Məhkəmə qərarları › İş №2(103)-1463/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1463/2023

06.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1463/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(001)-5909/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 1992-ci ilin noyabr ayında tərtib edilmiş 92/459 №-li Akta əsasən Bakı şəhər İcra Hakimiyyəti aparatının Baş memarlıq və şəhərsalma idarəsi geoqrup rəhbərinin tapşırığına və rədiyyə qrupunun (aktla əlavə olunmuş cizgidə əks etdirilən) göstərişlərinə əsasən həmin tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə bazar tikintisi üçün ayrılan torpaq sahəsi Binəqədi qəsəbəsinin şimal dairənin şərq hissəsi 0,33 hektar olan sahənin instrumental tərnqilə ölçülüb, ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş və daimi nişanlar qoymuşdur.

2. Binəqədi rayon İcra Hakimiyyətininin Başçısının 27 may 1993-cü il tarixli, 378 nömrəli Sərəncamına əsasən yüngül konstruksiyadan Biləcəri qəsəbəsində tikilən bazar binasının “Emil” kiçik müəssisəsinin balansından Cavabdeh Səhmdar Cəmiyyətinin balansına verilməsinə icazə verilmişdir.

3. X7, X5 və X11 müvafiq olaraq 09, 10 və 19 sentyabr 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən onlar təsisçisi olduqları Cavabdeh QTSC-yə məxsus Bakı şəhəri İcra Hakimiyyətinin 10 dekabr 1990-cı il tarixli, 7/437 saylı qərarına və Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.1993-cü il tarixli, 378 saylı sərəncamına əsasən cəmiyyətin balansına verilmiş bazar kompleksinə aid olan 500 kv.m ölçüdə iki mərtəbəli iaşə obyektinin İddiaçı satılmasına etiraz etmirlər.

4. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 25 may 2021-ci il tarixli, 2(103)-4392/2021 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)-192/2021 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuş, Cavabdeh QSC-dən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 xeyrinə 220.000 manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmuş, X8 iddiası qalan hissədə, həmçinin İddiaçı iddia ərizəsi təmin olunmamışdır.

5. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X2 xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(103)-4392/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmışdır.

6. xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişə əsasən borclu Cavabdeh QSC Bakı Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(103)- 4392/2021 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir.

7. 08 sentyabr 2021-ci il tarixli, 01 nömrəli pul tələbinin güzəşt edilməsinə dair müqaviləyə əsasən “tələb sahibi” X13 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə qət edilmiş “Cavabdeh QSC-dən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 xeyrinə 220.000 manat pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması”na dair pul tələbini “üçüncü şəxs” İddiaçı güzəşt etməyi öhdəsinə götürür.

8. Tələbkar İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4392/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin və icra vərəqəsinin icra edilməsi üçün borclu Cavabdeh QSC-nin mülkiyyətində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2(001)-9470/2019 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün Qiymətləndirmə təşkilatına göndərilməsini və əmlakın qiyməti müəyyən edildikdən sonra həmin əmlakı borcun əvəzinə ona təklif edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4392/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar X1 Eldəniz Həsrətəli oğlu ilə əvəz edilmişdir.

10. "xxxx" MMC 14 oktyabr 2021-ci il tarixli, 332 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 200.000 manat təşkil edir.

11. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-222704-29 nömrəli təklifin surətinə əsasən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsini rəhbər tutaraq borclu Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Bilcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli qeyri-yaşayış sahəsinin 200.000 manat borc əvəzi İddiaçı təklif olunmuş və sonuncu həmin təklifi qəbul edərək, əmlakın onun adına rəsmiləşdirilməsi üçün zəruri tədbir görülməsini xahiş etmişdir.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi Rayonn İcra Şöbəsinə ünvanlamış 26 noyabr 2021-ci il tarixli, **********10 nömrəli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Bİləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan iki mərtəbəli qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9470/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı onların tərəfindən xx.xx.2020-ci il tarixində icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi rayon İcra şöbəsinə ünvanlamış 13 aprel 2022-ci il tarixli, **********07 nömrəli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Bİləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli qeyri-yaşayış sahəsinin X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətə əlavə edilmiş sənədlər (hesabat və təklif) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində hüquqmüəyyənedici sənədlər kimi nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh QSC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 220.000 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 22.000 manat pulun, mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X13 cavabdeh "xxxx" QSC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia verərək, cavabdehdən 220.000 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 22.000 manat pulun, mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)-192/2021 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) hər iki iddia ərizəsinin təmin olunmaması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4392/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbi barədə iddiası, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)-192/2021 saylı qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)- 192/2021 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuş, Cavabdeh QSCdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 xeyrinə 220.000 manat pul və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmuş, X8 iddiası qalan hissədə, həmçinin onun iddia ərizəsi təmin olunmamışdır. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli “Pul tələbinin üçüncü şəxsə güzəşt edilməsinə dair” müqaviləyə əsasən qeyd edilən icra sənədinə əsasən tələbkar X8 borclu Cavabdeh QSC-yə olan 220.000 manat pul tələbi ona güzəşt edilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4392/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar X13 onunla əvəz edilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx/xx-222704-29 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna və icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətini əks etdirən xx.xx.2021-ci il tarixli, 332 saylı hesabat tərtib olunmuşdur. Həmin hesabata əsasən Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 200.000 manat təşkil edir. Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh QSC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsini 200.000 manat borcun əvəzi olaraq ona təklif edilmiş və o, həmin təklifi qəbul etmişdir. Göründüyü kimi, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş borcun qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilməsini qəbul etdiyindən, hazırda Cavabdeh QSC Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmalı, qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsi onun qanuni sahibliyinə və istifadəsinə, mülkiyyətinə verilməlidir. Lakin Cavabdeh QSC həmin əmlakdan istifadə edir, əmlakı boşaldıb ona təhvil vermir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(001)- 5909/2022 saylı qətnaməsi ilə İddiaçı Həsərətəli oğlunun Cavabdeh QSC-yə qarşı “qeyriyaşayış sahəsindən çıxarılma, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X15).

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının Cavabdeh QSC-yə qarşı hazırki tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə hər hansı bir hüququnun tanınması müəyyən edilməmişdir. Əksinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4392/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsi ilə əlaqədar borcun Bakı şəhəri, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi üçün tədbirlər görülsə də, icra tədbirləri zamanı həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi müəyyən edilmiş və borcun həmin əmlaka yönəldilməsi baş tutmamışdır. Əmlakdan öz istədiyi kimi istifadə etmək, sahib olmaq və ona dair sərəncam vermək isə mülkiyyətçiyə məxsus hüquqdur. Bununla belə, həmin əmlak iddiaçının mülkiyyətinə və ya onun qanuni sahibliyinə verilmədiyindən məhkəmə iddia tələbini əsassız hesab etmiş və təmin edilməməsi qənaətinə gəlmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-cü, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 5.1-ci, 14.2-ci, 77.1ci, 217.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi üçüncü şəxs qismində cəlb edilməli olduğu halda, cəlb edilməmiş, bununla da prosessual pozuntuya yol verilmişdir. Belə ki, Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasına dəvət edilsə idi, icra məmuru da sözügedən əmlaka qanuni əsaslarla iddiaçıya verildiyini bildirərdi. Göstərilən orqanlar işə cəlb olunsa idi, məhkəmə tərəfindən tam və hərtərəfli araşdırma aparıla bilərdi. Həmçinin, o, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsinə dair onun adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair qeyri-yaşayış sahəsi kimi dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sözügedən inzibati iş hazırda Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Əhədovanın icraatındadır və məhkəmə iclası 13 yanvar 2023-cü il tarixə, saat 09:30-a təxirə salınmışdır. Həmin inzibati iş hazırki mülki işlə birbaşa əlaqəli olduğundan həmin inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hazırki mülki iş üzrə icraat dayandırılmalı idi. Lakin bu hal da işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, iş üzrə icraat dayandırılmalı olduğu halda dayandırılmamış, tez-tələsik qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən qətnamə qəbul olunarkən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

23. Cavabdeh QSC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir (cavabdehin nümayəndəsi kimi məhkəmə iclasına cavabdeh tərəfindən verilmiş etibarnamə ilə X16 adlı şəxs gəlsə də, əsas iş yeri həmin hüquqi şəxs olmasını təsdiq edən aidiyyəti sənədləri təqdim edə bilmədiyindən cavabdehin nümayəndəsi kimi işə buraxılmamışdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

30. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

32. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

33. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri, Biləcəri qəsəbəsi, Ordubadi 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət kimi dövlət qeydiyyatına alınmamışdır. Hüquqi vəziyyətinə görə özbaşına tikinti olmaqla cavabdehin istifadə və sahibliyindədir. Həmin əmlakın alqı-satqısı ilə bağlı tərəflər, o cümlədən X13 adlı şəxs arasında məhkəmə mübahisəsi olmuş və mübahisənin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 25 may 2021-ci il tarixli, 2(103)- 4392/2021 saylı qətnaməsinə əsasən cavabdehdən X8 xeyrinə 220.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bu qətnamənin icrası mərhələsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə X13 iddiaçı ilə əvəz edilmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində cavabdehə məxsus olan əmlak kimi bu qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuş və əmlak qiymətləndirilməklə iddiaçıya (tələbkara) təklif edilmişdir. İddiaçı təklifi qəbul etsə də, əmlak mülkiyyət kimi dövlət qeydiyyatına alınmadığından onun iddiaçının adına rəsmiləşdirilməsi üçün icra şöbəsi tərəfindən görülmüş tədbirlər bir nəticə verməmişdir.

35. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçının bu əmlaka münasibətdə nəinki mülkiyyət, ümumiyyətlə hər hansı hüququ yaranmamışdır. Əmlakın icra mərhələsində ona təklif edilməsi və onun bu təklifi qəbul etməsi də hazırki tələblərlə məhkəmədə iddia qaldırmaq və bu əmlakı tələb etmək hüququnu yaratmış olmur. Mövcud vəziyyətdə iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir.

36. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin hər hansı hüququna və qanuni maraqlarına toxunmur. Digər tərəfdən icra işinin surəti sorğu əsasında birinci instansiya məhkəməsi tərəfindən əldə edilərək, iş materiallarına əlavə edilmiş və icra mərhələsində görülmüş bütün tədbirlər həmin sənədlərdə öz əksini tapmışdır. Bu səbəbdən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində hazırki işə cəlb edilməsinə, o cümlədən icra məmurunun məsələ ilə bağlı münasibətinin öyrənilməsinə hər hansı zərurət yoxdur.

37. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə irəli sürülmüş digər dəlillə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırda Bakı İnzibati Məhkəməsində mübahisəli sahə ilə bağlı iddiaçının adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair qeyri-yaşayış sahəsi kimi dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə işin olmasını təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyil, iddia ərizəsinə, habelə apellyasiya şikayətinə əlavə edilməmişdir. Digər tərəfdən belə bir iddianın gələcəkdə təmin edilməsi iddiaçıya artıq mülkiyyətçi olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnu yaratmış olacaqdır. Qeyd edilənlər isə öz növbəsində hazırki iş üzrə icraatın dayandırılmasını istisna edir.

38. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuş və əsaslı olaraq iddianı rədd etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(001)- 5909/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar