Məhkəmə qərarları › İş №2(103)-1468/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1468/2022

15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1468/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 15.720 manat əsas borcun, 2000 manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun, cəmi 17.750 manat pul vəsaitinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, altı ildir ki, yeni inşa edilən binalara sifariş əsasında beton, qum, şeben satışını həyata keçirir. 2018-ci ildə dostu olan Hafiz vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuş və onunla da müyyən müddət aralarında işgüzar münasibətlər olmuşdur. 2018-ci ilin oktyabr ayında Cavabdeh1 onunla telefon əlaqəsi saxlayaraq 1.920 manat dəyərində 24 kub metr hazır beton məhsulu sifariş verərək Yasamal rayonu, Mətbuat prospektində təmir edilən binanın ərazisinə göndərməyi xahiş etmişdir. 26.10.2018-ci il tarixdə iddiaçı beton satışı həyata keçirən Fuad Abdullayevdən 24 kub metr hazır beton məhsulunu nisyə alaraq Yasamal rayonu, Mətbuat prospektində təmir edilən binanın ərazisinə apararaq İlqara təhvil vermişdir. İlqar beton üçün ödənilməli olan 1.920 manat pul vəsaitindən 550 manat ödəniş edərək, sonra isə 600 manat ödəniş edərək, 770 manatın isə 15 gün müddətində ödəniləcəyini bildirmişdir. 03.11.2018-ci il tarixdə Cavabdeh1 onunlailə telefon əlaqəsi saxlayaraq nağd ödəniş şərti ilə 22.950 manat dəyərində 270 kub metr hazır beton məhsulunu sifariş verərək Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində pilot layihə əsasında tikilməkdə olan “Bayıl Marina”nın inşa edildiyi əraziyə gətirməyini xahiş etmişdir. Yenidən iddiaçı beton satışı ilə məşğul olan Fuad Abdullayevdən 270 kub metr hazır beton məhsulunu nisyə alaraq 04.11.2018-ci il tarixdə, saat 21:00 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində pilot layihə əsasında tikilməkdə olan “Bayıl Marina”-nın inşa edildiyi əraziyə gətirərək təhvil vermiş və İlqara da zəng edib məlumat vermişdir. İlqar həmin əraziyə gələrək beton məhsuluna görə ödəməli olduğu 22.950 manat pul vəsaitindən 6.000 manat, sonra isə 2.000 manat ödəniş etmişdir. İlqara aralarında olan şifahi razılaşmaya əsasən pulun dərhal ödəniləcəyini xatırlatsa da, İlqar, rəhbərlik gəldikdə dərhal qalan pulu alıb ona verəcəyini vəd etmişdir. Dəfələrlə İlqarla telefon əlaqəsi saxlayaraq pulun ödəniİməsini xahiş etmişdir. Hər dəfə o, şirkətin rəhbərliyi ilə danışdığını və tez bir zamanda pul vəsaitinin ödəniləcəyini bildirmişdir. Sonradan isə İlqar bildirmişdir ki, beton məhsullarının dəyərini Cavabdeh2 ödəməkdən yayınır. Halbuki, aralarında olan razılaşmaya əsasən beton məhsullarının dəyərini İlqar özü ödəməli idi. Lakin onun pulun ödənilməsi ilə bağlı bütün müraciətləri cavabsız qalmışdır. Sonra o, Cavabdeh1 barəsində şikayət ərizəsi ilə Səbail RPİ-nin 8-ci PB-nə müraciət etmiş, ərizəsi əsasında toplanmış material 16 sentyabr 2019-cu il tarixli qərar ilə aidiyyatı üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Səbail RPİ-nin İstintaq Şöbəsinin 28 sentyabr 2019-cu il tarixli qərarı ilə cinayət işi başlanma rədd edilmişdir. Həm “materialın aidiyyatı üzrə göndərilməsi haqqında” 16 sentyabr 2019-cu il tarixli qərar, həm də 28 sentyabr 2019-cu il tarixli “cinayət işinin başlanması barədə” qərarda bu faktlar öz təsdiqini tapmışdır. Həmin qərarda da İlqar izahatında göstərir ki, ilkin olaraq 2018-ci ilin oktyabr ayında 24 kub metr hazır beton məhsulu sifariş vermiş, sonra isə nağd ödəyəcəyini vəd edərək 22.950 manat dəyərində beton sifariş vermiş, sifariş əsasında ilk 6.000 manat ödəniş etmiş, iş bitdikdən sonra 2.000 manat ödəyərək, 13.912 manat ona verəcəyi qaldığını, Ramindən alıb ona verməli olduğunu öz izahatında göstərmişdir. Cavabdeh2 da izahatında göstərir ki, 2018-ci ilin noyabr ayında İlqar ilə birlikdə Bayıl qəsəbəsində tikilməkdə olan “Bayıl Marina”nın binasına beton sifariş aldıqlarını, bu zaman İlqar Aruz adlı şəxsə zəng vurub 260 kub metr beton sifariş etdiyini, iş bitdikdən sonra binanın rəhbəliyindən 9.000 manat alıb İlqara verdiyini göstərmişdir. Qalan 12.000 manatı isə Raminin rəhbərliyə olan borcunun əvəzi olaraq silinmişdir. Belə ki, beton məhsullarına görə ödənilməli olan pul vəsaiti Ramin və İlqardan müştərək qaydada alınaraq ona ödənilməlidir. Bu günə İlqarın və Raminin ona olan borcu 15.720 (770 + 14950) manat təşkil edir. 26.10.2018-ci il tarixdə təhvil verdiyi beton məhsullarına görə - 770 manat, 04.11.2018-ci tarixdə təhvil verdiyi beton məhsullarına görə isə - 14.950 manat. Cavabdeh1 və Cavabdeh2 sifariş verdiyi beton məhsullarının dəyərinin bu günə qədər ödəməmişdir. 2017-ci ilin dekabr ayından bu günə qədər ona məxsus olan pul vəsaitinin qanunsuz olaraq cavabdehlər tərəfindən məqsədli şəkildə ödənilməməsi onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. O, həmin beton məhsulunu Fuad Abdullayevdən nisyə alaraq İlqara vermişdir. Cavabdehlər tərəfindən ödənilməli olan pulun ödənilməməsi səbəbindən o da həmin beton məhsulunu nisyə aldığı Fuad Abdullayevə olan borcunu qaytara bilməmişdir. Bu da onun sinir sistemində ciddi fəsad törətmişdir. Dəfələrlə səhhətində ciddi narahatlıqlar olmuş, təzyiqi yüksəlmişdir. Mənəvi zərər tərəfindən 2000 manat məbləğində müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 14.682 (on dörd min altı yüz səksən iki) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun əvəzi kimi ödənilmiş 28 (iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 oğlu apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə aşağıda göstərdiyi əsaslara görə razı deyil, çünki qətnamə ədalətsizdir, qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, qətnamədə qeyd olunur ki, mənim İddiaçı Ağaismavıl oğlu ilə aramızda alğı-satqı müqaviləsi bağlanılmışdır. Bildirir ki, aralarında heç bir alğı-satqı müqavilələri imzalanmamışdır. Çünki nə onun, nədə İddiaçı müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Ona görə ki, iddiaçı sahibkar deyil, sürücü işləyirdi. 2018-ci ilin oktyabr ayında İddiaçı mobil telefonuna zəng vuraraq 24 kub metr hazır beton məhsulu sifariş vermiş və verdiyi sifariş üzrə ona 6000 (altı min) manat, sonrada 2000 (iki min) manat ödəniş etmiş və sonrada qalan 13.912 (on üç min, doqquz yüz on iki) manat pulun Cavabdeh2 Zivadxan oğlu tərəfindən ödəniləcəyini bildirmişdir. Lakin Cavabdeh2 qalan pulu şirkət rəhbərliyindən ala bilmədiyinə görə hələki qalan pulu ona ödəyə bilmir. İddiaçılə aralarında mütəmadi olaraq əlaqə saxlamışlar və onun pulunun ödəniləcəyini bildirmişdir. Lakin maliyyə çətinliyi olduğundan və sonrada COYİD-19 pandemiyası ilə əlaqədar heç bir fəaliyyətlə məşğul ola bilmədiyindən, çətin maddi vəziyyətə düşdüyündən ödəniş edə bilməmişdir. O, məhkəmə bildirişini almamış, nə də ona bildirilməyib ki, məhkəmədə belə bir məsələ ilə əlaqədar mülki iş vardır. Ona bildirilsəydi ki, belə bir mülki iş var, o hər cür sübut dəlillər təqdim edərdi ki, əsassızlığı və iddia tələbinin qanunsuzluğunu sübut etsin, vəsatətlər və lazımi sənədlər təqdim etsin. Buradanda görünür ki, qətnamə hüquq pozuntuları ilə qət edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh2nn iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ətizəsində göstərilənlərə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, öhdəliyin yaranmasına səbəb olan nisyə alqı-satqı müqavilələri Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış, həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etsə də, Cavabdeh1 üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya 14.682 manat borcu yaranmışdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1 və 600-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin hazırki mübahisə üzrə gəldiyi nəticə hüquqi cəhətdən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, İddiaçı müraciəti əsasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanmış HK-1/934 saylı material üzrə 28 sentyabr 2019-cui il tarixdə qəbul edilmiş “Cinayət işi başlamasının rədd edilməsi haqqında” qərarın surəyindən görünür ki, araşdırma zamanı Cavabdeh1 aldığı beton beton məhsuluna görə İddiaçı 14.682 manat borcu olduğu öz təsdiqini tapmışdır, lakin tərəflər arasında yaranmış öhdəliklərin tam yerinə yetirilə bilməməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalı olduğu qeyd edilmiş və İddiaçı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması qərarı verilmişdir.(İ.vər. 6 - 8) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalıdır. Göründüyü kimi Cavabdeh1 apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh1 apelyasiya şikayətində iddiaçıya qalan 13.912 (on üç min, doqquz yüz on iki) manat pulun Cavabdeh2 Zivadxan oğlu tərəfindən ödəniləcəyini, maliyyə çətinliyi olduğundan və sonrada COYİD-19 pandemiyası ilə əlaqədar heç bir fəaliyyətlə məşğul ola bilmədiyindən, çətin maddi vəziyyətə düşdüyündən ödəniş edə bilmədiyini bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh1 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh1 apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar