Məhkəmə qərarları › İş №2(103)-1471/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1471/2024

13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1471/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc pulun qaytarılması, mənəvi ziyan, vurulmuş zərərin və digər əlavə xərclərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5109/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İİİ-ЖГ seriyalı 314502 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X5 arasında olan nikah Quba rayonu Zərqova kənd sovetində xx.xx.1983-cü il tarixdə bağlanmış və 87 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Əkbərova” soyadı verilmişdir.

2. İddiaçı, Cavabdeh, X1 və X8 iştirakları ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh 2022-ci ilin may ayında, eyni ilin uyun ayı daxil olmaqla, hissə-hissə İddiaçı, özünə iş qurmaq adı ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Leyla” mərasim evinin yaxınlığında, ümumilikdə 45000 manat məbləğində pul vəsaiti almışdır. Aldığı 45000 manat pul vəsaitini öz işini görüb, hissə-hissə qaytarmağı söz vermişdir.

3. xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh yuxarıda qeyd olunan akta imza atmaqla yanaşı, aktın arxa hissəsində öz dəst-xəttilə aktı təhvil alaraq yenidən imzalamışdır.

4. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubundan görünür ki, müraciətdə heç bir cinayət və ya inzibati xəta tərkibi olmadığı üçün aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur.

5. 05.07.2023-cü il tarixli xidmət göstərilməsinə dair müqavilədən və mədaxil qəbzindən görünür ki, İddiaçı “X22” MMC-yə hüquqi yardımın göstərilməsi üçün 300 manat məbləğində pul vəsaiti ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “verilmiş borc pulunun qaytarılması, mənəvi ziyan, vurulmuş zərərin və digər əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona qaytarılmalı olan 45000 manat pulun, ona vurduğu maddi-mənəvi ziyana görə 10000 manatın və “X22” MMC-nin hüquqi xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi 300 manat pul vəsaitini, ümumilikdə - 55300 manat məbləğində pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, şikayətçi olduğu cavabdeh tərəf olan Cavabdeh 2022-ci ilin may-iyun ayı daxil olmaqla, hissə-hissə iş qurmaq adı ilə Bakı şəhəri, Binəqədi rayon ərazisində “Leyla” mərasim evinin yaxınlığında, həyat yoldaşı X1 iştirakı və şahidliyi ilə ümumilikdə 45000 manat məbləğində borca pul vəsaiti vermişdir. Cavabdeh ondan borca aldığı 45000 manat pul vəsaitini işini görüb, 1 il müddətinə qaytarmağa söz vermişdir. 06 fevral 2023-cü il tarixdə cavabdehə həyat yoldaşı X1 iştirakı ilə verdiyi ümumilikdə 45000 manat borc pulu, rəsmiləşdirmək üçün, hal-şahidləri həyat yoldaşı X6, X10 və X13 (aktı imzalamaqdan imtina etdi) şahidliyi ilə akt tərtib edilmişdir. Akta əsasən, Cavabdeh, ondan hissə-hissə aldığı ümumilikdə 45000 manat borc pul vəsaitini 2023-cü ilin iyun ayı daxil olmaqla, ona qaytaracaqdır. Həmin müddətin keçməsinə baxmayaraq, o və həyat yoldaşı X6 dəfələrlə cavabdehin mobil (özünün 055 338-63-68, 055 417-44-87, anası Zərəngiz xanım 055 568-28-12) telefonuna zəng edərək və yaşadığı ünvana gedərək, aldığı borc pulun qaytarılmasını tələb etsə də, pulu qaytaracağını, anası Zərəngiz xanım yaşadıqları evi satıb, oğlunun onlara olan borcunu qaytaracağını söz versə də, lakin, borcunu qaytarmır və qaytarmaq da niyyətində deyil. O da məcburiyyət qarşısında qalaraq Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə ərizə ilə müraciət etməli olmuşdur. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi yaşayış ünvanına göndərdiyi xx.xx.2023-cü il tarixli, 46-4/1-Ə-6835 nömrəli məktubunda cavabdehə 45000 manat məbləğində verdiyi borc pulun geri ala bilməməyi ilə əlaqədar etdiyi müraciətə baxıldığını, müraciətdə heç bir cinayət və ya inzibati xəta tərkibi olmadığı üçün aidiyyəti üzrə rayon məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdehdən ona qaytarılmalı olduğu 45000 manat pul vəsaitini, bu müddət ərzində ona vurduğu maddi, mənəvi ziyana görə 10000 manat, “X22” MMC-nin xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi 300 manat pul vəsaitini, ümumilikdə 55.300 manat məbləğində pulu tələb edir.

8. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır. O, öz övladlarını işə düzəltmək istəmişdir. Qardaşı Sadıx bir nəfər şəxsin həmin işi həll edəcəyini, əvəzinə ona 12000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, borc xərc edib həmin pulu düzəldib vermişdir qardaşına. Bir müddət sonra, qardaşından işin həll olunub-olunmaması barədə maraqlandıqda, qardaşı Soltanın işi həll etmədiyi barədə ona məlumat vermişdir. Ondan sonra onu akta imza etmək üçün Bakıya dəvət edəndə, o, Xaçmazdan gələrək, Bakıda Şamaxinkada maşından düşüb həmin akta imza etmişdir. Həmin vaxtı oraya Soltanın qardaşı Həmid də gəlmişdir, lakin akta imza etməmiş, əksinə aktı götürüb cırıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Soltan qardaşı Sadıxa ümumi 45.000 manat pul borcludur. Bildirmək istəyir ki, həmin pul ona hələ də qaytarılmamışdır.

9. Cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X18 ifadəsində bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Ailədə maddi vəziyyətləri yaxşı olmadığı üçün, qardaşı müxtəlif vaxtlarda üzərinə borc yığmışdır. Heç bir yerdə işləmədiyinə görə borclarını qaytara bilməmişdir. Sonradan onu akta imza etmək üçün dəvət etmişlər, lakin o, həmin akta imza etməkdən imtina etmiş və həmin aktı cırmışdır. Çünki həmin akta əsasən Soltan 45 000 manat iddiaçıya pul qaytarmalı idi. O, da Soltanın borclarından bezdiyi üçün, həmin aktı cırmışdır. Soltandan iddiaçıdan nəyə görə borc götürdüyü soruşduqda, o, ona başqa işində ona kömək edəcəyi üçün, həmin akta imza etmişdir. Soltanın ümumiyyətlə Sadıxa yox, Firəngizə 15.000 manat borclu olduğunu bildirdi.

10. Cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, cavabdeh onun oğludur. Oğlunun iddiaçının arvadı Firəngiz ilə dost münasibətləri olmuşdur. Bir gün Firəngiz onun evinə gələrək, oğlunun ona 45.000 manat borc götürdüyünü bildirdi. O, oğlundan bu barədə soruşduqda, Soltan Firəngizdən 15 000 manat götürdüyü bildirmişdir. Belə ki, Firəngiz ona dəstək olaraq bu pulları verirdi ki, Soltan öz ehtiyaclarını ödəsin və onun digər vətəndaşlarına olan borclarını qaytarsın. Hazırda ailədə maddi vəziyyətləri yaxşı olmadığı üçün və Soltanın hazırda işləmədiyini nəzərə alıb, həmin pulu qaytara bilməmişik. Soltan 45 000 manat pulun iddiaçı tərəfdən götürdüyünü etiraf etsəydi, o, öz evini satmağa da hazır idi. Lakin Soltanın dediyinə görə, Firəngiz 15.000 manatı ona hədiyyə olaraq vermişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5109/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 45000 (qırx beş min) manat məbləğində borc pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 250 (iki yüz əlli) manatı alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni “İnsan Hüquqları və X14 Haqqında Konvensiya”nın 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 427.3, 442, 443.1, 448.1, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 106, 119.1, 217, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh qeyd olunan məbləği tələb etməsi tamamilə absurddur. Şahid ifadələrindən də göründüyü kimi, qeyd olunan məbləğ 45000 manat deyil, əslində 15000 manatdır. İş üzrə şahid kimi dindirilmiş X9 ifadəsində qeyd etmişdir ki, Cavabdeh iddiaçının həyat yoldaşı X7 ilə sevgi münasibəti olmuşdur. Soltanın bir müddət əvvəl maddi sıxıntıları olmuşdur. Buna görə də Firəngiz Əkbərova ona 15000 manat məbləğində pulu borc kimi yox, məhz kömək məqsədilə hədiyyə olaraq ona vermişdir. İş üzrə şahid kimi dindirilmiş X2 Zərəngiz Fətulla qızının ifadəsini təsdiqləmişdir. Əvvəla, birinci o məsələ araşdırılmalıdır ki, həqiqətən də bu borc və yaxud da çatışmayan məbləğ mövcud olmuşdur mu, ikincisi tutaq ki, mövcuddursa bunun cavabdehlə nə səbəbli əlaqəsi vardır. 3-cü o məsələ araşdırılmalıdır ki, həmin borcu təsdiq edən hansı mötəbər sübut və faktlara əsaslanaraq məhkəmə bu qənaətə gəlmişdir. Məhkəmə cavabdehin vəsatəti ilə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verməyərək ciddi prosessual hüquq pozuntusuna yol vermişdir. Tələb edilən məbləğ əslində tamamilə absurd bir məbləğdir və məhkəmənin etibarlılığı sual altında olan bir akta əsaslanaraq qətnamə qəbuletməsi yolverilməzdir. Hətta belə çıxır ki, həmin məbləğin yerinə 100 min manat da qeyd olunsa, məhkəmə heç bir araşdırma aparmadan həmin məbləği təmin etmiş olardı. Əvvəla Cavabdeh İddiaçı pul almamışdır. Cavabdehə müəyyən qədər pul məbləğini, təxminən 15 minə qədər olan vəsaiti iddiaçının arvadı X6 vermişdir. Firəngiz Əkbərova cavabdehə pulları borc müqabilində deyil, aralarında olan şəxsi münasibətlərə görə vermişdir. Həmin pulların bir qismini onlar bir yerdə xərcləmişlər. Aktla bağlı cavabdehi aldadıb qol çəkdiriblər, həmin akta Cavabdeh qardaşı Həmid Hüseynova qol çəkdirmək istəyən zaman o aktı oxumuş və aktda yazılanlarla razı olmadığına görə həmin aktı cırmışdır. Cavabdeh da həmin aktın cırıldığını zənn etmiş və artıq bu məsələnin üstünə getməmişdir. Belə ki, Firəngiz Əkbərova akta qol çəkdirən zaman Soltana bildirmişdir ki, onun yaxşı vəkili var və onun köməyindən istifadə etməklə belə bir akt tərtib etsinlər ki, guya X17 15000 manat borcludur və bu pulları da Əyyama görə alaraq zərərə uğramışdır. Belə ki, həmin aktda borcu qeyd etməklə gələcəkdə bu aktdan istifadə etməklə Əyyam adlı şəxsə maddi və mənəvi zərərlə bağlı iddia qaldıracaqlar. Yəni həmin ərəfədə Əyyam adlı şəxsin də Soltanla mübahisəsi var idi və həmin şəxs Soltan haqqında instagram sosial şəbəkəsində əsassız paylaşımlar etmişdir. Həmçinin iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatlarında pul məbləğini gah bütov, gah hissə-hissə olmaqla verdiyini, sonuncu dəfə 5000 manat verərək akta qol çəkdirdiyini bildirmişdir. İddiaçının arvadı isə sonuncu dəfə deyil q il qabaq 45000 manat verildiyini bildirir. Ümumiyyətcə akt imza edilərkən heç bir pul məbləği verilmədiyinə görə həmin akta əsaslanmaqla iddianı təmin etmək ədalətsiz və qanunsuz olmuşdur. Bu hallar məhkəmə iclasında öz təsdiqini tapmışdır. İddiaçının həyat yoldaşı Firəngiz Əkbərova Cavabdehla sevgi münasibətinin olmasını təsdiq etmişdir. İddiaçı Əkbər Sadıxov ilk iclasda bunu inkar etsə də, Firəngiz Əkbərova məhkəməyə çağırılan zaman bunu təsdiq etmişdir. İddiaçı özü ziddiyyətli rəqəmlər səsləndirmişdir. Firəngiz Əkbərova özü bildirmişdir ki, pulları o vermişdir. Lakin nədənsə iddiaçı qismində onun əri İddiaçı çıxış etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilmişdir. Etiraz iddia tələbinə uyğun əsaslandırılmışdır və əlavə qeyd olunmuşdur ki, cavabdehin və onun anasının mobil telefon vasitəsilə qeydə alınmış səs yazılarında 45 min manat borcun olması etiraf edilmişdir.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

19. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin təmin edildiyi hissədə yoxlanılır. Belə ki, tələbin təmin edilmədiyi hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5109/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, tərəflər arasında imzalanmış aktdan görünür ki, cavabdeh 45000 manat məbləğində pul vəsaitini 1 il ərzində qaytarmaq şərti ilə iddiaçıdan almasına baxmayaraq, eyni zamanda sözüqedən məbləği hissə-hissə 2022-ci ilin may ayna qədər ödəməsini qeyd etmişdir, lakin göstərildiyi tarixə öhdəliyini tam icra etməmişdir. Belə olan halda, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməli, iddiaçıya borclu olduğu pul vəsaitini, yəni 45000 manat məbləği iddiaçıya ödəməlidir.

37. Kollegiya cavabdehin apellyasiya şikayətinin şahidlərin izahatları ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlər Vəkil və H.Hüseynov cavabdehin yaxın qohumları-anası və qardaşıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, cavabdeh ona verilmiş pul vəsaitinin 45000 manat deyil, 15000 manat olmasını, həmçinin, qeyd olunan məbləğin borc qismində deyil, bağışlama məqsədilə verildiyini qeyd edərək, əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər pul vəsaitinin verilməsində bilavasitə iştirak etmədiklərindən, kollegiya hesab edir ki, onların ifadələrinin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı.

38. Kollegiya hesab edir ki, cavabdeh tərəfin təqdim etdiyi yeganə dəlil şahid ifadələridir. Şahid ifadələri təkbaşına əsaslı və mötəbər sübut kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, şahidlər cavabdehin ailə üzvləridir, hazırda mübahisələndirilən münasibətlərin yaranmasında bilavasitə iştirak etməmişlər.

39. Kollegiya apellyasiya şikayətinin pul vəsaitinin borc kimi yaxud əvəzsiz olaraq verilməsinin aydınlaşdırılmaması barədə dəlilinə münasibətdə bildirir ki, iddiaçı tərəfin təqdim etdiyi və etibarlılığına şübhə olmayan akta əsasən cavabdeh borc münasibətinin olmasını imza etməklə təsdiq etmişdir. Həmçinin şahid qismində dindirilmiş cavabdehin qardaşı cavabdehin müxtəlif vaxtlarda borc alması ilə bağlı məlumatlı olduğunu izahatında bildirməklə, tərəflər arasında borc münasibətinin olmasını qeyd etmiş, yalnız məbləğ ilə bağlı hissədə iddiaçının tələbini düzgün hesab etməmişdir.

40. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Eyni zamanda yoxlanılan hissədə iddia tələbi əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir.

41. Kollegiya hesab edir ki, məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməklə mübahisəni həll etməsi qanuni və əsaslıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5109/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar