Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1416/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı Lyudmila Ağazadənin, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Əhməd Abbaslının, X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair 2(005)-4017/2021 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 31 nömrəli qarajdan istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 5, mənzil 65 qeydiyyatdadır və faktiki yaşayır. Eyni zamanda həmin ünvanda yerləşən 65 nömrəli mənzilin mülkiyyətçisidir. Yaşadığı evin qabağında 1967-ci ildə yoldaşı Ağa-zadə Çingiz Yəhya oğlu daş qaraj tikmişdir. Həmin vaxtdan qaraj ailəsinin istifadəsindədir və qarajda 1991-ci ilin buraxılışı “Volkswagen Passat” avtomobili saxlıyırlar. Qarajın tikilməsi üçün Bakı şəhəri Binəqədi (keçmiş Kirov) İcra Komitəsinin rəsmi qərarı ilə icazə almış və qaraj tikildikdən sonra bir neçə il ərzində, yəni 2003-cü ilə qədər vergilər ödəmişdir. Beləliklə, yuxarıda qeyd edilmiş qaraj qırx ildən çoxdur ki, ailələrinin istifadəsindədir. Lakin, qarajın ilkin hüquqmüəyyənedici sənədini tapa bilməmişlər. Qeyd etmək lazımdır ki, iddiaçının yoldaşı X5 06.06.2003-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra “Volkswagen Passat” avtomobili onun sahibliyinə keçirmişdir və həmin avtomobili ona məxsus qarajda saxlayır. İddiaçı 2 il ərzində faktiki sahibliyində olan qarajı öz adına sənədləşdirmək, yəni qaraja texniki pasportu almaq istəyir. Bununla əlaqədar, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə müraciət etmişdir. Lakin, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsindən 183022 59276№li, 27.11.2018-ci il tarixli məktubu ilə bildirmişlər ki, ünvan 2 ünvanda yerləşən qaraja dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər (sərəncam və yerləşmə cizgisi) təqdim edildiyi təqdirdə yenidən baxılacaqdır. İddiaçı qarajın hüquqmüəyyənedici sənədini tapmaq üçün dəfələrlə Milli Arxivinin müxtəlif şöbələrinə müraciət etmişdir. Sorğuya verilmiş cavabında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi bildirmişlər ki, yuxanda qeyd edilmiş sərəncam arxivində aşkar olunmamışdır. Bununla əlaqədar 30.10.2019-cü il tarixdə o, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə faktiki istifadəsində və sahibliyində olan qarajın texniki pasportunun verilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsi İ**********3№li, 02.12.2019-cü il tarixli məktubu ilə bildirmişlər ki, sözügedən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qnununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən daşınmaz əmlakla bağlı ünvan 3işi idarəyə daxil olmuş, lakin qanuni güvvəvə minmiş yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. 2019-cü ilin sentyabr ayında, iddiaçı ünvan 4 ünvanda yerləşən qarajın 1967-ci ildən ona məxsus olması faktın müəyyən edilməsi barədə ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla əlaqədar, Binəqədi Rayon Məhkəməsində 2(001)-2802/19 saylı mülki iş açılmışdır. Məhkəmə iclasında o ərizədən imtina etmiş və ərizəni əlavə olunmuş sənədləri ilə bir yerdə geri götürmüşdür. Beləliklə, həmin mülki iş məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır. Bundan sonra, o cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında yerləşə 31 saylı qaraja texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixi, 2-1(112)-2380/2020 nömrəli qərarı ilə iddia ərizəsi təmin olunmamışdır. Bundan sonra, o, yenidən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, istifadəsində olan qarajın texniki pasportun verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 01.06.2021-ci il tarixli, **********38 saylı məktubu ilə bildirmişlər ki, sözügedan qeyri yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməməsi ilə bağlı qarajın texniki pasport verilə bilməz. İddiaçı hesab edir ki, qarajın onun sahibliyində 54 il ərzində olduğu üçün həmin qarajına istifadə hüququnu tam qazanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X3 ünvan 6 ünvanında yerləşən 31 nömrəli qaraja istifadə hüququnun tanınması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını(yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədləri təqdim edə bilmədiyi halda məhkəmə müvafiq maddi hüquq normasının pozuntusuna yol verərək qətnamə qəbul etmişdir. İddiaçı dəfələrlə müvafiq daşınmaz əmlaka hüquqlarının qeydiyyata alınması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciətlər etmiş, lakin qanunvericiliyə uyğun olmayan sənədlər təqdim etdiyindən müvafiq olaraq imtina almışdır. Müvafiq maddi hüquq normasına əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş əsaslardan biri- torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi əlavə olunur. Lakin iddiaçı daşınmaz əmlaka olan hüquqlarının qeydiyyata alınması üçün müraciət etdiyi ərizəsinə müvafiq normaya uyğun olmayan sənədləri təqdim etmişdir. Belə olan halda 1 saylı BakıƏrazi İdarəsinin daşınmaz əmlakın qeydiyyata alınmasından imtinası qanunazidd sayıla bilməz. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, işə baxan məhkəmə iddiaçının izahatnı və şahid ifadələri ilə kifayətlənərək iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı tərəfindən iddianın əsaslı olmasını təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikilələrə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikilələrə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icraakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırki iş üzrə cavabdeh iddia ərizəsində tələb edildiyi kimi daşınmaz əmlak üzərində hüquqların tanınmasını deyil, həmin hüququların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasına əsas olan sənədlərdən heç birini cavabdehə təqdim edə bilməmişdir. Kollegiya bildirir ki, məhkəmə mülki mübahisəyə dair nəticəyə gələrkən düzgün olmayan maddi hüquq normalarına istinad etmişdir. Belə ki, hazırda iddiaçı daşınmaz əmlaka dair istifadə hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir, belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178-ci madddəsinə əsaslanmaq olmaz. Çünki həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Göründüyü kimi qanunvericiliyin həmin norması istifadə hüqunun tanınmasını deyil, mülkiyyətçi hüquqlarının qeydə alınması qaydasını özündə əks etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya qismən şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)- 4017/2021 saylı qiyabi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1416/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1416/2022
29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver