Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1448/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “fiziki şəxsin sağlamlığına vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil Novruz oğlunun, Cavabdeh MMC-nin nümayəndəsi Bayramova Ləman Arif qızının, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “fiziki şəxsin sağlamlığına vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2747/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh MMC-nin texniki xidmət üzrə sexin fəhlə-santexniki vəzifəsini icra edərkən xx.xx.2017-ci il tarixdə sol gözünü itirməsi ilə nəticələnən istehsalat xəsarəti almışdır. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar müvafiq təhqiqat aktı tərtib olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “fiziki şəxsin sağlamlığana vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən maddi zərərə görə 226.800 manat, mənəvi zərərə görə isə 150.000 manat və iddia ərizəsinə görə ödənilmiş 330 (üç yüz otuz) manat dövlət rüsumu məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, “Azərsun Holdinq”-ə xx.xx.2014-cü il tarixində işə alınmışdır. İş yoldaşları ilə birlikdə xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa etdiyi yaşayış binalarının tikinti sahəsində işləyərkən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində bir gözündən ağır yaralandığından, vaxtında göstərilməyən tibbi yardım səbəbindən bir gözünü itiirmişdir. Sonradan cavabdehin məsul işçiləri hadisəni gizlətməyə müvəffəq olmuşlar. Onu da aldığı əmək haqqı ilə özünü müalicə edəcəyi şərti ilə işdə saxlayacaqları ilə aldatmışlar. Müalicəyə pulu olmadığından bir müddət bu birləşmiş dəstənin sözünə uyaraq aldığı maaşla səhhəti ilə mücadilə etmişdir. Bir müddət keçdikdən sonra onu ixtisara salıb işdən çıxarmışlar və ona cavabdehin hüquqşünası Nazim (soyadını bilmir) ona vəd vermişdir ki, ona birdəfəlik kompensasiya təyin olunacaq. O gündən dəfələrlə cavabdehin hüquqşünası Nazimə müraciət etsə də hələ də onu aldadırlar. xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən ona tam yoxlanılmadan İstehsalatda baş verən badbəxt hadisə AKT N:01 tərtib edilmiş, sonradan ona xx.xx.2021-ci il tarixdə İstehsalatda baş vermiş hadisə ilə bağlı Sığorta ödənişi barədə akt tərtib edilsə də burada yenə saxtakarlıq edilərək aldığı əmək haqqının həcmi azaldılmışdır və işlədiyi müddətdə 700-800 manata qədər əmək haqqı alsa da əmək haqqı gizlədilərək aldığı əmək haqqı rəsmi 180 manat göstərilmişdir, bununla da şirkətin vergidən yayınma halları baş vermişdir. Elə bu olanlar səbəbindən istehsalatda gözünü itirsə də sonradan ona dəyərindən qat-qat az miqdarda sığorta müəyənləşdirilmişdir. Bu barədə Səbail Rayon Prokurorluğuna şikayət etmiş, xx.xx.2021-ci il tarixdə Səbail Rayon Prokurorluğunun müstəntiqi, 3-cü dərəcəli hüquqşünas Azər Əbdülov, icraatında olan 229-C-2021 nömrəli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında ona bu işlə bağlı mülki mühakimə üsulu qaydasında aidiyyəti məhkəmə orqanlarına müraciət etmək hüququnu izah etmişdir. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə onun sağlamlığına vurulmuş zərərin əvəzini ödəmir. Tərəfindən iddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum və digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından cavabdeh tərəfindən ödənilməlidir. Bundan əlavə cavabdehin qanunazidd hərəkətləri əsəblərinə toxunmuş, sarsıntı və iztirab keçirmişdir. Dəfələrlə cavabdehlə əlaqəyə çıxsa da hər dəfə onların yalanlarını dinləmişdir. Cavabdehin qanunsuz hərəkətləri, uzun müddət süründürməçilikdə qalmağı nəticəsində hal-hazırda birinci gözünün ağrıları səbəbindən ikinci gözü də fəaliyyətini itirmək üzrədir. Artıq bu səbəbdən onun sağlamlığına vurulmuş zərərə görə o, gələcəkdə qazanacağı nailiyyətlərindən, maddi gəlirlərindən məhrum olmuşdur. Əgər sağlamlığı yerində olsaydı, 65 yaşa qədər əmək qabiliyyəti ilə (65 yaşdan sonra pensiya təqaüdü nəzərdə tutduqda), 38 yaşı olduğundan 27 il əmək fəaliyyəti ilə məşğul olacağı təqdirdə bir aylıq maaşı və gəliri orta hesabla təxmini olaraq 700 (yeddi yüz) manat olmaqla 27 ildə ümumi maaş və gəlirinin miqdarı 27 il x 12 ay = 324 ay x 700 manat =226,800 manat təşkil edir. Bu da onu sübut edir ki, Cavabdeh MMC-də sağlamlığını, yəni ən vacib orqanını itirməsə idi ailəsinin rifahı üçün gələcəkdə 226,800 manat maliyyə vəsaiti əldə edə biləcəkdi. İki körpə övladı, həyat yoldaşı, yaşlı ata və anası ilə birlikdə yaşayırlar. Onun sağlamlığının itirilməsi tək onun yox, bu qədər adamın maddi və mənəvi cəhətdən sarsılması deməkdir. Onların da yaşam tərzlərinin minimuma enməsi deməkdir. Qeyd olunanlara əsasən, onun sağlamlığına vurulmuş maddi zərər 226,800 manat dəyərindədir. Mənəvi zərər hesablanarkən cavabdehin xeyli müddət əsəblərində oynamağı, narahatlıq yaratması, dəymiş zərəri müxtəlif bəhanələrlə qaytarmaması, onu dövlət orqanlarının qapısını döyməyə təhrik etməsi kimi hallar nəzərə alınaraq 150.000 manat müəyyən edilməlidir. Eyni zamanda hər il gözünün protezinin dəyişdirilməsi üçün 1500 manat, gözünün protezinin qurumaması üçün aldığı dərmanların məbləği 460 manat civarındadır. Orta ömür sürməsini nəzərə alaraq 70 yaşa qədər bundan sonra 32 il, hər il protez dəyişmiş və dərmanları 1960 manat x 32 il = 62,720 manat xərc təşkil etmişdir.
4. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlığına maddi ziyan vurulmasında cavabdeh təşkilatın təqsiri olmamışdır. Cavabdeh təşkilatın təqsiri olmadığı üçün iddiaçıya dəymiş ziyana görə cavabdeh maddi məsuliyyət daşımır. İddianın təmin edilməməsi üçün ən ciddi əsas odur ki, iddiaçının sağlamlığına maddi ziyan vurulmasında onun işəgötürəninin hər hansı formada təqsiri olmamış, bədbəxt hadisə ilə bağlı X6 tərəfindən aparılan yoxlamalar nəticəsində cavabdeh təşkilatın təqsiri müəyyən edilməmişdir. Belə ki, AR ƏƏSMN yanında X3 Xidməti rəisi F.Heydərovun xx.xx.2021-ci il tarixli Əmri ilə istehsalatda baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün yaradılmış Təhqiqat Komissiyasının araşdırmanın yekun nəticəsində qəbul etdiyi Təhqiqat Aktının 6- cı bəndində bədbəxt hadisənin baş verməsində Cavabdeh MMC-nin Şərq texnikasına texniki xidmət üzrə sexin fəhlə-santexniki İddiaçı ehtiyatsızlığını və MMC-nin texniki mexaniki X7 zəif nəzarətini müəyyən etmişdir". Bundan əlavə Təhqiqat Komissiyasının İddiaçı aldığı yazılı izahatda İddiaçı baş vermiş bədbəxt hadisənin onun ehtiyatsızlığı ucbatından baş verdiyini, cavabdeh təşkilatın hər hansı təqsirinin olmadığını etiraf etmişdir. Həmçinin, İddiaçı birlikdə işlədiyi iş yoldaşı Emin Usubovun da X3 tərəfindən rəsmi yazılı izahatı alınmış, o da yazılı izahatında baş vermiş bədbəxt hadisənin iddiaçının öz ehtiyatsızlığı ucbatından baş verdiyini, cavabdeh təşkilatın hər hansı təqsirinin olmadığını bildirmişdir. Bədbəxt hadisə ilə bağlı əməyin mühafizəsi qaydalarının pozulmasına görə cavabdeh təşkilat və ya onun qanuni təmsilçisi (direktoru) barəsində istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılmasını həyata keçirən Təhqiqat Komissiyası araşdırma yekunlaşdırıldıqdan sonra nə cavabdeh hüquqi şəxsi və ya onun vəzifəli şəxslərini AR İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi üzrə əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb etmiş, nə də AR Cinayət Məcəlləsinin 162-ci maddəsi üzrə əməyin mühafizəsi qaydalarının pozulmasına görə cinayət məsuliyyətinə cəlb etmişdir. Bu fakt da bir daha onu göstərir ki, baş vermiş hadisədə cavabdeh təşkilatın və onun qanuni təmsilçisinin hər hansı təqsiri olmamışdır. İddiaçının başına gəlmiş bədbəxt hadisənin təqsirkarı onun ehtiyatsızlığı olduğu və cavabdeh təşkilatın və ya onun qanuni təmsilçisinin hər hansı təqsiri mövcud olmadığı üçün onun maddi məsuliyyəti də istisna olunmalıdır. Belə ki, AR Əmək Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq, istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığı pozulmuş işçilərə dəymiş ziyana görə müvafiq ödənişlərin ödənilməsi üçün baş vermiş bədbəxt hadisə işəgötürənin, yəni cavabdeh təşkilatın qanunazidd təqsirli hərəkəti nəticəsində baş vermiş olmalıdır. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari qaydada sığortalanmış, bədbəxt hadisə araşdırıldıqdan və müvafiq sənədlər təqdim edildikdən sonra ona sığorta ödənişi ödənilmişdir. Beləliklə, qeyd olunan sübut və dəlillərdən də göründüyü kimi, iddiaçının başına gələn bədbəxt hadisə onun özünün ehtiyatsızlığı ucbatından baş vermişdir. İddiaçı işlədiyi müddətdə ona şirkət tərəfindən mütəmadi olaraq təlimatlar keçirilmiş və işlərin görülməsi zamanı fərdi mühafizə vasitələri təqdim edilmişdir. Belə olduğu təqdirdə AR Əmək Məcəlləsinin müvafiq müddəalarına görə işəgötürənin, yəni cavabdeh təşkilatın işçi qarşısında maddi məsuliyyəti istisna olunur.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(007)- 2747/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “Cavabdeh MMC-dən maddi zərərə görə 226.800 manat (iki yüz iyirmi altı min səkkiz yüz), mənəvi zərərə görə 150.000 (yüz əlli min) manat məbləğində pul tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia Cavabdeh MMCdən maddi zərərin tutulması hissəsində işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmadığı üçün rədd edilməldir. İddiaçıya da sığortadan 12.200 manat məbləğində ödəniş edildiyi müəyyən edilmişdir.
7. Məhkəmə eyni zamanda iddiaçının başına gələn bədbəxt hadisənin cavabdehin təqsiri ucbatından baş verməsi ilə bağlı işəgötürən hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmadığını qeyd etmiş, iddiaçının xx.xx.2021-ci il tarixli əmrlə yaradılmış Təhqiqat Komissiyasının rəyində də öz izahatında həmin mühafizə qaydalarına riayət edildiyini, sadəcə hadisənin baş verdiyi gün ehtiyac olmadığı üçün qoruyucu eynəyi taxmadığını müəyyən etmişdir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflərin izahatına əsasən istehsalatda baş verən bədbəxt hadisəyə görə iddiaçıya sığorta təşkilatı tərəfindən sığorta ödənişi, Cavabdeh MMC tərəfindən isə istehsalatda baş verən bədbəxt hadisəyə görə müalicəsi ilə bağlı müəyyən məbləğdə ödənişlər edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı maddi ziyana görə sığorta ödənişi və əlilliyinə görə aylıq 120 manat pensiya aldığı halda həmin vəsaitlər nəzərə alınmadan məhkəmə tərəfindən əlavə olaraq əmək haqqısının 700 manat qəbul edilməklə 65 yaşa qədər əmək fəaliyyəti ilə məşğul olacağı təqdirdə əmək haqqısının və gəlirinin orta hesabla 226.800 manat müəyyən edilməklə həmin məbləğdə ona cavabdeh tərəfindən vəsait ödənilməsi barədə qərar qəbul edilməsini tələb etməkdə haqqlı olmamışdır.
9. Məhkəmə iddianın “mənəvi zərərin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, əsas tələbin əsassız olması müəyyən edildiyi halda törəmə tələbin də təmin edilməsi üçün əsaslar yoxdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.2, 195, 238, 239.1, 239.2, 239.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş № 2(007)-2747/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qanunsuz və ədalətsiz qətnaməsi iddiaçıya istehsalatda aldığı xəsarətdən də çox psixoloji xəsarət yetirmiş və məhkəmə orqanlarına inamını azaltmışdır. Qanunsuzluq bundan başqa əmək kitabçasından da görünür, belə ki, onun işlədiyi 8 ay müddət görünmür. Əmək kitabçasında işlədiyi il olaraq 2015-ci il tarix yazmışlar, halbuki o, 2014-cü ildən orada işləmişdir. Buradan belə çıxır ki, ona 8 aydan sonra əmək kitabçası açmışlar. Məhkəmənin qətnaməsinin özü təsviri-əsaslandırıcı hissəsi ilə nəticə hissəsinin özü ziddiyyət təşkil edir. İddiaçı aldığı xəsarət nəticəsində İİİ qrup əlildir, 120 manat pensiya alır və bu dərmanlarına, gözünün protezini dəyişməyə yetmir. Hazırki iş üzrə məhkəmə işin həqiqi halları ilə üst-üstə düşməyən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Hazırki iş üzrə məhkəmə işin həqiqi halları ilə üst-üstə düşməyən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmamışdır. İddiaçı tərəf öz tələblərini sübut edə bilməmisinə baxmayaraq məhkəmə tərəfindən iddiaçın tələbi təmin edilməklə qanunvericiliyin tələbi pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, o, 16 oktyabr 2014-cü il tarixində Cavabdeh MMC-də işə başlamışdır. İşə başladıqdan 8 ay sonra ona əmək kitabçası açılmışdır. 2017-ci il fevral ayının 23-də "xxxx" MMC-nin “Günəş Plaza”adlı müəssisəsinin inşaat işini Cavabdeh MMC təmin edirdi. Həmin yerdə iki nəfərin görə biləcəyi işi o tək görürdü. O, gözündən xəsarət alandan sonra akt tərtib ediblər, halbuki həmin aktda onun tərəfindən deyilənlərin heç biri öz əksini tapmamışdır. Guya o xəsarət alandan sonra Emin Usubov ona komək etmişdir, halbuki elə bir şey olmamışdır. Onu müəssisədən heç kim xəstəxanaya aparmamış, xəstəxanaya metro ilə getmişdir. O, şirkətə tək başına getmiş, Firuz adlı şəxs ona bildirmişdir ki, o, “Avrasiya” klinikasına getsin. Hadisədən 7 saat sonra müəssisənin maşını gəlmişdir. Maşını Yalçın adlı şəxs sürürdü, o hadisəyə şahiddir. Yalçın Rəsulov və Ayaz müəllim gəlib onu “Avrasiya City”dən Zərifə Əliyeva adlı göz xəstəxanasına apardılar. Axşam saat 8-də onu gözü əməliyyat olunmuşdur. Əməliyyat zamanı Cavabdeh MMC-nin kadrlar şöbəsnin nümayəndəsi gəlmiş və ona hadisı ilə bağlı heç kimə izahat verməməsini demişdir. Xəstəxananın əməliyyat xərcləri ödənilmişdir. Daha sonra ona onun işdə qalacağı, işləməyə davam edəcəyi, müalicə olunacağı barədə deyiblər. O, 3 il orada işlədikdən sonra şirkətin bağlanması adı ilə ixtisara salınaraq şirkətdən uzaqlaşdırılmışdır. O, onlardan onun işdən çıxarılmamasını, ən azından başqa yerə keçirilməsini xahiş etmişdir. Buna baxmayaraq onu işdən çıxardılar. Daha sonra akt tərtib olunmuş, aktda Xəlil İbrahimin zəif nəzarət etdiyi yazılmışdır. Bundan başqa sığortada da onun maaşı 140 manat göstərilmişdir, maaşı 140 manat rəsmiləşdirilsə də, konvertdə 650 manat alırdı. O, prokurorluğa şikayət vermiş, cinayət işinin başlanması rədd olunaraq mülki mühakimə qaydasında məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, 2017-ci il tarixində hadisə baş vermiş, 25 fevral 2020ci il tarixində istehsalatda bədbəxt hadisə barədə akt tərtib olunmuşdur. Tərəf prokurorluğa 2021-ci ildə müraciət etmişdir. İddiaçı aldığı xəsarətə görə 3-cü qrup əlildir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda da hadisə ilə bağlı müki mühakimə qaydasında məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Sığorta təşkilatı tərəfin ödədiyi sığorta haqqının qarşılığında həmin ödənişi etmişdir. Hər bir halda Cavabdeh MMC tərəf qarşısında tam maddi məsuliyyət daşıyır. Hadisənin 2017-ci il tarixində baş verməsinə baxmayaraq 25 fevral 2020-ci il tarixinə qədər müəssisə tərəfindən iddiaçı aldadılmışdır. Əmək Qanunvericiliyində də qeyd edilib ki, işəgötürən vurduğu ziyana görə məsliyyət daşıyır.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə 2017-ci ildə baş verimiş, heç kim həmin hadisəni gizlətməmiş, işçi müraciət etdikdən sonra müəssisə tərəfindən dövlətə məlumat verilimişdir. MMC-də 5 min-dən çox işçi vardır. Şirkət rəhbəri bütün işçilərə görə məsuliyyət daşımaq məcburiyyətində deyildir. Şirkətdə sətəm mühəndisi vardır, sətəm qaydalarına əməl edilmiş, işçiyə əlcək, eynək verilmişdir. İşçi fərdi mühafizə qaydalarından istifadə etməyibsə bu hal direktorun məsuliyyətinə səbəb olmur. İşçilər hər gün əməyin mühafizə qaydaları ilə tanış olduqlarına dair kitabçaya imza atırlar. Həmin hissədə hər hansı bir boşluq yoxdur. Şirkət olaraq bütün tədbirlər görülürdü. Hər an hər yerdə iş qəzası ola bilər, bundan heç kim sığortalı deyildir və bundan şirkət məsul deyildir. İşçi şikayət etdiyi və hüquqlarının pozulduğunu dediyi zaman qanun çərçivəsində müvafiq tədbirlər görülmüşdür. Müraciət əsasında da icbari tibbi sığorta ödənişini almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən də “iz” formalı akt tərtib olunmuş, işçiyə qarşı şirkətin hər hansı təqsiri müəyyən olunmamışdır. Əmək Məcəlləsinin 239-cu maddəsinin 5-ci bəndində də qeyd olunur ki, şirkət işçini icbari tibbi sığorta ilə sığortalayırsa, o zaman MMC məsuliyyət daşımır. İşçinin aldadılmağı ilə bağlı bildirir ki, işçi azyaşlı deyildir, aldadılmayıbdır. İşçi işdən çıxarılmamış, şirkət daxili transfer olunmuş, transfer olunaraq "xxxx" MMC-yə keçirilmişdir. İşçi işdən özü çıxmış, heç kim onu ixtisara salmamışdır.
17. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, təhqiqat 2020-ci il tarixində aparılmış, təhqiqat aktının 4.1-ci bəndində əsasən komissiya bədbəxt hadisənin baş verməsinə səbəb Cavabdeh MMC-nin Şərq texnikasına texniki xidmət üzrə sexin fəhlə-santexniki İddiaçı ehtiyatsızlığı, 4.2-ci bəndinə əsasən Cavabdeh MMC-nin texniki mexaniki X7 zəif nəzarəti olmuşdur. İddiaçı ilə baş vermiş hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” na uyğun olaraq İz formalı aktla rəsmiləşdirilməli və Cavabdeh MMC-də uçota alınmalıdır. İz formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi cəmiyyət rəhbərliyi tərəfindən təmin edilməlidir. Komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona sosial hüquqlarını qanunvericiliyə müvafiq qaydada izah edilmişdir. İddiaçının ehtiyatsızlığı nəzərə alınıb, həm də məsul olan şəxsin zəif nəzarəti müəyyən edilmişdir. İstehsalatda bədbəxt hadisə baş verilməsi təsdiq olunmuş və iz formalı akt tərtib olunmasına dair öhdəlik onların üzərinə qoyulmuşdur. 2020-ci il tarixində məlumat verməsinin səbəbi ondan ibarət olmuşdur ki, hadisə 2017-ci il tarixində baş vermişdir, həmin tarixdə MMCnin qanuni təmsilçisi Türkiyədə olmuşdur və öz vəzifələrinin icrasını X9 həvalə etmişdir. Hadisə ilə bağlı MMC-nin məlumatı olmamışdır və 2020-ci il tarixində işçi bu barədə məlumat vermiş və rəhbərlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. İXM-nin 555.1-ci maddəsində qeyd edilmişdir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Hadisə barədə məlumat verilmədiyi halda inzibati məsuliyyətə cəlb olunur. Hadisə üzərindən artıq 3 ilə yaxın bir müddət keçibdir. Həmin maddə İXM-nin 38.1-ci maddəsinin təsiri altına düşür. Apellyasiya şikayətinin təmin olunub-olunmamsını məhkəmənin mülahizəsinə buraxır. Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
22. 191.1-ci maddəsin görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
23. 191.2-ci maddəsinə görə, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır.
24. 194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
25. 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
26. 195-ci maddənin “c” bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
27. 196.5-ci maddəsinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur.
28. 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
29. 225.1-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.
30. 238-ci maddəsinə əsasən, işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir.
31. 239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
32. 239.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
33. 239.5-ci maddəsinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
34. 290.3-cü maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
36. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir.
37. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
39. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” 08 yanvar 2021-ci il tarixli əmrinə əsasən formalaşdırılmış komissiyanın rəyindən görünür ki, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndində əsasən Cavabdeh MMC-nin Şərq texnikasına texniki xidmət üzrə sexin fəhlə-santexniki İddiaçı ehtiyatsızlığı, 4.2-ci bəndinə əsasən Cavabdeh MMC-nin texniki mexaniki X7 zəif nəzarəti səbəb olmuşdur. İddiaçı ilə baş vermiş hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” na uyğun olaraq İz formalı aktla rəsmiləşdirilməli və Cavabdeh MMC-də uçota alınmalıdır. İz formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi cəmiyyət rəhbərliyi tərəfindən təmin edilməlidir. Komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona sosial hüquqlarını qanunvericiliyə müvafiq izah edilmişdir.
40. İstehsalatda bədbəxt hadisə haqqında 1 saylı “İZ” formalı aktdan görünür ki, İddiaçı digər iş yoldaşları ilə birlikdə xx.xx.2017-ci il tarixdə səhər saat 09:00-da Cavabdeh MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yaşayış binalarının tikinti sahəsinə işə gəlmişdir. İş rəhbərləri tərəfindən işçilər arasında iş bölgüsü aparılmış və onlara görüləcək işlərin xüsusiyyətlərinə uyğun iş öncəsi şifahi təlimat keçirilmişdir. Həmin gün İddiaçı iş yoldaşı Emin Usubovla birlikdə yaşayış binasının 9-cu mərtəbəsindəki mənzillərdən birinin mətbəx otağında qaz xəttinin çəkilməsi tapşırılmışdır. Onlar aşağıda ölçülərə uyğun metal boruları kəsərək yivlərini açdıqdan sonra birlikdə mənzilə qalxıb boruları bir-birinə quraşdırmağa başlamışlar. Mətbəx otağına daxil olan qaz xətti yer səviyyəsində quraşdırılmış və eni təxminən 10 sm, dərinliyi 5 sm olan kanalın içəri ilə çəkməli idi. İddiaçı E.Usubovun köməkliyi ilə mətbəx otağına daxil olan borudan başlayaraq boruları bir-birinin ucuna bağlamağa başlamışdır. Təxminən saat 11:40 radələrində kanalın künc hissəsində boruları bir-birinin ucuna bağlayıb bərkidən zaman İddiaçı əlində olan açarın biri ilə borunu saxlamış, digər əlində olan açarla isə ikinci borunu bağlamaq istəmişdir. Həmin vaxt onun əlindəki açar kanalın künc hissəsində olan və kanalın qapağının saxlanması üçün nəzərdə tutulmuş plastikə möhkəm sıxıldığından plastik yerindən qırılmış və onun sol gözünə dəyərək xəsarət yetirmişdir. İş yoldaşı E.Usubov dərhal ona kömək edərək aşağı düşürtmüş və iş rəhbəri X4 cəmiyyətin həkiminin yanına göndərmişdir. Aktda əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər olaraq X10 və İddiaçı qeyd edilmişdir.
41. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən vətəndaş İddiaçı bədən xəsarəti alması faktına görə toplanmış 229-c-2021 nömrəli materiallarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı işləmiş olduğu Cavabdeh MMC-yə qarşı işlədiyi müddətlərdə ona verilən əmək haqqının məbləğinin azaldılması, ona dəyərindən az miqdarda sığorta haqqının müəyyənləşdirilməsi tələbləri ilə bağlı mülki mühakimə üsulu qaydasında aidiyyəti məhkəmə orqanına müraciət etmək hüququ izah olunmuşdur.
42. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı istehsalat zədəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcəli əlillik verilmişdir.
43. Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi bədbəxt hadisənin baş verməsi ilə bağlı işəgötürənin hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmadığını, xx.xx.2021-ci il tarixli əmrlə yaradılmış Təhqiqat Komissiyasının rəyinə əsasən isə iddiaçının hadisənin baş verdiyi gün qoruyucu eynəyi taxmadığını müəyyən edərək, cavabdehin bədbəxt hadisənin baş verməsində təqsiri olmadığı qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda iddiaçıya sığorta ödənişi və əlilliyinə görə aylıq 120 manat pensiya ödənildiyini nəzərə alaraq dəymiş maddi zərərə görə iddia tələbini rədd etmiş, iddianın “mənəvi zərərin tutulması” hissəsinə münasibətdə isə əsas tələbin əsassız olması səbəbilə törəmə tələbin rədd edilməli olmasını qeyd etmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmadığını qeyd edərək və gəldiyi ziddiyyətli nəticə ilə razılaşmayaraq aşağıdakıları göstərməyi zəruri hesab edir.
45. Qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarının məzmunundan görünür ki, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır.
46. Beləliklə iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən edilir ki, sözügedən bədbəxt hadisənin istehsalat xarakterli olması, həmçinin hadisənin baş verdiyi, hadisənin əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olduğu, hadisə nəticəsində iddiaçının xəsarət aldığı, hadisənin baş verməsində işəgötürənin də təqsirli olduğu, bunun nəticəsində iddiaçıya əlillik dərəcəsi təyin edildiyi öz təsdiqini tapır.
47. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” 08 yanvar 2021-ci il tarixli əmrinə əsasən formalaşdırılmış komissiyanın rəyindən görünür ki, bədbəxt hadisənin baş verməsinə səbəb sexin fəhlə-santexniki İddiaçı ehtiyatsızlığı və Cavabdeh MMC-nin texniki mexaniki X7 zəif nəzarəti olmuşdur. Bu, o deməkdir ki, işəgötürənin hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmadığı onun əməyin mühafizəsi normalarının pozulması nəticəsində iddiaçının səhhətinə vurulan zərərə görə məsuliyyət daşımaması anlamına gəlmir.
48. Baş vermiş bədbəxt hadisə nəticəsində İİİ əlillik dərəcəsini almış iddiaçı əmək qabiliyyətinin 50 %-ni itirmişdir. İşlədiyi müəssisə tərəfindən iddiaçıya, sığorta olunduğundan, "xxxx" SŞ ASC tərəfindən müvafiq məbləğdə sığorta ödənişi verilmişdir. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan 239-cu maddəsinin 5-ci hissəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur, yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə münasibətdə işəgötürənin maddi məsuliyyəti istisna edilir.
49. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirdiyinə görə cavabdeh-təşkilatdan yenidən ona ödənişlər etməsi barədə tələbi əsassızdır və təmin oluna bilməz.
50. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçının mənəvi ziyanla bağlı tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin qeyd edilən normalar çərçivəsində maddi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması iş materialları ilə sübut olunur.
51. Cavabdeh MMC-nin texniki mexaniki X7 zəif nəzarəti səbəbindən iddiaçıda istehsalat zədəsi, göz almasının (qopub) çıxması nəticəsində monokulyar korluq yaranmış və o, gözdən əlil olmuşdur. Bundan başqa istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində onun xəsarət alması faktının rəsmiləşdirilməsi cavabdeh tərəfindən gecikdirilmiş, yəni əmək qanunvericiliyin pozuntusuna yol verilmişdir. Qeyd edilənlərlə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
52. Beləliklə məhkəmə kollegiyası işəgötürənin əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə tam maddi məsuliyyət daşımasını, vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsini, işçinin və işəgötürənin şəxsiyyətini nəzərə alaraq mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir. Belə ki, məhkəmə kollegiyası zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmini müəyyənləşdirərkən həmçinin zərərçəkənin davranışının (təhqiqat aktının 4.1-ci bəndində əsasən bədbəxt hadisənin baş verməsində həm də İddiaçı ehtiyatsızlığının səbəb olması) zərərin yaranmasına və artmasına müəyyən şərait yaratdığını nəzərə alır.
53. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2747/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 10.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Belə ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 (on min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul edilə bilər.
54. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
56. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
57. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
58. İddia səhhətə xəsarətlər yetirilməsinə ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və ödənilmiş (iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün) dövlət rüsumu ona geri qaytarılmalıdır. Həmçinin iddia qismən təmin edildiyindən, dövlət rüsumu (iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün) həmin nisbətdə cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2747/2022 saylı, 03 noyabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “fiziki şəxsin sağlamlığına vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə mənəvi ziyan olaraq 10.000 manat məbləğində pul tutulsun. 92 manat (məhkəməyə müraciət edilməsi üçün 10 manat (iddia qismən təmin edildiyi üçün) və 82 manat apelyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun yarısı (şikayət qismən təmin edildiyi üçün)) məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət gəlirinə alınsın. Dövlət gəlirinə alınmış 495 manat (330 manat iddia ərizəsinə baxılması və 165 manat apelyasiya şikayətinin verilməsi üçün) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov