Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1463/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Sığorta şirkəti ASC-nin Cavabdeh1 qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(009)-1868/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta şirkəti ASC (bundan sonra, iddiaçı) Cavabdeh1 (bundan sonra, cavabdeh) qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, X2 məxsus və "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış «Toyota Carolla» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1522,60 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu olmaqla, cəmi 1553 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 27.04.2011-ci il tarixdə idarə etdiyi «Opel» markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində sağdan hərəkət edən X2 məxsus və "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış «Toyota Carolla» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili buraxmamış, nəticədə həmin avtomobillə toqquşmuş, sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması Yasamal Rayon Məhkəməsinin 3(004)-667/2012 saylı inzibati xəta haqqında qərarında öz əksini tapmışdır. "xxxx" MMC-nin təqdim etdiyi 19.05.2011-ci il tarixli qüsur aktına uyğun olaraq, «Toyota Carolla» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1720 manat zərər təyin edilmiş və MİP-07097R3 saylı sığorta müqaviləsinin 650/2011 saylı sığorta aktına əsasən Sığorta Şirkəti sığortalıya 197,40 manat azadolma məbləği çıxmaqla 1522,60 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(009)- 1868/2020 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işə onun iştirakı olmadan baxılması, yol-nəqliyyat hadisəsində təqsirinin olmaması, sükan arxasında ayıq sürücünün olması, mübahisənin yerində həll olunması, maddi imkanının aşağı olması və pul vəsaitini ödəməyə yetərli olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan BDYPİ tərəfindən verilmiş 02.03.2020-ci il tarixli arayışın surətindən görünür ki, «Opel Omega» markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur və o, avtomobili etibarnamə ilə 30.10.2010-cu il tarixdən 30.10.2011-ci il tarixə kimi Cavabdeh1 vermişdir. İşdə olan "xxxx" Sığorta şirkəti ASC ilə X3 arasında bağlanmış 24.07.2007-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X3 tərəfindən «Toyota Corolla» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta şirkəti ASC-də sığortalanmışdır. İşdə olan etibarnamənin surətindən görünür ki, X3 tərəfindən 10.03.2009-cu il tarixdə «Toyota Corolla» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili 10.08.2012ci il tarixədək idarə etməyi X4 etibar etmişdir. İşdə olan Yasamal Rayon DYPŞ-nin 27.04.2012-ci il tarixli, 12330 nömrəli qərardadından görünür ki, Cavabdeh1 barəsində İXM-nin 151.5-ci madəsi ilə tərtib olunmuş 27.04.2012-ci il tarixli, DYP 526926 nömrəli protokol baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2012-ci il tarixli 3(004)- 667/12 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə təqsirli bilinərək müddəti keçməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. İşdə olan X6 tərəfindən Yasamal RPİ-yə yazılmış izahatdan görünür ki, o, 27.04.2011-ci il tarixdə «Toyota Carolla» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman «Opel» markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini vuraraq hadisə yerindən uzaqlaşmışdır. İşdə olan «Toyota» Bakı Mərkəzi tərəfindən verilmiş 19.05.2011-ci il tarixli Qüsur aktından görünür ki, «Toyota Corolla» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1720 manat məbləğində ziyan dəymişdir. İşdə olan 31.05.2011-ci il tarixli, 650/2011 saylı sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 27.04.2011-ci il tarixdə «Opel Omega» markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi sığorta hadisəsinə görə "xxxx" Sığorta şirkəti ASC tərəfindən «Toyota Corolla» markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə sahibi X4 1522,60 manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan "xxxx" Sığorta şirkəti ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 13.06.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh 1522,60 manat məbləğində pulu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İşdə olan 02.07.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – 24.07.2007-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən sığortalı X3 tərəfindən “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta şirkəti ASC-də sığortalanmış və beləliklə tərəflər arasında öhdəliklər yaranmışdır. Cavabdeh1 27.04.2011-ci il tarixdə “Opel Omega” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində sağdan hərəkət edən X2 məxsus və "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış “Toyota Carolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Yasamal Rayon DYPŞ-nin 27.04.2012-ci il tarixli, 12330 nömrəli qərardadına əsasən Cavabdeh1 barəsində İXM-nin 151.5-ci maddəsi ilə tərtib olunmuş 27.04.2012-ci il tarixli, DYP 526926 nömrəli protokol baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2012-ci il tarixli, 3(004)-667/12 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə təqsirli bilinərək müddətin keçməsi ilə bağlı iş üzrə icraata xitam verilmiş, “Toyota” Bakı Mərkəzinin 19.05.2011-ci il tarixli Qüsur aktına əsasən “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1720 manat məbləğində ziyan dəydiyi müəyyən edilmiş və 31.05.2011-ci il tarixli, 650/2011 saylı sığorta aktına əsasən Cavabdeh1 27.04.2011-ci il tarixdə “Opel Omega” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi sığorta hadisəsinə görə "xxxx" Sığorta şirkəti ASC tərəfindən “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə idarə edən X4 1522,60 manat məbləğində sığorta ödənişi edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşdə olan sübutlarla deliktin (yol-nəqliyyat hadisəsinin) cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilməsi müəyyən olunur. Cavabdeh apellyasiya şikayətində yol-nəqliyyat hadisəsində onun təqsirinin olmamasını qeyd etsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. MM-in 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Sığorta haqqında» Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Beləliklə, işdə olan sübutlardan görünür ki, cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş, nəticəsində iddiaçı tərəfindən sığortalanmış avtomobilə ziyan dəymişdir. İşdə olan digər sübutlarla («Toyota» Bakı Mərkəzi tərəfindən verilmiş 19.05.2011-ci il tarixli qüsur aktı, həyata keçirilmiş sığorta ödənişi, xəbərdarlıq və s.) isə yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləğinin 1720 manat olması, həmin məbləğdən müvafiq azadolma çıxılmaqla 1522,60 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi müəyyən olunmuşdur. Cavabdeh bunun əksini (ziyanın yerində ödənilməsi və ya daha az məbləğdə olması) təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlillərini formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-in 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin sığorta ödənişini həyata keçirmiş iddiaçı qarşısında subroqasiya qaydasında öhdəliyi mövcuddur. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" Sığorta şirkəti ASC-nin Cavabdeh1 qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(009)-1868/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(009)- 1868/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1463/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1463/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver