Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1417/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə (Açar sözlər: kommersiya aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh hüquqi varisi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4851/2021 saylı qətnaməsindən cavabdehin hüquqi varisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. “Sifarişçi” İddiaçı ilə “İcraçı” adlanacaq 21 yanvar 2014-cü il tarixli müqavilə imzalanmışdır. göstərilən xidmət üçün sifarişçilərlə bağlanan ilkin müqavilədən görünür ki, hazırkı ilkin müqavilənin şərtlərinə əməl etdikdən sonra sifarişçi ilə icraçı arasında sifarişçinin gələcək torpaq sahəsinə əsas (ümumi, ana) xətdən karbonat təməli olan yol, elektrik, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi xidmətinin göstərilməsinə dair əsas müqavilə bağlanacaq. Abşeron rayonu Hökməli qəsəbəsi At yalı adlanan ərazidə sahibkarlıqla (Ərzaq və pərakəndə satış nöqtəsi, çay evi) məşğul olmaq məqsədi ilə (Sonalı yaşayış massivində) yer № T1, (0,015 ha) torpaq sahəsi nəzərdə tutulur. Hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işlərin dəyəri əsas müqavilə ilə 15.000 manatdan az olmayaraq müəyyən ediləcək. Qeyd edilən məbləğ hazırkı müqavilə imzalandıqdan sonra sifarişçi tərəfindən icraçıya nağd qaydada ödəniləcək.
2. 21 yanvar 2014-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən müqaviləyə əsasən (ticarət mərkəzi üçün)15.000 manat pul vəsaiti nağd qaydada cavabdehə ödənilmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(101)-60/2017 saylı hökmündən görünür ki, cavabdeh barəsində olan cinayət işinin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınan iddiaçı ifadə verərək 15.000 manat pulun müqabilində Sonalı Massivi adlanan ərazidən T1 nömrəli 1,5 sot torpaq sahəsinin alınması üçün 21 yanvar 2014-cü il tarixdə Sevil Masivi MMC-nin ofisində Nihat adlı işçi vasitəsi ilə cəmiyyətin direktoru ilə arasında podrat müqaviləsi bağlandığını, həmin vaxtdan 2014-cü ilin aprel ayına kimi MMC-yə 15.000 manat ödəniş etdiyini, ona vurulmuş ziyanın ödənilmədiyini və pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
4. İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünü onlara «Sevil» firmasının rəhbəri kimi təqdim edən cavabdeh şəxs Cavabdeh ona Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı adlanan ərazidə, yəni Sonalı yaşayış massivində (0,015 ha) torpaq sahəsi verəcəyini vəd verərək, ondan 21 yanvar 2014-cü il tarixdə 15.000 manat müqavilə əsasında pul almışdır. Pulu sonuncuya verməsi barədə onda 21 yanvar 2014-cü il tarixli pulu ödəyəcəyi barədə qəbz vardır. Bir neçə müddət keçdikdən sonra ona heç bir torpaq sahəsi almadığını gördükdə, artıq aldadıldığını hiss etmişdir. Sonradan eşitmişdir ki, cavabdeh şəxs və digərləri etdiyi əmələ görə, yəni törətdiyi fırıldaqçılıq əməlinə görə cinayət məsuliyyətinə cəlb ediliblər. Artıq onların barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma aparılır. O, zərər çəkmiş şəxs kimi istintaqa cəlb olunmuşdur. Məhkəmə araşdırması zamanı o, artıq şahidi olmuşdur ki, onun kimi bir neçə Azərbaycan vətəndaşı cavabdeh şəxs tərəfindən aldadılıblar. Beləliklə, ona heç bir pul ödənilməmişdir. Hətta məhkəmənin getdiyi zaman cavabdeh ondan aldığı pulu etiraf etmişdir. Artıq cavabdeh şəxsə cəza verilsə də, cəzasını çəkib qurtarmışdır. Hal-hazırda azadlıqdadır.Cavabdehin bütün hərəkətləri ilə ona külli miqdarda ziyan vurmuşdur və o, həmin zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4851/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, vurulmuş 15.000 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(101)-60/2017 saylı hökmündən görünür ki, cavabdeh barəsində olan cinayət işinin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınan iddiaçı ifadə verərək 15.000 manat pulun müqabilində Sonalı Massivi adlanan ərazidən T1 nömrəli 1,5 sot torpaq sahəsinin alınması üçün 21 yanvar 2014-cü il tarixdə Sevil Masivi MMC-nin ofisində Nihat adlı işçi vasitəsi ilə cəmiyyətin direktoru ilə arasında podrat müqaviləsi bağlandığını, həmin vaxtdan 2014-cü ilin aprel ayına kimi MMC-yə 15.000 manat ödəniş etdiyini, ona vurulmuş ziyanın ödənilmədiyini və pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs, hazırkı mülki iş üzrə cavabdeh iddiaçıdan müqavilə üzrə 15.000 manat pul aldığını və qaytarmadığını etiraf etmişdir. Məhkəmə istintaqı başa çatdıqdan sonra çıxarılan yekun məhkəmə aktında zərər çəkmiş şəxslərə, o cümlədən hazırkı mülki iş üzrə iddiaçıya vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət edə bilmələri izah edilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd olunan cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmış, ona dəymiş ziyan təsbit olunmuşdur.
8. Qətnamədən cavabdehin hüquqi varisi X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4851/2021 saylı, xx.xx.2021-cü il tarixli qətnaməsi ləğv edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh həmin dövrdə səhhətində problemlər olduğundan və daha sonra vəfat etdiyindən keçirilmiş məhkəmə prosesləri barədə məlumatlı olmamış, qətnamənin surəti ona təqdim edilməmiş eləcədə vərəsəsi X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsindən xəbərdar olmamışdır. Qətnamənin surəti yalnız xx.xx.2024-cü il tarixində rəsmi qaydada onlara təqdim edilmişdir. Bundan əlavə qətnamə ilə tanış olduqdan sonra müəyyən olunur ki, məhkəmə ümumilikdə işin həqiqi hallarını araşdırmamışdır. Belə ki, məhkəmə tərəfindən istinad olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(101)-60/2017 saylı hökmündən cavabdeh barəsində olan cinayət işinin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınan iddiaçıya 15.000 manat ziyanın vurulduğu müəyyən edərək, mülki iddiasını təmin etmiş, həmin məhkəmə aktı ilə ziyanların ödənilməsi üçün xeyli əmlakın müsadirə olunmasıda hökm edilmişdir. Yəni mövcud olan cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi məqsədilə mərhum cavabdehə və ailə üzvlərinə məxsus külli miqdarda dəyəri olan daşınar və daşınmaz əmlakların müsadirəsi nəzərdə tutulmuşdur. Əgər iddiaçıya ziyan dəymişdirsə həmin ziyanın ödənilməsi üçün əmlaklarda müsadirə edilərək həmin əmlaka yönəldilmişdir. Hazırkı vəziyyətdə isə ziyanın yenidən mülki qaydada tutulmasının tələb edilməsi əsassızdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 1(101)-60/2017 saylı hökmü ilə iddiaçının mülki iddiası təmin olunaraq 15000 manat ziyanın ödənilməsi nəzərdə tutulmuş, həmin məbləğlərin ödənilməsi mərhum cavabdehə və ailə üzvlərinə, eləcədə yaxınlarının bir sıra əmlaklara yönəldilmiş, həmin əmlaklar müsadirə olunmuş, əmlakların açıq hərrac vasitəsilə satışları təşkil edilməklə zərərçəkmiş şəxslərin zərərləri eləcədə iddiaçının zərərinin ödənilməsi nəzərdə tutulmuşdur.Yəni həmin zərəri ödənilməsi nəzərdə tutulan şəxslər sırasında hazırkı mülki iş üzrə iddiaçıda var və onun mülki iddiası hökmlə təmin edilmişdir. Ona görə də yenidən zərərin ödənilməsi ilə bağlı qətnamənin qəbul edilməsi iddiaçının əsassız varlanmasına səbəb olacaqdır. Cavabdeh məhkəmə proseslərindən məlumatı olmadığından öz sübutlarını təqdim etmək imkanından məhrum olmuşdur.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
10. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işə baxılmasını xahiş edir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh hüquqi varisi X2 çıxış edərək bildirir ki, işin məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəməsinə göndərilməsinə etirazı yoxdur.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirir ki, işin məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəməsinə göndərilməsinə etirazı yoxdur.
Tətbiq edilən hüquq normaları:
13. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
14. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.
15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. .... Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.”
16. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
18. Belə ki, “Sifarişçi” İddiaçı ilə “İcraçı” adlanacaq 21 yanvar 2014-cü il tarixli müqavilə imzalanmışdır. İlkin müqavilədən görünür ki, hazırkı ilkin müqavilənin şərtlərinə əməl etdikdən sonra sifarişçi ilə icraçı arasında sifarişçinin gələcək torpaq sahəsinə əsas (ümumi, ana) xətdən karbonat təməli olan yol, elektrik, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi xidmətinin göstərilməsinə dair əsas müqavilə bağlanacaq. Abşeron rayonu Hökməli qəsəbəsi At yalı adlanan ərazidə sahibkarlıqla (Ərzaq və pərakəndə satış nöqtəsi, çay evi) məşğul olmaq məqsədi ilə (Sonalı yaşayış massivində) yer № T1, (0,015 ha) torpaq sahəsi nəzərdə tutulur. Hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işlərin dəyəri əsas müqavilə ilə 15.000 manatdan az olmayaraq müəyyən ediləcək. Qeyd edilən məbləğ hazırkı müqavilə imzalandıqdan sonra sifarişçi tərəfindən icraçıya nağd qaydada ödəniləcək.
19. İlkin müqavilənin 1.1-ci maddəsndə qeyd edilir ki, hazırkı ilkin müqavilənin şərtlərinə əməl etdikdən sonra “Sifarişçi” ilə “İcraçı” arasında “Sifarişçi”nin gələcək torpaq sahəsinə əsas (ümumi, ana) xətdən karbonat təməli olan yol, elektrik, qaz, su, kanalizasiya xətlərinin çəkilməsi xidmətinin göstərilməsinə dair əsas müqavilə bağlanacaq. Müqavilənin 1.3-cü bəndində qeyd edilir ki, hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işlərin dəyəri əsas müqavilə ilə 15000 manatdan az olmayaraq müəyyən ediləcək. Qeyd edilən məbləğ hazırkı müqavilə imzalandıqdan sonra “Sifarişçi” tərəfindən “İcraçı”ya nəğd qaydada ödəniləcək.
20. Müqavilənin 2.1.1-ci bəndində qeyd edilir ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Alt yalı adlanan ərazidə sahibkarlıqla məşğul olmaq məqsədilə (Sonalı yaşayış massivində) (0,015 ha) torpaq sahəsinə müqavilənin bağlamağı öhdəsinə,gələcəkdə əlavə kommunal xidmətlərinin (yol baxımı, küçələrin işıqlandırılmasını, zibil yığıştırılması) aylıq ödənişlərini vaxtında ödəməyi öhdəsinə götürür. 21 yanvar 2014-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən müqaviləyə əsasən (ticarət mərkəzi üçün) 15.000 manat pul vəsaiti nağd qaydada cavabdehə ödənilmişdir.
21. Cavabdeh tərəfindən müqavilə öhdəliyi lazımı qaydada icra edilmədiyi üçün iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir.
22. Elektron məhkəmə informasiya sistemində araşdırma zamanı müəyyən edilir ki, İddiaçı ********** nömrəli VÖEN ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh isə ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir və AZ1022, ünvan 1 ünvanında qeydiyyatdadır.
23. Göründüyü kimi hazırki mülki iş, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisə olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri olduğundan mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
25. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüququ Şurasının 4 nömrəli, 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidir.
26. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4851/2021 saylı qətnaməsi ləğv edilməklə mülki iş aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4851/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov