Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1410/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(011)-341/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı ("xxxx" ASC üçüncü şəxs qismində cəlb olunmaqla) “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 28400,11 manat məbləğində maddi ziyanın ödənilməyən 24400,11 manat hissəsi (4000 manatı sığorta şirkəti ödəmişdir), vurulmuş mənəvi zərərə görə 5000 manat, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 29430,11 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 04.03.2020-ci il tarixdə özünə məxsus olan “Ford Fusion” minik markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli küçəsi ilə S.Vurğun küçəsi istiqamətində hərəkət edərəkən yol hərəkət qaydalarını pozaraq işıqforun qırmızı işığında hərəkət etmiş, bu zaman soldan Rəşid Behbudov küçəsində işıqforun yaşıl işığında tərəfindən idarə edilən “X1” minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə çırpılmış, zərbənin təsirindən “X1” minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək özündən solda hərəkətdə olan “Fiat Doblo” markalı, ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə dəymişdir. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi maddi zərər dəymiş, cavabdeh yol hərəkət qaydalarını pozmasına görə İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və qəbul edilmiş 04.03.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarla 60 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra, "xxxx" ASC tərəfindən iddiaçıya 4000 manat, “Fiat Doblo” markalı, ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə isə 1000 manat məbləğində ödəniş edilmişdir. Hadisə nəticəsində “X1” minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə 28400.11 manat məbləğində maddi zərər dəymiş, bu barədə "xxxx" MMC-nin texniki xidmət servisi tərəfindən 07.03.2020-ci il tarixli akt da verilmişdir. Lakin "xxxx" ASCnin texniki sevisi tərəfindən hadisə nəticəsində avtomobilə dəymiş zərər iki dəfədən çox azaldılaraq, 13000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh isə vurulmuş maddi zərərin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də, dəymiş zərərin məcburi qaydada tutulmasını təmin etmək üçün məhkəməyə müraciət etmək zərurəti yaranmış, eyni zamanda, yol nəqliyyat hadisəsi zamanı mənəvi sarsıntı keçirmiş və uzun müddət həmin sarsıntıdan əzab çəkmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(011)- 341/2021 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) cavabdehdən 4500 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hisəsədə rədd olunması, ödənilmiş 30 manat dövlət rüsumunun 50%, yəni 15 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan 50%, yəni 15 manatının isə iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ondan iddiaçının xeyrinə 4500 manat tutulması hissəsində dəyişdirilməsi və həmin hissədə məbləğin 2500 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - qətnamənin iddiaçıya dəymiş maddi zərər hissəsində əsassız olması, məhkəmə tərəfindən cavabdehin mövqeyinə düzgün hüquqi qiymət verilməməsi, avtomobilə vurulmuş ziyanın ən pis halda 2500 manat müəyyən edilməli olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına görə, Cavabdeh 04.03.2020-ci il tarixdə “Ford Fusion” minik markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli küçəsi ilə S.Vurğun küçəsi istiqamətində hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçı Natavan Əyyubovaya məxsus “X1” minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bakı şəhəri DYPİ-nin 04.03.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə təqsirli bilmiş və 60 manat məbləğində inzibati cərimə olunmuşdur. “X1” minik markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci "xxxx" ASC-nin təqdim etdiyi 07.03.2020-ci il tarixli qüsur aktına əsasən, cəmi 13000 manat məbləğində, iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin həmin tarixli qüsur aktına əsasən isə 24400,11 manat məbləğində qiymətləndirilmiş, 18.03.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə iddiaçı avtomobili 15000 ABŞ dollarına satmışdır. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, 2018-ci il buraxılışlı, mühərrik həcmi 1500 sm3 olan “X1” minik markalı avtomobilin yürüşündən, rəngindən və vəziyyətində asılı olaraq hazırda bazarda olan satış qiymətinin 30000-34000 manat arasında dəyişir. Kollegiya, baxılan hissədə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Baxılan işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur (yol-nəqliyyat hadisəsinin cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində baş verməsi, nəticədə iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi və səbəbli əlaqə). Hazırda cavabdeh, qətnaməni avtomobilə dəymiş zərərin məbləği hissəsində mübahisələndirərək, zərərin maksimum 2500 manat məbləğində olduğunu bildirir. Birinci instansiya məhkəməsi bu hissədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, qəza baş veridiyi tarixdə “X1” minik markalı avtomobilin bazar qiyməti 34000 manat həddində olmuş, iddiaçıya 4000 manat sığorta ödənişi ödənilmiş və həmin avtomobilin satışından 15000 ABŞ dolları (ABŞ dollarının həmin vaxt manata olan məzənnəsinə əsasən 15000 x 1.7=25500 manat) əldə edilmiş bununla da iddiaçıya dəymiş faktiki zərər 4500 manat təşkil etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəllilləri ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, cavabdeh etirazının (apellyasiya şikayətinin dəlillərinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, formal mülahizələrindən çıxış etmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, ekspert (mütəxəssis) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, bu sahədə ixtisaslı şəxslər tərəfindən verilmiş rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Baxılan işdən görünür ki, əldə olunmuş mütəxəssis rəyinə əsasən, yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt 2018-ci il buraxılışlı, mühərrik həcmi 1500 sm3 olan “X1” minik markalı avtomobilin bazar dəyəri 34000 manat olmuş, iddiaçı isə avtomobili hadisənin baş verməsindən sonra qəzalı vəziyyətdə 15000 ABŞ dollarına satmışdır. Belə olan halda, sığorta şirkəti tərəfindən iddiaçıya 4000 manat sığorta ödənişi edildiyi də nəzərə alındıqda birinci instansiya məhkəməsi tərəfindən avtomobilə dəymiş zərərə görə cavabdedən iddiaçının xeyrinə tutulan maddi ziyanın məbləği qanuni və əsaslıdır. Cavabdeh isə bunun əksini sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yixlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (4500 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(011)-341/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(011)- 341/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1410/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1410/2022
15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver