Məhkəmə qərarları › İş №2(103)-1428/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1428/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1428/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7874/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 365 manat sığorta ödənişinin və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 385 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7874/2021 saylı 01.12.2021-ci il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Qərardadından iddiaçı "xxxx" ASC şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7874/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qərardaddan iddiaçı "xxxx" ASC şikayət verərək qərardadının ləğv edilməsini, şikayətə baxılması və mülki işin mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7874/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7874/2021 saylı 03.12.2021-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7874/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericiliklə iddianın baxılmamış saxlanılmasından şikayət verildikdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğu halda, tərəf mülki işin baxılmamış saxlanılması barədə qərardaddan şikayət verərkən, qanunverici tərəfindən müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.6-cı maddəsinə əsasən, iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməldir. Həmin Qanunun 9.1.17-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7874/2021 saylı, 01.12.2021-cİ il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət, qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş matertiallarında görünür ki, iddiaçı iddianın baxılmamış saxlanılması barədə qərardaddan vermiş olduğu şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7874/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7874/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar