı bildirilmişdir. Bundan əlavə, bankın rabitabank.com rəsmi internet səhifəsində “Kartlar”, sonra “Kartmane Debit”, sonra “Ödəniş kartları ilə əməliyyatların aparılması üzrə ərizələrin baxılması” qiymətləri edilmişdir. Ölkəxarici chargeback qiyməti 30 azn/usd/eur müəyyən edilmişdir. İddiaçının özünün iddia materiallarına əlavə etdiyi bankdan ona ünvanlanan RB-02/2752 nömrəli 28 iyun 2024-cü il tarixli məktubda onun kart 4500 TRY məbləğdə vəsaitin silinməsi və həmin əməliyyatların 3D təhlükəsizlik kodu təsdiq edilmədən həyata keçirilməsi barədə Müştəriyə Məktubda iddiaçıya bildirilmişdir ki, sözgedən ödənişlər onun tərəfindən icra edilmədiyi halda, Beynəlxalq Ödəniş Sistemlərinin tətbiq etdiyi əməliyyatın icra tarixindən 120 gün ərzində Chargeback ərizəsi yazılmalıdır. Lakin, bu müddət ərzində iddiaçı tərəfindən Chargeback iddia ərizəsi təqdim olunmadığı təqdirdə müraciətinin araşdırılması mümkün olunmaması barədə iddiaçıya məlumat verilmişdir. Nəzərə alınsa ki, əməliyyatlar 05 may 2024-cü ildə baş vermiş və yuxarıda qeyd olunan bankın iddiaçıya ünvanladığı məktub da 28 iyun 2024-cü il tarixdə imzalanıb ona göndərilmişdir - iddiaçının kifayət qədər vaxtı olmuşdur ki, silinmiş vəsaitin geri qaytarılması üçün həm müqavilə şərtlərinə görə, həm də ona rəsmi qaydada verilmiş məktuba əsasən Chargeback iddia ərizəsi qaldırsın. Lakin, bütün bunlara baxmayaraq müştəri Chargeback iddiası qaldırmamış və məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində “НОTEL KOLAGASİ” adlı ticari məntəqəsi ilə heç bir əlaqəsinin olmadığını və hesab kart nömrəsini bankdan başqa heç kimin görmədiyini göstərsə də, iddia etdiyi halların sübutu kimi hər hansı dəlil təqdim etməmişdir. Halbuki, Müqavilənin şərtlərinə görə kart məlumatlarının başqa şəxsə verilməsinə görə Müştəri özü məsuliyyət daşıyır. Hesab edilir ki, iddiaçının yazdığı fikirlər onun subyektiv fikirləridir və sübut edilməlidir. Bunun üçün müqavilə şərtlərinə və bank tərəfdən iddiaçıya göndərdiyi məktubla da ona kömək etməkdən ötrü bir daha ona “Chargeback” iddiası qaldırmağı tövsiyyə edilmişdir. Məktubu aldığı tarixə iddiaçının silinmiş vəsaitin geri qaytarılmasına hələ vaxtı var idi. Lakin, özü bunu şüurlu şəkildə etməmiş və məhkəmə prosesi zamanı bunu niyə etmədiyi barədə sual verildikdə - “Chargeback iddiasının onun üçün bahalı olduğunu” bildirmişdir. Halbuki, tariflər müqavilənin ayrılmaz tərkib hissəsidir. Belə hallar baş verdiyi təqdirdə - silinmiş vəsaitin geri qaytarılmasının yolu yalnız “Chargeback” iddiasının müştəri tərəfindən qaldırılması və bunun üçün müvafiq xidmət haqqının ödənilməsidir. Bu beynəlxalq qəbul edilmiş bank xidmətləri münasibətləridir. Müqavilənin 6.1,-ci bəndinə görə Müştəri E-Bankçılığa qoşulmaq, bu müqavilə üzrə təklif olunan xidmətlərdən istifadə etmək, əməliyyatlar aparmaq üçün bankın daxili tariflərinə əsasən müəyyən edilmiş tarif, xidmət haqqı və komissiyalar ödəyir. Müqavilənin 6.5.-ci bəndinə görə Bank bu Müqavilə üzrə tətbiq olunan tarif, xidmət haqqı və komissiyaları öz rəsmi saytında (www.rabitabank.com) elan etməklə birtərəfli qaydada müəyyən etmək və dəyişdirmək hüququna malikdir. Müqavilənin 5.2.6-cı bəndinə görə Bankın hüququ var ki, bu Müqavilə üzrə təklif etdiyi xidmətlərə tətbiq edilən tariflərə və xidmətdən istifadə şərtlərinə/limitlərinə internet və/və ya digər əlavə/informasiya kanalları vasitəsi ilə müştərini məlumatlandırmaqla birtərəfli qaydada dəyişikliklər etsin. Müqavilənin 6.66-ci bəndinə görə bankın E-Bankçılıq üzrə tarifləri, təqdim etdiyi xidmətlərin siyahısı və əməliyyatın limitləri haqqında məlumat Bankın rəsmi internet səhifəsində yerləşdirilir. Müştəri apardığı hər əməliyyatdan əvvəl rəsmi internet saytına daxil olaraq komissiya, tarif və xidmət haqları ilə tanış olmalıdır. Göstərilənlərə əsasən iddiaçının iddiasının əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2024 saylı 06 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi ziyanın əvəzi kimi 240 AZN (iki yüz qırx manat), həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 AZN (otuz manat) olmaqla, ümumilikdə 270 AZN (iki yüz yetmiş manat) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097, 1118.1, 1118.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən hesabdan çıxarışdan görünür ki, 05 may 2024-cü il tarixdə ayrı-ayrılıqda 1000 TRY, 1000 TRY, 1000 TRY və 1500 TRY olmaqla ümumilikdə 4500 TRY məbləğində pul vəsaiti iddiaçıya məxsus kart hesabından “Hotel Kolagası”na köçürülmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 ünvanlanan 28 iyun 2024-cü il tarixli, RB-02/2752 nömrəli cavab məktubundan görünür ki, müştəri X1 ilə Bank arasında xx.xx.2021-ci il tarixində imzalanmış müqaviləyə əsasən Kartmane MC World Debet kartı təqdim olunmuşdur. Onun plastik kart hesabından xx.xx.2024-cü il tarixində sonu ****9485 ilə bitən plastik kart hesabından “Hotel Kolagasi” təyinatı ilə 4500 TRY məbləğində vəsait silinmişdir. Sözügedən əməliyyatlar 3D təhlükəsizlik kodu təsdiq edilmədən həyata keçirilmişdir. Sözügedən ödənişin onun tərəfindən icra edilmədiyi halda, Beynəlxalq Ödəniş Sistemlərinin tətbiq etdiyi qaydaya əsasən əməliyyatın icra tarixindən 120 gün ərzində Chargeback ərizəsi yazılmalıdır. Daha sonra məhkəmə qarşı tərəfin “Chargeback” xidmətindən iddiaçı tərəfinin mütləq qaydada istifadə edilməsinin məcburiliyi barədə fikrinə münasibətdə qeyd edir ki, iddiaçı baş vermiş hadisədən sonra ərizə ilə cavabdeh banka müraciət etmiş, lakin cavabdehin cavab məktubunda qeyd edilmişdir ki, 120 gün ərzində onun tərəfindən “Chargeback” ərizəsi yazılmalıdır, əks halda müraciətin araşdırılmasının mümkün olmaması qeyd edilmişdir. Halbuki, tərəflər arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli E-Bankçılıq Xidməti Müqaviləsində iddiaçının üzərinə belə bir hal yaşandığı anda müəyyən müddət daxilində Banka “Chargeback” ərizəsi ilə müraciət etməli olmasına dair öhdəlik (vəzifə) qoyulmamışdır. Yəni cavabdeh tərəfin belə bir tələblə çıxış etməsi üçün qeyd edilən şərtin mütləq olması barədə tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapmalı idi (öhdəliyin yaranması üçün). Eyni zamanda, iddiaçının həmin müraciətindən sonra Bankın yaşanmış halla bağlı hər hansı tədbir görməsi, hadisəni araşdırması və s. faktı da iş materiallarında aşkar edilməmiş, Bank yalnız iddiaçının Chargeback ərizəsi ilə müraciət etməli olması əsasını irəli sürərək bir növ araşdırmadan yayınmışdır. Lakin iddiaçı bununla bağlı (istifadə edilməsi ilə “Chargeback” xidmətindən) müəyyən edilmiş ödənişin çox olmasını (çıxarılan pula münasibətdə) düşünərək banka özü tərəfindən rəsmi qaydada da müraciət etmişdir. Bu halda bank həmin ərizəni öz risk dairəsinə salaraq, gələcəkdə oxşar xarakterli hadisələrin yenidən baş verməməsi üçün bankın təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, müştəri məmnuniyyətinin artırılması məqsədi ilə bunu etməli olduğu halda etməmiş, sanki bir növ yenidən buna şərait yaratmaqda davam etmişdir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, pulun silinməsi anında iddiaçının hər hansı onlayn proqramlara qoşulması və ya pulun köçürüldüyü Türkiyə Respublikasında olması və s. hallar da məhkəmə tərəfindən aşkar edilməmişdir. Lakin Məhkəmə bu hala düzgün qiymət verməmiş və ona vurulan mənəvi ziyanı təmin etməmişdir.
11. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə CavabdehASC (“Nəsimi” filialı) arasında bağlanmış “E-bankçılıq Xidməti Müqaviləsi”-nin 2.1-ci bəndinə görəe-Bankçılıq vasitəsi ilə Bank Müştəriyə Müştərinin tapşırığı əsasında real vaxt rejimində Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş siyahıda nəzərdə tutulmuş xidmətləri təqdim etməyi, Müştəri isə bununmüqabilində Banka bu Müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etməyi öhdəsinəgötürür. Müqavilənin 3.11-ci bəndinə görə, Bank Müştəriyə İnternet/Mobil Bankçılığa yerləşdirilmiş Bankın rəsmi internet səhifəsi vasitəsi ilə və 133 əlaqətelefonu üzrə İş saatları çərçivəsində dəstək xidməti təqdim edir. Müqavilənin 5.4.5.-ci bəndinə görə Müştər iE-Bankçılıqdan istifadə qaydalarına riayət etməlidir. Belə ki, bankın rabitabank.com rəsmi internetsəhifəsində “kartlar”, sonra “kartmane debit”, sonra “plastik kartlardan istifadə haqqında təhlükəsizlik qaydaları” bölməsi yerləşdirilmişdir. Həmin bölmədə Müştəriyə “Kartı təhvil alarkən”, “Alışveriş edərkən və ya yararlanarkən”,“Online ödənişlər apararkən”, “Bankomatdan və ya POS-terminaldan istifadə etdikdə”, habelə “Əlavə təhlükəsizlik təbirləri” barədə ətraflı bildirilmişdir. Bundan əlavə, bankın rabitabank.com rəsmi internet səhifəsində “Kartlar”, sonra “Kartmane Debit”, sonra “Ödəniş kartları ilə əməliyyatların aparılması üzrə ərizələrin baxılması” qiymətləri qeyd edilmişdir. Ölkə xarici chargeback qiyməti 30 azn/usd/eur müəyyən edilmişdir. Bu xüsusat iddiaçının özünün iddia materiallarına əlavə etdiyi bankdan ona ünvanlanan RB- 02/2752 nömrəli 28 iyun 2024-cü il tarixli məktubla da təsdiq edilir. Belə ki, iddiaçının kart hesabından 4500 TRY məbləğdə vəsaitin silinməsinə həmin əməliyyatların 3D təhlükəsizlik kodu təsdiq edilmədən həyata keçirilməsi barədə ona bildirilmişdir ki, sözügedən ödənişlər onun tərəfindən icra edilmədiyi halda, Beynəlxalq Ödəniş Sistemlərinin tətbiq etdiyi əməliyyatın icra tarixindən 120 gün ərzində Chargeback ərizəsi(yəni, bir növ iddia qaldırılmalıdır. “Chargeback” - müştərinin kredit və ya debet kartı hesabında olan əməliyyatı mübahisələndirməsi və nəticədə bankın bu əməliyyatı geri çevirməsi halıdır. Bu proses müştərilərə icazəsiz, dələduzluqla edilən və ya qənaətbəxş olmayan alış-verişlər üçün geri ödəniş tələb etməyə imkan verir.) yazılmalıdır. Lakin, bu müddət ərzində iddiaçı tərəfindən Chargeback iddia ərizəsi təqdim olunmadığı təqdirdə müraciətinin araşdırılması mümkün olunmaması barədə iddiaçıya məlumat verilmişdir. Nəzərə alınsa ki, əməliyyatlar 05 may 2024-cü ildə baş vermiş və bankın iddiaçıya ünvanladığı yuxarıda qeyd olunan məktub da 28 iyun 2024-cü il tarixdə imzalanıb ona göndərilmişdir - iddiaçının kifayət qədər vaxtı olmuşdur ki, silinmiş vəsaitin geri qaytarılması üçün həm müqavilə şərtlərinə görə, həmdə ona rəsmi qaydada verilmiş məktuba əsasən Chargeback iddiası qaldırsın. Lakin, bütün bunlara baxmayaraq müştəri Chargeback iddiası qaldırmamış və məhkəmədə iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3775/2024 №-li Qətnaməsi ilə iddia qismən təmin edilərək bankdan maddi ziyanın əvəzi kimi 240 manat və dövlət rüsumunun əvəzi kimi 30 manat, ümumilikdə 270 manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Aşağıdakı səbəblərə görə qətnaməni əsassız hesab edir. Banka dələduzluq ilə bağlı sorğu daxil olan zaman həmişə öz araşdırmasını edir, lakin bu barədə müştəriyə hər hansısa əlavə məlumat bildirmək məcburiyyətində deyil. Müştərinin marağında olan onun başına gələn hadisə olmalıdır, bankın araşdırması isə onun vəsaitini geri qaytara bilməzdi, vəsaitin geri qaytarılması üçün müştəri etiraz sorğusu ilə vaxtında (120 gün ərzində) müraciət etməli idi, və həmin zaman vəsaitin geri qaytarılmasını Bank təmin edə bilərdi. Eyni zamanda, iddiaçının həmin müraciətindən sonra Bankın yaşanmış halla bağlı hər hansı tədbir görməsi, hadisəni araşdırması və s. faktı da iş materiallarında aşkar edilməmiş, Bank yalnız iddiaçının Chargeback ərizəsi ilə müraciət etməli olması əsasını irəli sürərək bir növ araşdırmadan yayınmışdır. Məhkəmə nəyə əsasən bildirə bilər ki, müştərinin kart məlumatlarını heç bir yerə qeyd etməmişdir? Düşünürük ki, bunun kimsə tərəfindən yoxlanılması mümkün deyil. Necə aşkarlamaq olar ki, həmin kart məlumatları heç bir proqrama, heç bir saxta sayta daxil olunmamışdır və yaxud heç kəsə kart məlumatları istənilən digər bir üsul ilə göndərilməmişdir? Bank heç bir halda istənilən bir kartdandələduzluğun həyata keçirilməsində maraqlı deyil və hər zaman belə hadisələr baş verəndə öz tədbirlərini görür. Oğurlanmış vəsaitin bu prosedurun xidmət haqqı ödənilmədən geri qaytarılması Bankın prosedur qaydalarına ziddir və bu prosesdə ilk növbədə müştərininmarağı olmalıdır. Müştəri 30 AZN komissiya ödəməklə, 4500 TRYvəsaiti geri qaytara bilərdi. Lakin iddiaçıbununla bağlı (istifadə edilməsi ilə “Chargeback” xidmətindən) müəyyənedilmiş ödənişin çox olmasını (çıxarılan pula münasibətdə) düşünərək banka özü tərəfindən rəsmi qaydada da müraciət etmişdir. Bu halda bank həmin ərizəni öz risk dairəsinə salaraq, gələcəkdə oxşar xarakterli hadisələrin yenidən baş verməməsi üçün bankın təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, müştəri məmnuniyyətinin artırılması məqsədi ilə bunu etməli olduğu halda etməmiş, sanki bir növ yenidən buna şərait yaratmaqda davam etmişdir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, pulun silinməsi anında iddiaçının hər hansı onlayn proqramlara qoşulması və ya pulun köçürüldüyü Türkiyə Respublikasında olması və s. hallar da məhkəmə tərəfindən aşkar edilməmişdir. – Bununla bağlı qeyd etmək istərdik ki, görəsən nəyə əsasən məhkəmə bu nəticəyə gəlmişdir. Yəni bunlar məhkəmənin subyektiv mülahizələridir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
16. İş üzrə mütəxəssis qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçının kartından əməliyyatlar silinmişdir, bununla bağlı İddiaçı Cavabdeh ASC-nin çağrı mərkəzinə şifahi müraciət etmiş, lakin etiraz ərizəsi ödənişli olduğundan iddiaçı bundan imtina etmiş, ona görə də etiraz sorğuları göndərilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
21. 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
22. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
23. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, iddiaçı və cavabdeh hər ikisi apellyasiya şikayəti verdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2024 saylı 06 dekabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
35. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, İddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
36. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı cavabdeh Bankın müştərisidir və tərəflər arasında 08 sentyabr 2021-ci il tarixli E-Bankçılıq Xidməti Müqaviləsi bağlanmışdır. 05 may 2024-cü il tarixdə iddiaçıya məxsus kart hesabına qanunsuz müdaxilə edilərək həmin kart hesabından ümumilikdə hissə-hissə olmaqla 240 AZN məbləğində pul vəsaiti “Hotel Kolagası”nın hesabına köçürülmüşdür.
37. Kollegiya maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qətnaməni həmin hissədə qanuni və əsaslı hesab etmir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.
39. Həmin Məcəllənin 957.2-ci maddəsinə əsasən üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun.
40. Həmin Məcəllənin 957.3-cü maddəsinə əsasən müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər.
41. Həmin Məcəllənin 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.
43. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddianın verilməsində haqlı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.3.1-ci maddəsinə əsasən müştərinin hesabdan çıxarış vasitəsilə bildirilən borc və ödənişlər haqqında qeydlərə dair etiraz etmək hüququ vardır. Müştəri öz etirazlarını hesabından silinmə tarixindən 1 (bir) təqvim ayı ərzində yazılı şəkildə Banka bildirməlidir. Əks təqdirdə həmin əməliyyatlar Müştəri tərəfindən qəbul edilmiş hesab ediləcəkdir. Bununla bağlı bank tərəfindən iddiaçıya ünvanlanan məktubda da iddiaçıya qeyd olunan məsələnin araşdırılması üçün “Chargeback” ərizəsi yazmalı olduğu bildirmişdir. İddiaçı isə həmin ərizəni yazmadan birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Belə olduğu halda isə iddiaçının hesabından pulun silinməsi ilə bağlı bank məsuliyyət daşıya bilməz.
45. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın dəyməsi ilə bağlı hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab edir.
46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı hazırda ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mənəvi zərərin tutulması hissəsində rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Kollegiya hesab edir ki, hazırkı halda iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, cavabdehin isə apellyasiya şikayəti təmin edilərək iddia rədd edildiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2024 saylı 06 dekabr 2024cü il tarixli qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.