Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1464/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: əmlak) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1449/2023 nömrəli 04 noyabr 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 20 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 2005-ci ildə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər arasında olan nikaha məhkəmənin qətnaməsi əsasında xx.xx.2021-ci ildə xitam verilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 160.9 kv.m olan bağ evi və 0.0582 hektar torpaq sahəsi Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş 4Ə-582 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş seriya RX, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasportlara əsasən ünvan 1 (160.9 kv.m yaşayış evi və 0.0582 ha torpaq sahəsi) xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin bağ evi Cavabdeh tərəfindən 3-G1-2-0-705-18 nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında əldə edilmişdir. Qeyd olunan müqavilə satıcı X1, ipoteka saxlayan "xxxx" İKB ASC və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dəyəri 182000 manat olmaqla 63000 manat hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 119000 manat məbləğində hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2018-ci il tarixli 3-G1-2-0-705-18 saylı kredit müqaviləsinə əsasən alıcı ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-48/2023 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbi qismən təmin edilərək Cavabdeh ilə "xxxx" İKB ASC ("xxxx" ASC) arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 24 dekabr 2018-ci il tarixli, 3-G1-2-0- 705-18 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 79454,49 manat, əsas borca hesablanmış faiz borcu 20259,15 manat, cərimə 3200,0 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 102983,64 (yüz iki min doqquz səksən üç, altmış dörd qəpik) manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiyməti 214000,0 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" ASCyə olan borcun qaytarılmasına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh həmin mənzildən çıxarılması və evin boşaldılması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4293/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməainin 2(102)-419/2024 nömrəli 30 yanvar 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 30M saylı bağ evinin 160.9 kv.m olan hissəsinə və evin yerləşdiyi 0,0582 hektar torpaq sahəsinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 30M saylı bağ evini əldə etmişlər. xx.xx.2021-ci ildə nikahları məhkəmə qaydasında pozulmuş və xx.xx.2021-ci ildə boşanma haqqında şəhadətnamə almışlar. Birgə nikah dövründə əldə etdikləri evin aralarında bölünməsini təklif etmişdir. Cavabdeh hər dəfə vaxt istəmişdir. Lakin faktiki olaraq vədinə əməl etməmişdir. Düşünür ki, cavabdeh vaxt qazanmaq istəmişdir. Belə ki, nikahın pozulmasından sonra 3 il ərzində əmlak tələbi ilə iddia qaldıra bilər. Vaxt ötür, mübahisə həll olunmamış qalır. Mübahisənin predmetinin birgə nikah dövründə əldə olunması 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022- ci il tarixli, **********92 saylı məktubu ilə təsdiq olunur. Həmin sənəddən də görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 30M saylı Bağ evi xx.xx.2018-ci ildə əldə edilmişdir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 noyabr 2023-cü il tarixli 2(003)-1449/2023 nömrəli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evə (160.9 kv.m olan yaşayış evi və 0.0582 ha olan torpaq sahəsi) dair İddiaçı ½ hissədə mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evi (160.9 kv.m olan yaşayış evi və 0.0582 ha olan torpaq sahəsi) iş üzrə tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak olan göstərilən bağ evinə onların hər birinin payı bərabər hesab edilməlidir.
11. Məhkəmə eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evinin (160.9 kv.m olan yaşayış evi və 0.0582 ha olan torpaq sahəsinin) "xxxx" ASC qarşında ipotekaya qoyulması və məhkəmə qətnaməsi əsasında Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalı olan borcun həmin daşınmaz əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması məsələlərinə də qiymət verərək qeyd etmişdir ki, həmin məsələlər bağ evinə (birgə nikah dövründə əldə edilmiş əmlaka) dair iddiaçının payının müəyyən edilməsini istisna etmir.
12. Məhkəmə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evinin gələcəkdə açıq hərracda satılması ilə bağlı anlaşılmazlığın yarana biləcək ehtimalını nəzərə alaraq izah etməyi zəruri hesab edərək qeyd etmişdir ki, həmin əmlak İddiaçı və Cavabdeh tərəfindən ümumi mülkiyyət kimi əldə edilməklə, eyni zamanda "xxxx" İKB ASC ("xxxx" ASC) qarşısında Cavabdeh 24 dekabr 2018-ci il tarixli, 3-G1- 2-0- 705-18 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün ipoteka predmeti olmaqla borcun ödənilməsi üçün təminat üsulu olmuşdur. Bağ evi satıldığı zaman iddiaçının satın almaq üstünlüyü nəzərə alınmalı, satıldığı zaman isə əldə edilmiş məbləğ borca ödənildikdən və hərracda satılması ilə bağlı digər məcburi ödənişlər çıxıldıqdan sonra qalıq qaldığı təqdirdə həmin vəsait payçılar arasında, yəni İddiaçı və Cavabdeh arasında bərabər şəkildə bölünməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 36.1, 36.2, 36.3, 37.1, 41.2, Mülki Məcəllənin 213.1, 213.2, 213.5, 225.1, 218.1, 224.1, 224.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, əmlak birgə nikah dövründə əldə olunsa belə hazırda mübahisəli borc predmetidir. Bankın hüquq və mənafeləri nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. İddiaçının nümayəndəsi-vəkili izahat-vəsatət ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-48/2023 saylı qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır, iddianın predmeti və tərəfləri fərqlidir. Bağ evinin qiyməti 214000 manat müəyyən olunub, Cavabdeh banka olan əsas və faiz borcu isə 99714 manatdır, yəni sonuncunun 1/2 hissədə payı banka olan borcları üçün yetərlidir.
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Ailə Məcəlləsi
20. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.
21. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir.
22. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.
23. Maddə 33.1. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
24. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
25. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir.
26. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
27. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
28. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 213.1 və 213.2. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
30. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir.
32. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
41. Göründüyü kimi mübahisəli əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evi (160.9 kv.m olan yaşayış evi və 0.0582 ha olan torpaq sahəsi) tərəflərin birgə nikah dövründə əldə edilmişdir.
42. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etmişdir.
43. Mübahisə predmeti olan əmlak tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak olaraq iddiaçı ilə cavabdehin ümumi mülkiyyətində olmuşdur.
44. Hazırda da iddiaçının niyyəti ümumi mülkiyyətində olan əmlaka pay hüququnun tanınmasından ibarət olmuşdur.
45. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırki mübahisə predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın ipoteka ilə yüklü edilmiş olması hazırki iddianın təmin edilməsinə mane olan hal deyildir. Əmlakın kredit vəsaiti hesabına əldə edilməsi və həmin öhdəliyin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilməsi iddiaçı ilə cavabdehin həmin əmlaka ümumi (birgə) mülkiyyət hüququnun yaranmasının qarşısını almır. Hazırki qətnamə tərəflərin ümumi mülkiyyətində olan əmlaka paylarının təsbit edilməsinə xidmət edir.
46. Hazırki iddianın təmin edilməsi digər qətnaməyə əsasən mənzilin açıq hərracdan satılmasına hər hansı təsir göstərmir, çünki Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4293/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı notariat qaydada təsdiq edilmiş ərizə ilə bağ evi və torpaq sahəsinin əri Cavabdeh tərəfindən alınmasına və ipotekaya qoyulmasına razılıq verərək, alqı-satqı və ipoteka müqaviləsinin şərtləri ilə tanış olduğunu, banka olan borcun ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə razı olduğunu bildirmiş və bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürmüşdür.
47. Beləliklə müəyyən olunur ki, tərəflər birgə nikahda olduqları vaxt bankdan götürdükləri kredit hesabına mübahisəli bağ evini əldə etmiş və elə həmin bağ evinin özünü də kredit öhdəliyinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü etmişlər. Kredit və alqı-satqı və ipoteka müqaviləsi Cavabdeh adına rəsmiləşsə də, tərəflərin həmin bağ evinə ümumi (birgə) mülkiyyət hüquqları yarandığı kimi, həmin evin alınması üçün götürülmüş kredit borcunun qaytarılması da onları birgə öhdəliyinə aid olmuşdur. Odur ki, iddiaçının nümayəndəsi-vəkilinin həmin kreditin Cavabdeh şəxsi öhdəliyi olması barədə dəlilləri əsassızdır. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-48/2023 saylı qətnaməsinin iddianın predmetinin və tərəflərin fərqli olması əsası ilə hazırki iş üzrə preyudisial əhəmiyyət daşımaması barədə dəlillər də əsassızdır, belə ki, İddiaçı qətnamə ilə maraqlarına toxunan şəxs qismində həmin qətnamədən apelyasiya şikayəti verərək apelyasiya baxışında iştirak etməklə həmin iş üzrə MPM-nin 82.3cü maddəsində nəzərdə tutulmuş “işdə iştirak edən şəxs” statusunu əldə etmişdir. Ona görə də həmin iş üzrə müəyyən edilmiş faktlar (bağ evi və torpaq sahəsinin əri Cavabdeh tərəfindən alınmasına və ipotekaya qoyulmasına razılıq verməsi, alqısatqı və ipoteka müqaviləsinin şərtləri ilə tanış olması, banka olan borcun ödənilmədiyi təqdirdə tutmanın həmin mənzilə yönəldilməsinə razı olması və bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürməsi) hazırki işdə preyudisial əhəmiyyətə malikdir və onların mübahisələndirilməsinə yol verilmir.
48. Kollegiya izah edir ki, kredit öhdəliyi icra olunaraq ipotekaya xitam verilməzsə və mübahisəli bağ evi hərracdan satılarsa, borc və hərracda satışla bağlı digər məcburi ödənişlər ödənildikdən sonra, artıq qalan vəsait payçılar arasında, yəni İddiaçı və Cavabdeh arasında bərabər şəkildə bölünməlidir.
49. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır, hazırki iddianın təmin edilməsi ilə bankın hüquqlarının pozulması baş verməmişdir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1449/2023 nömrəli iş üzrə 04 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.