Məhkəmə qərarları › İş №2(103)-1428/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1428/2025

17.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1428/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin qanuni təmsilçisi Kheiri Behrouzun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma və pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2833/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Tərəflər arasında 09 avqust 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və müqavilənin müddəti 09 avqust 2024-cü il tarixdə bitmişdir, həmin müqaviləyə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini cavabdehə aylıq 500 manat ödənilməsi şərtilə icarəyə vermişdir. Hazırda iddiaçı cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılmasını, ödənilməmiş icarə haqqı və kommunal xidmət haqqının ödənilməsini, həmçinin vəkil xərci və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəçi Cavabdeh MMC (direktor Kheiri Behrouz) ilə aralarında imzalanmış 09 avqust 2019-cu il tarixli İcarə müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış obyekti cavabdehə icarəyə verilmişdir. İcarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən, icarəyə götürən icarə haqqını hər ay icarəyə verənə bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər əsasında ödəyir. Müqavilənin 3.1-ci maddəsinə görə, İcarəyə götürən hər ay İcarəyə verənə 500 (beş yüz) manat məbləğində icarə haqqı ödəməlidir. Lakin İcarəyə götürən artıq 9 aydan çox müddətdir ki, müqavilə öhdəliyini kobud şəkildə pozaraq icarə haqqını ödəməmişdir. Həmin dövrdən əvvəlki müddətdə də dəfələrlə icarə haqqını gecikdirsə də, humanizm göstərərək bunlara dözmüşlər. Amma artıq 9 aydan çox müddətdir müxtəlif bəhanələrlə icarə haqqını və digər icbari ödənişləri ödəməkdən yayındığına, həmçinin cavabdehin qanunazidd hərəkətləri nəticəsində mülkiyyət hüquqları ciddi təhdid altında olduğu üçün məhkəmədə bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Bununla bağlı İcarə Müqaviləsinin 6.2.3.-cü maddəsinə əsasən müqaviləyə xitam verilməsi ilə bağlı cavabdehə yazılı bildiriş göndərilmiş və bundan sonra da müvafiq qaydada 05 aprel 2024-cü il tarixli yazılı bildiriş göndərilmişdir və cavabdehə icarə müqaviləsinə xitam verildiyi bəyan edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh icarə obyektini təhvil verməkdən boyun qaçırır. Hətta iddiaçı tərəfindən obyektin giriş qapısına qıfıl qoyulsa da, cavabdeh tərəfindən həmin qıfıl qırılaraq obyektinə qanunsuz olaraq yenidən daxil olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyası ilə xüsusi mühafizə olunan mülkiyyət hüququ ciddi təhdid altındadır və faktiki olaraq özgəsinin qanunsuz sahibliyindədir. Həmçinin, qeyd edilir ki, 9 aylıq icarə haqqından əlavə cavabdeh tərəfindən Müqavilə ilə onun öhdəliyi hesab olunan aylıq kommunal ödəniş də (aylıq 60 (altmış) manat) ödənilmirdi. Belə ki, icarə obyektinə çıxarışın alınması ilə bağlı müraciət etdikdə ona məlum olmuşdur ki, İcarəçi tərəfindən bu məbləğ aylardır ki, ödənmir və 2500 manat borc yığılmışdır. İcarəçiyə bu barədə irad bildirildikdə ona hissə-hissə ödəyəcəyini bildirmişdir. Obyektə çıxarışın alınması üçün məcbur həmin ödənişləri (2500 manat) özü ödəmişdir. Sonradan İcarəçi tərəfindən ona 4000 (dörd min manat) ödənilmiş. Həmin məbləğin 540 (2500 manat ödənilib kommunal borc sıfırlandıqdan sonrakı dövrü ehtiva edir) manatı kommunal haqlarına ödənmiş, qalan 3460 manat isə icarə haqqının ödənişi kimi nəzərə alınmışdır. Hal-hazırda icarəçinin ona 2500 manat kommunal borcu, 1040 manat isə icarə haqqı üçün, ümumilikdə 3540 (üç min beş yüz qırx) borcu vardır. (9 ay X 500 manat– 3460 manat + 2500 manat = 3540 manat) Xüsusilə nəzərə çatdırılır ki, İcarəçi göstərdiyi fəaliyyət növünə dair tələb edilən heç bir yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalara riayət etmir. Bununla bağlı dəfələrlə ona şifahi xəbərdarlıqlar etmişlər. Beləliklə, bu qanunsuzluq davam etdiyi təqdirdə hər an ona məxsus əmlaka icarəçinin qanunazidd hərəkətləri ucbatından ciddi zərər dəyə bilər və ya məhv ola bilər. Göstərilənlərə əsasən, cavabdehin iddaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış obyektindən çıxarılması; 1040 (min qırx) manat dəyərində ödənilməmiş icarə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; 2500 (iki min beş yüz) manat dəyərində ödənilməmiş kommunal xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; vəkilin hüquqi xidmətindən istifadəyə görə ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi; dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə dair qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehin iddiaçıya 1040 (bir min qırx) manat icarə haqqı borcu var idi. Hal-hazırda həmin tarixdən 5 ay keçmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının mülkiyyətindən istifadə olunur və təbii ki, bu dövr ərzində də heç bir icarə haqqı ödənilmir. 5 aylıq (maysentyabr) icarə haqqı da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bu baxımından iddia tələbinin dəqiqləşdirilməsi zərurəti vardır. Odur ki, cavabdehin iddaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış obyektindən çıxarılması; 3540 (üç min beş yüz qırx) manat dəyərində ödənilməmiş icarə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; 2500 (iki min beş yüz) manat dəyərində ödənilməmiş kommunal xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; Vəkilin hüquqi xidmətindən istifadəyə görə ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi; Dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, 23 aprel 2024-cü il tarixdə məhkəməyə ünvanladığı iddia ərizəsində göstərdiyi kimi cavabdehin iddiaçıya 1040 (min qırx) manat icarə haqqı borcu var idi. Hal-hazırda həmin tarixdən 6 ay keçmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının mülkiyyətindən istifadə olunur və təbii ki, bu dövr ərzində də heç bir icarə haqqı ödənilmir. 6 aylıq (may-oktyabr) icarə haqqı da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bu baxımından iddia tələbinin dəqiqləşdirilməsi zərurəti vardır. Odur ki, cavabdehin iddaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış obyektindən çıxarılması; 4040 (dörd min qırx) manat dəyərində ödənilməmiş icarə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; 2500 (iki min beş yüz) manat dəyərində ödənilməmiş kommunal xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; vəkilin hüquqi xidmətindən istifadəyə görə ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi; Dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2833/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, Cavabdehndən 4.040 (dörd min qırx manat) manat icarə haqqı və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə ünvanında yerləşən və ümumi sahəsi 138.6 kv.m olan qeyri-yaşayış sahəsi 09 avqust 2019-cu il tarixli icarə müqaviləsi əsasında Cavabdehnə aylıq 500 manat ödənilməsi şərtilə icarəyə verilmişdir. İddiaçı müqavilənin şərtlərinə əməl etsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, müqavilədə nəzərdə tutulmuş aylıq kirayə haqqı vaxtıvaxtında iddiaçıya ödənilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh tərəfindən borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı bir neçə dəfə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən buna riayət edilməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında həmçinin cavabdehin nümayəndəsi də iddiaçıya müqavilə üzrə borcunun olmasını, sonuncu dəfə icarə haqqının nə vaxt ödəməsini xatırlamamasını etiraf etmiş, lakin borcun iddia tələbində qeyd edilən həddə olmamasını mübahisələndirmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü cavabdehin üzərinə düşmüş, lakin buna baxmayaraq ödənilməmiş icarə haqqı məbləğinin tələb olunan hədd deyil, daha az olmasına və ya konkret hansı məbləğdə ödənilməmiş icarə haqqının olmasına dair sübutlar məhkəmə tərəfindən də bir neçə dəfə cavabdehə müvafiq sübutların təqdim edilməsi ilə bağlı zəruri şərait yaradılmasına baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Halbuki cavabdehin qanuni təmsilçisi məhkəmə icraaatı zamanı dəfələrlə elektron qaydada məhkəməyə iddiaçının iddiasına münasibətdə etirazlar daxil etmişdir. Yəni bu halda cavabdehin həmin etiraz ilə yanaşı qeyd edilən sübutları da təqdim etmə imkanı mövcud olmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini pozmuş və icarə müqaviləsini həm bir tərəfli qaydada (müqavilə şərtlərinə uyğun olaraq), həmçinin müddətin bitməsi ilə (qanundan irəli gələn əsas ilə məhkəmə icraatı zamanı) icarə müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddia tələbinin cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və ödənilməmiş icarə haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyə görə, cavabdeh müqavilə üzrə öhdəliyini pozduğundan, 2 aydan çox müddətdə icarə haqqını ödəmədiyindən, icarə müqaviləsinə həm bir tərəfli qaydada, həmçinin vaxtın bitməsi ilə (məhkəmə icraatı zamanı icarə müqaviləsinin vaxtı bitmişdir) xitam verildiyindən iddiaçının cavabdehdən ödənilməmiş icarə haqqının ödənilməsini və cavabdehin qeyri-yaşayış sahəsindən çıxmasını tələb etmək hüququ vardır. Bundan əlavə, məhkəmə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması hissəsinə münasibətdə əlavə olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, daha əvvəl iddiaçının məhkəməyə təqdim etdiyi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə münasibətdə məhkəmə qərardadı ilə cavabdehin qeyri-yaşayış sahəsinə giriş-çıxışı qadağan edilsə də, hazırda isə iddiaçının tələbinə münasibətdə cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması olduğundan məhkəmə tərəfindən buna münasibət bildirilməsi zəruri yaranmış, həmin hissəyə məhkəmə qətnaməsi ilə qiymət verilməsi zəruri olduğundan həmin hissədə yuxarıda qeyd edilən mövqeyə əsasən tələb təmin edilməklə cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Daha sonra məhkəmə iddia tələbinin 2.500 (iki min beş yüz) manat məbləğində kommunal xidmət haqqının və vəkil xərci olaraq tərəfindən ödənilən 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Belə ki, iddiaçı hazırda cavabdeh tərəfindən ümumilikdə 2.500 manat məbləğində kommunal xidmət haqqının ödənilməməsini, əlavə olaraq hazırki tələblə bağlı məhkəmədə müdafiəsinin təşkili ilə əlaqədar vəkilə xidmət xərci kimi 100 manat məbləğində pul ödədiyini iddia etsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilərək son bir ayda qalan borcun tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə iddiaçının heç bir əlavə sübut təqdim edə bilmədiyi özü qeyd etmiş olsa da, hazırki iş üzrə qismən onun xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə yenidən araşdırma apararaq cavabdehin bütün öhdəliklərini icra etməsini nəzərə alaraq qətnamə çıxarmalıdır. Cavabdeh əsassız yerə pul ödəyə bilməz. Bundan başqa, bütün dünyada olduğu kimi, ölkədə də baş verən pandemiya səbəbilə 2 ilə yaxın müddət heç bir fəaliyyət göstərə bilməmişlər. Lakin, buna baxmayaraq iddiaçı heç bir güzəştə getməmiş, mübahisə obyektindən istifadə edilməməsinə baxmayaraq iddiaçıya hər ay ödənişləri vaxtı-vaxtında ödəmişlər. İddiaçının özünün də qeyd etdiyi kimi, müqavilədə qeyd olunan kirayə haqqına uyğun olaraq ümumilikdə son 9 ay üçün (iddiaçının qeyd etdiyi) 4.050 manat pul ödənilmişdir. İddiaçıya yalnız son ayından kiçik bir məbləğ qalmış. Onun da ödənilməməyinə səbəb iddiaçının icarə münasibətlərinə son vermə səbəbi və işin məhkəməyə yönəlməsi olmuşdur. Belə ki, iddiaçı ilkin olaraq pretenziya ilə müraciət edərkən yazılı ərizə ilə onlara geri dönüş etmiş və işbirliyinə zərər dəyməsi niyyətində olmadıqlarını bildirmişlər. Məhkəmə isə nümayəndəsi olduğu şirkətin əvəzinə çıxışlar edərkən onun (nümayəndənin) əslən xarici vətəndaş olması və özünü ifadə etməkdə çətinlik çəkməsinə baxmayaraq bu ifadələrini qətnaməyə qeyd etməmişdir. Eyni zamanda müqaviləyə iddiaçı tərəfindən birətərəfli qaydada xitam veriləcəyi təqdirdə cavabdehə dəyən zərərin də ödənilməsi məsələsinə də baxılması zəruridir. Belə ki, uzun illər ərzində qeyri-yaşayış sahəsi dəfələrlə təmir edilmiş və həmin sahənin dəyərinin qat-qat artmasına gətirib çıxarmışdır. Qeyri-yaşayış sahəsindən müqavilə müddəti bitmədən yalnız onlara dəyən zərər (təqribən 50.000 manat) ödəniləcəyi təqdirdə çıxa bilərlər. İddiaçıya həmin ödənişlərlə bağlı da danışıq etməli olduqlarını bildirsələr də, iddiaçı mübahisə obyektində olarkən qanunsuz şəkildə həmin sahəni kilitləmiş və polis əməkdaşlarının köməyi sahəsində oradan çıxarılmışlar. Göründüyü kimi, iddiaçı özü qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq cavabdehi maddi və mənəvi ziyana salır. İddiaçının mülki işin məhkəmə icraatında olduğu dövr üçün cavabdehdən pul tələb etməsi isə ümumiyyətlə qanunsuzdur. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı cavabdehi mübahisə obyektindən qanunsuz çıxarmış və oraya daxil olmağa maneçilik törətmişdir. İddiaçının həmin hissədə tələbi də qanunsuz olmaqla rədd edilməsi zəruridir. Məhkəmənin çıxardığı əsassız qərar cavabdehi çıxılmaz vəziyyətə salmışdır. Belə olduğu halda, iddiaçının əsassız tələbinin icra edilməsi qeyri-mümkündür. Beləliklə, bütün bu göstərilən hallar və yeni sübutlar apellyasiya şikayətinin qanuni və əsaslı olmasını sübuta yetirir. İstinad olunan normaları və işin faktiki hallarını nəzərə alaraq qətnamənin ləğv edilməsi və iş üzrə yenidən araşdırma aparılaraq cavabdehin iddiaçıya qalıq borcu hesablanmalıdır. Cavabdehin iddiaçının qeyd etdiyi məbləğdə heç vaxt borcu yığılmamışdır. Apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almaqla iş üzrə yenidən araşdırma apararaq, təqdim olunmuş yeni sübutları nəzərə alaraq iş üzrə yeni qətnamə çıxarmalıdır. Bundan başqa iddiaçının tələb etdiyi ümumi məbləğ - 6.640 manat təşkil edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq dövlət rüsumunun hesablanması kalkulyatoruna uyğun olaraq isə 6.640 manat üçün 86,40 manat məbləğində dövlət rüsumu müəyyən edilir. İddiaçının əsassız olaraq çox məbləğ ödəməsi cavabdehin günahı ola bilməz və cavabdeh əsassız yerə iddiaçıya bu pulu ödəmək məcburiyyətində deyi. Hesab edir ki, məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması məsələsinə də baxmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Kheiri Behrouz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, məzmunundan görünür ki, məhkəmə icraatı zamanı icarə müqaviləsinin vaxtı bitdiyindən, çıxarılmanı deyil, icarə haqqı tutulması ilə dövlət rüsumunun ödənilməsinin düzgün müəyyən edilməməsini mübahisələndirir. Belə olan halda hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən, yəni aylıq icarə haqqı ilə dövlət rüsumunun ödənilməsinin düzgün müəyyən edilməməsi hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.2, 685.2.1 və 685.2.2-ci maddələrinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri dövlət rüsumu hissəsi istisna olmaqla formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri dövlət rüsumu hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 2, yeni qaydalarla: AZ 1022, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Bu barədə onun adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan İddiaçı (icarəyəverən) və Cavabdeh (icarəçi) arasında bağlanan 09 avqust 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən icarəyəverən onun xüsusi mülkiyyətində ümumi sahəsi 138.6 kv.m əsas, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasını icarəçiyə öz ticarət fəaliyyətinə həyata keçirmək məqsədləri üçün icarəyə verir (bənd 1.1). Sahənin aylıq icarə haqqı 500 manat təşkil edir (bənd 3.1). İcarənin müddəti tərəflər bu müqaviləni imzaladığı tarixdən etibarən xx.xx.2024-cü il təşkil edir ( bənd 4.2). İş materiallarında olan Cavabdeh təmsilçisi X2 Orucova tərəfindən ünvanlanan 09 mart 2024-cü il tarixli məktubdan görünür ki, aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin kirayəsi (icarəsi) barədə müvafiq müqavilənin 3.1-ci bəndinin tələblərini kobud şəkildə pozaraq artıq 8 aydır ki, icarə haqqı ödənilmir. Dəfələrlə şifahi xəbərdarlıqlara baxmayaraq icarə haqqı ödənilməmişdir. Göstərilənlərə əsasən icarə haqqının xx.xx.2024-cü il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə kirayə müqaviləsi birtərəfli qaydada ləğv olunaraq qeyri-yaşayış sahəsindən çıxarılması üçün qanunamüvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Cavabdeh təmsilçisi X2 Orucova tərəfindən ünvanlanan “müqaviləyə xitam verilməsi barədə” 02 aprel 2024-cü il tarixli məktubdan görünür ki, 28 mart 2024-cü il tarixli “pretenziya məktubuna etiraz” barədə məktuba tərəfindən baxılmışdır. Məktubda son 9 ay ərzində 4950 manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd olunmuşdur. Nəzərə çatdırılır ki, qeyd olunan dövr ərzində tərəflərindən cəmi 4000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu vəsaitin 540 manatı qeyriyaşayış sahəsindən istifadəyə görə istismar xərcləri üçün yaşayış kompleksinə ödənilmişdir. Beləliklə, ona 3460 manat vəsait çatmışdır. Ötən illərdən istismar xərclərinə görə yaranmış 2500 manat məbləğində borc da tərəflərindən ödənilməmişdir. Nəticədə, hazırki tarixə borcu (9 ay * 500 manat + 2500 - 3460) =3460 manat təşkil edir. Hesab edir ki, 2019-cu il 09 avqust tarixində bağlanmış icarə müqaviləsinin 3.1-ci bandinin tələbləri pozulmuşdur. Dəfələrlə tərəflərindən edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, icarə haqqı üzrə borc məbləği hazıradək ödənilməmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 684-cü maddəsinə əsasən əmlak kirayəsi (icarəsi) üçün ödəniş əgər kirayə müddəti bir aydan çoxdursa, hər ayın sonunda ödənilməlidir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Həmin Məcəllənin 685-cı maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının geclkdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Qeyd edir ki, aralarında bağlanmış müqavilənin 6.2.5-ci yarımbəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda icarə müqaviləsinə xitam verilə bilər. Bununla əlaqədar olaraq, yuxarıda adı çəkilən Məcəllənin tələbləri nəzərə alınmaqla, aralarında bağlanmış müqaviləyə 2024-cü ilin 03 aprel tarixindən birtərəfli qaydada tərəfindən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq, 2 gün ərzində 3460 manat məbləğində borcun ödənilməsi və müqavilə üzrə icarəyə verilmiş sahənin boşaldılması tələb olunur. İş materiallarında olan Cavabdeh təmsilçisi X2 Orucova tərəfindən ünvanlanan 05 aprel 2024-cü il tarixli məktubdan görünür ki, icarə üzrə borcun ödənilməməsi ilə əlaqədar olaraq aralarında bağlanmış müqaviləyə 2024-cü ilin 03 aprel tarixində birtərəfli qaydada tərəfindən xitam verilmişdir. Bu barədə qarşı tərəfə 2024-cü il 03 aprel tarixində məktub ünvanlanmışdır. Eyni zamanda, həmin məktubda icarə üzrə borcun 2 gün ərzində ödənilməli, o cümlədən müqavilə üzrə icarəyə verilmiş sahənin boşaldılmalı olduğu bildirilmişdir. Lakin, hazıradək tələbləri (borcun ödənilməsi və obyektin boşaldılması) qarşı tərəfdən yerinə yetirilməmişdir. Odur ki, qeyri-yaşayış sahəsinin qapıları qıfıllanmışdır. Qəti olaraq qeyd edir ki, onun razılığı olmadan mülkiyyətində olan obyektə hər hansı şəxsin daxil olması qadağandır. Eyni zamanda bildirilir ki, obyektdə onlara məxsus malların aparılmasına lazımi şərait yaradılacaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış halarından məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə ünvanında yerləşən və ümumi sahəsi 138.6 kv.m olan qeyri-yaşayış sahəsi 09 avqust 2019-cu il tarixli icarə müqaviləsi əsasında Cavabdehnə aylıq 500 manat ödənilməsi şərtilə icarəyə verilmişdir. İddiaçı müqavilənin şərtlərinə əməl etsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, müqavilədə nəzərdə tutulmuş aylıq kirayə haqqı vaxtı-vaxtında iddiaçıya ödənilməmiş, cavabdeh tərəfindən borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı bir neçə dəfə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən buna riayət edilməmişdir. Hazırda cavabdeh tərəf iddiaçıya hər ay ödənişləri vaxtı-vaxtında ödəndiyini, müqavilədə qeyd olunan kirayə haqqına uyğun olaraq ümumilikdə son 9 ay üçün (iddiaçının qeyd etdiyi) 4.040 manat pul ödənilməsini, yalnız son ayından kiçik bir məbləğ qalmasını bildirsə də, iş materiallarından görünür ki, iddiaçıya müvafiq ödənişlərin edilməsi barədə mötəbər sübutlar təqdim etməmiş, iş materialları ilə belə bir hal müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, iddiaçı 2024-cü ilin mart ayında iddia qaldırarkən icarə haqqı olaraq əvvəl ödənilməmiş icarə haqqı kimi 1040 (min qırx) manat, xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində 5 aylıq (may-sentyabr) icarə haqqının ödənilmədiyi üçün 3540 manat, xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində isə 6 aylıq (may-oktyabr) icarə haqqının ödənilməməsini göstərərək 4040 (dörd min qırx) manat tələb etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin nümayəndəsi borcun iddia tələbində qeyd edilən həddə olmamasını göstərsə də, bu halı həm mübahisələndirməmiş və məhkəmə iclasında iddiaçıya müqavilə üzrə borcunun olmasını, sonuncu dəfə icarə haqqının nə vaxt ödəməsini xatırlamamasını etiraf etmişdir (i.v.88). İş materiallarından da görünür ki, qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü cavabdehin üzərinə düşmüş, lakin buna baxmayaraq ödənilməmiş icarə haqqı məbləğinin tələb olunan hədd deyil, daha az olmasına və ya konkret hansı məbləğdə ödənilməmiş icarə haqqının olmasına dair sübutların məhkəmə tərəfindən də bir neçə dəfə cavabdehə müvafiq sübutların təqdim edilməsi ilə bağlı zəruri şərait yaradılmasına baxmayaraq birinci instansiyası məhkəməsinə təqdim edilməmişdir. Hətta məhkəmə kollegiyasının iclasında da cavabdeh tərəfə təkrar olaraq bu ödənişlərlə bağlı qəbzlərin (sübutların) təqdim olunması təklif olunsa da, qəbzlər (sübutlar) təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi cavabdeh tərəfindən ödənilməmiş icarə haqqı məbləğinin tələb olunan həddə deyil, daha az olmasına və ya konkret hansı məbləğdə ödənilməmiş icarə haqqının olmasına dair sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini pozmuş və icarə müqaviləsini həm bir tərəfli qaydada (müqavilə şərtlərinə uyğun olaraq), həmçinin müddətin bitməsi ilə (qanundan irəli gələn əsas ilə məhkəmə icraatı zamanı) icarə müqaviləsinə xitam verilmişdir.Bu baxımdan iddiaçının cavabdehdən ödənilməmiş icarə haqqının ödənilməsini və cavabdehin qeyri-yaşayış sahəsindən çıxmasını tələb etmək hüququ vardır. Cavabdeh apellyasiya şikayətinin uzun illər ərzində qeyri-yaşayış sahəsi dəfələrlə təmir edilməsi və həmin sahənin dəyərinin qat-qat artmasına gətirib çıxarması,qeyriyaşayış sahəsindən müqavilə müddəti bitmədən dəyən zərər (təqribən 50.000 manat) ödəniləcəyi təqdirdə çıxa bilmələrinə dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini pozduğundan, 2 aydan çox müddətdə icarə haqqını ödəmədiyindən, icarə müqaviləsinə həm bir tərəfli qaydada, həmçinin vaxtın bitməsi ilə (məhkəmə icraatı zamanı icarə müqaviləsinin vaxtı bitmişdir) xitam verildiyindən iddiaçı haqlı olaraq hazırki iddia ilə məhkəmə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini pozmuş və icarə müqaviləsini həm bir tərəfli qaydada (müqavilə şərtlərinə uyğun olaraq), həmçinin müddətin bitməsi ilə (qanundan irəli gələn əsas ilə məhkəmə icraatı zamanı) icarə müqaviləsinə xitam verilmişdir. Digər tərəfdən təmir dəyərinin cavabdehə ödənilməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Cavabdehin həmin tələblə müstəqil olaraq iddia qaldırdığı halda ayrı icraatda baxıla bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddiaçının apellyasiya şikayətinin dəlilləri bu hissələrdə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış sahəsində çıxarılması, Cavabdehndən 4.040 (dörd min qırx manat) manat icarə haqqının tutulması hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində bu hissələr üzrə qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə bu hissələrdə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, formal mülahizələr əsasında mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələr üzrə ləğv edilə və ya dəyişdirilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2833/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar