Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1460/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin ləğv edilməsi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayon evinə dair Cavabdeh2 ilə cavabdeh Azərsu ASC arasında bağlanılmış 44469020 saylı 25 iyun 2021-ci il tarixli müqaviləni ləğv edərək Azərsu ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış 29 yanvar 2021-ci il tarixli abonent kodu **********190 olan 43825593 saylı müqaviləni bərpa edərək, mənzilin abonent kodunu İddiaçı adına rəsmiləşdirilməsi, vəkil xidməti üçün ödənilmiş 320 manatın və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Nilufər Cəfər) ilə iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 ASC ilə onun arasında müqavilə bağlanmış, o, müqaviləyə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirmiş, lakin təsadüfən ona məlum olmuşdur ki, onun evində sudan istifadəyə dair müqavilə Cavabdeh2 ilə bağlanmışdır. O, müqavilə öhdəliklərini yerinə yetirdiyi və müqaviləsi də olduğu halda başqa şəxlə müqavilə bağlanılması anlaşılmaz olmuş, onun müqaviləsi qüvvədə ola-ola, həmin müqavilənin üstündən başqa müqavilə bağlanması qanunsuz olmuşdur. Həmçinin bildirdi ki, o, həmin Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi küçəsi 3Q saylı evdə də qeydiyyatdadır.
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Ü.Rəcəbov apellyasiya şikayətinin həllini Məhkəmə Kollegiyasının mülahizəsinə buraxaraq bildirdi ki, iddiaçının müqaviləsinin ləğv edilməsi hansı şöbə tərəfindən edilib dəqiq bilmir, lakin hüquq şöbəsi ilə məsləhətləşmədən iddiaçının müqaviləsi olduğu və onun tərəfindən müqavilə öhdəlikləri yerinə yetirildiyi halda, həmin ünvana qeydiyyata düşməsi barədə qərar təqdim edən digər Cavabdeh2la yeni müqavilə bağlanması əsaslı olmamışdır, məhkəmə qərar versə, onlar iddiaçı ilə müqaviləni bərpa edərlər.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, onun nümayəndə və vəkili Vəkil2 məhkəməyə göndərdiyi məlumatlarda başqa məhkəmə iclasında iştirakı ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Baxmayaraq ki, bundan qabaq təyin olunmuş məhkəmə iclası məhz Vəkil2 vəsatətinə əsasən bir dəfə, hazırkı tarixə təxirə salınmışdır. Belə olan halda Məhkəmə kollegiyası vəsatəti təmin etməmiş və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fədi yaşayış evinə köçürülməsi qət edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamsindən görnürki, Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi evə köçürülməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-202/2023 nömrəli xx.xx.2023-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2289/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-202/2023 nömrəli xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2289/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1260/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi küçəsi 3Q saylı evə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin üzərinə qoyulmuşdur.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi küçəsi 3Q saylı evə qeydiyyata alınması vəsifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ilk dəfə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşuniski küçəsi 3Q saylı evə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin üzərinə qoyulmuş, qərardan şikayət verilmədiyindən qərar qüvvəyə minmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2788/2021 nömrəli xx.xx.2021- ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı ərizəsi təmin edilmiş və o üçüncü şəxs qismində cəlb edilərək, işə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
15. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında ünvan 3 ünvanın su ilə təmin edilməsinə dair müqavilə bağlanması qeyd edilmişdir.
16. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında ünvan 4 ünvanın su ilə təmin edilməsinə dair müqavilə bağlanması qeyd edilmişdir.
17. Yerli vergilərin ödəyici olan fiziki şəxsin uçota alınması haqqında 026 nömrəli xx.xx.2021-ci il tarixli şəhadətnamədən görnür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Seyid Şuşiniski küçəsində yerləşən evə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
18. Az-İİ 179932 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
19. 18.08.2021-ci il tarixli Qanun üzrə vərəsəlik Hüququ haqında Şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi İddiaçıdır və miras əmlkın 1/3 hisdsəsindən irs almalıdır.
20. Cavabdeh1 ASC-yə ödənilmiş qəbzlərdən görünür ki, Cavabdeh2 tərəfindən ayrı-ayrı vaxtlarda ödənişlər edilmişdir.
21. Cavabdeh1 ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanı ilə bağlı su və kanalzasiya sullarının istifadəsi ilə bağlı 3 abonent ilə müqavilə bağlanmışdır. İlkin müqavilə xx.xx.2020-ci il tarixdə X4, daha sonra İddiaçı təqdim etdiyi sənədlər əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı ilə, daha sonra isə Cavabdeh2 təqdim etdiyi sənədlər əsasında isə xx.xx.2021-ci il tarixdə isə Cavabdeh2 ilə müqavilələr bağlanmışdır. Tətbiq edilən maddi hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
23. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
26. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
27. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
28. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
29. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı:
31. 1.8. Tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSAS-a qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanılmalıdır.
32. 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır:
33. 5.1.2. su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək;
34. “Sudan istifadə Qaydaları”na 1 nömrəli əlavə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” Müqavilə:
35. 5.1. Bu Müqaviləyə dəyişiklik və əlavələr Müəssisə və istehlakçı tərəfindən təsdiq edilmiş əlavə razılaşma ilə həyata keçirilir.
36. 5.2. Bu Müqavilə tərəflərdən birinin yazılı təşəbbüsü əsasında vaxtından əvvəl ləğv edilə bilər. Yazılı təşəbbüs daxil olduğu vaxtdan 1 (bir) ay müddətində istehlakçı borcunu tam ödədikdə müqavilə ləğv edilmiş hesab olunur.
37. 5.3. Tərəflər arasında sudan istifadə və kanalizasiya xidmətinə görə mübahisəli məsələlər yarandıqda, mübahisə aidiyyətı üzrə məhkəmə qaydasında həll edilir.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
39. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
42. Məhkəmə qeyd edir ki, ilkin olaraq iddia tələbinin qanuni əsası tapılmalıdır.
43. Çünki istənilən mübahisənin qanuni və əsaslı həlli mütləq qaydada iddia tələbinin qanuni əsasının düzgün müəyyənləşdirilməsindən birbaşa asılıdır.
44. Məhkəmə kollegiyasının araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2021-ci il tarixdə sudan istifadəyə dair müqavilə bağlanılmış, onun tərəfindən müqavilə öhdəlikləri vaxtlı-vaxtında icra edilmiş, daha sonra ona təsadüfən məlum olmuşdur ki, sudan istifadəyə dair onunla bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə olduğu halda, Cavabdeh2la xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Dərhal quruma müraciət etmiş, ona bildirilmişdir ki. hüquqmüəyyənedici sənədlər təqdim edildiyi halda həmin mənzilin abonent kodunun rəsmiləşdirilməsinə baxıla bilər. İddiaçı qeyd edir ki, belə bir hüquqmüəyyənedici sənəd Cavabdeh2 da olmamışdır. Onun əri öləndən sonra Cavabdeh2 evinə girmiş, mənzilin qapısının kilidini dəyişmiş, onu evə buraxmamış, sonra məcbur olub, məhkəmədə iddia qaldırmış, məhkəmə qərarı ilə həmin mənzilə köçürülməsi qərara alınmış, həmçinin onun həmin mənzilə qeydiyyata aınması barədə də qərar verilmiş, hazırda o həmin evdə qeydiyyatdadır.
45. İddiaçının hazırkı ərizəsindən, eləcə də məhkəmə iclasındakı izahatlarından məlum olur ki, onun ərizəsində Cavabdeh2la bağlanmış müqavilənin ləğv edilməsi xahiş olunsa da, əslində onun tələbinin mahiyyəti və dəlilləri həmin müqavilənin etibarsız hesab edilməsinə yönəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçının tələbi məhz müqavilənin etibarsızlığına yönəldiyindən, onun tələbi üzrə araşdırma da əqdin etibarsızlığı üzrə aparılmalıdır. Belə olan halda isə müəyyən edilir ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in əqdlərin etibarsızlığına dair normaları təşkil edir.
46. İddia tələbini təmin etməyən rayon məhkəməsi iddia tələbinin qanuni əsası kimi məhz müqavilənin ləğvi barədə normalara istinad etmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
47. Beləliklə, iddiaçı ilə Cavabdeh1 ASC arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2021-ci il tarixli ünvan 3 ünvanın su ilə təmin edilməsinə dair müqavilə bağlanması hazırkı işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçı tərəfindən müqavilə öhdəliklərinin icra edilməsi də mübahisəsizdir.
48. “Sudan istifadə Qaydaları”na 1 nömrəli əlavənin 5.1-ci bəndinə görə, bu Müqaviləyə dəyişiklik və əlavələr Müəssisə və istehlakçı tərəfindən təsdiq edilmiş əlavə razılaşma ilə həyata keçirilir.
49. Bu Müqavilə tərəflərdən birinin yazılı təşəbbüsü əsasında vaxtından əvvəl ləğv edilə bilər. Yazılı təşəbbüs daxil olduğu vaxtdan 1 (bir) ay müddətində istehlakçı borcunu tam ödədikdə müqavilə ləğv edilmiş hesab olunur (5.2.).
50. Tərəflər arasında sudan istifadə və kanalizasiya xidmətinə görə mübahisəli məsələlər yarandıqda, mübahisə aidiyyəti üzrə məhkəmə qaydasında həll edilir (5.3.).
51. Göründüyü kimi, iddiaçı müqavilə öhdəliklərini tam olaraq yerinə yetirdiyi halda, eləcə də onunla bağlanmış müqavilə qüvvədə olduğu halda, cavabdeh qurum tərəfindən birtərəfli qaydada həmin müqavilənin ləğv edilərək, həmin ünvanın su ilə təmin edilməsinə dair Cavabdeh2la müqavilə bağlanması əsassız və qanunsuz olmuş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. İddiaçının müqaviləsinin ləğv edilməsi üçün qanuni əsas olmadığından, cavabdeh qurumla digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə qanunsuz olmaqla, bağlandığı andan etibarsız olmuşdur.
52. MM-in 337.1-ci maddəsinin tələbinə görə də Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.3-cü maddəyə görə isə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
53. MPM-in 2.1-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
54. İddiaçı həmçinin vəkil xərci kimi 320 manatın ona ödənilməsini xahiş etmişdir.
55. MPM-in 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
56. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin halları baxımından tələb edilən 320 manat vəkil xərci ağılabatan məbləğ olduğundan əsaslıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir, cavabdehlərdən vəkil xərcinin əvəzi kimi 320 manat iddiaçının xeyrinə tutulmalıdır.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
58. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
59. Beləliklə də, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanı ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanılmış 44469020 saylı 25 iyun 2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh1 ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış 29 yanvar 2021-ci il tarixli abonent kodu **********190 olan 43825593 saylı müqaviləni bərpa edərək, mənzilin abonent kodu İddiaçı adına rəsmiləşdirilməli, cavabdehlərdən müştərək qaydada vəkil xərcinin əvəzi kimi 320 manat iddiaçının xeyrinə tutulmalıdır. Nəticə:
60. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbləri təmin edilərək, ünvan 3 ünvanı ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanılmış 44469020 saylı 25 iyun 2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh1 ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış 29 yanvar 2021-ci il tarixli abonent kodu **********190 olan 43825593 saylı müqavilə bərpa edilərək, mənzilin abonent kodu İddiaçı adına rəsmiləşdirilməli, cavabdehlərdən müştərək qaydada vəkil xərcinin əvəzi kimi 320 manat iddiaçının xeyrinə tutulmalıdır.
61. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri təmin edilsin. ünvan 3 ünvanı ilə bağlı Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanılmış 44469020 saylı 25 iyun 2021-ci il tarixli müqavilə etibarsız hesab edilsin, Cavabdeh1 ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış 29 yanvar 2021-ci il tarixli abonent kodu **********190 olan 43825593 saylı müqavilə bərpa edilməklə, mənzilin abonent kodu İddiaçı adına rəsmiləşdirilsin. Cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 müştərək qaydada vəkil xərcinin əvəzi kimi 320 (üç yüz iyirmi) manat və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu olmaqla, cəmi (320+150=470) dörd yüz yetmiş manat İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.