Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1431/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Mercedes Benz 190" markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxxxx 2019-cu il tarixdə X5 tərəfindən idarə olunan “Zontes 150 8A” markalı 10B453 dövlət qeydiyyat nişanlı motosikl ilə toqquşaraq onu zədələdiyini, hadisə nəticəsində X2 yüngül xəsarət aldığını, hadisə baş verdikdən sonra Cavabdeh1 hadisə yerini tərk etdiyini, Nizami Rayon Məhkəməsinin qərarı ilə onun yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilindiyini, zərərçəkənin motosikletinin zədələnməsi və aldığı xəsarətlə əlaqədar ona cəmi 1150 manat məbləğində sığorta ödənişi ödənildiyini bildirmiş, həmin məbləğin, həmçinin 30 manat dövlət rüsumunun hadisə yeriundən yayınmış Cavabdeh1 və onun idarə etdiyi avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 olundan ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 1150 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və X3 dəymiş ziyanın ekspertizalar keçirilməklə müəyyənləşdirilərək yeni qətnamə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin, iddiaçının tələb etdiyi məbləğin şişirdilməsinə əhəmiyyət verməməsi, sübutları düzgün qiymətləndirməməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyator apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin olunmasına dair hissədə yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, mülkiyyətçisi Cavabdeh2 olan “Mercedes Benz 190” markalı ** BR *** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti “xxxx” ASC tərəfindən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixinədək sığortalanmış, avtomobil etibarnamə əsasında Cavabdeh1 idarəetməsində olarkən xx.xx.2019-cu il tarixdə X1 idarə etdiyi “Zontes 150 8A” markalı 10 B 453 dövlət qeydiyyat nişanlı motosikllə toqquşmuş, hadisə nəticəsində Azər Cahangirli yüngül bədən xəsarət almaqla yanaşı motosikla da ziyan dəymiş, hadisə baş verdikdən sonra Cavabdeh1 hadisə yerindən yayınmış, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 200 manat cərimə olunmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Zontes 150 8A” markalı 10 B 453 dövlət qeydiyyat nişanlı motosiklə 400 manat, Azər Cahangirlinin sağlamlığına isə 750 manat məbləğində ziyan dəymiş, həmin ziyan məbləğləri (cəmi 1150 manat) Azər Cahangirliyə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq iddiaçı şirkət tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə isə, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göstərilən müddəaların mənasından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs, mülki məsuliyyəti icbari qaydada sığortalanmış, lakin hadisədən sonra hadisə yerindən yayınmış Cavabdeh1dur. Cavabdeh1 apellyasiya şikayətində bu xüsusatı mübahisələndirməyərək yalnız ondan tələb olunan məbləğin şişirdilmiş olduğunu irəli sürsə də, kollegiya şikayətin həmin dəlini əsassız hesab edir; belə ki, birincisi, o, sözügedən arqumentini təsdiq edən hər hansı sübut təqdim etməmişdir; ikincisi isə qeyd olunmalıdır ki, ümumiyyətlə, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; iddiaçı şirkətin isə zərərçəkmişə məhz 1150 manat ödəmiş olduğu rəsmi sənədlərlə (ödəniş tapşırığı) öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3496/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1431/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1431/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver