Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-141/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-141/2025 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-461/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Jasmin salonuna saç ustası Cavabdeh1 botox-keratin proseduruna yazılmışdır. Sözügedən proseduru saçlarını daha əvvəl yandırdığına görə Cavabdeh1 özü israrla məsləhət görmüşdür ki, saçlar bərpa olunsun. Lakin prosedur düzgün aparılmadığına görə iddiaçının saçına təkrar ciddi zərər vurulmuşdur. İddiaçının saçının vəziyyəti getdikcə pisləşdiyinə görə o, həmin ustaya bu barədə məlumat vermiş və onun tərəfindən bərpa olunmasını, qaydasına salınmasını xahiş etmişdir. Cavabdeh1 ona cavabı “sənə cadu ediblər, mənlik bir şey yoxdur” olmuşdur. Saçına ciddi zərər dəydiyinə görə, iddiaçı saçının rənglənməsi və kəsimi proseduruna xx.xx.2022-ci il tarixdə saat 10:00-da həmin ustaya yazılmışdır. Yazıldığı saatda Cavabdeh1 ona xəbər vermədən, üzrlü səbəb gətirmədən, digər müştəriyə xidmət görtərməyə başlamış və iddiaçı gözləmək məcburiyyətində qalmışdır. İddiaçı 1 saat 30 dəqiqə gözlədikdən sonra boyama proseduruna başlamışdır. Boyama zamanı onunla bağlı yersiz söhbətlər etdiyindən iddiaçı cavabdehə iradını bildirmiş, bundan sonra usta salonun əməkdaşlarının və müştərilərinin qarşısında iddiaçını kobud şəkildə təhqir etmişdir. Növbəti dəfə iradını bildirdiyində Cavabdeh1 özündən çıxaraq, səs tonunu yüksəldərək, saç boyasını ataraq xidmətdən imtina etmiş, salondan çıxaraq iddiaçının prosedurunu yarımçıq qoymuşdur. Bir neçə dəqiqə keçdikdən sonra Cavabdeh1 salona geri dönüb, iddiaçıya əl-qol ataraq, yüksək tonla sərt danışaraq, iddiaçını salondan qovmağa cəhd etmiş, üstünə növbəti dəfə hücum edən zaman, onu vurmağa cəhd edərkən, salonun əməkdaşı araya girərək onu uzaqlaşdırmağa çalışmışdır. Daha sonra iddiaçı saçında qalan yarımçıq çəkilən boyanın yuyulmasını salon əməkdaşından xahiş etmişdir. İddiaçı stress keçirdiyindən, qorxduğundan dərhal salonu tərk edə bilməmişdir. Bir az vaxt keçdikdən sonra iddiaçı bir az özünə gələrək salonu tərk etmişdir. Salondan çıxdıqdan sonra iddiaçı Jasmin salonunun direktoru Elçinə dərhal vəziyyəti bildirmişdir. Bir gün keçdikdən sonra iddiaçıya cavab olaraq sms şəklində Cavabdeh1 icarə üzrə işlədiyi, bütün baş verən problemlərin özü tərəfindən həll olunmalı olması bildirilmişdir. Artıq ikinci dəfə idi ki, Cavabdeh1 iddiaçının saçını və saç dərisini yandırmışdır. Belə ki, keçən il saçının rəngini açarkən saçını və saç dərisini yandırmış, dəfələrlə ondan dərisinin yandığını və saçının yuyulmasını xahiş etsə də, əhəmiyyət verməmiş və nəticədə iddiaçı 2-ci dərəcəli kimyəvi yanıq almışdır. Həmin hadisədən sonra iddiaçı saçını uzun müddət yuya bilməmiş, davamlı yanıq əleyhinə müalicəvi dərman və vasitələrdən istifadə etmişdir. Dərisində əmələ gələn açıq qanayan dərin yaralar olduğuna görə saçına əl vura bilməmişdir. İddiaçı hesab edir ki, istifadə edilən məhsullar köhnə və ya keyfiyyətsiz olmuşdur. İddiaçının aldığı xəsarət ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Həmin xəsarətlə bağlı iddiaçının xx.xx.2022-ci il tarixdən bu günə qədər aldığı müalicələr nəticəsində sağlamlığının bərpası tam mümkün olmamışdır və davamlı olaraq yenə də müalicə olunmalıdır. İddiaçının cəmi 2 ilə yaxın müddət ərzində müalicəsinə xərclənən məbləğ 11199,40 manatdır. Yol xərclərinə, poçt xərclərinə, kserokopiyalara və fotoşəkillərə, karqo ödənişlərinə, telefon danışıqlarına isə 950 manat xərclənmişdir. Bununla da cavabdehlər tərəfindən İddiaçı vurulmuş xəsarətin aradan qaldırılması üçün 12149,40 manat xərclənmişdir. İddiaçı müalicənin davam etdirilməsi ilə bağlı dəyərini və müddətini müəyyənləşdirmək üçün xx.xx.2023-cü il tarixində Doctor Hair klinikasına müraciət etmişdir. Müayinə zamanı iddiaçının xüsusi aparatla baş dərisinə baxış keçirilmiş və dəridə kimyəvi vasitənin istifadəsi nəticəsində əmələ gələn zədələnmələrin bərpası, eləcədə botoks keratin prosedurundan sonra saçlarında əmələ gələn zədələnmənin bərpası üçün müalicə təyin olunmuşdur. Müalicənin aparılması üçün bir sıra analizlərin götürülməsinin vacibliyi, müxtəlif aparatların istifadəsi, baş dərisinə vurulacaq iynələr, istifadə olunacaq xüsusi şampun, dərmanlar, losyonlar və digər prosedurlarla aparılmasına zərurətin olması bildirilmişdir. Baş dərisinin və saçların uzunluğunun bərpası üçün müalicənin 1 kursunun müddəti 3 ay olmaqla cəmi 4 kursun qəbul edilməsinə zərurətin olması bildirilmişdir. Müalicənin 1 kursunun ümumi dəyərinin 2818 manat təşkil etdiyi, 4 kurs müalicənin isə 11272 manat təşkil etdiyi qeyd olunmuşdur. Bunula da ona dəyən maddi ziyanın məbləği 12149 + 11272=23421 və digər əlavələrlə birlikdə 25000 manat təşkil edir. Mütəxəsisslərin rəyinə əsasən qeyd olunan müalicələr ən azından 3 il müddətinə davam etdirilməlidir ki, buna da əlavə olaraq 30000 manat tələb olunur. Müalicənin davam etdirilməsi ilə bağlı dəyərini və müddətini müəyyənləşdirmək üçün iddiaçı xx.xx.2023-cü il tarixdə X10sına müraciət etmişdir. Müayinə zamanı iddiaçının xüsusi aparatla baş dərisinə baxış keçirilmiş və dəridə kimyəvi vasitənin istifadəsi nəticəsində əmələ gələn zədələnmələrin bərpası, eləcədə botoks keratin prosedurundan sonra saçlarında əmələ gələn zədələnmələrin bərpası üçün müalicə təyin olunmuşdur. Müalicənin aparılması üçün bir sıra analizlərin götürülməsinin vacibliyi müxtəlif aparatların istifadəsi, baş dərisinə vurulacaq iynələr, istifadə olunacaq zərurətin olması bildirilmişdir. Baş dərisinin və saçların uzunluğunun bərpası üçün müalicənin 1 kursunun müddəti 3 ay olmaqla cəmi 6-7 kursun qəbul edilməsinə zərurətin olması bildirilmişdir. Müalicənin 1 kursunun ümumi dəyərinin 5487 manat təşkil edtdiyini 7 kurs müalicənin 38409 manat təşkil etdiyi qeyd olunmuşdur. Bununla yanaşı iddiaçının başında kimyəvi maddənin təsirindən əmələ gələn çapıqlarda tökülmüş saçların bərpası üçün əməliyyatın qiyməti 4700 manat, əməliyyat sonrası xərclər isə 2700 manat olmaqla cəmi 7400 manat təşkil edir. Bununla da iddiaçıya vurulan maddi ziyanın məbləği 12149+38409+7400=57958 manat təşkil edir. Bununla yanaşı iddiaçıya əvəz olunmaz mənəvi ziyan vurulmuşdur. İddiaçı Jasmin salonun xidmətlərindən istifadə edərkən salondakıların gözü qarşısında özünün və ailəsinin nüfuzuna xələl gətirən hər hansı bir nalayiq sözlərə, təhdidlərə və təhqirlərə məruz qalacağını güman etmirdi. Onda yanlış olaraq Jasmin salonunda göstərilən xidmətlərin yüksəkliyi barəsində və təhlükəsizliyinin təmin olunması baxımından güvən yaranmışdır. Lakin iddiaçı tam yanırmış və onun kimi onlarla müştərilər var. Belə ki, onun və ailəsinin şərəf və ləyaqəti Cavabdeh1 kimi dələduz və yalançı şəxs tərəfindən təhqir edilməklə ona və ailəsinə mənəvi zərbə vurulmuş və iddiaçı sarsıntı və iztirab keçirmişlər. O, təhqir olunması ilə bağlı İlqarın qanunsuz hərəkətlərini subut etmək üçün saatlarla və günlərlə mənəvi əziyyət çəkərək 5 aya yaxın bir müddətdə prokurorluq və polis orqanları arasında yollarda qalmaqla mənfi psixoloji stress keçirmişdir. Onun gələcək həyatı, xoşbəxtliyi təhlükə altındadır, arzuları puç olmaq ərəfəsindədir. Hər bir insan kimi onun da xoşbəxt ailə həyatı qurmaq və qayğısız yaşamaq hüququ olmasına baxmayaraq hal-hazırda əlindən alınmaqdadır. Hər bir vətəndaş kimi, onun da sosial hüquqları və hüquqa zidd hərəkətlərdən müdafiə olunmaq kimi əsas hüququları vardır. Lakin bu günə qədər cavabdehlər tərəfindən bu hüquqularının təmini ilə bağlı hər hansı bir addımın atılmaması ona qarşı olan mənəvi hücumun davam etdirilməsi anlamına gəlir. Cavabdehin iddiaçıya vurduğu mənəvi zərəri iddiaçı 100000 manat məbləğində dəyərləndirir. Ona görə də cavabdehlər Cavabdeh1 və Jasmin salonunun direktoru Cavabdeh2 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 57958 manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 100000 manatın, ödənilmiş 445 manat dövlət rüsumunun və vəkil xərci kimi 500 manat olmaqla ümumilikdə 159021 manatın müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-461/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 maddi ziyana görə 14300 manat, mənəvi ziyana görə 3000 manat, məhkəmə xərclərinə görə 945 manat olmaqla cəmi 18245 manat pulun İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 41, 60, 71ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1,1099.1, 1099.2, 1114.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 121.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin təmin olunmayan hissədə ləğv edilib, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi həkim reseptlərində onun saçlarının və dərisinin bərpası üçün istifadə etdiyi vasitələrin satış qiymətlərinin dəqiqliklə qeyd olunmasına baxmayaraq məhkəmə öz qətnaməsində iddiaçı tərəfindən müalicəsinə 12149.40 manat xərc çəkilməsini əsassız olaraq şübhə altına almışdır. İddiaçının belə bir ciddi yanıq xəsarəti alması, lakin, müalicəsi üçün heç bir tibbi vasitələrdən istifadə etməməsi sadəcə olaraq mümkün deyildi. İddiaçı tərəfindən onun xx.xx.2023-cü il tarixdə “Doctor Hair” klinikasına müraciəti zamanı ona baş dərisinin və saçlarının uzunluğunun bərpası üçün müalicənin 1 kursunun dəyərinin 2818 manat olmaqla, 4 kurs müalicənin tələb olunduğu və ümumilikdə, 11272 manat pul təşkil etdiyi bildirilmişdir. “Kepro Estetik” klinikasından dermatoloq trixoloq Elnarə Şükürovanın xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, iddiaçının dərisində kimyəvi vasitənin istifadəsi nəticəsində əmələ gələn zədələnmələrin bərpası, eləcə də botoks keratin prosedurundan sonra saçlarında əmələ gələn zədələnmələrin müalicəsinin 6 yaxud 7 kurs qəbul edilməsinə zərurət olması və hər kursun dəyərinin 5487 manat, 7 kurs müalicənin isə 38409 manat təşkil edir. Həmçinin “Kepro Estetik” klinikasından xx.xx.2023-cü il tarixli arayışında saç əkimi üçün 6-7 kurs müalicənin tələb olunduğu və hər kursun qiymətinin 2300 manat olduğu qeyd olunsa da, məhkəmə məlum olmayan səbəbdən formal mülahizəsinə əsasən müalicənin 3 kurs olmalı olduğu qənaətinə gəlmişdir. Bununla yanaşı iddiaçının başında kimyəvi maddənin təsirindən əmələ gələn çapıqlarda tökülmüş saçların bərpası üçün əməliyyatın qiymətinin 4700 manat, əməliyyat sonrası xərclərin isə 2700 manat olmaqla, cəmi 7400 manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə öz qətnaməsində "xxxx" MMC tərəfindən təqdim olunmuş arayışda saç əkimi üçün zəruri olan vəsaiti təmin etmiş, lakin əməliyyat önü hazırlıq qiymətini (200 Azn) təmin etməmişdir.
7. Qətnamədən eyni zamanda Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rəylərin tərtibi zamanı açıqaydın görünür ki, burada məntiqə uyğun olmayan nüans mövcuddur. Belə ki, şəxs 2021-ci ildə dispanserə qeydiyyata alınıb, botoks keratin proseduru isə 2022-ci ildə həyata keçirilib. Bu zaman sual olunur ki, 2022-ci ildə keçirilmiş prosedrun 2021-ci ildə qeydiyyata alınma ilə nə əlaqəsi ola bilər. Bu hal özü özlüyündə tərtib olunmuş rəyin mötəbərliyinə şübhə yaradır. Həmin ekspert rəylərində İddiaçı baş nahiyəsində yaranmış patoloji halların aradan qaldırılması üçün konkret hansı prosedurların yerinə yetirilməsi qeyd edilmişdir. Lakin məhkəmə həmin prosedurlardan əlavə iddiaçının şəxsi istəyi və təşəbbüsü ilə iki mənşəyi bəlli olmayan və bu sahədə müvafiq sertifikatları olmayan hüquqi şəxsdən əldə edilmiş arayışlar əsasında müəyyən etmişdir ki, iddiaçıya saçın əkilmə proseduru da tətbiq olunmalıdır və bundan əlavə iddiaçıda məlum olmayan səbələrdən yarana biləcək başqa patoloji halların aradan qaldırılması vəzifəsi də faktiki olaraq cavabdehin üzərinə qoyulmuşdur. Bu isə öz-özlüyündə qəbul edilmiş qətnamənin əsaslılığına şübhə yaradır. Məhkəmənin öz qətnaməsində istinad etdiyi və iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən tərtib edilən arayışa gəldikdə isə, birincisi, həmin arayış hüquqi şəxsin blankında tərtib olunub, möhür vurulsa da, həmin "xxxx" MMC-nin bu sahədə fəaliyyət göstərməsinə icazə verilən sənədlərinin olub-olmaması araşdırılmamış, həmçinin təqdim edilmiş arayışda "kimyəvi yanığa bağlı çapıq toxuması üzərinə saç əkimi icra olunmalıdır" halını hansı aparılmış müayinə nəticəsində müəyyən edildiyi qeyd olunmamışdır. Sadalanan bu iki əsas qeyd edilən arayışın sübut qismində qəbul edilməsinin yol verilməz olduğunu ortaya çıxarır. Növbəti bir sənəd isə X10 tərəfindən tərtib edilməsi iddia olunan və özündə qeydləri əks etdirən yazılardan ibarətdir. Birinci vərəqə diqqət yetirdikdə həmin qeydlərin həkim resepti ilə oxşarlıq təşkil etməsi müəyyən olunur. Lakin adıçəkilən reseptdə qiymətlə qeyd olunduğundan həmin sənədi resept kimi qəbul etmək düzgün olmazdı. X10 tərəfindən tərtib olunan digər qeydlər isə kimə aid olması bəlli olmayan foto şəkillər hansısa prosedur və onun qiymətləri, eləcə də şirkətin göstərdiyi xidmətləri özündə əks etdirən cədvəldən ibarət olmuşdur. Yuxarıda qeyd etdiyimiz kimi yenə də bu şirkətin bu sahəsə fəaliyyət göstərməsinə müvafiq icazəsinin olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Bütün bu qeyd edilənlər əsasında məhkəmə heç bir mötəbər sübuta söykənməyən qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında xidmət işinin həyata keçirilməsi danılmır. Lakin Cavabdeh1 tərəfindən həmin xidmətin həyata keçirilməsi zamanı baş vermiş narazılıqlarla əlaqədar İddiaçı ümumilikdə 670 manat pul məbləği ödənilmişdir. Çünki İddiaçı onun baş nahiyəsində yaranmış problemin aradan qaldırılması üçün ümumilikdə dörd prosedura ehtiyacı olduğunu bildirmiş İlqar ƏLlyev isə öz növbəsində həmin prosedurlara çəkiləcək xərcləri İddiaçı ödəmişdir. İlk üç prosedurun xərcləri ümumilikdə 670 azn təşkil etmiş və həmin pul Cavabdeh1 tərəfindən ödənilmişdir. Sonuncu prosedur üçün İddiaçı pul istədikdə Cavabdeh1 ona ödədiyi pulların hara xərclənməsi barədə Elnurədən hesabat tələb etmiş, lakin Elnurə pulun hara xərclənməsini özündə təsdiq edən sənədləri İlqara təqdim etməmişdir. Bu zaman İlqar özünü aldadılmış hesab edərək əlavə hər hansı bir ödəniş etməyəcəyini bildirmişdir. Göründüyü kimi tərəflər arasında baş verməsi iddia olunan insident özləri tərəfindən həll edilmiş və hazırda iddiaçının qaldırdığı tələb üzrə özündə baş vermiş patoloji pozuntuları qeyd etməklə əlavə gəlir əldə etmək istəyi başa düşülən deyil .Çünki hadisənin baş vermə zamanı müəyyən edilmiş patoloji pozuntuları ilə hazırda iddiaçıda baş verən pozuntular arasında səbəb əlaqə yoxdur. Bütün bunlar iddianın rədd edilməsi üçün əsas olmalı idi. Lakin işə baxan hakim bunların heç birini nəzərə almadan iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışı zamanı iştirak edən iddiaçı onun tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyində qeyriqənaətbəxş qeyd edilmişdir. O, cavabdeh tərəfindən saçına bu ziyan vurulduqdan sonra 22-ci Polis İdarəsinə, Ədliyyə Nazirliyinə müraciət etmişdir. Könüllü müraciət edərək onu ekspertizaya göndərmələrini tələb etmişdir. Binəqədi Rayon Məhkəməsində onu ekspertizaya göndərmişlər. Belə ki, saçlarının müəyyən hissəsinin bərpa oluna bilməsi üçün saçının arxa hisssəsindən saçlar götürülərək ön hissəsinə yerləşdirilməlidir. Saçları artıq tökülür, bir az da müddət keçərsə, arxadan götürülməli olan saçlar da qalmayacaqdır. Birinci instansiya məhkəməsində proses zamanı verilmiş müvafiq arayışda möhürün olmadığını bəhanə etmişlər, o daə gedib arayışı möhürlətmişdir. O özü Kepro Estetik kimi bir klinikanın adından arayış tərtib edə bilməzdi. Beş dəfə ekspertizaya getmişdir. Onun qalın, uzun saçları olmuşdur. Cavabdeh saçlarına ziyan vurmuş, anasını təhqir etmiş, polis də onu cərimələmişdir. Dövlət Vergi Xidmətinə də müraciət etmişdir, müraciəti nəticəsində onun işlədiyi salon da cərimələnmişdir. Birinci instansiya məhkəməsində 8-9 ay araşdırılma aparılmışdır, lazımi sənədləri də təqdim etmişdir. O, əməliyyat olunmalıdır. 2021-ci ilin iyununda ikinci dərəcəli yanıq xəsarəti almışdır. Qarşı tərəf 670 manat miqdarında pul məbləğinin ödənildyinə istinad edir, xahiş edir ki, qəbzlərin tarixinə baxılsın. Yanıq xəsarəti alandan sonra cavabdeh İlqar özü təklif edərək saçına botox keratin tətbiq edə biləcəyini bildirmişdir. Salona gəlmişdir, saçına o maddəni isti fenlə tətbiq etmişlər, bu prosedur 3 dəfə olmuşdur. Üçüncü dəfə gələndə gözlərinin bərbad vəziyyətdə olduğunu da qarşı tərəf görmüşdür. Saçında yanıqlar nəticəsində çapıqlarda tük çıxmayacaq, arxa hissədən alınan saçları ön hissədə yerləşdiriləndə onların da hamısı tutmayacaqdır. Konkret olaraq tutulmalı məbləğ Kepro estetik tərəfindən qeyd olunan məbləğdir. Botox keratin narıncı rəngli maddə idi, saçının dibinə yaxın hissədən saçının uclarına qədər tətbiq edilmişdir. Bildirmişlər ki, bu məhlul saçda 3 gün qalmalıdır, yenidən gəlməli və saçına yenidən tətbiq edilməlidir. Yəqin ki, saçına isti botox tətbiq edilmişdir, amma sonradan bilmişdir ki, həmin məhlul maksimum 20 dəqiqə saxlanılmalıdır. Botox keratin edən zaman saç rənginin açılması proseduru nəticəsində başında yaranmış hər hansı yara yox idi, açıq çəhrayı rəngli izlər var idi.
11. Apellyasiya baxışı zamanı iştirak edən Cavabdeh2 nümayəndə-vəkili Vəkil1 onun tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mövqeyi botox keratin nəticəsində saçın müəyyən hissələrində pozuntuların olmasıdır. Lakin botox keratin nəticəsində saçın dibinə zərər yetirilmir. Çünki həmin maddə saçın bilavasitə dibinə tətbiq edilmir. Verilmiş ekspert rəyləri, arayışlarda saç tökülməsindən bəhs edilir. Məhz bunun botox keratin nəticəsində baş verdiyini müəyyən etmək mümkün deyildir. Botox keratin saç dərisini yandıra bilməz. Ola bilsin ki, iddiaçının başında, saç dərisində patoloji pozuntular olsun. İddiaçıya 2021-ci ildə saçın rənginin açılmasıyla əlaqədar prosedur tətbiq edilmişdir. Dəymiş ziyan nəticəsində də İlqar ona 670 azn pul ödəmişdir. Ekspertiza keçirilməsi zamanı müəyyən olunmuşdur ki, iddiaçının şikayəti saç tökülməsiylə əlaqədar olmuşdur. Qeyd edilməmişdir ki, bilavasitə botox keratin nəticəsində saçları tökülmüşdür. Hesab edir ki, botox keratinin tətbiqi üçün onlar məsuliyyət daşımır. Məhkəmə tərəfindən müxtəlif qurumlara kifayət qədər sorğular verilmişdir. Mütəxəssis rəyində bir müalicə kursu üçün tələb olunan 3200 manat məbləği mübahisələndirmirlər. İddiaçının saçında olan patoloji pozuntuların onlarla əlaqəsi yoxdur.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmişdir və kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
18. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
19. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
20. 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olubolmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir.
29. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
30. İlk növbədə maddi ziyanın ödənilməsi ilə bağlı iddiaçının iddia tələbinin əsaslılığına dair hissədə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İddiaçı öz iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 saçının açılması üçün müraciət etmiş, saçının açılması, dibinin rənglənməsi üçün 130 manat ödəmişdir. İlqarın onun saçlarına qoyduğu rəng və başına çəkdiyi maddələr keyfiyyətsiz olduğundan başında xəsarətlər əmələ gəlmiş, sonuncu tərəfindən bu zərərin qarşılanması məqsədilə ona 670 manat pul ödənmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə yenə də Cavabdeh1 botox-keratin proseduru üçün yazılmışdır. Lakin prosedur düzgün aparılmadığına görə iddiaçının saçına təkrar ciddi zərər vurulmuş və nəticədə baş dərisinə vurulmuş ziyana görə ona allopesiya diaqnozu qoyulmuşdur. Buna görə də hazırda sağlamlığına dəymiş ziyanın bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir.
32. Göründüyü kimi iddiaçı cavabdehlər tərəfindən ona delikt nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmişdir. Bu halda məhkəmə hesab edir ki, ilk növbədə delikti anlayışının hüquqi mahiyyətinə baxılmalı, daha sonra həmin dispozisiya şərtlərinin hazırki işin hallarına nə dərəcə uyğun gəlməsinə qiymət verilməlidir.
33. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Azimport” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.
36. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
37. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.
38. Hazırki iş materiallarına diqqət yetirdikdə görünür ki, Nəsimi RPŞ-nin qərarı əsasında təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 1645 saylı rəyinin surətindən müəyyən olunur ki, İddiaçı bədən səthində xəsarət və xəsarətin izi aşkar edilməmiş, İddiaçı saçlarında xx.xx.2022-ci il tarixdə botox-keratin prosedurunun aparılmasından sonra uzun müddət keçdiyini və hal-hazırda baş nahiyəsində hər hansı bir xəsarət aşkar edilmədiyini nəzərə alaraq, həmin prosedurun düzgün və müvafiq təlimatlara uyğun aparılıb-aparılmamasının təyini məqsədi ilə həmin müəssisədən (indiki halda Jasmin salonundan) tibbi xidmət müqabilində göstərilən proseduraların icrasına göstərişlə əlaqədar qeydiyyat sənədlərinin, tibbi xidməti icra edən mütəxəssisin (indiki halda saç ustasının) izahatı, müvafiq lisenziyası və s. sənədlərin alınaraq ekspert komissiyasına təqdim edilməsi məqsədǝmüvafiqdir. Belə ki, başın tüklü hissəsində aparılmış botoxkeratin prosedurunun icrasından sonrakı dövrdə, yəni xx.xx.2021-ci il tarixdə Respublika Dəri Zöhrəvi Mərkəzində saçın tökülməsi diaqnostikası təyin edilmişdir ki, bu da keçirilmiş proseduranın qeyri-qənaətbəxş və qeyripeşəkar olmasına rəvac verir.
39. Lilya MMC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, İddiaçı baş dərisində kimyəvi yanıqla bağlı çapıq toxuması üzərinə saç əkimi icra olunmalıdır. Əməliyyatın qiyməti 4700 manat, əməliyyat sonrası saç və saçlı dəri bərpasına sərf olunacaq xərclər təxminən 2700 manat, əməliyyat önü hazırlıq 200 manat təşkil edir.
40. X5 dermotoloq trixoloq həkimi Elnarə Şükürovanın xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, travma sonrası allopesiya diaqnozu qoyulmuş İddiaçı baş dərisinin tük hissəsi nahiyəsində kimyəvi maddələrlə olunmuş saç rəngi açılması nəticəsində yaranan 2-ci dərəcəli yanıq və ondan sonra yaranan çapıqlar müşahidə olunur. Yaranmış çapıqların üzərində tüklərin bərpası mümkün olmadığına görə həmin nahiyəyə saç əkimi məsləhət görülür. Əkim öncəsi və sonrası bir neçə ambulator inveksion və lazer kursu məsləhət görülür. Bir kurs üçün mumi müalicənin qiyməti 2300 manat təşkil etməklə təxminən 6-7 kurs müaicə tələb olunur. Ümumi 3 aylıq 1 kurs müalicə üçün 5487 manat təşkil edir.
41. X6 İddiaçı saçlarının müayinəsinin nəticəsindən müəyyən olunur ki, İddiaçı “başın tüklü hissəsinin yumşaq dərisinin kimyəvi yanığı nəticəsində keçəlləşmə” diaqnozu qoyulmuşdur.
42. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunan ekspertiza nəticəsində verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 139/KEŞ saylı rəyindən müəyyən olunur ki, iş materiallarına əlavə edilmiş məlumatlara əsasən İddiaçı saçlarında xx.xx.2022-ci il tarixdə botox-keratin proseduru aparılmışdır. Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ-də İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o, xx.xx.2021-ci il tarixdə saçların tökülməsi diaqnozu ilə dispanser qeydiyyata alınmışdır. Aparılmış trixoskopiya, mikroskopiya və həkim müayinəsindən sonra xəstəyə müvafiq müalicə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı saçlarında aparılmış botox-keratin prosedurunun icrasından sonrakı dövrdə, yəni xx.xx.2021-ci il tarixdə onda Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ-də saçın tökülməsinin olduğu müəyyən edilmişdir ki, bu da prosedurun qeyri-qənaətbəxş icra edilməsilə əlaqədar yaranmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onun baş nahiyəsində tökülmə zonaları və dərisində cüzi qabıqlanmanın olduğu müəyyən edilmişdir. Qeyd olunanlar müvafiq profil üzrə müalicə kursu və baxım prosedurları (fizioterapiya, mezoterpiya, plazmoterapiya və s.) ilə aradan qaldırıla bilər.
43. Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ-nin tibbi vərəqəsindən xx.xx.2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə saçlarının tökülməsi diaqnozu ilə dispanser qeydiyyatına alınmış, xəstə müraciət edərkən şikayətinin saçlarının rənglənməsi nəticəsində tökülməsi olmuşdur.
44. Beləliklə, birinci instansiya məhkəməsindəki icraat zamanı təqdim edilmiş yuxarıda adı çəkilən sübutların hər birinə ayrı-ayrılıqda nəzər yetirdikdə onların işin hallarını tam və dəqiq şəkildə əks etdirdiyi müəyyən olunmur və bu səbəbdən kollegiya hər bir sübuta ayrılıqda qiymət verməyi zəruri hesab edir.
45. Belə ki, Nəsimi RPŞ-nin qərarı əsasında təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 1645 saylı rəyinin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə botox-keratin prosedurunun aparılmasından sonra uzun müddət keçdiyini və həmin tədqiqat aparılan zaman baş nahiyəsində hər hansı bir xəsarət aşkar edilmədiyi bildirilmiş və buna görə də məhz 2022-ci ildə aparılan prosedur nəticəsində konkret zərərin dəyibdəymədiyi müəyyən olunmamış, yalnız iddiaçının 2021-ci ildə aparılmış prosedur nəticəsində dəri-zöhrəvi mərkəzində saçın tökülməsi diaqnozunun təyin edilməsi bildirilmişdir. İşin hallarından da göründüyü kimi hazırki mübahisə 2021-ci ildə deyil (onunla bağlı zərər cavabdeh tərəfindən artıq iddiaçıya ödənilmişdir), ondan sonra, yəni 2022-ci ildə aparılmış botoks-keratin prosedurunun qüsurlu icra olunması nəticəsində yaranmışdır. Buna görə də qeyd edilən ekspert rəyi ilə hazırki mübahisənin həqiqi hallarını müəyyən etmək mümkün olmamışdır.
46. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən təyin olunan ekspertiza nəticəsində verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 139/KEŞ saylı rəyindən də görünür ki, həmin rəy də daha çox 2021-ci ildə aparılmış prosedurun analizindən və təsirindən irəli gələrək tərtib edilmiş, hazırki fəsadların məhz 2022-ci ildə aparılan prosedurla əlaqəsinin olub-olmaması barədə dəqiq mülahizə bildirilməmişdir.
47. İş materiallarındakı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışında iddiaçıya saç əkimi prosedurunun icra olunması tövsiyə olunsa və bununla bağlı xərcə dair qeydlər olsa da, arayışda iddiaçının baş dərisindəki çapıq toxumasının zədələnməsinə səbəb olaraq botoks-keratin deyil, kimyəvi yanığın ola bilməsi öz əksini tapmışdır. Bundan əlavə iş materiallarındakı "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli arayışın verilməsi zamanı heç bir analiz və müayinə həyata keçirilməmiş, orada müəssisənin möhürü əks olunmamışdır. Beləliklə, həmin sənəd də işin həqiqi hallarını dəqiq şəkildə müəyyən etmək üçün kifayət deyildir.
48. “Kepro” Estetik Klinikasının dermotoloq trixoloq həkimi Elnarə Şükürovanın xx.xx.2023-cü il tarixli arayışında isə travma sonrası allopesiya diaqnozu qoyulmuş İddiaçı baş dərisinin tük hissəsi nahiyəsində kimyəvi maddələrlə olunmuş saç rəngi açılması nəticəsində yaranan 2-ci dərəcəli yanıq və ondan sonra yaranan çapıqlar müşahidə olunduğu qeyd olunsa da, iş materiallarındakı xx.xx.2023-cü il tarixli məktubda yuxarıda adı çəkilən arayışdakı qiymətlərin və bir sıra qeydlərin klinikanın həkimi tərəfindən aparılmadığı göstərilmişdir. Bu hal da adı çəkilən sənədin mötəbərliyinə dair kollegiyada əsaslı şübhələr doğurmuşdur.
49. Beləliklə, qeyd olunan sübutların tədqiqi zamanı onların işin bütün hallarını dəqiq və tam əks etdirməməsinə baxmayaraq birinci instansiya məhkəməsi bu hala önəm verməmiş, mübahisənin düzgün araşdırılması ilə bağlı zəruri addımlar atmamışdır. Buna görə də kollegiya əlavə araşdırmanın aparılmasına zərurət duymuşdur.
50. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş ekspert tədqiqatı nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli 348/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, “iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, İddiaçı saçlarına 2021-ci ildə "Jasmin" salonunda saçların rənginin kimyəvi maddələrlə açılması proseduru aparılmış, prosedur zamanı saçlar və başın dəri səthi yanmışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə saçların bərpası məqsədilə İddiaçı saçlarında "botox-keratin" proseduru aparılmış, lakin prosedur yarımçıq saxlanılmışdır. Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ-də İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o, xx.xx.2021-cü il tarixdə "Saçların tökülməsi" diaqnozu ila dispanser qeydiyyatına alınmışdır. Aparılmış trixoskopiya, mikroskopiya və həkim müayinəsindən sonra xəstəyə müvafiq müalicə təyin edilmişdir. "Kepro" X7 Vəliyevanın saçına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli tibbi sənəddə göstərilənlərə əsasən, aparılmış müvafiq müayinələrdən sonra ona "Travma sonrası alopesiya" diaqnozu təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 2021-ci ildə İddiaçı saçlarının kimyəvi maddələrlə açılması prosedurunun icrasından sonrakı dövrdə, yəni xx.xx.2021-ci il tarixdə onda Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ-də saçın tökülməsinin, "Kepro" Estetik Mərkəzində isə "Travma sonrası alopesiya"nın olduğu müəyyən edilmişdir ki, bu da aparılmış prosedurun qeyri-qənaətbəxş icra edilməsilə əlaqədar yaranmışdır”.
51. Adı çəkilən ekspert rəyi də bundan öncəki kimi daha çox 2021-ci ildə aparılmış prosedurun analizindən və təsirindən irəli gələrək tərtib edilmiş, hazırki fəsadların məhz 2022-ci ildə aparılan prosedurla əlaqəsinin olub-olmaması barədə dəqiq mülahizə bildirilməmiş və nəticədə real vəziyyətlə bağlı məlumatı əks etdirməmişdir.
52. Buna görə də apellyasiya baxışı zamanı sözügedən quruma yenidən məktubla müraciət olunmuş və məhz ekspertiza təyini ilə bağlı qərardaddı suallara, yəni xx.xx.2022ci ildə aparılmış botox-keratin prosedurunun düzgün aparılıb-aparılmaması və müvafiq olaraq nəticələri barədə məlumat verilməsi xahiş olunmuşdur.
53. Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən təqdim olunan xx.xx.2024cü il tarixli 667/KEŞ saylı rəydə qeyd olunmuşdur ki, “xx.xx.2022-ci il tarixdə saçların bərpası məqsədilə İddiaçı saçlarında "botox-keratin" proseduru aparılmış, lakin prosedur yarımçıq saxlanılmışdır. xx.xx.2023-cü il tarixli tibbi sənəddə göstərilənlərə əsasən, "Kepro" Estetik Mərkəzində "Travma sonrası alopesiya" olduğu müəyyən edilmişdir ki, bu da xx.xx.2022-ci il tarixdə aparılmış botox-kreatin prosedurun qeyri-qənaətbəxş icra edilməsilə əlaqədar yaranmışdır”
54. Beləliklə, nəhayət, sonuncu adı çəkilən ekspert rəyi ilə iddiaçının saçına aparılmış botox-keratin prosedurunun düzgün icra edilməməsi nəticəsində onun baş dərisinə, yəni nəticə etibarilə sağlamlığına zərər dəyməsi faktını öz təsdiqini tapmış, beləliklə, deliktin varlığını ehtiva edən şərtlərin hazırki iş üzrə ödənməsi sübutlarla təsdiq olunmuşdur.
55. Göründüyü kimi, iddiaçının sağlamlığına zərər dəyməsi və buna ona görə ona müəyyən məbləğdə pulun ödənilməli olması işin artıq mübahisəsiz halıdır. Lakin zərərin konkret miqdarı ilə bağlı məhkəmə aşağıdakılar qeyd etməyi zəruri hesab edir.
56. Belə ki, daha öncə yuxarıda da qeyd edildiyi kimi, "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli arayışında iddiaçıya saç əkimi prosedurunun icra olunması tövsiyə olunsa və bununla bağlı xərcə dair qeydlər olsa da, iş materiallarındakı "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli arayışın verilməsi zamanı heç bir analiz və müayinə həyata keçirilməmiş, orada müəssisənin möhürü əks olunmamışdır.
57. Həmçinin “Kepro” Estetik Klinikasının dermotoloq trixoloq həkimi Elnarə Şükürovanın xx.xx.2023-cü il tarixli arayışında isə travma sonrası allopesiya diaqnozu qoyulmuş İddiaçı baş dərisinin tük hissəsi nahiyəsində kimyəvi maddələrlə olunmuş saç rəngi açılması nəticəsində yaranan 2-ci dərəcəli yanıq və ondan sonra yaranan çapıqlar müşahidə olunduğu qeyd olunsa da, iş materiallarındakı xx.xx.2023-cü il tarixli məktubda yuxarıda adı çəkilən arayışdakı qiymətlərin və bir sıra qeydlərin klinikanın həkimi tərəfindən aparılmadığı göstərilmişdir.
58. Apellyasiya baxışı zamanı “Kepro” Estetik Klinikasına sorğu ünvanlanaraq rəydə qeyd olunan müalicə kursuna və baxım prosedurlarına həmin klinikada tələb olunan vəsaitin məbləği barədə məlumatın verilməsi xahiş olunmuş, bununla əlaqədar verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda 1 kurs müalicənin ümumi qiymətinin 3200 manat olması qeyd olunmuşdur.
59. Kollegiya tərəfindən işin hərtərəfli araşdırılmasının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsinə, o cümlədən “Doctor Hair” Klinikası və “Xətai” Estetik Klinikası kimi müəssiələrə də eyni məzmunlu sorğu ilə müraciət olunsa da, onların heç biri tərəfindən zəruri olan müalicə kursuna və baxım prosedurlarına tələb olunan vəsait barədə dəqiq məlumat verilməsi mümkün olmamışdır.
60. Göründüyü kimi məhkəmə tərəfindən işin bütün hallarının araşdırılması məqsədilə bir sıra müəssisələrə sorğular ünvanlansa və mümkün olan bütün yollarla nəticənin əldə olunmasına təşəbbüs göstərilsə də, yuxarıda qeyd edilən obyektiv səbəblərdən bunun icrası mümkün olmamış, yalnız “Kepro” Estetik Klinikası tərəfindən verilmiş cavab məktubu ilə müalicə kursuna və baxım prosedurlarına sərf oluna biləcək məbləğin dairəsi müəyyənləşdirilmiş, həmin rəyin iş üzrə nəzərə alınmamasına əsas verəcək hər hansı digər bir sübut məhkəməyə təqdim olunmamışdır.
61. Halbuki nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
62. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
64. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, aparılmış botokskeratin proseduru nəticəsində iddiaçının saç dərisinə dəymiş zərərin məbləği olaraq 3200 manat məbləğin təsbit olunması işin halları və sübutların tədqiqi nəticəsində ağlabatan hesab olunmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, gələcəkdə məhz həmin prosedur nəticəsində iddiaçıya əlavə müalicə kurslarının və qulluğun göstərilməsi zəruri olarsa, sonuncunun bununla bağlı müvafiq qaydada yenidən iddia qaldırmaq hüququ istisna edilmir.
65. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi sadəcə tutulacaq məbləğin miqdarını deyil, onun yönəldiyi şəxslər dairəsini də düzgün müəyyənləşdirməmişdir.
66. Belə ki, iş materiallarında olan İcarəyə verən Cavabdeh2 icarəçi X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, icarəyə verən mülkiyyətində olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2000-ci il tarixli, 000345 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 134,1 kvadrat metr olan qeyri-yaşayış sahəsini icarə haqqı müqabilində icarǝçinin istifadəsinə verməyi, icarəçi isə icarə haqqının müqavilədə qeyd olunmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür.
67. Cavabdeh1 məxsus xx.xx.2008-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən müəyyən olunur ki, o, 05 saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən fərdi sahibkar Cavabdeh2 Jasmin gözəllik mərkəzinə qadın bərbəri vəzifəsinə işə qəbul edilmiş, 07 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən öz xahişi ilə həmin vəzifədən azad edilmiş, xx.xx.2022-ci il tarixdə yenidən həmin vəzifəyə işə qəbul edilmişdir.
68. İşəgötürən fiziki şəxs Cavabdeh2 ilə işçi Cavabdeh1 arasında bağlanmış 011 saylı xx.xx.2022-ci il tarixli müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, işçi Cavabdeh1 qadın bərbəri vəzifəsinə işə qəbul edilmişdir.
69. Əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə 01.0.2022-ci il tarixdə daxil edilmiş əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Cavabdeh2 ilə işçi Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, Cavabdeh1 əmək haqqı 320 manat olmaqla qadın bərbəri vəzifəsinə işə qəbul edilmişdir.
70. İstər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
71. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.
72. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.
73. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.
74. Hazırki işin hallarına əsasən işəgötürən fiziki şəxs Cavabdeh2 ilə işçi Cavabdeh1 arasında bağlanmış 011 saylı xx.xx.2022-ci il tarixli müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, işçi Cavabdeh1 qadın bərbəri vəzifəsinə işə qəbul edilmişdir və həmin əmək müqaviləsi üzrə işçinin əmək funskiyaları ”Jasmin” Gözəllik Mərkəzinin müştərilərinin istəklərinə əsasən tam yüksək səviyyədə saçların kəsilməsi, ukladka edilməsi, qaş və tüklərin alınması, saç uzadılması və s.-dir.
75. Göründüyü kimi işəgötürən Cavabdeh2 ilə işçi Cavabdeh1 arasında əmək münasibətləri olmuş, Cavabdeh1 apardığı prosedurlar onun birbaşa əmək funksiyalarından irəli gəlmişdir. Buna görə kollegiya hesab edir ki, iddiaçının sağlamlığına zərər dəyməsi zamanı həm işəgötürən qismində Cavabdeh2, həm də işçi və eyni zamanda zərəri birbaşa törədən şəxs Cavabdeh1 məsuliyyət daşıdığından, dəymiş zərərin məbləği onlardan müştərək qaydada tutulmalıdır.
76. Mənəvi zərərin tutulması ilə bağlı iddianın dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, hazırki işin hallarından göründüyü kimi iddiaçıya xx.xx.2022-ci ildə aparılmış prosedur nəticəsində onun saç dərisinə ziyan dəymiş və bu hadisənin üzərində 3 ilə yaxın müddət keçməsinə baxmayaraq zərər hər hansı formada qarşılanmamışdır. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmaqla, iddiaçının uzun müddət stres, həyacan, mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur.
77. Göstərilənlərə əsasən kollegiya cavabdehin iddianın rədd edilməli olmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək iddiaçıya ona dəymiş mənəvi zərərə görə müəyyən bir məbləğin ödənilməli olduğunu qeyd edir.
78. Lakin birinci instansiya məhkəməsinin 3000 manat məbləğində mənəvi ziyanın tutulması və bu tutmanın da yalnız Cavabdeh2 aparılması ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, hazırki tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya dəymiş maddi zərərin özü 3200 manat həcmində olmuşdur və bu zaman iddiaçıya dəymiş maddi zərərin özü 3200 manat olduğu halda, həmin zərərin ödənilməsinin gecikdirilməsinə görə də cavabdehdən 3000 manat məbləğində mənəvi ziyana görə pulun tutulması ədalətli olmamaqla bərabər cavabdehlərin üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnəcəkdir.
79. Belə ki, mənəvi zərər - bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
80. Ümumiyyətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrıayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə parktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
81. Həmçinin mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.
82. Habelə təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.
83. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilri ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
84. Beləliklə, qeyd olunanlar konteksində kollegiya hesab edir ki, işin halları və qanunvericiliyin bu yöndə olan tələblərinə görə iddiaçıya dəymiş mənəvi ziyanın həcminin 1000 manat həcmində müəyyən edilməsi daha ədalətli və ağlabatandır.
85. Beləliklə, qeyd olunanlar konteksində Kollegiya şikayətləri araşdıraraq belə nəticəyə gəlir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir.
86. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
87. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
88. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
89. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
90. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
91. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 445 (dörd yüz qırx beş) manat dövlət rüsumunun 62 (altmış iki) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənməli, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği isə onu ödəyən şəxslərin özünə aid edilməlidir.
92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-461/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 3200 (üç min iki yüz) manat, mənəvi ziyana 1000 (min) manat, cəmi 4200 (dörd min iki yüz) manat məbləğində pul, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 445 (dörd yüz qırx beş) manat dövlət rüsumunun 62 (altmış iki) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev