Məhkəmə qərarları › İş №2(103)-145/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-145/2021

10.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-145/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, Cavabdehin nümayəndəsi və vəkili X15, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 Cavabdeh qarşı “çoxmənzilli binaya giriş, hörülmüş qapının əvvəlki vəziyyətə gətirilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 10 saylı evin uzun illər iddiaçıların istifadə etdikləri 3-cü blokunun hörülmüş giriş qapısının Cavabdeh hesabına sökülərək əvvəlki vəziyyətə gətirilərək açılması, cavabdehə bloka giriş-çıxışa mane olan hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki işə apellyasiya qaydasında baxılarkən, "xxxx" Mənzil-Tikinti Kooperativi cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apelyasiya şikayəti və onun dəlili: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Mübahisə predmeti olan ünvanın, binanın və qapının onunla heç bir əlaqəsi yoxdur, həmin ünvanda ona məxsus heç bir əmlak yoxdur və o, heç bir vəzifə sahibi deyildir, iş materiallarına da onunla bağlı heç bir sübut əlavə olunmamışdır. Eyni zamanda, məhkəmə iclası barədə ona məlumat verilməmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili S.Bağırov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Mülki işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" MTK-nın nümayəndəsi N.Kərimov iddia ərizəsinin əsassız olduğunu, həmin evin "xxxx" MTK tərəfindən inşa edildiyini, hazırkı iş üzrə cavabdehin "xxxx" MTK-nın təsisçisi və yaxud qanuni təmsilçisi olmadığını, həmin binanın iddiaçıların açılmasını istədiyi qapının yerləşdiyi hissəsinin başqa bir şəxsin xüsusi mülkiyyətində olduğunu qeyd etdi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MTK-nın qanuni təmsilçisi X13r. Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MTK-nın təsisçiləri nizamnamə kapitalı aşağıdakı kimidir: Mammedov Akif (Rusiya Federasiyası) - 10 pay, X7 - 10 pay, X8 - 10 pay, X5 - 10 pay, X11 - 10 pay, X9 - 10 pay, X14 - 10 pay, X6 - 10 pay, ~ X25 Oğlu - 10 pay, X19 - 10 pay, Ağayev V, Valeh Qiyas oğlu - 10 pay, X1 - 10 pay, X12 - 10 pay, X3 - 10 pay və X16 - 10 pay. Bundan əlavə, dövlət reyestrinin RX ******* saylı çıxarışından müəyyən olunmuşdur ki, hal-hazırda mübahisə predmeti olan sahədə, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 10 saylı (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 20C) 1397,6 kv.m qeyri-yaşayış sahəsi (uşaq bağçası) xüsusi mülkiyyət üzrə X2 məxsusdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı mülki iş üzrə iddiaçılar “çoxmənzilli binaya giriş, hörülmüş qapının əvvəlki vəziyyətə gətirilməsi və sair” iddia tələbini Cavabdeh qarşı sürmüşdür. Məhkəmə kollegiyasının iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçıların hazırkı iddia tələblərində əvvəlki vəziyyətə qaytarılmasını tələb etdikləri hörülmüş qapının yerləşdiyi binanın inşasını üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MTK həyata keçirmiş, iddiaçılar tərəfindən tələb olunan qapının açılmasına da MTK məsuliyyət daşıyır. Kollegiya bildirir ki, həmin qapının yerləşdiyi qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət üzrə X2 məxsusdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MTK-nın qanuni təmsilçisi X13r. Məhkəmə Kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MTK-nın təsisçisi və yaxud qanuni təmsilçisi deyil, eləcə də MTK-nın icra orqanında iştirak etmir. Belə olan halda məlum olur ki, iddiaçılar tərəfindən cavabdeh düzgün müəyyən edilməmiş, hazırkı halda tələbə cavab verməli olmayan şəxsə qarşı, başqa sözlə əsl olmayan cavabdeh- Cavabdeh qarşı tələb irəli sürmüşdür. Rayon məhkəməsi isə işin bu mühüm halına düzgün qiymət verə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl cavabdeh olan digər şəxslərə qarşı tələb irəli sürülmədiyindən rədd edilməli, iddiaçılara əsl olan cavabdehlərin dairəsini düzgün müəyyən etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl cavabdeh olan digər şəxslərə qarşı tələb irəli sürülmədiyindən rədd edilməli, iddiaçılara əsl olan cavabdehlərin dairəsini düzgün müəyyən etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İddiaçılara əsl olan cavabdehlərin dairəsini düzgün müəyyən etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar