Məhkəmə qərarları › İş №2(103)-1414/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1414/2021

19.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1414/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə xx.xx.2020-ci il tarixli podrat müqaviləsi ilə bağlıdır. Müqavilədə iddiaçı sifarişçi, cavabdeh isə podratçı kimi göstərilib. Müqavilədə qeyd olunub ki, cavabdeh öz materiallarından istifadə etməklə Binəqədi rayonu, Xocasən qəsəbəsindəyerləşən, 2 mərtəbəli, 4 otaqlı, tikinti sahəsi 150 kv.metr, hündürlüyü 8,20 metr, birinci və ikinci mərtəbəsində tavan hündürlüyü 3,10 metr təşkil edən fərdi yaşayış evini xx.xx.2020-ci il tarixədək tikib yaşayış üçün hazır vəziyyətdə iddiaçıya təhvil verməyi, iddiaçı isə fərdi yaşayış evini qəbul edərək 38.000 manat pulu cavabdehə ödəməyi öhdəsinə götürür. Tələb və onun həlli: İddiaçının ilk iddia ərizəsində tələb olunub ki, podrat müqaviləsi ləğv edilsin, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə verilmiş 8.000 manat pul, habelə cavabdehin təqsiri üzündən iddiaçının çəkdiyi əlavə xərcin əvəzi kimi 1.114 manat pul, cəmi 9.114 manat pul cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Cavabdehin qarşılıqlı iddia ərizəsində tələb olunub ki, iddiaçının (sifarişçinin) sifarişdən imtina etməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 31.800 manat, mənəvi zərərin əvəzi kimi 1.000 manat iddiaçıdan alınaraq cavabdehə verilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, 6.200 manat pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 26 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Cavabdeh məhkəmə icasında iştirak etməmişdir. Məhkəmə iclaısnda iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin əsassız oluğunu bildirdilər. Qətnamənin yoxlanılması: Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da ilk iddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilməyib. Ona görə də qətnamənin ilk iddianın təmin edilməsinə və qarşılıqlı iddianın rədd edilməsinə aid hissəsi yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, podrat müqaviləsi əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 752.1-ci maddəsində qeyd olunub ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, podrat müaviləsinin predmeti işdir. Podrat müqaviləsi o zaman etibarlı sayıla bilər ki, sifarişçi həmin işi sifariş vermək, podratçı isə onu icra etmək hüququna malik olsun. İddiaçı torpaq sahəsində ev tikilməsini sifariş etmək, cavabdeh isə torpaq sahəsində ev tikmək hüququna malik olmayıb, çünki torpaq sahəsi tərəflərin heç birinin mülkiyyətində deyil və ya torpaq sahəsinə dair onların heç birinin istifadə və ya icarə müqaviləsi yoxdur. Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişi də onu təsdiq edir ki, podrat müqaviləsi əhəmiyyətsizdir. Belə ki, həmin maddədə qeyd olunub: “Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.” Cavabdeh əvəz edilən əşya (ev) hazırlamışdır, lakin ona alqı-satqı qaydalarının tətbiq edilməsi mümkün deyil, çünki özbaşına tikinti obyektidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Cavabdeh tikdiyi evi iddiaçıya verə bilməz, çünki evə dair əqd bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Odur ki, podrat müqaviləsi əhəmiyyətsiz əqddir. Cavabdeh həmin əqdə əsaslanaraq iddiaçıdan pul tələb edə bilməz. Cavabdehin qarşılıqlı iddiası əhəmiyyətsiz əqdə əsaslandığına görə birinci instansiya məhkəməsi düzgün olaraq onu rədd edib. İddiaçı isə həmin əqdə əsasən verdiyi pulu geri tələb etməyə haqlıdır. İddiaçı cavabdehə 8.000 manat pul verib, sonradan cavabdeh həmin pulun 1.800 manatını qaytarıb, 6.200 manat isə qalıb. İşin bu hal birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının ilk iddiasını qismən təmin edib, 6.200 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını qət edib. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar