Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1441/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2824/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 35.000 manat pulun, eyni zamanda 2009-cu ildə sökülmüş yaşayış sahəsinə görə ona verilməli olan 105.000 manat məbləğində pulu 7 il (2016-cı ildə cavabdeh orqan tərəfindən ümumi məbləğdən 70.000 manat verilmiş, 35.000 manat borclu qalmışdır) qanunsuz olaraq özündə saxladığına görə illik 5% miqdarında cərimə pulu olmaqla 36.750 manat, həmçinin ümumi məbləğdən qalıq qalmış 35.000 manat pulu 3 il qanunsuz olaraq özündə saxladığına görə illik 5 % miqdarında cərimə pulu olmaqla 5250 manat, ümumilikdə isə 42.000 manat məbləğində cərimə pulunun və bu illər ərzində keçirdiyi iztirab və sarsıntıya görə mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki,1988-ci ildə Ermənistan Respublikasında baş vermiş məlum hadisələrlə əlaqədar olaraq Ermənistan Respublikasının Stepanavan rayonunun Puşkin kəndindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmişlər və Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində ev tikib məskunlaşmışlar. Özləri tikdikləri 8 otaqlı mənzil xx.xx.2002-ci il tarixdən müvafiq Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. 2009-cu ilin oktyabr-sentyabr aylarında yaşadıqları ünvanın yaxınlığında Xutor qəsəbəsində Azərbaycan Respublikası Prezident aparatının Rezidensiyası (xarici dövlətlərin rəhbərlərinin yaşayış evləri) tikilməyə başlamışdır. Bu səbəbdən də əraziyə düşən şəxslərin mənzil və tikililəri kompensasiya ödənilməklə sökülməyə başlamışdır. Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən 2009cu ilin sentyabr-oktyabr aylarında yaşadıqları yer olan Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 149 ünvanında, həmin rayonun 59 saylı Mənzil Kommunal Sahəsinin işçilərinin iştirakı ilə ona və ailəsinə məxsus olan həyətyanı sahə və orada tikdiyi 70 kv.m. yaşayış yeri sökülmüşdür. Sökülən həmin 70 kv.m. yaşayış sahəsinə görə ona 105.000 manat məbləğində pul verilməli olduğu halda, 2009-cu ildə sökülmüş olan yaşayış sahəsinə görə ona yalnız 2016-cı ildə Cavabdeh şirkəti tərəfindən 70.000 manat pul ödənilmişdir. Geridə qalan 35.000 manat pul isə bu günkü günə qədər ona ödənilməmişdir və cavabdeh tərəfindən ödənilməyən günlər üçün ona hər maddi həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh şirkət Cavabdeh MMC göstərilən məbləği 35.000 manat pulu ona ödəməyi öhdəsinə götürsə də, pul hələ də ona ödənilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin niyyəti əvvəl gündən onu müəyyən vaxtdan sonra aldatmaq imiş. Hesab edir ki, aldadılaraq ona külli miqdarda həm maddi həm də mənəvi ziyan dəymişdir. Həmçinin qanunsuz olaraq başqasının pulunu 7 il və 3 il, ümumilikdə isə 10 il özündə saxladığına görə, Mərkəzi Bankın faiz uçot dərəcəsinə əsasən ödənilməmiş məbləğin illik 5 faiz miqdarında cərimə pulu ödənilməlidir. Ona görə də cavabdeh tərəfindən ona ödənilməmiş 35.000 manat pul, eyni zamanda 2009-cu ildə sökülmüş yaşayış sahəsinə görə ona verilməli olan 105.000 manat məbləğində pulu 7 il (2016-cı ildə cavabdeh orqan tərəfindən ümumi məbləğdən 70.000 manat verilmiş, 35.000 manat borclu qalmışdır) qanunsuz olaraq özündə saxladığına görə, illik 5 faiz miqdarında cərimə pulu olmaqla 36.750 manat məbləğində pul, həmçinin ümumi məbləğdən qalıq qalmış 35.000 manat pulu 3 il qanunsuz olaraq özündə saxladığına görə illik 5 faiz miqdarında cərimə pulu olmaqla 5250 manat, ümumilikdə isə 42.000 manat məbləğində cərimə pulunun və bu illər ərzində keçirtdiyi iztirab və sarsıntıya görə mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Bu yaşayış sahəsini övladları üçün tikilmişdir. Nəticədə övladlarını və onların ailəsini öz yaşadığı mənzilə köçürtmüşdür. Bir neçə ailənin bu vəziyyətdə yaşaması qeyri-mümkünsüzdür.Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə Bakı şəhər Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 149 saylı evi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Nəsimi rayon İcra Hakimiyyəti MKTB tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısına və X3 ünvanlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli məktubuların kserosurətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 149 saylı ünvanında yerləşən, yaşayış sahəsi 137,28 kv.m., otaqların sayı 8 olan özbaşına tikilmiş ev Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli 012585 saylı qeydiyyat vəsiqəsi əsasında M.M.Həsənovun anası İddiaçı adına şəxsi mülk kimi qeydiyyata alınmışdır. Lakin, həmin evin həyətyanı sahəsindəki sahəsi 70 kv.m. olan tikili qeydiyyata alınmamış və son zamanlar həmin ərazidə Bakı şəhərinin Baş planına əsasən müasir tələblərə uyğun olaraq aparılan abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar sözügedən tikili də sökülmüşdür. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubun kserosurətindən görünür ki, Novruzov Qardaşları küçəsi, 149 ünvanında yerləşən, yaşayış sahəsi 137,28 kv.m., otaqların sayı 8 olan özbaşına tikilmiş və hal hazırda mövcud olan ev Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli, 012585 saylı qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına şəxsi mülki kimi qeydiyyata alınmışdır. Lakin, həmin evin həyətyanı sahəsindəki 70 kv.m. olan özbaşına tikili qeydiyyata alınmamış və həmin ərazidə Bakı şəhərinin Baş planına əsasən müasir tələblərə uyğun olaraq aparılan abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar sözügedən tikili sökülmüşdür. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində heç vaxt hər hansı tikili və ya söküntü işləri aparılmamışdır. Cavabdeh MMC tərəfindən İddiaçı adında şəxsə heç vaxt hər hansı pul vəsaiti ödənilməmişdir və ya hər hansı pul vəsaitinin ödənilməsinə dair vəd və ya razılıq verilməmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 149 saylı ev və həmin evin həyətyani sahəsində yerləşən, sahəsi 70 kv.m özbaşına tikili Bakı şəhərinin Baş Planına əsasən abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar sökülmüşdür. Bununla əlaqədar iddiaçıya kompensasiya ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ona məxsus evin həyətyani sahəsində yerləşən özabşına 70 kv.m yaşayış sahəsinin sökülməsinə görə cavabdeh tərəfindən 105.000 manat məbləğində pul verilməli olduğu halda, 2009-cu ildə sökülmüş olan yaşayış sahəsinə görə ona yalnız 2016-cı ildə Cavabdeh şirkəti tərəfindən 70.000 manat pul ödənilmiş, yerdə qalan 35000 manat məbləğində pul isə hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı həmin 35000 manat pulun, həmin pulun qanunsuz saxlanılmasına görə illik 5% miqdarında cərimə olmaqla 42000 manat pulun, həmçinin vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun tutulması cavabdehdən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə cavabdeh kimi Cavabdeh MMC qoyulsa da, həmin hüquqi şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində heç vaxt hər hansı tikinti və ya söküntü işləri aparılmamış, İddiaçı hər hansı pul vəsaiti ödənilməmiş və ya hər hansı pul vəsaitinin ödənilməsinə dair vəd və ya razılıq verilməmişdir. Eyni zamanda tərəflər arasında iddiaçının həyətyani sahədə yerləşən tikililərin sökülməsi ilə əlaqədar 105.000 manat məbləğində pulun kompensasiya şəklində verilməsinə dair hər hansı razılaşmanın bağlanması ilə bağlı sübutlar da təqdim olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni Cavabdeh MMC-yə qarşı yönəldiyindən, həmin hüquqi şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh MMC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən, hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1441/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1441/2020
23.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver