Məhkəmə qərarları › İş №2(103)-14441/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14441/2019

10.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14441/2019 10.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı X2, Cavabdeh1 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Anti- İnhisar Siyasəti və X1 Dövlət Xidməti cəlb edilməklə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2054/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 (maraqlı şəxs kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti qeyd edilən) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh həkim Cavabdeh1 düşdüyü maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə isə 50.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi və cavabdehin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2054/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Cavabdeh1 vurulmuş mənəvi zərərin əvəzi olan 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun “Elmed” klinikası ilə heç bir əlaqəsi olmamışdır. Həmin klinika ilə heç bir zaman əmək müqaviləsi olmayıb. O, həmin klinikaya sadəcə olaraq ayda 2-3 dəfə əməliyyatlara baxmaq üçün getmişdir. Klinika ilə onun arasında heç bir imzalanmış müqavilə mövcud deyildir. “Elmed” klinikasının müdiri Ramil Quliyev ilə qətnamə üzrə iddiaçı şəxs olan İddiaçı əlbir olaraq sözügedən əməliyyatı onun etdiyini iddia edərək, uzun müddətdir ki, onu şantaj edərək, ondan külli miqdarda pul tələb edirlər. İddiaçı əməliyyat olunduğu gün o, yenə də, həmin klinikaya əməliyyata baxmaq üçün getmişdir. O, klinikaya çatanda İddiaçı əməliyyatı çoxdan başlamışdır. Əməliyyat uğursuz keçdiyindən onun Elnarə ilə söhbət etməsini və müəyyən məsləhətlər verməsini xahiş etdilər. Lakin, müəyyən vaxtdan sonra İddiaçı dəfələrlə ona zəng edərək ondan külli miqdarda pul istəmişdir. Həmçinin, klinikanın müdiri Ramil Quliyev də teztez ona zəng edərək həmçinin, ona da pul ödəməsini tələb etmiş və bildirmişdir ki, “sənə təmənnasız gəlib əməliyyatlara baxmağa icazə vermişik indi isə pul ödəməlisən”. Səbəb kimi isə onun Türkiyədə keçirilən 40-cı Qurultaya qatılmasını və maddi durumumun yaxşı olmasını göstərmişdir. Həmçinin bildirir ki, İddiaçı 2018-ci il oktyabr ayında “Elmed” klinikasının müdiri Ramil Quliyevdən 1200 manat məbləğində pul alaraq öz şəxsi imzası ilə klinikadan şikayətçi olmaması haqqında sənəd imzalamışdır. Bundan sonra İddiaçı 5-6 ay ərzində onu hədələyərək ondan 4500 manat pul istədi. İddiaçı “Elmed” klinikasının müdiri Ramil Quliyevdən 1200 manat almasına dair özünün imzaladığı sənədi “Elmed” Klinikası məhkəməyə təqdim etməlidir. İddiaçı maddi durumunun yaxşı olmaması səbəbindən ondan pul tələb etmək məqsədilə yenidən müraciət etmişdir. Klinika İddiaçı ilə birgə ona şər ataraq müqavilənin və xəstəlik tarixinin onda olmasını iddia edirlər. Əgər müqavilə ondadırsa bəs Klinikanın prokurorluğa təqdim etdiyi və Ekspertizanın İmzanın ona aid olmamasını sübuta yetirdiyi müqavilə nədir?! Nə xəstəlik tarixi nə də müqavilə onda deyil. Klinika İddiaçı əməliyyatını hansı cərrahın adına qeyd etmişdirsə həmin qeydiyyat jurnalını təqdim etməlidir. Bir haldakı hər bir klinikada gündəlik icra olunan əməliyyatların qeydiyyat jurnalı olur. Bütün bunları o, məhkəməyə ünvanladığı etiraz məktubunda da qeyd etmişdir. Hamilə (ekiz) olduğu üçün yataq rejimi təyin olunduğundan məhkəmə prosesində iştirak edə bilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əməliyyat onun tərəfindən həyata keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apelyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilmsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəaları-nın həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatora münasibətdə, iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki,İddiaçı üzərində Cavabdeh1 tərəfindən, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə “Elmed” Tibb Mərkəzində “dodaqdakı yad cismin çıxarılması" əməliyyatı keçirilmişdir. Cavabdeh1 İddiaçı üzərində keçirdiyi əməliyyat nəticəsində sonuncunun sağlamlığına zərər vurması ilə bağlı iddiaçı tərəfi hüquq mühafizə orqanlarına müraciət etmiş, aparılmış araşdırmalar nəticəsində bu fakt öz təsdiqini tapsa da, Cavabdeh1 Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin qeyd hissəsində göstərilmiş şəxslər kateqoriyasına daxil olmadığından o, həmin Məcəllənin XXXİİİ fəslində nəzərdə tutulmuş hər hansı cinayətin subyekti hesab olunmamış və onun əməllərində həmin fəsildə nəzərdə tutulmuş hər hansı cinayətin tərkib əlaməti olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd olunmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Həmçinin, X5 İddiaçı üzərində keçirdiyi əməliyyat nəticəsində sonuncunun sağlamlığına cinayət məsuliyyətinə səbəb olmayan həddə ziyan vurduğundan, İddiaçı sağlamlığına dəymiş ziyanı mülki qaydada tələb etmək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməl hüquqazidd olmalı; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməli; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalı; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin xx xxxx 1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən bu Qanunun 31-1 maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. - 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. - 59 maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş «zərər» anlayışının şərh olunması ilə əlaqədar xx xxx 2002-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əsas hüquq və azadıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizələrindən asılıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli Qərarın 10-cu bəndində də qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X12 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehlə “Elmed” Tibb Mərkəzi arasında hər hansı müqaviləmünasibətləri olmasa da və həmin Tibb Mərkəzinin xəstələrin qeydiyyat kitabında İddiaçı əməliyyatla bağlı müraciət etməsi, onun müayinə, müalicə və əməliyyat olunması barədə heç bir məlumat qeydə alınmasa da, faktiki olaraq cavabdeh tərəfindən sözügedən Tibb Mərkəzində iddiaçının dodaqları üzərində əməliyyat aparması faktı prokurorluqda aparılmış araşdırma zamanı verdiyi izahatı və həmin qərarla müəyyən edilmiş digər hallarla mübahisəsiz qaydada təsdiq edilir. Buna görə də məhkəmə cavabdehin hazırki iddia ilə bağlı məhkəməyə təqdim etdiyi çoxsaylı etiraz ərizələrində iddiaçının ona qarşı irəli sürdüyü tələblərin əsassız olmasına dair fikirlərinə tənqidi yanaşır və hesab edir ki, iddiaçının sağlamlığına cavabdeh tərəfindən zərər vurulması, yəni, Cavabdeh1 praktik həkim fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmamasına baxmayaraq, İddiaçı üzərində əməliyyat keçirməsi, məhkəmə-tibb ekspertizası rəyinə əsasən sonuncunun hər iki dodaq nahiyəsində, qırmızı haşiyənin selikli qişaya keçidində əməliyyatdan sonra kəsik yerlərində kobud çapıq toxumaların və bərkimələrin, alt dodağın sağ kənarında isə toxuma deffektinin yaranmasına səbəb olması faktı mübahisəsizdir. Cavabdeh1 təqsiri iş materialları və hazırda qüvvədə olan Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərarı ilə öz təstiqini tapmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya cavabdehin qanunazidd əməlləri nəticəsində mənəvi ziyanın vurulması mübahisəsiz haldır. Lakin, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan mənəvi ziyanın məbləği 3.000 manat həddində müəyyən edilməsi ağlabatandır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər iş materialları ilə sübuta yetirilməmiş və cavabdehin mülahizələrinə əsaslanaraq formal xarakter daşıyır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2054/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 3000 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2054/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh1 İddiaçı xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 3000 manat müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar