Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-147/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs Yusif Hüseynovun iştirakı ilə, İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə bağlamaq öhdəliyinin müəyyən edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “müqavilə bağlamaq öhdəliyinin müəyyən edilməsi və ödənilmiş pulun qaytarılması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli qətnaməsindən İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, N.Yusifbəyli küçəsindəki 25/27 №-li fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Ev dövlət mənzil fonduna aid olub, icarədarı İddiaçı2 olub, order onun adına verilib. Evdə İddiaçı1, Ruhiyyə Qasımova, Yusif Hüseynov, Samir Hüseynov, Gülbəniz Şükürova, Cəmilə Hüseynova və Elmir Hüseynov qeydiyyatda olublar. Hazırkı mübahisə evin Cavabdeh MTK tərəfindən sökülməsi nəticəsində yaranıb. Belə ki, Cavabdeh MTK İddiaçı1 ilə 15.07.2017-ci il tarixli müqavilə bağlayaraq evi söküb və onun yerində yeni binanın inşasına başlayıb. X1 evə hüququnun olduğunu bildirərək müqaviləni mübahisələndirib, müqavilə Nizami Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab olunub və qətnamə qanuni qüvvəyə minib. Tələb və onun həlli: İşdə 2 iddia var: ilk və qarşılıqlı iddia. İlk iddia İddiaçı1 tərəfindən verilib, lakin sonradan o, İddiaçı2 ilə əvəz edilib. İlk iddia ərizəsində MTK-dan əvvəlcə pul tələb olunub: evin dəyəri kimi 525.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat. Daha sonra iddia dəyişdirilib, tələb olunub ki, sökülmüş evə dair İddiaçı2 ilə müqavilə bağlamaq öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qarşılıqlı iddia Cavabdeh MTK tərəfindən verilib. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, MTK tərəfindən İddiaçı1 verilmiş 82.400 manat pul geri qaytarılsın, İddiaçı2 üzərinə evə dair MTK ilə yeni əvəzləşdirmə müqaviləsi (evdə qeydiyyatda olan şəxslərin razılıqları və payları nəzərə alınmaqla) bağlamaq öhdəliyi qoyulsun. Qətnamə ilə qət olunub ki, ilk və qarşılıqlı iddialar qismən təmin edilsin, evə dair əvəzləşdirmə müqaviləsi bağlanması (üçüncü şəxs Gülbəniz Şükürovanın razılığı və hüquqları nəzərə alınmaqla) İddiaçı2 və Cavabdeh MTK-nın üzərinə qoyulsun, İddiaçı1 ödənilmiş 82.400 manat məbləğində pul vəsaiti ondan alınaraq Cavabdeh MTK-ya ödənilsin. İlk və qarşılıqlı iddiaların qalan hissəsi təmin edilməyib Şikayət və izahatlar: İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin edilərək evin dəyəri kimi 525.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat pul tutulsun, qarşıqlılı iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak etmişlər: 1) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1; 2) Cəmilıəxatun Hüseynovanın və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 vəkili və nümayəndəsi Vəkil; 3) üçüncü şəxs Yusif Hüseynov. Həmin şəxslər apellyasiya şikaytinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak etməmişlər: 1) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi; 2) üçüncü şəxs Ruhiyyə Qasımova; 3) üçüncü şəxs Samir Hüseynov; 4) üçüncü şəxs Gülbəniz Şükürova; 5) üçüncü şəxs Cəmilə Hüseynova; 6) üçüncü şəxs Elmir Hüseynov. Əvvəlki apellyasiya icraatı: Bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin 18.12.2019-cu il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilib, lakin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin 22.09.2020-ci il tarixli qərarı ilə ləğv edilib və iş yeni baxışa qaytarılıb. Ali Məhkəmənin qərarında göstərilib ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsində müqavilənin bağlanması zamanı Gülbəniz Şükürovanın razılığının və hüquqularının nəzərə alınması qeyd edilsə də, həmin ifadə və buna uyğun olaraq məhkəmənin qət etdiyi nəticə qeyrimüəyyən olmuşdur. Belə ki, müqavilədə Gülbəniz Şükürovanın hansı hüquqlarının nəzərə alınmalı olması, sonuncunun razılığının alınması mümkün olmadığı halda müqavilənin hansı şərtlərlə bağlanması, həm MTK-nın, həm də yaşayış sahəsinin istifadəçilərinin və sahiblərinin hüquqlarının real müdafiəsinin hansı yolla təmin edilməli olması qətnamədə göstərilməmişdir. Qətnamənin yoxlanılması: Qətnamə ilə ilk və qarşılıqlı iddia həll edildiyinə görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İlk iddia barədə: İlk iddia əsassızdır. Belə ki, ilk iddiada tələb olunub ki, sökülmüş evə dair İddiaçı2 ilə müqavilə bağlamaq öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Müqavilə deyiləndə başqa yaşayış sahəsi və ya pul kompensasiyası verilməsi barədə müqavilə nəzərdə tutulur, çünki ev artıq sökülüb. Lakin MTK-nın üzərinə müqavilə bağlamaq öhdəliyi qoyulması üçün evə hüququ olan bütün şəxslərin razılığı olmalıdır. Əvvəl MTK ilə bağlanmış müqavilə məhkəmə qətnaməsi ilə ona görə etibarsız hesab olunub ki, evə hüququ olan şəxslərdən birinin - Gülbəniz Şükürovanın razılığı olmayıb. Həmin şəxs halhazıra kimi müqavilənin bağlanmasına razılığını bildirməyib. Birinci instansiya məhkəməsi müqavilənin bağlanmasını qət edib, eyni zamanda qət edib ki, müqavilə Gülbəniz Şükürovanın razılığı və hüquqları nəzərə alınmaqla bağlansın. Lakin həmin şəxsin üzərinə müqavilə bağlanmasına razılıq vermək vəzifəsi qoyula bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 389-cu maddəsində müəyyən edilmiş müqavilə anlayışına və Mülki Məcəllənin 355-ci maddəsində müəyyən edilmiş əqdlərdə razılıq anlayışına əsaslanaraq hesab edir ki, ilk iddia təmin oluna bilməz. İlk iddiada əvvəlcə pul tələbi irəli sürülsə də sonradan iddia dəyişdirilib, müqavilə bağlanması tələb olunub. İddianın dəyişdirilməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul olunub və müqavilə bağlanması tələbinə baxılıb. İddianın dəyişdirilməsi barədə ərizə apellyasiya icraatı zamanı geri götürülə bilməz. Ona görə də apellyasiya icraatında MTKnın üzərinə pul ödəmək öhdəliyi qoyulması barədə qətnamə qəbul oluna bilməz. Əgər iddiaçı tərəf MTK-dan pul tələb etmək istəyirsə ümumi qaydada iddia verməlidir. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddiada iki tələb var. 1-ci tələb, yəni müqavilə bağlanması tələbi təmin edilə bilməz. Belə ki, ilk iddianın rədd edilməsi üçün yuxarıda qeyd olunan əsaslar qarşılıqlı iddiaya da aiddir. Yəni müqavilə bağlanması barədə tələblər eyni səbəbdən təmin oluna bilməz. 2-ci tələb, yəni 82.400 manat pulun qaytarılması barədə tələb təmin edilə bilməz, çünki pul MTK tərəfindən İddiaçı1 sökülmüş evə görə verilib. Müqavilənin şərtlərinə əsasən MTK sökülmüş evin əvəzində pul və yeni mənzil verməyi öhdəsinə götürüb. Pulun verilməsinə əsas olan müqavilə etibarsız hesab olunsa da, etibarsız müqavilənin hər iki tərəfi həmin əqd üzrə aldıqlarını qaytarmalıdır, yəni ikitərəfli restitusiya tətbiq olunmalıdır. Bu, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbidir. Evi qaytarmaq mümkün deyil, çünki müqavilənin şərtinə görə ev sökülmək üçün MTK-ya təhvil verilib, MTK isə ev söküb. Ona görə də pul sökülmüş evin bir hissəsinin əvəzi kimi müqavilənin (etibarsız müqavilənin) əks tərəfində qalmalıdır. Ev söküldüyünə, evin sökülməsinə əsas olan müqavilə isə etibarsız sayıldığına görə mövcud vəziyyət deliktdən (mülki hüquq pozuntusundan) əmlə gələn öhdəlik kimi qiymətləndirilməlidir. Odur ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə uyğun olaraq zərər çəkən şəxslər, yəni evin sökülməsi nəticəsində hüquqları pozulan şəxslər zərərin əvəzinin nağd pul formasında və ya naturada ödənilməsi barədə tələb irəli sürə bilərlər. Zərərin əvəzi qiymətləndirilərkən MTK zərərin 82.400 manatlıq hissəsini ödəməkdən azad olacaq, çünki həmin məbləği ödəyib. Əgər evə hüququ olan şəxslərdən kimsə hesab edirsə ki, evə görə MTK tərəfindən İddiaçı1 ödənilmiş pulda (82.400 manatda) onun payı var, belə halda paya hüququnu və payının miqdarını əsaslandırmaqla müvafiq miqdarda pulun ona verilməsi üçün İddiaçı1 qarşı tələb irəli sürə bilər. Bundan başqa, həmin pul (82.400 manat) evə görə ödənilməli olan tam kompensasiya deyil, qalan hissə də var. Əgər evə hüququ olan şəxslərdən kimsə hesab edirsə ki, kompensasiyanın qalan hissəsində onun payı var, belə halda paya hüququnu və payının miqdarını əsaslandırmaqla müvafiq miqdarda pulun və ya müvafiq ölçüdə yeni yaşayış sahəsinin ona verilməsi üçün Cavabdeh MTK-ya qarşı tələb irəli sürə bilər. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və hər iki iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə bağlanmaq öhdəliyinin müəyyən edilməsi barədə” ilk iddiası təmin edilməsin İddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “müqavilə bağlamaq öhdəliyinin müəyyən edilməsi və ödənilmiş pulun qaytarılması barədə” qarşılıqlı iddiası təmin edilməsin. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-147/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-147/2022
07.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver