Məhkəmə qərarları › İş №2(103)-1432/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1432/2024

26.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1432/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2737/2023 saylı işi üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı iddia (tələbi həcminin azaldılması barədə) ərizəsi təqdim edərək, Cavabdeh 16000 manat məbləğində kompensasiya verilməklə onun ünvan 1 ünvanına olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2737/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 16000 manat məbləğində kompensasiya verilməklə, onun İddiaçı məxsus ünvan 2 ünvanına olan istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması, pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması eyni vaxtda icra olunması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu və mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum olmaqla, cəmi 100 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş) 53, 60, 87, 123; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 228; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123- cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı; Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolu; Avropa İnsan Hüquqları Məhkəməsinin “Sporronq və Lonnpot İsveçə qarşı” işi üzrə qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.2, 217.3, 217.4, 218, 218.3-cü maddələrinə istinadən qeyd etmişdir ki, qanunvericiliyə əsasən kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququna, yəni subyektiv hüquqa malik olmaq üçün iddia irəli sürmüş şəxs (iddiaçı) mülkiyyətçi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. İş materiallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və hazırki iş üzrə cavabdehin isə həmin mənzilə istifadə hüququ vardır. Tərəflər arasındakı münasibətlər xx.xx.2000-ci il tarixədək yarandığı üçün mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən həll olunmalıdır. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən isə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İddiaçı tərəfin qeyd etdiyi və iddia ərizəsindən də məlum olduğu kimi cavabdeh hazırda həmin mənzildə yaşayır və mənzildən istifadə hüququ mövcuddur. Bir əmlak hüququ olaraq mülkiyyət hüququ, təmin etdiyi səlahiyyətin həcmi baxımından tam və bütöv olan yeganə əşya hüququdur. Öz sahibinə əşya üzərində inhisarlı bir şəkildə ən geniş səlahiyyətlər təmin edən bu hüquq həm əşya barəsində sərəncam verə bilmə səlahiyyətini (yəni əşyanın hüquqi müqəddəratını və əmlak mənsubiyyətini müəyyən edə bilmə səlahiyyətini) təmin edir, həm də əşya üzərində üç səlahiyyətin (istifadə, sahiblik və sərəncam) hamısını birlikdə və ən geniş şəkildə təmin edir. İstifadə hüququ anlayışı isə, sahibinə istifadə imkanını tanıyan haqqın hüquqi mahiyyətini və xarekterini deyil, haqqın istiqamətləndiyi məqsədi ifadə edir. Bu hüquq, sahibin lazım gələndə mənzilin mülkiyyətçisinə qarşı istifadə edə biləcəyi ehtiyat bir əmlak hüququ deyil. Beləliklə, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun itirilməsi üçün cavabdehin istədiyi məbləği deyil, mülkiyyətçinin təklif etdiyi kompensasiya məbləğini nəzərə almalı və həmin kompensasiya məbləğinin istifadəçiyə davamlı surətdə başqa yerdə əvvəlki mənzillə müqayisədə oxşar yaşamaq imkanı üçün yetərli olub-olmamasını qiymətləndirməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Bu mənada mülkiyyətçi istədiyi vaxt yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə yüklü olan mənzilini bu yükdən azad edə bilər. Qanunda kompensasiya miqdarının bazar qiymətinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilməli olduğu göstərilsə də, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqısatqının, girov və icarənin müstəqil predmeti ola bilmədiyindən təbii olaraq sözügedən hüquq baxımından bazarda sərbəst bir şəkildə qiymətin formalaşması da mümkün deyildir. Bu cür mübahisələrdə kompensasiyanın miqdarını müəyyən edərkən ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin bu hüququna xitam verilməzdən əvvəl, evdə qaldığı şəraitə diqqət yetirilməsi zəruridir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ sahibinin, mülkiyyətçinin evində qaldığı şərtlər daxilində özünə başqa bir yaşayış yerini təmin edə bilməsi üçün nə qədər bir məsrəfə qatlanmalı olduğu nəzərə alınmalıdır. İşdən mübahisəsiz qaydada görünür ki, ünvan 1 ünvanı yaşayış sahəsi 30,14 kv.metr olmaqla iki otaqdan ibarətdir. Bu meyar üzrə məhkəmə hesab edir ki, cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 16.000 manat təşkil edən kompensasiya məbləği kifayət qədər ədalətli olmaqla, mövcud ərazidə eyni şəraitli, ayrıca yaşayış sahəsi əldə edib həmin sahədə yaşamaq üçün ağlabatan məbləğdir. Kompensasiyanın miqdarını müəyyən edərkən diqqət yetirilməli məqamlardan biri də mənzilin yerləşdiyi ərazinin əhəmiyyətidir. İşdə olan "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanının aylıq kirayə haqqı 300-350 manat müəyyən edilmişdir. Təklif edilən kompensasiya məbləği bu meyar üzrə də kifayətedici hesab edilə bilər. Belə ki, eyni qəsəbədə aylıq kirayə haqqının orta hesabla 350 manat olduğu (hətta bir otaqlı deyil, iki otaqlı mənzilin qiyməti nəzərə alınmaqla) mənzili kirayələyəcək cavabdehin həmin mənzildə iddiaçının təklif etdiyi 16.000 manat kompensasiya məbləği ilə üç ildən artıq müddətdə yaşamaq imkanı olacaqdır ki, bu mənada təklif edilən kompensasiya məbləği kifayətedici hesab edilə bilər. İddianın cavabdehin mübahisəli evdən çıxarılması tələbinə gəldikdə isə, tərəflər arasındakı ailə münasibətlərinin aradan qalxması, iddiaçının iradəsinə zidd olaraq cavabdehin həmin evdə yaşaması və cavabdehin pul kompensasiyasının ödənilməsi ilə istifadə hüququna xitam verilməsi iddianın əsaslı olması qənaətinə gəlməyə əsas verir. Buna görə də, iddiaçı sahibliyində olan evdən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. 3.İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, İddiaçı adına 266876 nömrəli xx.xx.1988-cü il tarixli orderə, 3174 nömrəli xx.xx.2014-cü il tarixli forma-2 arayışa, X2, X1 və Cavabdeh razılıq ərizələrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 14, 27 saylı mənzil xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İddiaçı adına respublikanın digər ərazi idarələrində daşınmaz əmlakın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar olunmamışdır; - Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş materiallara əsasən, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 14, mənzil 27 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır;X2, X1 və Cavabdeh xx.xx.2014-cü il tarixli razılıq ərizələri ilə onlar Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 14, 27 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış alınmasına etiraz etməmişlər; - "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışına əsasən, ünvan 4 ünvanının aylıq kirayə haqqı 300-350 manat müəyyən edilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsini,Suraxanı rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(010)-2737/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, mənzilin dəyərinin 50 faizinin kompensasiya şəklində iddiaçıya verməklə onun mənzildən istifadə hüququna xitam verilməklə onun mənzildən çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 29.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88-ci maddələrinə istinadən qeyd etmişdir ki, iddiaçı ilə 1986-cı ildə nikahlarını rəsmi qaydada etdirib evləniblər, həmin nikahdan iki qızı və bir oğlu vardır. Uşaqların hamısı ailəlidir və öz evlərində ailələri ilə birlikdə yaşayırlar. 2023cü ildə məhkəmə onların nikahını pozsa da, mübahisəli mənzildə yaşamaqda davam etmişdirlər. Artıq bir neçə aydır ki, boşadığı arvadı onunla yaşamaq istəmədiyindən, oğlu X3 evində yaşayır. O, Neft Daşlarında işləyir. Bu səbəbdən 15 gün dənizdə 15 gün həmin mənzildə yaşayır. Qətnamə ilə qəti razı deyil ona görə ki, o, ömrünün çox hissəsini neft daşlarında maşinist işləmiş və halhazırda da orada işləyir. O, canını ölkənin iqtisadiyyatının inkişafına neft çıxarmağa fəda edir. Hazırda bədənində şiddətli ağrılar var. Bütün əzələləri sızıldayır. Keçmiş arvadı İddiaçı onu Suraxanı rayon məhkəməsinin qərarı ilə küçəyə atmaq fikrindədir. Mənzili minbir əziyyətlə, daşdan çıxardığı puluyla özü almışdır. Onun hazırda yaşadığı mənzildən başqa yaşayış yeri yoxdur və iddiaçı onu Suraxanı rayon məhəkəməsinin əli ilə yeganə yaşayış yerindən məhrum etmək istəyir. Görəsən qət edilən 16.000 manat kompensasiya ilə o, nə edə bilər, mənzil və ya daxma ala bilərəmi?? Bu yaşlı vaxtında - 63 yaşında harada yaşasın? O, həmin daşınmaz əmlakın mülkiyyətçisidir. Hazırda yaşadığı qanuni məzilindən çıxmaq istəmir. Məhkəmə onu yeganə yaşayış yerindən məhrum edə bilməz. Mənzilindən onun istifadə hüququ var və başqa yerdə yaşamaq istəmir. Qətnamədə göstərilmişdir ki, iddiaçı guya kirayələrdə yaşayır. Bu tamamilə səhvdir. O, heç vaxt kirayədə yaşamamışdır. Onlar boşansalar belə uşaqlarıyla xoş və mehriban münasibətdədirlər. Uşaqlarının heç biri razı olmaz ki, anaları kirayədə yaşasın. Yuxarıda qeyd etdiyi kimi iddiaçı bəzən oğluyla, ürəyi istəyəndə isə qızlarının evində yaşayır.Qeyd etdiklərinə əsasən, qəti şəkildə bildirir ki, iddiaçının bu evə ehtiyacı yoxdur. Onun tək istəyi onu bu yaşlı vaxtında yeganə yaşayış yerindən məhrum etməkdir. İddiaçı yaşlı qadındır o, tək yaşaya bilməz. 60 yaşlı bu qadını uşaqları qoymazlar ki, o kirayələrdə yaşasın. Onun iddia ərizəsindəki “ mən kirayələrdə yaşayıram “ sözü iddia ərizəsini əsaslandırmaq üçün həqiqəti əks etdirməyən yazıdır. O, mənzili iddiaçının adına özəlləşdirəndə (rəsmiləşdirəndə) arvadı idi. Yəni onlar ümümi mülkiyyət əldə ediblər. Ər-arvadın mükiyyəti birgə ümumi mükiyyətdir. Çünki həmin əmlak birgə nikah dövründə əldə olunmuşdur. Məhkəmə onun iştirakını məhkəmə prosesində təmin etməmişdir. Ona bildiriş göndərilsə də iddiaçı onları gizlədərək ona çatmamasına nail olmuşdur. Onun iştirakı olmadan proses aparılmışdır. Məhkəmə tərəfindən ona təyin olunan kompensasiya məbləği ağlabatan deyil, gülüncdür... Çünki, mənzillərinin təxmini olaraq azı 80.000 - 90.000 manat civarında bazar qiyməti vardır. Tellinazın başa düşmək istəmədiyi hissə budur. O, təyin olunan miqdarın əvəzləşməyə uyğun olmadığını, əvvəlki mənzilə yetərli olmadığını düşünür, çünki kompensasiya bazar qiymətinə uyğun deyil, əgər o düşünürsə ki, bu mənzil üçün 16 min kompensasiya kifayətdir, ona 36 min manat (həmin pulun ikiqatını) verməyə razıdır o özünə həmin qiymətə mənzil tapıb alsın, çünki o, hazırki mənzilindən istifadə hüququnun pozulmasını istəmir. Məhkəmə isə mənzilin düzgün qiymətləndirilməsi hallı ilə bağlı düzgün və əsaslı araşdırma aparmamışdır. Həmçinin, onların bu yaşlı vaxtında mənzili bölməyi o istəmir. Onun tələbi bu yöndədir ki, evin bazar qiyməti dəqiq müəyyənləşdirilərək yarısının ona verilməsi təmin edilərək ona verilməsi qət edilsin, həmçinin mənzildən istifadə hüququna da xitam verilsin. Belə ki, məhkəmə qərar verərkən qüvvədə olan qanunvericiliyə istinad etməmişdir. Bununla da səhv qərar qəbul etmişdir. Prosessual norma məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, mülki iş üzrə mübahisəni tam, hərtərəfli araşdırılmaqla həyata keçirilməli olduğu halda, iddiaçı tərəfin irəli sürdüyü kompensasiya məbləğinin həmin mənzil üçün ağlabatan məbləğ olmaması kimi əsassız fikrə gəlmişdir. Mənzilin qiyməti baha olduğu halda məhkəmə bu halı göz ardı edərək birtərəfli mövqedən iddia tələbini təmin edilməsi ilə icraatında olan iş üzrə öz qərəzli mövqeyini nümayiş etdirmişdir. Bu yaşlı vaxtında onu qanuni mənzilindən çölə atmaq, istifadə hüququna xitamı nəzərdə tutulan “gülünc” məbləğdə kompensasiya vermək qərarına gəlmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Cavabdeh teleqramla müraciət edərək xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işi ilə əlaqədar məhkəmə iclasının mart ayının 15-25-i aralığına təxirə salınmasını məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin təkrar görülməsi nəticə vermədiyindən, habelə cavabdehin vəsatəti əsassız olduğundan (sübuta yetirilmədiyindən), tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən : 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 9.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ), 2 4 ( İİİ), 29, 7 1 ( İİ), 8 0 ; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.6; Mülki Məcəllənin 139-164; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106, 217.4, 385-390-cı maddələrinə; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokoluna istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 10.Kollegiya hesab edir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Cavabdehin istifadə hüququ yaransa da, (nikah münasibətlərindən irəli gələn) mülkiyyət hüququna dair sübutlar təqdim edilməmişdir. Tələb çərşivəsində və mötəbər sübutların olmadığı halda bu əsaslara qiymət verilməsi prosessual cəhətdən mümkün deyildir. Münasibətlər davam etdiyindən və mülki dövriyyədə olan əşyanın statusu dəyişərək sonradan mülkiyyət hüququ müəyyən edildiyindən qüvvədə olan mülki hüquq normaları da nəzərə alınmalıdır. Belə ki, iddiaçının mülkiyyət hüququ əldə edildiyindən sonra mülkiyyət hüquqa aid hissədə münasibətlər onun qeydə alındığı andan cavabdehin razılığı əsasında yaranmışdır. Birgə nikah dövründə əldə edilmiş əmlak olması barədə cavabdeh tərəfindən tələb və ya sübutlar təqdim edilməmişdir. Əldə edilmiş məlumata əsasən isə müəyyən edilmişdir ki, mənzil order əsasında iddiaçıya verilmiş və əvəzli əqdin olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Bununla bağlı diqqətə çatdırılmalıdır ki, birgə nikah dövründə mənzilin yaxşılaşdırılması və ya digər qaydada mülki dövriyəyə tövhə verilməsi ilə bağlı cavabdehin ailə-hüquq münasibətlərindən irəli gələn tələblər irəli sürmək hüquqları istisna edilmir. 11.Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə iddiaçının cavabdehə təklif etdiyi kompensasiya məbləğini kifayət qədər ədalətli hesab edir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki,Bakı şəhəri, ünvan 5 ünvanın aylıq kirayə haqqı 300-350 manat təşkil edir. Bu da iddiaçı tərəfindən cavabdehə təklif olunan kompensasiya məbləğinin kifayət qədər ağlabatan və ədalətli olmasını bir daha təsdiq edir. 12.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. 13."Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71 -ci maddəsinin İİ hissəsi, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.Həmin məcəllənin 123-cü maddəsinin tələblərinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 16.Münasibətlərin yarandığı zaman qüvvədə olmuş (hazırda qüvvədən düşmüş) Mənzil Məcəlləsinin tələblərinə əsasən: 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 17.Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir. 18.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2737/2023 saylı işi üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar