Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1412/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(010)-3738/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh onun xeyrinə beh kimi əvvəlcədən ödənilmiş 3000 manatın iki mislinin, yəni 6000 manat və çəkdiyi zərərə görə 2000 manat, cəmi 8000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək məhkəmədən Cavabdeh beh kimi ödənilmiş 3000 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(010)-3738/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh ərizə verərək, qətnamənin ləğv edilməsi xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.08.2021-ci il tarixli, 2(103)- 9304/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad qanuni qüvvəsini aldıqdan sonra mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli, 2(010)-3738/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(010)-3738/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti cavabdehə geri qaytarılmışdır. Cavabdeh 17.12.2021-ci il tarixdə təkrar apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(010)-3738/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(010)- 3738/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 17.12.2021-ci il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanası vasitəsilə verilmişdir. Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(010)-3738/2021 saylı qətnaməsi rəsmi olaraq 22.07.2021-ci il tarixdə cavabdehin özü tərəfindən məhkəmə qəbzinə imza edilməklə qəbul edilmişdir. Lakin, apellyasiya şikayəti məhkəməyə ilkin olaraq 03.08.2021-ci il tarixdə verilmiş, həmin şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.08.2021-ci il tarixli, 2(103)-9304/2021 saylı qərardadı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli, 2(010)-3738/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. Daha sonra təkrarən cavabdeh tərəfindən apellyasiya şikayəti 17.12.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi Cavabdeh apellyasiya şikayətini apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürməklə, prosessual qaydalara riayət edilmədən vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129-cu maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(010)-3738/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1412/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1412/2022
10.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver