Məhkəmə qərarları › İş №2(103)-1432/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1432/2021

29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1432/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Anar İmamverdiyevin iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC-yə qarşı (üçüncü şəxs Cavabdeh1) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-160/2020 saylı iş üzrə 30 sentyabr 2020-cı il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-dən maddi zərərə görə 43000 manat, avtomobilin dəyərinin azalmasına görə 12000 manat, mənəvi zərərə görə 5000 manat və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Audi A6 minik” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 54000 ABŞ dollara Audi Bakı Mərkəzindən almışdır. 03 iyun 2019-cu il tarixdə, saat 11:00 radələrində “Audi A6 minik” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə 30-40 km/saat surətlə işıqforun yaşıl işığında hərəkətdə olan zaman Ceyhun Hacıbəyli küçəsi ilə hərəkətdə olan Cavabdeh2 ASC-yə məxsus olan və Cavabdeh1 tərəfindən idarə edilən “Kia Cerato” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qırmızı işığında hərəkəti davam edərək, onun idarə etdiyi avtomobil ilə toqquşaraq, yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə onun özü bədən xəsarəti, idarə etdiyi avtomobilə isə maddi zərər dəymişdir. Aldığı xəsarətlə əlaqədar tibbi müayinədən keçmişdir və yüngül bədən xəsarəti aldığı üçün Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı Samir Ələkbər tərəfindən cinayət işinin başlanılması rədd edilmiş, lakin Cavabdeh1 əməlində inzibati xəta olduğu üçün Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Nəsimi RPİ-nin DYPŞ-i vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2019cu il tarixli qərarı ilə Cavabdeh1 yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsində törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 manat miqdarında inzibati cərimə edilmişdir. Cavabdeh1 “xxxx” ASC-də sürücü vəzifəsində işləyir və “Kia Cerato” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomobili 01 iyun 2019-cu il tarixdə verilmiş yol vərəqəsi əsasında idarə etmişdir. Qeyd olunan avtomobil Cavabdeh2 ASC-yə məxsusdur. Onun sağlamlığına və mülkiyyətində olan avtomobilə Cavabdeh2 ASC-yə məxsus nəqliyyat vasitəsilə, həmin hüquqi şəxsin əməkdaşı tərəfindən zərər yetirilmişdir. Ona məxsus “Audi A6 minik” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili Audi Bakı Mərkəzindən aldığı üçün zəmanət şərtlərindən biri odur ki, avtomobilin texniki servisi, istənilən təmir və digər zəruri tədbirlər ancaq Audi Bakı Mərkəzi tərəfindən aparılmalıdır. Əks halda zəmanət öz qüvvəsini itirir. Yol nəqliyyat hadisəsindən sonra avtomobil Audi Bakı Mərkəzinə aparılmış və qüsur aktı tərtib edilmişdir. Avtomobilə dəymiş zərər 48000 manat miqdarında müəyyən edilmişdir. Bundan başqa avtomobil qəzaya məruz qaldığı üçün dəyəri 15% azalmışdır. Hansı ki, avtomobil satışı zamanı onun tərəfindən avtomobilin satışı dəyərinin azalması nəticəsində də maddi zərər çəkmiş olur. Avtomobil hazırkı bazar dəyəri 50000 manat təşkil edir və 15 % nəzərə alınsa 7500 ABŞ dolları (12750 manat) maddi zərər çəkmişdir. Maddi zərərdən əlavə olaraq, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı mənəvi zərər, iztirab çəkmişdir. Baş vermiş hadisə psixoloji cəhətdən ona çox təsir etmişdir. İlk dəfə belə hadisə iştirakçısı olmuşdur. Bundan başqa hadisədən sonra cavabdehlərin iddiaçıya qarşı laqeyd hərəkətləri, maddi zərərdən əlavə, sağlamlığa dəymiş zərərlə ümumiyyətlə maraqlanmamaları da ona psixoloji cəhətdən çox təsir etmişdir. Belə ki, torədilmiş hərəkət nəticəsinin aradan qaldırılmasına heç bir cəhd edilməməsi şəxsi məsuliyyətdən əlavə insanlıq borcu yerinə yetirilməmişdir. Daha sonra 21.10.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh1 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2020-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC-dən vurulmuş maddi ziyana görə 40210 (qırx min iki yüz on) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən prosesin çəkişmə prinsipi təmin edilməmişdir. Məhkəmə baxışında tərəfindən kompleks ekspertizanın keçirilməsi il bağlı vəsatət verilmişdir. İlkin ekspert rəyində nəqliyyat vasitəsinin buraxılış ili düzgün göstərilməmişdir. Buraxılış ilinin düzgün göstərilməməsi nəqliyyat vasitəsinin ehtiyyat hissələrinə, təmir bərpa xərclərinə, avto ehtiyyat hissələrinin köhnəlmə faizi (aşınmasına) təsir edir. Bu səbəbdən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün təkrar ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən bunlara münasibət bildirməmişdir. Həmçinin, o, məhkəməyə vəsatət verərkən zərər çəkmiş avtomobilə dəymiş zərərin 40210 manat olmasının qeyri-mümkün olmağını nəzərə almışdır. Belə ki, həmin avtomobilin likvid dəyəri 55000-60000 manat olması nəzərə alınsa, ekspertizanın 40210 manat dəymiş zərər hesablaması ekspertiza baxışının düzgün keçirilməməsinə əsaslı şübhələr yaradır. İş materiallarına əlavə edilmiş zərər çəkmiş avtomobilin şəkillərindən aydın görmək mümkündür ki, dəymiş zərər hesablanmış məbləğdən dəfələrlə azdır. Bundan əlavə, idarə etdiyi avtomobilin icbari sığortası tərəfindən 5000 manat İddiaçı ödəniş edilmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qeyd olunalarla bərabər, bu nüansı da nəzərə almamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və avtomobilin təmirinə çəkilən real xərcin müəyyən edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qüsur aktında avtomobilin buraxılış ili 2018-ci il göstərilmiş və xərclər həmin ilə uyğun hesablanmışdır. Halbuki avtomobilin buraxılış ili 2017-ci il olmuşdur. Buna baxmayaraq, ekspertizadə göstərilən akta uyğun hesablamalar aparmışdır. Sonradan isə “European Cars” LTD məktubla bildirmişdir ki, hesablama aparılarkən avtomobil 2017-il buraxlışı olduğundan təmir-bərpa xərci, avto ehtiyyat hissələrinin köhnəlmə faizi həmin il uyğun hesablanmış, lakin qüsur aktında texniki səhv olaraq buraxılış ili 2018-ci il qeyd edilmişdir. Daha sonra bildirilmişdir ki, 2017ci il buraxılışı və 2018-ci il buraxılışı arasında model fərqi olmadığından detal və təmir xərcləri eynilik təşkil edir. Qeyd edirlər ki, avtoehtiyyat hissələrinin köhnəlmə faizi bir il ərzidə kifayət qədərdir. Bundan əlavə, 3-cü şəxsin izahatında da göstərilmişdir ki, avtomobilin təmir-bərpa xərcləri olduqca şişirdilirmiş və ekspertiza keçirilərkən ona məlumat verilməmişdir. Bildirirlər ki, avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün “Avtomobil təmiri” sexindən usta dəvət edilmiş və onun tərəfindən avtomobilə baxış keçirilərək, təmir üçün cəmi 16000-18000 manat dəyərində pul tələb olunduğunu bildirmişdir. Avtomobillərin toqquşmadan sonra foto şəkillər çəkilmiş və şəkillərdə hansı hissələrin zədələnməsi aydın görünür. Həmin foto şəkillərdən myəyyən olunur ki, sığorta olunan avtomobilin bir neçə hissəsi zədələnmişdir. Məhkəməyə mülki iş üzrə real xərci müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməsinə dair 23.09.2020-ci il tarixli vəsatət tərəflərindən təqdim edilmişdir. Həmçinin, mülki iş üzrə 3-cü şəxs olan Cavabdeh1 tərəfindən ekspertiza keçirilməsinə dair vəsatət məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən vəsatətlərə münasibət bildirilməmişdir. İddiaçı avtomobilin harada təmir olunduğunu və təmirə görə nə qədər vəsait sərf edildiyi barədə məhkəməyə heç bir sənəd təqdim etmədən əlavə pul tələb etmişdir. Digər tərəfdən iddiaçı təmir xərcinə görə vəsait ödəməsinə dair ciddi hesabat sənədi olan mədaxil qəbzini sübut kimi iş materiallarına əlavə etmədən əsassız tələb irəli sürmüşdür. Hesab edirlər ki, “Audi A6 minik" markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin harada təmir edilməsi və təmirinə çəkilən xərcin məbləği Məhkəməyə rəsmi qaydada təqdim edilməli, eyni zamanda avtomobilin hansı hissələrinin təmir olunduğu və ya dəyişdirildiyi rəsmi qaydada bildirməlidir. Bundan əlavə, ‘‘Cavabdeh2” ASC-yə məxsus “Kia Cerato” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətində PPA********** seriyalı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” ilə sığortalanmışdır. Bunun nəticəsi olaraq, sığorta şirkəti tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, İddiaçı ödəniş olunmuşdur. Məhkəməyə bu barədə tərəflərindən məlumat verilməsinə baxmayaraq, həmin ödəniş qətnamədə nəzərə alınmamışdır. Ekspertizanın rəyindən müəyyən olur ki, həmin rəy qüsur aktına əsasən təxminən hesablanmışdır). Hesab edirlər ki, avtomobilə dəyər real zərər dürüst hesablanmalı və ödənilən xərcə dair ciddi hesabat sənədi olan mədaxil qəbzinə əsasən qiymət verilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, “Audi A6 minik” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil artıq özgəninkiləşdirilmişdir. Cavabdehin təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən, 03.06.2019-cu il tarixli, 2/3754 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Cavabdeh1 alkoqol qəbulu əlamətləri yoxdur, ayıqdır. 03.06.2019-cu il tarixli, 2/3755 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, İddiaçı alkoqol qəbulu əlamətləri yoxdur, ayıqdır. 17.06.2019-cu il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 əməlində inzibati xəta olduğu üçün AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Nəsimi RPİ-nin DYPŞ-i vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “European Cars” LTD-nin 15.09.2017-ci il tarixli zəmanət sazişindən görünür ki, “European Cars” LTD ilə İddiaçı arasındakı sazişə əsasən alqı-satqı predmeti olan avtomobilə 150000 km, 5 il zəmanət verilmişdir. “European Cars” LTD-nin qüsur aktından görünür ki, təmir xərcləri 48125 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin 14.06.2019-cu il tarixli 532 saylı tibbi rəyindən görünür ki, İddiaçı bədən səthində aşkar edilmiş xəsarət - boyun nahiyəsinin boyunda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol saidin dərialtı hematoması, sol bazunun, hər iki saidin, sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X2 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 04.06.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər İddiaçı bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. “European Cars” LTD-nin 28.10.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan 2017-ci il buraxılışlı “Audi A6” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair “European Cars” LTD tərəfindən 06 iyun 2019-cu il tarixdə qüsur aktı tərtib edilmişdir. Sistemdə və bütün işləmələrdə nəqliyyat vasitəsinin buraxılış ili 2017-ci il qeyd edilmiş, xərclər həmin ilə uyğun hesablanmışdır. Lakin texniki səhv olaraq qüsur aktında buraxılış ili 2018-ci il qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Audi A6” markalı nəqliyyat vasitəsinin 2017-ci il buraxılışı və 2018-ci il buraxılışı arasında model fərqi olmadığından detal və təmir xərcləri eynilik təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.09.2020-ci il tarixli, 21331 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan, “European Cars” LTD-nin 06.06.2019-cu il tarixli aktı məlumatlarına əsasən, 2018-ci il “Audi A6 minik” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 40210,00 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, maddi ziyanın tutulmalı olan məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasənMülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli rəyə əsasən, nəzəri hesablama yolu ilə, “European Cars” LTD-nin 06.06.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Audi A6” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 38764 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin hallarını araşdırarkən həmçinin müəyyən etmişdir ki, “Audi A6 minik” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili sığorta edən “xxxx” MMC tərəfindən qeyd edilən yol nəqliyyat hadisəsi ilə əlaqədar sığortalı İddiaçı 5520 manat sığorta ödənişi edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən ekspertiza rəyini və sığorta ödənişini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi ziyanın tutulması hissəsində dəyişdirilərək 33244 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2020-cı il tarixli, 2(005)- 160/2020 saylı qətnaməsi maddi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh2 ASC-dən vurulmuş maddi ziyana görə 33244 manat İddiaçı xeyrinə tutulsun. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 90 manatı cavabdehdən, 10 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar