Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1418/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdeh X2 nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4943/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili və cavabdeh X2 nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 1950 manat məbləğində zərərin əvəzi, X1 3900 manat məbləğində zərərin əvəzi, Cavabdeh2 7800 manat məbləğində zərərin əvəzi və Cavabdeh4 1950 manat məbləğində zərərin əvəzinin tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 iyun 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh X4 arasında xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 2 ədəd “Ninebot max g30” markalı elektrik skuteri (cihaz) 120 dəqiqəlik müddətində 34 manat məbləği müqabilində 11 iyun 2021-ci il tarixdə saat 18:20-də istifadəyə təhvil vermişdir. Lakin, cavabdeh X4 istifadə etdikdən sonra elektrin skuterlərinin iddiaçıya təhvil verdiyi zaman onun yararsız vəziyyətdə olduğunu aşkar etmişdir. Cavabdeh X4 təmir və cərimə pulunun ödənilməsi əvəzində elektrik skuterin özü tərəfindən təmir edilməsini və yararlı vəziyyətdə qaytarılmasını öz öhdəsinə götürmüşdür. Bununla bağlı iddiaçı vurulmuş zərərin ödənilməsi haqqında cavabdeh X3 pretenziya ərizəsi ilə müraciət etmiş, lakin hər hansı cavab olmamış və zərər ödənilməmişdir. Bundan əlavə, Cavabdeh2 ilə 18 iyul 2021-ci il tarixdə xidməti müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən, iddiaçı Cavabdeh2 60 dəqiqə müddətində 40 manat müqabilində 4 ədəd “Ninebot max G30” markalı elektrik skuterini təhvil vermiş, lakin, Cavabdeh2 elektrik skuterlərini yararsız vəziyyətə salaraq, cihazların yararlı vəziyyətdə iddiaçıya təhvil verməmişdir. Cavabdeh4 ilə 24 iyul 2021-ci il tarixdə xidməti müqavilə bağlamış, həmin müqaviləyə əsasən, iddiaçı Cavabdeh4 60 dəqiqə müddətində 10 manat müqabilində bir ədəd “Ninebot max G30E 11” markalı elektrik skuterini təhvil vermiş, lakin, Cavabdeh4 elektrik skuterini yararsız vəziyyətə salaraq, cihazı iddiaçıya təhvil vermişdir. Daha sonra digər Cavabdeh1 ilə isə 10 avqust 2021-ci il tarixdə xidməti müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı Cavabdeh1 60 dəqiqə müddətində 20 manat müqabilində 02 ədəd “Ninebot max G30” markalı elektrik skuterini təhvil vermiş, lakin Cavabdeh1 elektrik skuterinin bir ədədini yararsız vəziyyətə salaraq, cihazı yararsız vəziyyətdə iddiaçıya təhvil vermişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “Ninebot max g30” markalı elektrik skuterinin dəyəri 1950 manat və “Ninebot max G30E 11” markalı elektrik skuteri isə 1950 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh4 hər birindən ayrı-ayrılıqda 1950 manat, Cavabdeh2 7800 manat və X1 isə 3900 manat miqdarında pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Suraxanı Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X1 və Cavabdeh2 hər birindən 500 manat, cəmi 1000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Həmin qətnamədən, həmçinin, cavabdeh X2 nümayəndəsi-vəkili apelyasiya şikayəti verərək qətnamənin, 500 manat pulun və 30 manat dövlət rüsumunun ondan tutulması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X2 nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin, bildirmişdir ki, iddiaçının tələblərinin bir-biri ilə bağlılıqları yoxdur və bir-biri ilə bağlı olmayan tələblərə bir icraatda baxılması prosessual qanunvericiliyin tələblərinə ziddir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında digər Cavabdeh1 iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Cavabdeh3 şikayətinə dair məsələnin həllini kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, bununla belə qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş üzrə iddia ərizəsindən və işin faktiki hallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ilə fərqli tarixlərdə bağlanmış xidmət müqavilələrinə əsasən, cavabdehlərə verilmiş elektrik skuterlərinə cavabdehlər tərəfindən vurulmuş ziyanın əvəzini onun xeyrinə tutulmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı da müəyyən olunmuşdur ki, İddiaçı fərqli tarixlərdə, yəni cavabdehlər X4 ilə 11 iyun 2021-ci il tarixdə, Cavabdeh2 ilə 18 iyul 2021-ci il tarixdə, Cavabdeh4 ilə 24 iyul 2021-ci il tarixdə, Cavabdeh1 ilə 10 avqust 2021-ci il tarixdə müqavilələr bağlamış, həmin şəxslərə sürmək üçün elektrik skuterləri vermiş və hazırda da cavabdehlər tərəfindən həmin elektrik skuterlərinə vurulmuş zərərin əvəzi olaraq Cavabdeh1 1950 manat, Cavabdeh2 7800 manat , X1 3900 manat və Cavabdeh4 1950 manat məbləğində vəsaiti tələb olunur. Tələblərdən göründüyü kimi onların bir-biri ilə bağlılıqları müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə hər hansı bir əsası olmadan prosessual qaydaları pozaraq bir-biri ilə əlaqəsi olmayan tələblərə bir icraatda baxmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə görə isə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən və birinci instansiya məhkəməsi də bu tələblərə bir icraata baxaraq prosessal normaları pozduğundan, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4943/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Həmid Həmidov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1418/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1418/2022
26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver