Məhkəmə qərarları › İş №2(103)-1460/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1460/2020

05.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1460/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1778/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ödəmə vaxtı manata olan məzənnə ilə 525000 (beş yüz iyirmi beş min) ABŞ dolları məbləğində maddi ziyanın və 50000 (əlli min) manat mənəvi ziyanın, dövlət rüsumuna görə 30 manat və vəkil üçün ödədiyi 100 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1778/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmişdir. Birinci instanisya məhkəməsi iddia tələbini təmin edərkən MPM-nin 82.4-cü maddəsinə istinad edərək, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(093)-10/2017 saylı hökmünə əsaslanmışdır. Məhkəmənin həmin mövqeyi ilə o razılaşmır, çünki həmin hökmdən kassasiya şikayəti verib. Bundan əlavə həmin hökmlə də hazırkı iddiaçıya 525000 (beş yüz iyirmi beş min) ABŞ dolları məbləğində maddi və 50000 (əlli min) manat mənəvi ziyanın vurulması sübut olunmur. Əgər sübut olunsa idi, həmin vaxt mülki iddia baxılmamış saxlanılmazdı. Eyni zamanda, iddiaçı özü də pulu cavabdehə yox, başqa şəxslərə verdiyini qeyd etmişdir. Göstərilənlərə, əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili K.Nəsibov apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(093)-10/2017 №-li hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə oqranlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, həmin hökmdən görünür ki, zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı cinayət nəticəsində dəymiş 525000 ABŞ dolları maddi ziyan və 50000 manat mənəvi ziyanla əlaqədar mülki iddiası baxılmamış saxlanılmış, onun mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdir. Həmin hökmlə müəyyən olunmuş hallara əsasən, Cavabdehhəmçinin mütəşəkkil dəstə tərkibində 2009-cu ilin iyun-noyabr aylarında Bakı şəhərində mobil telefon danışıq kartlarının topdansatışı ilə məşğul olan “xxxxxx” MMC-nin sahibi və faktiki təsisçisi İddiaçı külli miqdarda pul vəsaitini ələ keçirmək üçün hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə edərək, rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı, şikayət ərizəsi, əməliyyat məlumatı və ya siqnal işi olmadığı halda, rəhbərlik etdiyi baş idarənin əməkdaşı və barələrində cinayət təqibi davam etdirilən digərləri vasitəsilə 2009-cu ilin iyun ayının 17-də qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrinin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrdən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan zərurət olmadan qanunsuz istifadə etməklə “xxxxxx” MMC-nin Bakı şəhəri, Neftçilər prospekti, 62 və Z.Əliyeva küçəsi, 47 ünvanlarında yerləşən ofislərinə daxil olmasını təşkil edib mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə hər hansı prosessual qərar və ya protokol tərtib olunmadan Cəmiyyətin maliyyə sənədlərini götürməklə icraçı direktor X2 Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirərək Cəmiyyətin iqtisadi fəaliyyəti barədə sorğu-sual etdikdən sonra, xx xxxx 2009-cu ildə xidməti otağıda İddiaçı şəxsən qəbul edib, qarşılıqlı biznes əlaqələrinə malik olduğu “xxxxxxxxx” MMC ilə aralarında olan 550.000 ABŞ dolları məbləğində borc mübahisəsini bəhanə edib, İddiaçı cinayət işi başlayacağı, dələduzluq əməlini törədən şəxs kimi həbs edəcəyi, haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan qeyd olunan pul vəsaitinin özünə verilməsini tələb etmiş, onun hədələrini real qəbul edən İddiaçı 2009-cu ilin sentyabr noyabr aylarında Göyçay rayonunun Çərəkə kəndində yerləşən “Ceyhun” kəndli-fermer təsərrüfatının satışı nəticəsində əldə etdiyi və yaxın tanışlarından borc aldığı müvafiq dövrün rəsmi məzənnəsinə görə 180.562,50 manata bərabər 225.000 ABŞ dolları əskinaslarını xidməti otağında şəxsən qəbul etməklə, 160.500 manata bərabər 200.000 ABŞ dolları əskinaslarını nazirliyin inzibati binasının yaxınlığındakı avtobus dayanacağında İddiaçı idarə etdiyi “Mercedes-Benz S 350” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşının içində, 80.250 manata 100.000 ABŞ dollarını isə xidməti otaqda barəsində cinayət təqibi davam etdirilən şəxsin vasitəsilə əldə etməklə, ümumilikdə İddiaçı 421.312,50 manata bərabər 525.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnaməmənəvi zərərə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, mənəvi zərərə aid hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 500 manat alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası maddi zərərə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(093)-10/2017 №-li hökmü ilə Cavabdeh mütəşəkkil dəstə tərkibində 2009-cu ilin iyun-noyabr aylarında İddiaçı 421.312,50 manata bərabər 525.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurması müəyyən edilmişdir və hazırda həmin hökm qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəbdən, rayon məhkəməsi maddi zərərə aid hissədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə həmin hissədə əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) . Kollegiya hesab edir ki, bu işin xüsusi halları baxımından təkcə pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər. Bununla belə, Kollegiya qeyd edir ki, rayon məhkəməsi tərəfindən mənəvi zərərə görə müəyyən olunmuş məbləğ mütənasib olmayıb, həddən ziyadə artıqdır. Bu səbəbdən, mənəvi zərərin əvəzi olaraq tutulan məbləğ azaldılmalı və işin xüsusi halları baxımından mənəvi zərərin əvəzi olaraq - 500 (beş yüz) manat pulun tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, mənəvi zərərə aid hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 500 manat alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməldir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1778/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən cavabdehdən mənəvi zərərin tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. İddiaçıya dəymiş mənəvi zərərə görə Cavabdeh 500 (beş yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar