Məhkəmə qərarları › İş №2(103)-1449/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1449/2024

12.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1449/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2664/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında olan münasibət zəminində iddiaçı ona ümumilikdə 4900 (dörd min doqquz yüz) manat pul vermişdir. Həmin pulu iddiaçı iki dəfəyə yəni, 3500 (üç min beş yüz) manat və 1400 (min dörd yüz) manat olmaqla cavabdehin öz adına olan kartına göndərmişdir. Cavabdehlə buna dair aralarında danışıqlar da mövcuddur. Bir müddət sonra iddiaçı pulu geri istədikdə cavabdeh iddiaçıya təhqirlər və təhdidlər edərək borcu qaytarmaqdan boyun qaçırmağa başladı. Halbuki, iddiaçı ona güvənirdi. Belə bir addım atacağını heç vaxt düşünməmişdi. İddiaçı məcburdur ki, həmin pulu mülki qaydada müraciət etməklə tələb etsin. Göstərilənlərə əsasən, Cavabdeh 4900 (dörd min doqquz yüz) manat borcun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2664/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 69 manat, cəmi 4969 (dörd min doqquz yüz altmış doqquz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi qərar qəbul edərkən onun iştirakını təmin etməmiş və onun ziyanına qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı onun satıcısı olmuşdur, onun mallarının satılması nəticəsində karta gələn pulları ona yönləndirmişdir. Sonra o, malları sayanda 5000 manat pulun çatmadığını aşkar etmiş, iddiaçıdan malları tələb edəndə, iddiaçı ona həmin malları onun götürməsini sübut etməsini bildirmiş, o da ona məhkəməyə müraciət edəcəyini bildirmişdir. Hazırda iddiaçı həmin qəbzlərdən istifadə edərək, ona qarşı əsassız iddia irəli sürmüşdür. Odur ki, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili V.Atakişiyeva apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, tərəflər arasında heç bir borc müqaviləsi bağlanmamışdır. Birincisi, həmin pullar onun satıcısı işləmiş iddiaçının malların hesablanması zamanı əskik olan mallara görə verdiyi puldur, ikicisi də, həmin pulları Z.Süleymanov yox, başqa şəxs göndərmişdi, iddia tələbi ən azından əsl olmayan iddaçı tərəfindən verilməsi əsası ilə təmin edilməməlidir.

7. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin qeyd etdi ki, həqiqətən o cavabdehin işçisi olub, həmin pulu da onun anası X2 göndərmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

9. xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, həmin tarixlərdə 16:34:16 və 11:02:20 saatlarında “Rabitə Bank” xidməti və "xxxx" xidmətindən Cavabdeh məxsus 52xxxxxxxx284926 və 540408******7067 hesab nömrələrinə 3.500 (üç min beş yüz) manat və 1.400 (min dörd yüz) manat, ümumilikdə 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul köçürülmüşdür.

10. "xxxx" ASC tərəfindən “sübutların cəlb olunması” ilə bağlı qərardadın icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanan, Cavabdeh məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022- ci il tarixdə 540408******7067 nömrəli karta 1.400 manat məbləğində pul vəsaiti daxil edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

15. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır.

16. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

21. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

25. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

26. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

27. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

37. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

38. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

39. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

40. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

41. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hüquqi dəyərləndirmə:

43. Məhkəmə kollegiyasının araşdırması nəticəsində, müəyyən edilmişdir ki, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Bum marketdə yerləşən aparat vasitəsilə Cavabdeh məxsus 52xxxxxxxx284926 və 540408******7067 hesab nömrələrinə ayrı-ayrılıqda 3.500 manat və 1.400 manat olmaqla, cəmi 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

44. Hazırkı halda iddiaya etiraz edən cavabdeh məbləği mübahisələndirmir, lakin həmin məbləğin borc yox, iddiaçının əvvəllər onun satıcısı olduğunu, həmin pulun da satılan malların əvəzi olduğunu qeyd edir. (belə olan halda, sübutetmə yükünün bölüşdürülməsi baxımından, həmin məbləğin borc yox, satılan malın əvəzi olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür).

45. Məhkəmə kollegiysının iclasında İddiaçı qeyd etdi ki, həqiqətən o cavabdehin işçisi olub, həmin pulu da cavabdehə onun anası X2 göndərmişdir.

46. Belə olan halda pul məbləğinin cavabdehə iddiaçı yox, X6 tərəfindən (iddiaçı Z.X1 onun anası olduğunu bildirsə də, buna dair məhkəməyə sübut verə bilməmişdir. Hətta bu barədə iddiaçı sübut təqdim etsə belə, bu hal Məhkəmə kollegiyasının gəldiyi nəticəyə onların hər biri mülki hüquq münasibətlərinin müstəqil subyekti olduğu üçün təsir edə bilməz) göndərildiyi müəyyən edildiyindən məlum olur ki, hazırkı iddia tələbi əsl olmayan iddiaçı tərəfindən, yəni İddiaçı tərəfindən irəli sürmüşdür.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

48. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

49. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir.

50. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.

51. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir.

52. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl iddiaçı tərəfindən sürülmədiyindən rədd edilməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

55. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

56. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

57. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsl olmayan iddiaçı tərəfindən irəli sürüldüyündən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

59. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizənin verilməsi üçün ödənilmiş 69 manat dövlət rüsumu iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

60. Məhkəmə kollegiyası qeyd iddia tələbi 4900 (dörd min doqquz yüz) manat təşkil etdiyindən, MPM-in 402.1-ci maddəsinə əsasən, hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2664/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi (əsl olmayan iddiaçı tərəfindən verildiyindən) təmin edilməsin. İddia ərizənin verilməsi üçün ödənilmiş 69 manat dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar