Məhkəmə qərarları › İş №2(103)-1415/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1415/2025

17.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1415/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(002)-1601/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının oğlu X6 müddətli əmək müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə cavabdeh təşkilatda fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə cavabdeh təşkilatın başqa əməkdaşı X1 rayonunda cavabdehə məxsus nəqliyyat vasitəsini idarə edərkən bədbəxt hadisə baş vermiş və nəticədə X6 vəfat etmişdir.

2. Göygöl Rayon Məhkəməsinin 1(066)-04/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. "xxxx" Sığorta Şirkəti ASC (sığortaçı) ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı (sığortalı) arasında bağlanmış xx.xx.2013-ci il tarixli, QAL00010794 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə və ona 44 nömrəli xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən, X6 icbari qaydada sığorta olunmuşdur.

4. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən müqavilə üzrə X3 ailə üzvünə (vərəsəsinə) 15.045,93 manat məbləğində sığorta ödənişi edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyana görə 300.000 manat və mənəvi ziyana görə 50.000 manat, cəmi 350.000 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun övladı X5 cavabdeh təşkilatda əmək müqaviləsi əsasında işləmişdir. X1 rayonu Yeni Qızılca kəndində yerləşən “Mal bazarı” adlanan ərazidə daş-çınqıl tullantılarının daşınması ilə əlaqədar idarə etdiyi “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nı məxsus olan “Ford Karqo” markalı, **-JT- *** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsü işlədiyi dövrdə, yəni 16 iyul 2019-cu il tarixdə saat 17 radələrində üzərinə qoyulmuş “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı filialının “Nəqliyyat vasitəsi sürücüsünün təhlükəsizli üzrə təlimatı”-nın 4.1.10-cu bəndinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin tələblərinə əməl etməyərək, yəni avtomobili idarə etməzdən qabaq onun arxasına, altına və digər hissələrinə baxıb nəzarət etdikdən, həmçinin, avtomaşını arxaya verməzdən əvvəl yaxınlıqda insan və ya digər maneələrin olmadığına tam əmin olduqdan sonra avtomobili hərəkətə gətirməli olduğu halda bunlara riayət etməyib, daş-çınqıl karxanasında yükləmə işi aparıldığı vaxt avtomobili hərəkət etdirərkən arxa tərəfdə dayanmış, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”ndə fəhlə işləyən X3 vurub üzərindən keçərək, beyinin alın-təpə paylarının əzilməsi, beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, kəllə qapağı, kəllə-əsası sümüklərin qəlpəli sınması, hər iki almacıq, burun sümüklərinin və qığırdaqlarının sınıqları, başın yumşaq toxumalarına alın-təpə-gicgah nahiyyələrində qansızma, alın nahiyyəsinin yarası, döş qəfəsinin sol tərəfində İ-İV qabırğaların orta körpücük xətti üzrə, döş qəfəsinin sağ tərəində İ-İX qabırğaların iki anatomik xətti üzrə sınması, plevranın zədələnməsi, hər ikiağ ciyərlərin cırılması, sağ ayaq daraq sümüklərinin sınması, sol körpücük sümüyünün orta 1/3 hissədə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması ilə müşaiyət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsi nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Göygöl Rayon Məhkəməsinin 1(066)-04/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Dəfələrlə cavabdeh təşkilata dəymiş ziyanla bağlı müraciət edilsə də onlar buna məhəl qoymamışdılar. Nəzəriə çatdırır ki, mərhum Tariyel Əhliman oğlu ailənin yeganə övladı olmuş və ailəsinə maddi dəstək olmuşdur.

7. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

8. Cavabdeh "Özgün Yapı Sanayi Ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsinə qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən baş vermiş bədbəxt hadisə nəticəsində nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. X6 “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında işlədiyi müddətdə icbari sığorta olunmuşdur. Buna görə Taryel Əhliman oğlunun ölümünə görə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı Hümmət oğluna maddi ziyan ödənilmişdir. Bundan başqa, Şirkət tərəfindən X3 atası İddiaçı Hümmət oğluna xx.xx.2019-cu il tarixdə 4.300 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 8.000 manat, cəmi 13.800 manat pul ödənilmişdir.

9. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etmişdir ki, iddia tələbi təmin olunmalıdır. Maddi və mənəvi ziyanın ödənilməsini istəyir çünki, o da, yoldaşı da işləmir. Evin bir işləyəni oğlu idi, o da toyuna 5 gün qalmış vəfat etdi. 300.000 manat ölənə kimi ona bəs edəcək. Oğlu ayda 500 manat maaş alırdı. Oğlu yaşasaydı o, şirkət olmasa da başqa şirkətdə işləyib əmək haqqı alacaqdı. Hadisə zamanı oğlunun təhlükəsizliyi müəssisə tərəfindən olunmadı deyə elə oldu. Sahə rəisi siqnalizasiyası xarab olan maşınla oğlunu karyerə relsə çıxarıb. Oğlunun karyerə kordinator getmək vəzifəsi yox idi. Sığortadan 15.000 manat almışlar. Cavabdehin verdiyi 13.800 manatı qardaşı götürmüş, sonra ona verilmişdir.

10. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirmişdir ki, hadisə 4 il əvvəl olub. O zaman iddiaçıya kömək edilmiş və indi yenə də pul istəyir.Şirkət tərəfindən 13.800 manat məbləğində mənəvi zərəri iddiaçı tərəfə ödənilmişdir. xx.xx.2019-cu il tarixdə 4.300 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat və xx.xx.2019-cu il tarixdə 8.000 manat olmaqla ödənilmişdir. Pulu iddiaçının qardaşına ödənilmişdir. Müəssisə pulu mənəvi ziyan kimi ödəyib, maddi ziyanı onsuz da sığorta şirkəti ödəmişdir.

11. Məhkəmə iclasında X4 şahid qismində dindirilmişdir.

12. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 1601/2024 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz hal ondan ibarətdir ki, İddiaçı övladı X2 xx.xx.2019-cu il tarixdə cavabdeh təşkilatın işçisi olan sürücü X7 tərəfindən idarə olunun “Ford Karqo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını vasitəsi ilə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi, bu hadisəyə görə zərərçəkmiş şəxslərin "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində maddi ziyana görə 15.045,93 manat, mənəvi zərərə görə isə cavabdeh təşkilatdan müxtəlif zamanlarda cəmi 13.800 manat məbləğində ödənişlərlə təmin edilməsidir.

14. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı hazırda cavabdeh təşkilata qarşı iddia ərizəsinə məhkəməyə müraciət edərək, cavabdehdən ölmüş şəxsin evin yeganə qazanc gətirəni olduğuna əsaslanaraq iddiaçıdan maddi və mənəvi ziyan tələb etmişdir. Cavabeh tərəf isə qeyd etdi ki, baş vermiş bədbəxt hadisəyə görə iddiaçı tərəfə maddi ziyana görə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən, mnəvi zərər görə isə cavabdeh şirkət tərəfindən ödənişlər edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfə baş vermiş bədbəxt hadisə nəticəsində maddi ziyana və mənəvi zərərə görə müvafiq ödənişlər edildiyindən iddia tələbi təmin olunmamalıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1118.1, 1118.2, 1119.1, 1119.2, 1119.3, 1121.1, 1121.3, 1122.1, 1122.2-ci maddələrinə, Əmək Məcəlləsinin 191.1, 191.2, 194.1, 194.2, 196.5, 215, 217, 225.1, 238, 239.1, 239.2, 239.5, 290.3-cü maddələrinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 10.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.3cü bəndinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ödənilmiş sığorta məbləği ilə iddia tələbinin fərqinə varmamış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1, 1118.2-ci maddələrinə istinad etsə də, nədənsə maddənin dispoziyasınıa deyil, öz mülahizələrinə uyğun olaraq qətnamədə əsaslandırmağa çalışmışdır. Həmçinin məhkəmə iş materiallarında olan sübutlara deyil, öz mülahizəsinə uyğun şəkildə maddələrə istinad etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, İddiaçı Hümmət oğlunun maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi özünün və nümayəndəsinin iştirakı ilə Qaradağ Rayon Məhkəməsində tam araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun qanuni qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. X6 “Özgün Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında işlədiyi müddətdə icbari sığorta olunmuşdur. Buna görə X3 ölümünə görə “Qala Həyat" Sığorta Şirkəti ASC tərəfindən onun atası İddiaçı Hümmət oğluna 15045,93 manat maddi ziyan ödənilmişdir. Bundan başqa, şirkət tərəfindən X3 atası İddiaçı Hümmət oğluna xx.xx.2019-cu il tarixli 4.300 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 8.000 manat, cəmi 13.800 manat pul mənəvi ziyan olaraq ödənilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının tələbi sığorta ödənişi ilə bağlı deyil. Tələb sırf maddi və mənəvin zərərin ödənilməsidir. İddiaçının oğlu cavabdeh təşkilatın əməkdaşı olmuşdur və əməkdaşı olduğu dövrdə də hadisə baş vermiş və həlak olmuşdur. O, evin tək oğlu olmuşdur, iddiaçı və ailəsi məcburi köçkün olmuşlar, evə yeganə qazanc gətirən şəxs oğlu olmuşdur. İddiaçı həlak olan X3 vərəsəsidir. İddiaçı oğlunun ölümündən sonra ürək xəstəliyindən dəfələrlə müalicə alıb. Mənəvi tələbin 13.800 manat ödənişlə əlaqələndirilməsi absurddur.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, tələb iki hissədən ibarətdir. Maddi ziyan tələbinin cavabdehə aidiyyəti yoxdur, belə ki, Əmək Məcəlləsinin 239.5-ci maddəsinə görə icbari sığorta olunan işçilər sığorta ödənişi ilə təmin olunur. Bu ödəniş də 15.045,93 manat olmaqla artıq ödənilmişdir. Şirkət tərəfindən heç bir halda məhkəmə qətnaməsi olmadan mənəvi ziyana görə 10 min manatdan artıq ödəniş edilmir. Lakin hazırki iş üzrə iddiaçıya 13.800 manat pul ödənilmişdir. Ona görə ki, gənc adamdır, bir tək atası və anası qalıb. Ona kömək olunması üçün şirkətə yaxınlaşa bilərdi. Amma hazırda şirkətin də maddi vəziyyəti o qədər də yüksək deyil, vəsait yox dərəcəsindədir.

22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

24. Azərbayan Respublikasının Əmək Məcəlləsi: Maddə 225.1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Maddə 238. İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Maddə 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı: Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia rədd olunduğundan, apellyasiya şikayətinə əsasən qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin ödənilməsi ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 15.000 manat məbləğində vəsait tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İşdən müəyyən edilir ki, iddiaçının mərhum oğlu Taryel Şirinov əmək funksiyasını icra edərkən xx.xx.2019-cu il tarixdə iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Hadisədən sonra onun ailəsinə cavabdeh tərəfindən 2019-cu ildə ümumilikdə 13.800 manat vəsait ödənilmiş, eyni zamanda, mərhum Taryel Şirinov cavabdeh tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunduğundan, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən onun ailəsinə 15.045,93 manat məbləğində sığorta ödənişi verilmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının maddi zərərin ödənilməsi barədə tələbi əsassız olduğundan təmin edilə bilməz.

34. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

35. Lakin həmin Məcəlləsinin 239.5-ci maddəsinin tələbinə görə bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

36. Yuxarıda da qeyd olunduğu kimi, mərhum Taryel Şirinov cavabdeh tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmuş və "xxxx" Sığorta Şirkəti ASC tərəfindən onun ailəsinə 15.045,93 manat məbləğində sığorta ödənişi verilmişdir.

37. Məhkəmə kollegiyası mənəvi zərər tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, cavabdeh təşkilatın əməkdaşının vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iş yerində baş vermiş bədbəxt hadisə iddiaçının oğlunun ölümü ilə nəticələndiyindən o, cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

38. Kollegiya qeyd edir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasın mərhum Taryel Şirinov iddiaçının yeganə övladı olmuş və o, vəfat edəndə iddiaçının artıq 58 yaşı var idi.

40. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan hüquqi mövqeyinə görə ana və atanın uşaqlarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və cavabdeh tərəfindən mərhum Taryel Şirinovun ailə üzvlərinə hadisədən sonra 13.800 manat məbləğində vəsaitin ödənildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırki iş üzrə mənəvi zərərin əvəzi olaraq cavabdehdən 15.000 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 1601/2024 nömrəli qətnaməsi mənəvi zərər tələbi ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından mənəvi zərərə görə 15.000 manat vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar