Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1409/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(001)-5600/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Cavabdeh İddiaçı ilə xx.xx.2022-ci ildə 04 aya-xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərti 15.000 manat və xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixə kimi 3500 manat borc almış, bunu öz imzası ilə təsdiq etmiş və borcunu ödəməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc kimi 18500 manat, vurduğu mənəvi zərərə görə 8500 manat və dövlət rüsumu kimi ödənilmiş 300 manat olmaqla, cəmi 27300 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan ilk olaraq 15000 manat pul almış və bu zaman İltizam yazaraq imzalamış və şəxsiyyət vəsiqəsinin surəti ilə birgə iddiaçıya təqdim etmişdir. Daha sonra iddiaçı cavabdehə daha 3500 manat məbləğində borc vermiş və bu barədə qəbz yazılmışdır. Lakin borclu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu vaxt ərzində iddiaçı həm də, həmin vəsaitdən əldə edə biləcəyi faydadan da məhrum olmuşdur. İddiaçı daha sonra Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Bölməsinə müraciət etsə də, nəticə əldə edə bilməmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(001)- 5600/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin və 171 (yüz yetmiş bir) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi artıq ödənilmiş 129 yüz iyirmi doqquz) manatın ona geri qaytarılması , iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 23, 385, 386, 425, 427, 442, 448, 739, 740-cı maddələri, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə əsaslandıraraq göstərmişdir ki, cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh əlyazma formasında borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh borcun ödənilməsinə dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyana görə pulun ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyana görə pulun ödənilməsinə dair hissəsi rədd edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən göründüyü kimi iddiaçı ilə cavabdehlə aralarında 18.500 manat borc öhdəliyi olmuşdur. Lakin daha sonra borc öhdəliyi Xırdalan şəhərində inşa edilən çoxmənzilli yeni tikilidə olan mənzillə əvəzləşdirilmiş. Cavabdeh tərəfindən həmin mənzildən imtina ərizəsi, həmçinin həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etməməsinə dair ərizə verilmişdir. Bu səbəbdən də artıq iddiaçı və cavabdeh arasında ödənilməmiş borc öhdəliyi qalmamışdır. Bundan əlavə iddiaçı məhkəməyə müraciət etmədən əvvəl pretenziya qaydasında cavabdehə müraciət etməli olduğu halda bunu etməmişdir. Məhkəmə hazırkı iş üzrə iddiaçının pretenziya qaydasına əməl etməməsini araşdırmamışdır. Hazırkı iş üzrə zəruri olan hallara qiymət verilmədən qərar qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normasının pozulmasıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsəd ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırkı iş üzrə işin hallarına uyğun olmayan yekun qərarının çıxarılması ilə məhkəmə prosessual hüquq normasını pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə təmin edilən hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə uyğun olaraq borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh öz əlyazması ilə iki müxtəlif iltizama yazaraq və həmin iltizama qol çəkərək iddiaçıdan xx.xx.2022-ci ildə 04 aya-xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərti ilə 15.000 manat və xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixə kimi 3500 manat borc almışdır. Qeyd olunan bu fakt həmin iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq edilir. İş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində əsaslar göstərmədən iddia tələbini qəbul etmədikləri göstərmişdir. Lakin iddianı nəyə görə və ya hansı əsaslara görə qəbul edilmədiyi açıqlanmamışdır. Cavabdeh tərəfin apellyasiya şikayətində borcun əvəzləşdirilməsi barədə dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinə ümumiyyətlə sübut təqdim edilməmiş, belə bir sübut həmçinin apellyasiya instansiyası məhkəməsinə də təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara görə də, iddiaçı və cavabdeh işin bu mübahisəsiz halı olan borc alınması faktlarını öz izahatları ilə təsdiq etmişlər. Lakin cavabdehin həmin qərarda əksini tapmış izahatında da borcun qaytarılması ilə bağlı heç nə göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi apellyasiya şikayəti versə də, apellyasiya şikayətinin dəlillərində göstərdiyi iddiaçıya borcun əvəzində ev verdiyini, və beləliklə də artıq iddiaçı və cavabdeh arasında ödənilməmiş borc öhdəliyinin qalmamasını hər hansı sübutla təsdiq etməmişdir. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə əlaqədar qeyd edir ki, borc münasibətləri ilə bağlı tərəflər arasında müqavilə deyil, sadə yazılı formaya riayət edildiyi üçün iddiaçı məhkəməyə müraciət etmədən əvvəl pretenziya qaydasında cavabdehə müraciət etməli deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığı qənaətinə gələrək şikayətin təmin edilməsi üçün əsaslar görmür. Beləliklə də, məhkəmə kollegiyası apellyator tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(001)- 5600/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə